Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları arasında Ümumdünya Qida Təhlükəsizliyi Gününə həsr olunmuş minifutbol turnirinin final mərhələsi keçirilib. Əvvəlcə 3-cü yer uğrunda “Qazax-Tovuz RB” və “AQTİ B” komandaları mübarizə aparıb. “Qazax-Tovuz RB” 3-1 hesabı ilə qalib gələrək turnirin bürünc medalını qazanıb. Final oyununda isə “Bakı RB A” ilə “AQTİ A” komandaları üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən qarşılaşma “Bakı RB A”nın 3-2 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə, “Bakı RB A” komandası turnirin qalibi olaraq qızıl, “AQTİ A” isə gümüş medala layiq görülüb. Turnirin sonunda rəsmi mükafatlandırma mərasimi keçirilib. Yarışda yer tutan komandalara medal və diplomlar təqdim olunub. Agentliyin rəhbərliyi çempionatda iştirak edən bütün komandaları təbrik edib, belə idman tədbirlərinin əməkdaşlar arasında həmrəylik və sağlam rəqabət mühitinin formalaşmasında mühüm rol oynadığını vurğulayıb. Qeyd edək ki, Agentliyin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə keçirilən turnirin əsas məqsədi işçilər arasında sağlam həyat tərzinin təşviqi, bədən tərbiyəsi və idmanın əhəmiyyətinin təbliği, eləcə də əməkdaşların asudə vaxtlarının səmərəli şəkildə təşkil olunması və əməkdaşlar arasında sağlam rəqabət mühitinin yaradılması olub.
Ölkəmizdən Çin Xalq Respublikasına quş əti və quş əti məhsullarının ixracı ilə bağlı müvafiq tədbirlər davam etdirilir. Hazırda bu çərçivədə AQTA ilə Çinin Baş Gömrük Administrasiyası arasında müvafiq işlər görülməkdədir Eyni zamanda, Çinə həmin məhsulların ixracını həyata keçirmək istəyən quş əti istehsalçıları ilə görüş keçirilib və bu ölkənin idxal tələbləri barədə ətraflı məlumatlar verilib.
Özbəkistanın paytaxtı Daşkənddə Bitki Karantini və Mühafizəsi üzrə Avropa və Aralıq Dənizi Təşkilatının (EPPO) Bitki Mühafizə Vasitələri üzrə İşçi Qrupunun 55-ci iclası keçirilib. Tədbirdə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşı Cavidan Quliyev iştirak edib. İclasda pestisidlərin effektivliyinin qiymətləndirilməsi, beynəlxalq standartların yenilənməsi, preparatların istifadəsi zamanı insan sağlamlığı və ətraf mühitin qorunması məsələləri müzakirə olunub, gələcək əməkdaşlıq istiqamətləri müəyyənləşdirilib. Tədbirdə “Azərbaycanda pestisidlərin qeydiyyatı və dövriyyəsinə nəzarət” mövzusunda təqdimatlar olunub.
Ağcabədi rayonu, Aşağı Avşar kəndində fəaliyyət göstərən, Qasımov Elçin Yaqub oğluna məxsus topdansatış mağazasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən yoxlama keçirilib. Baxış zamanı yararlılıq müddəti bitmiş zeytun yağı, meyvə şirəsi və müxtəlif çeşiddə şirniyyat, həmçinin Azərbaycan dilində etiket məlumatı olmayan xurma və balıq konservi aşkarlanıb. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, istehlaka yararsız məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.
Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası “Bioloji aktiv qida məhsullarına dair sanitariya norma və qaydaları” adlı texniki normativ hüquqi aktın təsdiqi ilə bağlı qərar qəbul edib. Təsdiq edilən texniki normativ hüquqi akt bioloji aktiv qida məhsullarının minimum keyfiyyəti və təhlükəsizliyinə dair tələblərini müəyyən edir. Qaydalarda yer alan tələblər həm ölkə ərazisində emal olunan, həm də dövriyyədə olan bioloji aktiv qida məhsullarına tətbiq olunur. Sənəddə bioloji aktiv qida məhsullarının emalında tətbiqinə yol verilən vitamin və minerallar, eləcə də onların formalarının siyahısı və minimum normaları, habelə bioloji aktiv qida məhsullarının təhlükəsizliyi və etiketlənməsinə dair tələblər öz əksini tapıb. Qeyd edək ki, Azərbaycan Respublikasının ərazisində emal olunan və ölkə ərazisinə idxal olunan bioloji aktiv qida məhsulları yalnız qeydiyyata alındıqdan sonra dövriyyəyə çıxarıla bilər. “Bioloji aktiv qida məhsullarına dair sanitariya norma və qaydaları” 2025-ci ilin 20 avqust tarixindən qüvvəyə minəcək. Qərarla ətraflı aşağıdakı linkdən tanış ola bilərsiniz: https://afsa.gov.az/az/qanunvericilik/kollegiya-qerarlari
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Andorra Knyazlığının Sant Julia de Loria inzibati ərazi vahidində iribuynuzlu heyvanlarda epizootik hemorragiya xəstəliyi, Albaniya Respublikasının Berat bölgəsində xırdabuynuzlu heyvanların taunu, Kanadanın Britaniya Kolumbiyası əyalətində isə quşlarda Nyukasl xəstəliyi qeydə alınıb. Respublika ərazisinin bu yoluxucu xəstəliklərdən qorunması üçün qeyd olunan ərazilərdə zonalaşma prinsipi nəzərə alınmaqla, bütün növ diri gövşəyən heyvanların və onlara aid genetik materialların, diri ev və vəhşi xırdabuynuzlu heyvanların və onlara aid məhsulların, diri quş və quşçuluq məhsullarının idxalı, həmçinin tranziti ilə bağlı ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Füzuli rayonu, Əhmədbəyli kəndində fəaliyyət göstərən, Möhsümzadə Nicat Oktay oğluna məxsus “Nicat” kafesində yoxlama keçirib. Baxış zamanı kafedə mənşəyi məlum olmayan turşu və pendir məhsulu aşkarlanıb. Həmçinin mal qonşuluğu prinsipinin pozulduğu, divar və döşəmə səthlərinin təmirsiz olduğu, havalandırma sisteminin quraşdırılmadığı, müvafiq təmizlik işlərinin görülmədiyi, işçi heyətin gigiyena qaydalarına riayət etmədiyi və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, istehlaka yararsız məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.
Ölkəmizdən Çin Xalq Respublikasına fındıq və badam məhsullarının ixracı üçün intensiv tədbirlər həyata keçirilir. Bu çərçivədə AQTA ilə Çinin Baş Gömrük Administrasiyası arasında müvafiq işlər aparılır. Eyni zamanda, Çinə fındıq və badam məhsullarının ixracını həyata keçirmək istəyən sahibkarlarla görüşlər keçirilib və idxal tələbləri barədə ətraflı məlumatlar verilib.
Nəzarət tədbirləri çərçivəsində "Frozen Products" MMC-nin Rusiyadan idxal etdiyi “Куриное Царство” müəssisəsinin istehsalı olan (30.03.2025 - 26.09.2025 istehsal və son istifadə tarixli) 1.3 ton dondurulmuş toyuq dərisi məhsulu partiyalarında müayinələr nəticəsində nümunələrdə salmonella aşkarlanıb. Aşkarlanmış uyğunsuzluqla əlaqədar AQTA tərəfindən müvafiq tədbirlər görülüb, Rusiyanın müvafiq qurumuna ixracın dayandırılmasına dair müraciət ünvanlanıb.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və "Qarabağ" FK cəmiyyətə vacib bir mesaj çatdırmaq üçün bir araya gəlib. "Gələcəyini buxar etmə!" adlı sosial çarx gənclər arasında geniş yayılmaqda olan veyp və elektron siqaret istifadəsinin fəsadlarına bir daha diqqət çəkmək məqsədi daşıyır. Çarxda veyp istifadə edən bir gəncin bu zərərli vərdişin onun həyatına necə təsir etdiyi nümayiş olunur. Gənc futbolçu Nəriman Axundzadə "Nəfəs almağı seç!" çağırışı ilə izləyicilərə sosial çarxın əsas mesajını ötürür. Elektron siqaretlərin tərkibində tütün olmadığı üçün onların daha az zərərli olduğu düşünülür. Amma qeyd etmək lazımdır ki, veyp mayelərinin tərkibində müxtəlif kimyəvi maddələr, o cümlədən nikotin və insan orqanizminə təsir edən bir çox zərərli komponentlər var. Nikotin yüksək dərəcədə asılılıq yaratmaqla yanaşı, ürək-damar, tənəffüs və sinir sisteminə mənfi təsir göstərir. Parlaq rənglər, şirin meyvə dadları və sosial media reklamları son illərdə veyplərin xüsusi ilə gənclər arasında populyarlaşmasına səbəb olub. "Gələcəyini buxar etmə! Nəfəsini bitirənlə deyil, səni gücləndirənlə yaşa!" sloqanı ilə gəncləri bu zərərli vərdişdən çəkindirmək məqsədi daşıyan sosial çarx AQTA-nın sağlam həyat tərzinin təşviqi sahəsində həyata keçirdiyi maarifləndirici fəaliyyətin davamıdır.
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli iyunun 17-si Şabranda Şabran, Quba, Qusar, Xaçmaz, Siyəzən, Xızı rayonlarından olan vətəndaşları qəbul edib. Qəbuldan əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla yad edilib. Qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilib, bir qismi yerində öz həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.
Nəzarət tədbirləri çərçivəsində 2025-ci il 10-13 iyun tarixlərində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı şəhəri və Şamaxı, Zaqatala rayonlarında fəaliyyət göstərən 8 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar inzibati tədbir görülüb. Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati xəta haqqında protokol tərtib edilmiş məntəqələr aşağıdakılardır:
Giriş