Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Ə.Məmmədəliyev küçəsində fəaliyyət göstərən Sabunçu bazarında və bazarətrafı qida obyektlərində reyd keçirilib. Baxış zamanı bazarda açıq şəraitdə, soyuducudan kənar, temperatur rejiminə əməl olunmadan və baytarlıq ekspertizasından keçirilməmiş süd və süd məhsullarının, eləcə də ev üsulu ilə hazırlanmış və etiket məlumatları qeyd edilməyən müxtəlif növ turşuların satışa çıxarıldığı məlum olub. Eyni zamanda bazarın daxilində qanunsuz fəaliyyət göstərən diri quşların satışı və kəsimi sahəsi aşkarlanıb. Burada baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinin pozulduğu, kəsim və satışın antisanitar şəraitdə, baytarlıq ekspertizası aparılmadan həyata keçirildiyi müəyyən edilib. Bundan başqa, aparılan reyd zamanı bazar ətrafında fəaliyyət göstərən “Kəngərli-203 Kəndli Fermer Təsərrüfatı” MMC-yə məxsus ət satışı mağazasında qanunsuz olaraq heyvan kəsimi üçün dəmir konstruksiyaların quraşdırıldığı, iri və xırdabuynuzlu heyvanların satışı və kəsiminin baytarlıq ekspertizası aparılmadan həyata keçirildiyi müəyyən edilib. Nöqsanlarla bağlı qanunsuz quraşdırılmış dəmir konstruksiyalar yerli icra hakimiyyətinin nümayəndələri tərəfindən sökülüb, kəsimin həyata keçirildiyi obyektin fəaliyyəti məhdudlaşdırılıb və sahibkar barəsində inzibati protokol tərtib olunub. Reyd zamanı aşkarlanan nöqsanların aradan qaldırılması üçün sahibkarlara icrası məcburi göstərişlər verilib, məsələ nəzarətdə saxlanılır. Linkə keçid edərək videoməlumatla tanış ola bilərsiniz:
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Gəncə, Ağstafa və Salyan rayonlarında yerləşən ərzaq bazarlarında monitorinq keçirib. Nəzarət tədbirləri zamanı bazarlarda yüksək riskli qida məhsullarının açıq havada, antisanitar şəraitdə və temperatur rejiminə uyğun olmayan formada satışa təqdim edildiyi müəyyən olunub. Xüsusilə ət, balıq və quş əti məhsullarının, turşuların üstü açıq, toz və çirklənməyə məruz qalan mühitdə satışı insan sağlamlığı üçün ciddi təhlükə yaradır. AQTA bir daha bazar rəhbərlərinə xəbərdarlıq edir ki, qida məhsullarının satışı tam təhlükəsiz şəraitdə həyata keçirilməlidir. İnsanların həyat və sağlamlığını riskə atan, qaydalara əməl etməyən satış müəssisələri barəsində qanunvericiliyə uyğun ən sərt tədbirlər görüləcəkdir. Agentlik əhalini qida məhsullarını alarkən satış və saxlama şəraitinə diqqət etməyi tövsiyə edir. Bölgə bazarlarında mövcud vəziyyətlə bağlı link:
Ağcabədi rayonunun İ.Qayıbov küçəsində fəaliyyət göstərən, Qasımov Elçin Yaqub oğluna məxsus “Tac” topdansatış mağazasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş plandankənar yoxlama zamanı “Banketnaya” əmtəə nişanlı saxta alkoqollu içkilərin satışa çıxarıldığı məlum olub. Belə ki, orijinaldan fərqlənən və üzərində zədələnmə əlaməti olan içkilərin mənşəyi məlum olmayan spirtdən hazırlandığı, başlıq hissənin təkrar bərkidildiyi və istehsal tarixinin qeyd edilmədiyi aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülərək içkilərin satışının qarşısı alınıb, sahibkara icrası məcburi göstərişlər verilib, nümunələr götürülərək müayinələrə cəlb olunub. Araşdırmalar davam etdirilir.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi yanında Məşvərət Şurası “Qida təhlükəsizliyi tək dövlətin deyil, hər kəsin işidir” kampaniyasını davam etdirir. Bu dəfə yayımlanan videoçarxda Şuranın üzvü, Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri İsmayıl Orucov fındıq istehsalında təhlükəsizliyin və keyfiyyətin təmin edilməsinin vacibliyindən danışır. O vurğulayır ki, fındığın düzgün emalı və izlənilə bilən istehsal zənciri həm istehlakçı sağlamlığının qorunması, həm də ölkəmizin beynəlxalq bazarlarda etibarlı tərəfdaş imicinin möhkəmlənməsi üçün vacibdir. Qida təhlükəsizliyi tək dövlətin deyil, hər kəsin işidir! Gəlin, təhlükəsiz qida ilə sağlam gələcəyə birlikdə addımlayaq!
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatları əsasən, 1 Dekabr tarixinədək dünya üzrə blutanq, nodulyar dermatit, dabaq və yüksək patogen quş qripi ilə bağlı yeni xəstəlik halları aşkar olunub. Məlumatlarla ətraflı aşağıdakı infoqrafikada tanış ola bilərsiz.
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi bildirişlərinə əsasən, region ölkələrinin bir qismində xüsusi təhlükəli yoluxucu heyvan xəstəlikləri üzrə epizootik vəziyyətdə son aylar ərzində sabitləşmə meyilləri müşahidə olunub və xəstəliklərin yayılma dinamikasında azalma qeydə alınıb. Bundan əlavə, Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin Milli Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təqdim olunmuş rəsmi məlumatda ölkədə həyata keçirilən baytarlıq tədbirləri və monitorinq nəticələrinə əsasən, epizootik durum stabil qiymətləndirilir. Həmçinin baytarlıq-sanitariya tələblərinə tam əməl olunduğu, epizootik vəziyyətin davamlı nəzarətdə saxlanıldığı və xüsusi təhlükəli yoluxucu heyvan xəstəliklərinin yayılması riskinin minimal olduğu barədə rəsmi zəmanət təqdim edilib. Bu məqsədlə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Gürcüstandan damazlıq və yetişdirmə üçün gətirilən heyvanların idxalına tətbiq edilmiş məhdudiyyət 2025-ci il 1 dekabr tarixindən etibarən aradan qaldırılıb.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin “ASAN xidmət” mərkəzlərində, habelə Kiçik və Orta Biznes evlərində (KOB evləri) vətəndaşlara xidmət göstərən əməkdaşları üçün “Dövlət qulluğunda korrupsiyaya qarşı mübarizə və etik davranış qaydalarının praktiki tətbiqi məsələləri” mövzusunda onlayn təlim keçirilib. Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunan təlimdə korrupsiya anlayışı, dövlət qulluqçularının etik davranış qaydaları, etik davranışın əhəmiyyəti, həmçinin korrupsiya ilə mübarizə və etik davranış normalarının tətbiqi ilə bağlı əsas tələblər iştirakçılara izah edilib. Təlimin sonunda mövzu üzrə iştirakçıların sualları cavablandırılıb. “ASAN xidmət” mərkəzlərində və “KOB” evlərində xidmət göstərən əməkdaşların nəzakətli, məsuliyyətli, peşəkar olmaları, ünsiyyət qurmaq və izah etmək bacarıqlarının artırılması istiqamətində bu kimi tədbirlərin keçirilməsi xüsusi diqqət mərkəzindədir.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Aparatının və regional bölmələrinin əməkdaşları Zaqatala və Balakən rayonlarının kəndlərində Qəhvəyi mərmər bağacığına qarşı mübarizə və maarifləndirmə tədbirlərini davam etdirirlər. Agentliyin regional bölmələrindən ezam olunan əməkdaşlar 3-cü Tala, Dağlı və İtitala kəndlərində genişmiqyaslı monitorinqlər aparıb və əhali ilə birgə mübarizə fəaliyyətləri həyata keçiriblər. AQTA əməkdaşları sakinlərlə birlikdə Zaqatala və Balakəndə 600-dən çox evdə zərərvericinin qışlama üçün gizləndiyi yerlərə, tikililərin üst qatlarına, çardaqlara və tavan hissələrinə baxış keçiriblər. Qışlama mərhələsində olan yüz minlərlə zərərverici fərd aşkar edilərək mexaniki üsulla məhv edilib. Sakinlərlə maarifləndirici söhbətlər aparılıb, onlara məlumatlandırıcı bukletlər təqdim edilib. Qeyd olunub ki, Qəhvəyi mərmər bağacığı ilə mübarizədə vətəndaşlar dövlət qurumları ilə həmrəylik nümayiş etdirməli, hər bir ev sahibi öz ərazisində profilaktik və mexaniki mübarizə tədbirlərini ardıcıl şəkildə həyata keçirməlidir.
Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərinin iştirakı ilə Xəzər Universitetinin “Baytarlıq təbabəti” fakültəsinin tələbələri ilə görüş keçirilib. Görüşdə tələbələrə Agentliyin fəaliyyət istiqamətləri, heyvan sağlamlığı və baytarlıq nəzarəti sahəsində görülən işlər barəsində geniş məlumat verilib, ötən dövr ərzində həyata keçirilən tədbirləri özündə əks etdirən videoçarx nümayiş etdirilib. Eyni zamanda Agentliyin tabeliyində Qida Təhlükəsizliyi İnstitutunun, habelə “Qida Təhlükəsizliyi Könüllüləri” təşəbbüs qrupunun fəaliyyətindən bəhs olunub. İştirakçılara işə qəbul proseduru və karyera imkanları haqqında məlumat verilib, tələbələrin baytarlıq nəzarəti, dövlət qulluğu, Agentlikdə təcrübə keçmək imkanları barədə sualları cavablandırılıb.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Milli Referens Laboratoriyası ABŞ-ın “The Office of the Texas State Chemist –Texas A&M AgriLife Research” şirkəti tərəfindən təşkil olunan növbəti səriştəlilik sınağında iştirak edib. Laboratoriya qarğıdalı nümunəsində “Aflatoksin B1” və “Aflatoksinin ümumi miqdarı” parametrlərinin təyini üzrə uğurlu nəticələr əldə edib. Laboratoriya fəaliyyəti dövründə ABŞ, Böyük Britaniya, Fransa və Polşa kimi ölkələrdə təşkil olunan 50-dən çox göstərici üzrə beynəlxalq səriştəlik sınaqlarında iştirak edib və yüksək dəqiqlik nümayiş etdirib. Qeyd edək ki, Milli Referens laboratoriyasında qida məhsullarının keyfiyyət və təhlükəsizlik parametrlərinə uyğun mikrobioloji, fiziki-kimyəvi, cihaz müayinələri aparılır. Laboratoriya AZS ISO/IEC 17025:2020 “Sınaq və kalibrlənmə laboratoriyalarının səlahiyyətliliyinə dair ümumi tələblər" standartına əsasən Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən milli və Almaniya Federativ Respublikasının nüfuzlu akkreditasiya qurumu olan Deutsche Akkreditierungsstelle GmbH “DAkkS” tərəfindən isə beynəlxalq akkreditasiyadan keçirilib.
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Əziz Şərifov və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun idarə heyəti sədrinin müavini Elxan Əhmədov İstanbulda “Qida və Su İsrafının Qarşısının Alınması – Gələcəyə Sahib Çıxmaq” mövzusunda keçirilən Yüksək Səviyyəli Beynəlxalq Paneldə iştirak edib. Tədbir çərçivəsində AQTA sədrinin müavini Əziz Şərifovun Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik nazirinin müavini Ahmet Bağcı ilə görüşü baş tutub. Görüşdə “sıfır tullantı” konsepsiyası (zero waste) üzrə müzakirələr aparılıb və Agentliyin bu sahədə həyata keçirdiyi tədbirlər, mövcud təşəbbüslər və gələcək planlar barədə qarşı tərəfə məlumat verilib. Qida israfının qarşısının alınması istiqamətində məsuliyyətin artırılması, dayanıqlı qida sistemi və resursların səmərəli idarə olunmasının strateji əhəmiyyət daşıdığı diqqətə çatdırılıb. Görüşdə iki ölkə arasında qarşılıqlı ticarət əlaqələrinin mövcud vəziyyəti, idxal-ixrac dinamikası, perspektiv planlar müzakirə olunub. Eyni zamanda yüksək riskli məhsulların ixracının sadələşdirilməsi məqsədilə ekvivalentlik və təsdiq sistemlərinin qarşılıqlı tanınması ilə bağlı fikir mübadiləsi aparılıb. Tərəflər bu istiqamətdə əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını bildiriblər. Qarşılıqlı əməkdaşlığın bundan sonra da daha intensiv şəkildə davam etdirilməsinin vacibliyi vurğulanıb. Səfər çərçivəsində həmçinin, “Sıfır Atık Vakfı”nın (Sıfır Tullantı Fondu) rəhbəri Samed Ağırbaş ilə görüş keçirilib. Görüş zamanı Fondun fəaliyyət istiqamətləri və qida israfının azaldılması üzrə həyata keçirdiyi təşəbbüslər barədə məlumat verilib. AQTA ilə Fond arasında gələcəkdə birgə layihələrin icra olunması nəzərdən keçirilib.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi 14 ünvanında yerləşən “Bestoll Lüks” MMC-yə məxsus “Kəndli” bazarında keçirilən monitorinq zamanı bir sıra nöqsanlar aşkarlanıb. Bazarda müşayiətedici sənədləri olmayan kustar üsullarla hazırlanmış turşu, mürəbbə və marinad edilən məhsulların, həmçinin ekspertiza aktları, istehsalçısı və mənşəyi məlum olmayan süd məhsullarının satışının həyata keçirildiyi, eləcə də müvafiq sənədləri olmadan toyuq və mal ətlərinin, açıq hava şəraitində temperatur rejimi gözlənilmədən saxlanılan balıq məhsullarının satışa çıxarıldığı müəyyən edilib. Ət satışı mağazasında isə məhsulun açıq şəkildə soyuducudan kənar temperatur rejimi pozularaq saxlanıldığı və sanitariya-gigiyena normalarına riayət edilmədiyi aşkarlanıb. Bununla yanaşı, həmin müəssisədə qanunsuz olaraq iri və xırdabuynuzlu heyvanların saxlanıldığı və kəsiminin həyata keçirildiyi müəyyən edilib. Bazara məxsus ərazidə həmçinin daşınma sənədləri olmadan çoxlu sayda diri toyuğun satışı aşkarlanıb. Bazarda tullantıların vaxtı-vaxtında kənarlaşdırılmadığı və toplandığı yerin isə satış sahələrinə yaxın olduğu müşahidə edilib. Sahibkara icrası məcburi göstərişlər verilib. Faktla bağlı araşdırmalar davam edir. Ətraflı link:
Giriş