Çində istehsal olunan şüşə fincanlarda ağır metallar aşkarlanıb Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) Avropa İttifaqının “Qida və Yem Məhsullarına dair Çevik Xəbərdarlıq Sistemi” (RASFF) vasitəsilə Polşa Respublikasından daxil olan məlumata əsasən, Çin Xalq Respublikasında fəaliyyət göstərən “Market Union Co. Ltd” şirkəti tərəfindən istehsal edilən şüşə fincanlarda kadmium və qurğuşun ağır metallarının miqrasiyası aşkarlanıb. Məlumatda qeyd olunur ki, bu məhsulların 6 ədədi Azərbaycan Respublikasında fəaliyyət göstərən “Sevinc Mall” ticarət mərkəzində yerləşən “Sinsay” mağazasına göndərilib. Bildiririk ki, sözügedən fincanlar Səhiyyə Nazirliyinin Respublika Sanitariya - Karantin Mərkəzinə təqdim edilməyib və bu səbəbdən müvafiq laborator müayinələrdən keçirilməyib. Həmin məhsulları əldə etmiş vətəndaşlardan şüşə fincanları yoxlanılması məqsədilə Səhiyyə Nazirliyinin Respublika Sanitariya - Karantin Mərkəzinə təqdim etmələri xahiş olunur. Laborator müayinələr ödənişsiz əsaslarla həyata keçiriləcək. Yoxlamalar nəticəsində təhlükəli ağır metallar aşkarlanmadığı halda, məhsullar vətəndaşlara geri qaytarılacaq. Qida Təhlükəsizliyi Agentliyi və Səhiyyə Nazirliyi məsələni nəzarətdə saxlayır, istehlakçıların sağlamlığının qorunması məqsədilə zəruri tədbirlər davam etdirilir. Səhiyyə Nazirliyi Respublika Sanitariya-Karantin Mərkəzi Əlaqə; 012-497-63-62 Ünvan: Həmidağa Hüseynzadə 39
AQTA ərzaq bazarlarında nəzarət tədbirlərini davam etdirir. Növbəti monitorinqlər Saatlı, Lənkəran və Şəki rayonlarında yerləşən ərzaq bazarlarında aparılıb. Baxış zamanı bir sıra nöqsanlar aşkarlanıb. Yüksəkriskli qida məhsullarının, xüsusilə ət və süd məhsullarının etiket məlumatları və baytarlıq sənədi olmadan satışa çıxarıldığı müəyyən edilib. Bəzi piştaxtalarda qidaların üstüaçıq şəkildə, toz və digər çirklənmə risklərinə məruz qalaraq satıldığı müşahidə edilib. Aşkar edilən uyğunsuzluqlarla bağlı bazar rəhbərliyinə icrası məcburi göstərişlər verilib, qanunvericiliyin tələbləri izah edilib. Bazarlarda antisanitar şəraitdə satışa çıxarılan ət, süd, balıq və digər yüksəkriskli məhsulların istehlakı insan həyat və sağlamlığı üçün təhlükə yaradır. Mənşəyi şübhə doğuran bu məhsulların istehlakı tövsiyə edilmir. Bazar rəhbərləri fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun qurmalı, sağlamlaşdırma tədbirləri icra etməlidirlər. Ərzaq bazarlarında aparılan növbəti monitorinqlərlə bağlı daha ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz:
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 202A ünvanında yerləşən, fiziki şəxs Ağayev Fərid Qabil oğluna məxsus “Express Lounge” ictimai iaşə obyektində yoxlama keçirib. Baxış zamanı ictimai iaşə obyektinin qeydiyyatdan keçmədən fəaliyyət göstərdiyi, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu aşkarlanıb. Həmçinin yararlılıq müddəti bitmiş qida məhsullarının istehlaka təqdim edildiyi müəyyən olunub. Faktla bağlı obyekt rəhbərliyi barəsində inzibati protokol tərtib edilib, nöqsanlar aradan qaldırılanadək işlərin görülməsi və xidmətlərin göstərilməsinə dair məhdudlaşdırıcı qərar qəbul olunub, icrası məcburi göstərişlər verilib. İstehlaka hazır qida məhsullarından nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.
Masallı rayonunun Qızılağac kəndində fəaliyyət göstərən, Abbasov Zakir Ramazan oğluna məxsus marketdə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb.
Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərinin iştirakı ilə ADA Universitetinin “Kənd Təsərrüfatı və Qida Elmləri Fakültəsi”nin tələbələri ilə görüş keçirilib. Görüşdə tələbələrə Agentliyin fəaliyyət istiqamətləri, qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı sahələrində görülən işlər barəsində geniş məlumat verilib, təqdimatlar nümayiş etdirilib. Eyni zamanda Agentliyin tabeliyində Qida Təhlükəsizliyi İnstitutunun, habelə “Qida Təhlükəsizliyi Könüllüləri” təşəbbüs qrupunun fəaliyyətindən bəhs olunub. İştirakçılara işə qəbul proseduru və karyera imkanları haqqında məlumat verilib, tələbələrin dövlət qulluğu, Agentlikdə təcrübə keçmək imkanları barədə sualları cavablandırılıb.
Bu gün müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatından 22 il ötür. Anım günü ilə əlaqədar Qida Təhlükəsizliyi Agentliyinin və tabeliyində fəaliyyət göstərən Qida Təhlükəsizliyi İnstitutunun kollektivi Fəxri xiyabanı ziyarət ediblər. Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, əziz xatirəsi dərin ehtiramla yad edilib. Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.
Ölkənin biotəhlükəsizliyinin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərin icrasında dövlətlə bir yerdə sahibkarlar da yaxından iştirak edirlər. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən heyvan bazarlarında həyata keçirilən qiymətləndirmənin nəticələrinə əsasən, Bərdə rayonunun Alpoud kəndində yerləşən heyvan satışı bazarı biotəhlükəsizlik tələbləri təmin edilməklə yenidən qurulub. Hazırda bazarda son tamamlama işləri görülməkdədir. Yaxın günlərdə Bərdə heyvan bazarının fəaliyyətinə icazə veriləcək. Qeyd edək ki, bazarın girişində baytarlıq nəzarəti məntəqəsi tikilib, dezbaryer quraşdırılıb. Bundan başqa, heyvanlara baxış platformaları inşa edilib. Çardaqlar və satış pavilyonları qurulub. Ərazidə asfaltlama və betonlama işləri görülüb. Heyvan rifahı üçün su və yemlə təminat yaxşılaşdırılıb. Tullantıların daşınması və digər tələblərə uyğun şərait yaradılıb. Hazırda bir neçə heyvan bazarında da AQTA-nın Kollegiyasının 50 nömrəli Qərarı ilə təsdiq olunmuş “Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları”na uyğun olaraq rekonstruksiya işləri son mərhələdədir. Yaxın günlərdə rekonstruksiya işlərini yekunlaşdıran digər heyvan bazarlarının da yenidən fəaliyyətə başlaması məsələsinə baxılacaq. Agentlik bildirir ki, biotəhlükəsizlik tələblərinə uyğun qurulan heyvan bazarlarında baytarlıq nəzarəti ilə yanaşı, heyvanların qeydiyyatı aparılaraq, izləmə sistemi qurulacaq. Bütün görülən işlər insan və heyvan sağlamlığının qorunmasına, əhalinin təhlükəsiz qida məhsulları ilə təmin edilməsinə xidmət edir. Bərdə heyvan bazarından videolink:
Nazirlər Kabinetinin 2025-ci il 4 dekabr tarixli 373 nömrəli Qərarı ilə bir sıra qaydalar təsdiq olunub. Qərarda bitki və bitkiçilik məhsullarının Azərbaycan Respublikasının bir ərazisindən başqa əraziyə daşınan zaman daxili karantin sertifikatının verilməsi qaydası müəyyənləşib. Habelə ixrac (təkrar ixrac) edilən bitki və bitkiçilik məhsullarına (yüklərə) fitosanitar (təkrar ixrac fitosanitar) sertifikatının verilməsi qaydası müəyyən edilib. Tələb olunan sənədlər, ixrac ediləcək yükün daşınması üçün istifadə edilən taxta qablaşdırma materiallarına qoyulan tələblər, daxili karantin və fitosanitar (təkrar ixrac fitosanitar) sertifikatının verilməsindən imtina halları, daxili karantin və fitosanitar (təkrar ixrac fitosanitar) sertifikatının nümunəvi formaları Qərarda göstərilib. Qərar fitosanitar nəzarəti sahəsində sabitliyin təmin olunması, zərərli orqanizmlərin ölkə daxilində daha geniş ərazidə yayılmasının qarşısının alınması, mübarizə işlərinin operativ və effektiv təşkili, bitki və bitkiçilik məhsullarının beynəlxalq ticarəti zamanı idxalçı ölkələrin fitosanitar idxal tələblərinə uyğunluğunun təsdiqinin təmin olunmasına şərait yaradacaq.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) Ulu Öndər Heydər Əliyevin vəfatının 22-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. Tədbirdə Agentliyin sədr müavini Əziz Şərifov Ulu Öndər Heydər Əliyevin həyat və dövlətçilik fəaliyyəti, zəngin siyasi irsi və təcrübəsi barədə çıxış edib. O bildirib ki, Heydər Əliyevin müdrikliyi, məqsədyönlü siyasəti və dərin dövlətçilik düşüncəsi Azərbaycanı parçalanma və dağılma təhlükəsindən xilas edib. Onun həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində ölkədə sabitlik bərpa olunub, idarəetmə sistemi formalaşıb, xalq-dövlət birliyi möhkəmlənib. Vurğulanıb ki, Azərbaycan xalqı bu dahi şəxsiyyətin xilaskarlıq və quruculuq missiyasını unutmur və heç vaxt unutmayacaq. Daha sonra Ulu Öndər Heydər Əliyevin həyat yolundan və Vətən, xalq qarşısındakı tarixi xidmətlərindən bəhs edən videoçarx nümayiş etdirilib.
Qida Təhlükəsizliyi Agentliyinin plandankənar nəzarət tədbirləri zamanı “8 km” bazarı kimi tanınan ərazidə fəaliyyət göstərən “Nəzrin-E” MMC-yə məxsus bazarda aşkar edilən diri quşların satışı və qanunsuz kəsimi, süd və süd məhsullarının, müxtəlif növ turşuların və diri balıqların açıq şəraitdə, soyuducu avadanlıqlar olmadan və baytarlıq-sanitariya ekspertizasından keçirilmədən satışa təqdim edilməsi və digər faktlar sahibkar tərəfindən aradan qaldırılıb. Qida subyekti tərəfindən obyektdə aşkar olunan nöqsanlar əsasında tələb olunan tədbirlər icra olunaraq fəaliyyəti sağlamlaşdırılıb. Belə ki, bazarda qanunsuz quş kəsimi ləğv edilib və dezinfeksiya işləri aparılıb, süd məhsullarının soyuducu vitrinlərdə saxlanılması və markalanması təmin olunub, satış piştaxtaları gigiyenik materiallardan təşkil edilib, işçilər dövri tibbi müayinədən keçib. Bildiririk ki, ərzaq bazarlarında aparılan monitorinqlərin əsas məqsədi istehlakçı hüquqlarının qorunması, əhalinin təhlükəsiz qida məhsulları ilə təmin edilməsi, eləcə də bazarlardakı nöqsanların aradan qaldırılması və onların sağlamlaşdırılmasıdır. Daha ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz: https://www.youtube.com/watch?v=6-sm2oVOZ0w
Astara rayonu, Pensər kəndində fəaliyyət göstərən Nəcəfova Şərafət Mərhəldə qızına məxsus marketdə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən yoxlama keçirilib. Marketdə ümumi sayı 91 ədəd “Golf Organic”, “Vip Line”, “Orginal Natura”, “Piterskaya”, “Wheat Water” və ”Organic Brand” əmtəə nişanlı saxta alkoqollu içki aşkar edilib. Saxta içkilər satışdan kənarlaşdırılıb. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib olunub, normativ texniki tələblərə cavab verməyən məhsullarla bağlı məhdudlaşdırıcı qərar qəbul edilib. Məhsullardan nümunələr götürülərək laboratoriyaya təqdim olunub. Araşdırmalar davam etdirilir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Slovakiya Respublikasına rəsmi səfəri çərçivəsində dekabrın 9-da Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə Slovakiya Respublikasının Dövlət Baytarlıq və Qida Administrasiyası arasında “Heyvan sağlamlığı və qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb. Memorandum tərəflər arasında qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq çərçivəsinin genişləndirilməsini və qida təhlükəsizliyi, eləcə də heyvan sağlamlığı sahəsində əlaqələrin inkişaf etdirilməsini nəzərdə tutur. Sənədin imzalanması qida təhlükəsizliyi, heyvan sağlamlığı, risklərin idarə edilməsi, qida zənciri daxilində məhsulların izlənilməsi, laborator diaqnostika, epizootik məlumat mübadiləsi, sertifikatlaşdırma, birgə tədqiqatlar və kadr hazırlığı sahələrində tərəflər arasında daha səmərəli və koordinasiyalı əməkdaşlıq üçün yeni imkanlar yaradacaq.
Giriş