Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən həyata keçirilən nəzarət tədbirləri zamanı “Foreign Fruit” MMC-nin Gürcüstan Respublikasından idxal etdiyi “Yunion Export 2024” müəssisəsinin istehsalı olan ümumi çəkisi 24,5 ton ərzaqlıq kartof məhsulu fitosanitar müayinə və ekspertiza aparılması məqsədilə laborator müayinəyə cəlb edilib. Sınaq nəticəsində məhsul partiyasında karantin tətbiq edilən kartof gövdə nematodu aşkarlanıb. Məhsul partiyası ölkəmizin idxal tələblərinə, o cümlədən qüvvədə olan texniki və hüquqi normalara cavab vermədiyi üçün gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, utilizasiyası və ya məhv edilməsi barədə qərar qəbul edilib.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Gəncə şəhəri, Gəncə-Şəmkir şosesində fəaliyyət göstərən “Azerpetfood” MMC-yə məxsus heyvan mənşəli məhsulların emalı müəssisəsində yoxlama keçirib. Baxış zamanı emal müəssisəsinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, texniki normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub. Belə ki, emal sahələrinin antisanitar vəziyyətdə olduğu, xammalın qəbulu və texnoloji ardıcılıq prinsipinə əməl edilmədiyi, istifadə olunan alət, avadanlıq və ləvazimatların təmiz saxlanmadığı, ümumilikdə məhsulların hazırlandığı sahələrin çirkli mühitə malik olduğu və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək müəssisənin fəaliyyəti məhdudlaşdırılıb, hüquqi nümayəndəsi barədə inzibati protokol tərtib edilib. Araşdırmalar davam etdirilir.
“Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” Prezidentin 2018-ci il 11 iyun tarixli Sərəncamının icrası ilə bağlı olaraq baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə, küçələrdə, yol kənarlarında heyvan kəsimi hallarının qarşısının alınması istiqamətində Qida Təhlükəsizliyi Agentliyi aidiyyəti dövlət orqanları ilə birlikdə ardıcıl monitorinqlər, yoxlama-nəzarət tədbirlərini davam etdirir. Tədbirlər çərçivəsində bu ilin əvvəlindən 3 noyabr tarixinədək olan dövr ərzində respublika üzrə 4748 heyvan kəsimi və ət satışı mağazasında monitorinq keçirilib. Monitorinq zamanı 712 heyvan kəsimi və ət satışı mağazası ilə bağlı inzibati tədbir görülüb, 67-də isə qanunsuz heyvan kəsimi ilə əlaqədar quraşdırılmış qurğular (11-i təkrar quraşdırılmış qurğulardır) sökülüb. Bundan başqa, 1276 halda ətlərin soyuducuda saxlanılmadığı, 1297 halda isə ətlərin baytarlıq sənədi olmadan satışının həyata keçirildiyi müəyyən edilib ki, bununla bağlı icrası məcburi göstərişlər verilib.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida obyektlərində Təhlükənin Analizi və Kritik Nəzarət Nöqtələri (HACCP) sisteminin tətbiqi ilə bağlı sahibkarlıq subyektlərinə xəbərdarlıq edir. Məlum olduğu kimi, “Qida təhlükəsizliyi haqqında” Qanuna uyğun olaraq, qida və yem məhsullarının istehsalı və emalı ilə məşğul olan sahibkarlıq subyektləri öz qida obyektlərində, həmçinin qida məhsullarının istehlak olunduğu ictimai iaşə və xidmət obyektlərində HACCP-a əsaslanan prosedurları tətbiq etməlidir. Qanuna əsasən, göstərilən tələblər iri sahibkarlıq subyektlərində 2024-cü il 30 iyun, orta və kiçik sahibkarlıq subyektləri üçün 2026-cı il 30 iyun tarixindən qüvvəyə minir. Belə ki, artıq 2024-cü il 30 iyun tarixindən etibarən Agentlik tərəfindən iri sahibkarlıq subyektlərində aparılan nəzarət tədbirləri zamanı HACCP sisteminin tətbiqi vəziyyəti yoxlanılır və tətbiq olunmayan müəssisələrdə qanunvericilik çərçivəsində zəruri tədbirlər görülür. Orta və kiçik sahibkarlıq subyektlərinin diqqətinə çatdırırıq ki, müəssisələrdə HACCP sisteminin tətbiqi mütləqdir. AQTA tərəfindən aparılan nəzarət tədbirləri zamanı HACCP sisteminin tətbiqi vəziyyəti yoxlanılacaq və aşkar edilmiş uyğunsuzluqlarla əlaqədar qanunvericilik çərçivəsində zəruri tədbirlər görüləcəkdir. Qeyd edək ki, sistemin tətbiqi qida obyektlərində təhlükəsiz qida istehsalına və emalına zəmanət verir, həmçinin istehlakçıların sağlamlığına təhlükə yarada biləcək səbəbləri müəyyənləşdirməklə, istehsal və xidmət mərhələlərində bu səbəblərin aradan qaldırılmasını təmin edir.
Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospektində fəaliyyət göstərən, fiziki şəxs Cabbarov Mirzəağa Calal oğluna məxsus çörək istehsalı müəssisəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Həmçinin emal zamanı istifadə edilən suyun filtrasiyadan keçirilmədiyi, işçi masaların, qida ilə təmasda olan səthlərin asan təmizlənən və dezinfeksiyaya davamlı materialla üzlənmədiyi, temperatura, rütubətə nəzarət cihazının və havalandırma sisteminin quraşdırılmadığı, işçi heyətin xüsusi geyimlə təmin edilmədiyi və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək müəssisədə istehsalın dayandırılmasına dair məhdudlaşdırıcı qərar qəbul olunub, rəhbərliyi barəsində inzibati protokol tərtib edilib.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) Avropa İttifaqının “Qida və Yem Məhsullarına dair Çevik Xəbərdarlıq Sistemi” vasitəsilə San Marino mənşəli “Special Frutta” əmtəə nişanlı dondurma istehsalı üçün nəzərdə tutulmuş yarımfabrikat məhsullarda metal qırıqlarının aşkar olunması barədə məlumat daxil olub. AQTA tərəfindən həmin məhsulu ölkəyə idxal edən “Virtus Commerce” MMC-də mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq plandankənar yoxlama aparılıb. Nəticədə müəssisəyə məxsus anbar sahəsində ümumilikdə 480 kiloqram dondurma istehsalı üçün yarımfabrikat məhsul aşkar edilib və bu məhsulların məhv edilməsi barədə qərar qəbul olunub. Fiziki çirklənməyə məruz qalmış məhsulların məhv edilməsi “Təmiz Şəhər” ASC-nin Balaxanı şəhər tullantılarının zərərsizləşdirilməsi poliqonunda torpağa basdırılmaqla həyata keçirilib. Qeyd edək ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin olunması istiqamətində tədbirləri davam etdirir.
Daxil olan müraciət əsasında Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi, ev 21F ünvanında yerləşən “GK Fish Farm” MMC-yə məxsus “Tut” restoranında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları yoxlama keçirib. Baxış zamanı ictimai iaşə müəssisəsində emal olunan “paytaxt” salatından nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Sınaq nəticəsində E.Coli göstəricisinin miqdarı normativ sənədlərin tələblərinə uyğun olmayıb. Aşkarlanan nöqsanla əlaqədar restoranda soyuq qəlyanaltıların emalı məhdudlaşdırılıb, vəzifəli şəxsi barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən icraata başlanılıb.
AQTA Aparatının, eləcə də regional bölmələrin 60-a yaxın əməkdaşı Zaqatalanın kəndlərində Qəhvəyi mərmər bağacığı ilə mübarizə və maarifləndirmə tədbirlərinə cəlb olunub. Rayona ezam olunan Agentlik əməkdaşları Zaqatalanın 7 kəndində monitorinq və əhali ilə birgə mübarizə tədbirləri həyata keçiriblər. Tədbirdə payız-qış mövsümündə zərərvericiyə qarşı aparılan mübarizə tədbirləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, 300-dən çox bitki növü ilə qidalanan zərərverici payız dövründə fizioloji aktivliyini itirir və bitkilər üçün birbaşa təhlükə yaratmır. Bu mövsümdə qışlamaya üstünlük verdiyi üçün zərərverici əsasən yaşayış evlərində, ictimai-iaşə obyektlərində, təsərrüfat tikililərində və digər qapalı məkanlarda müşahidə olunur. AQTA-a əməkdaşları sakinlərlə birgə zərəvercinin qışlama üçün yuva saldığı yerlərə, tikililərin üst qatlarına, çardaqlara və tavan hissələrinə baxış keçiriblər. Sakinlərlə maarifləndirici söhbətlər aparılıb və çap materialları təqdim ediblər. Yerli icra hakimiyyəti və icra nümayəndəlikləri tədbirlərə dəstək veriblər. Qeyd olunub ki, yaşayış sahələrində kimyəvi mübarizə tədbirlərinin aparılması insan sağlamlığı üçün risklər yarada bilər. Buna görə də sakinlərin zərərvericiləri mexaniki üsullarla toplayaraq məhv etməsi xüsusilə vacibdir. Beynəlxalq təcrübədə də Qəhvəyi mərmər bağacığı ilə mübarizədə mexaniki üsuldan geniş istifadə olunduğu vurğulanıb. Bura aldadıcı tələlər, süni yaradılmış sığınacaq yerləri daxildir. Bağacıq üçün süni qışlama yerləri əsasən boş karton və ya qəzetlə doldurulmuş adi bir qutudan da hazırlanır. Hazırki qışlama dövründə aparılmalı olan mexaniki yolla mübarizə üsulu zərərvericinin populyasiyasının qarşısını ala bilər. Əlaqədar dövlət qurumlarının, yerli icra hakimiyyətlərinin, bələdiyyələrin və vətəndaşların birgə fəaliyyəti nəticəsində bu zərərverici təhlükəsi minimuma endiriləcək. Hər bir vətəndaşımızın bu prosesdə fəal iştirakı böyük əhəmiyyət daşıyır.
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli noyabrın 6-sı saat 14:00-da Agentliyin inzibati binasında qida sahəsində fəaliyyət göstərən sahibkarları qəbul edəcək. Qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlar, o cümlədən qida məhsullarının istehsalı, emalı, idxal-ixracı, daşınması, satışı və sair sahələrdə çalışan şəxslər onları narahat edən məsələlərlə bağlı Agentlik sədri ilə görüşə bilərlər. Görüşdə iştirak etmək istəyən şəxslər ad, soyad, fəaliyyət sahəsi, müraciətin məzmunu və telefon nömrələrini göstərərək info@afsa.gov.az elektron poçtu vasitəsilə müraciət etməklə və ya (+994 77) 100 32 56 nömrəsinə zəng etməklə, həmçinin vatsap üzərindən əlaqə saxlamaqla noyabrın 5-dək qəbula yazıla bilərlər.
Bakı şəhəri, Səbail rayonu, Z.Tağıyev küçəsi, ev 16/18 ünvanında yerləşən, fiziki şəxs İsmayılov Tural Şakir oğluna məxsus “Sushi Club” ictimai iaşə müəssisəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, ictimai iaşə müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, suşi rolların hazırlanmasında istifadə edilən çiy balığın müşayiətedici sənədlərinin olmadığı, emal prosesində istifadə olunan yarımfabrikatların üzərində hazırlanma tarixinin qeyd edilmədiyi, xammalların saxlama temperaturuna əməl olunmadığı, texnoloji prosesin ardıcıllığının pozulduğu, işçilərin dövri tibbi müayinədən keçmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb. Müəssisədə emal olunan suşi rollardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək ictimai iaşə müəssisəsində işlərin görülməsi, xidmətlərin göstərilməsi dayandırılıb, rəhbərliyi barəsində inzibati protokol tərtib olunub.
Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, ev 17 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Kərimov Elvin Vüqar oğluna məxsus “Ərzurum” ictimai iaşə müəssisəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, mətbəxdə döşəmə, divar və tavanın təmirsiz olduğu, səthlərin hamar, yuyulabilən və korroziyaya davamlı materialla üzlənmədiyi, havalandırma sisteminin quraşdırılmadığı, texnoloji ardıcıllıq prinsipinin pozulduğu, temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, istifadə olunan suyun filtrasiyadan keçirilmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi, işçi heyətin tibbi müayinədən keçmədiyi və digər nöqsanlar aşkarlanıb. İstehlaka hazır qidalardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək ictimai iaşə müəssisəsində işlərin görülməsi, xidmətlərin göstərilməsi dayandırılıb, rəhbərliyi barəsində inzibati protokol tərtib edilib.
2025-ci ilin ötən dövrü Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) üçün beynəlxalq əməkdaşlığın genişləndiyi, məhsuldar və perspektivli mərhələ olub. Agentlik ölkəmizin qida təhlükəsizliyi sahəsində nüfuzunun artırılması, ixrac imkanlarının genişləndirilməsi və qlobal tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atıb. Bu müddət ərzində AQTA nümayəndələri Rusiya, Səudiyyə Ərəbistanı, Macarıstan, Çin, Polşa və digər ölkələrdə keçirilən beynəlxalq tədbirlərdə aktiv iştirak edib. Həmçinin FAO, UNICEF, Ümumdünya Səhiyyə Təşkilatı, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı və İqtisadi Əməkdaşlıq Təşkilatının seminar və konfranslarında Azərbaycan təcrübəsi uğurla təqdim olunub. Agentlik Pakistan, İran, Moldova, Macarıstan, Polşa, Səudiyyə Ərəbistanı və Çin kimi ölkələrlə əməkdaşlıq sənədləri imzalayaraq qarşılıqlı əlaqələri gücləndirib. Xüsusilə, Çin ilə fındıq və badam ixracına dair protokol Azərbaycan məhsullarının yeni və perspektivli bazarlara çıxışını təmin edən mühüm nailiyyət kimi qiymətləndirilir. Eyni zamanda, ölkəmizdən balıq məhsullarının Avropa İttifaqına ixracına razılıq əldə edilib. AQTA həm də beynəlxalq tədbirlərin təşkilində fəal rol oynayıb. Agentliyin təşəbbüsü ilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı və Avropa İttifaqı ilə birgə Heyvan Rifahı Platformasının Rəhbər Qrupunun iclası, eləcə də “Elm fəaliyyətdədir” beynəlxalq konfransı keçirilib. Hər iki tədbir qida təhlükəsizliyi və heyvan sağlamlığı sahəsində bilik mübadiləsini təşviq edib və Azərbaycanın etibarlı beynəlxalq tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirib.
Giriş