Ailəvi istirahət məkanlarında və ictimai iaşə obyektlərində vəhşi heyvanların və quşların saxlanması, nümayiş etdirilməsi qanunla qadağandır. Bu qadağa: - İnsan sağlamlığını qorumaq; - Zoonoz xəstəliklərin yayılmasının qarşısını almaq; - Bioloji təhlükəsizliyi təmin etmək məqsədilə tətbiq olunur. Saxlanılan heyvanlar və quşlar yalnız təbiətə buraxıla və ya heyvanat parklarına təhvil verilə bilər. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bu sahədə nəzarəti həyata keçirir, ictimaiyyətin maarifləndirilməsi istiqamətində mütəmadi tədbirlər görür. Qaydaları pozan obyekt sahiblərinə qarşı qanunvericiliyə uyğun inzibati tədbirlər tətbiq ediləcək. Gəlin, birlikdə həm özümüzün, həm də heyvanların sağlamlığını qoruyaq!
Xurma, nar, pomidor və digər məhsulların ixracı ilə bağlı mövsümə hazırlıq işləri artıq bir neçə aydır ki, davam edir. Azərbaycan məhsullarının xarici bazarlarda rəqabət qabiliyyətinin artırılması istiqamətində işlər aparılmaqdadır. Bitkiçilik məhsullarının ixracı zamanı beynəlxalq ticarət vasitəsilə karantin zərərvericilərinin yayılmasının qarşısının alması ilə bağlı “Bitki mühafizəsi haqqında” Beynəlxalq Konvensiyadan irəli gələrək təsdiq edilmiş Beynəlxalq Standartların, həmçinin idxalçı ölkələrin qablaşdırma və etiket tələblərinə ciddi riayət edilməlidir. Qeyd edək ki, bitkiçilik məhsullarının daşınmasında istifadə olunan meşə materiallarından hazırlanan altlıqlar və qablaşdırma materialları beynəlxalq standartların tələblərinə uyğun formada işlənməli, eləcə də məhsulların etiketlənməsi idxalçı ölkənin tələblərinə uyğun həyata keçirilməli, zəruri məlumatlar yerləşdirilməlidir. Həmçinin bu məlumatlar taraların üzərində beynəlxalq standartların tələblərə uyğun olaraq dayanıqlı, oxunaqlı və möhkəm olmalıdır. Ənənəvi qablaşdırmadan müasir qablaşdırmaya keçid və beynəlxalq standartlara uyğun olaraq qablaşdırma növlərindən istifadə gələcəkdə ixrac potensialının və məhsulların xarici bazarlarda rəqabət qabiliyyətinin artırılması ilə yanaşı, onların daşınması, saxlanması və etiketlənməsi zamanı beynəlxalq standartların və idxalçı ölkələrin tələblərinə riayət edilməsinə gətirib çıxarır. Odur ki, bitkiçilik məhsullarının idxalçı ölkələrin etiketlənməyə və qablaşdırma materiallarına dair, bundan əlavə Beynəlxalq Standartların tələblərininə ciddi riayət edilməlidir.
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) və tabeliyində fəaliyyət göstərən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun kollektivi 27 Sentyabr - Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkını ziyarət ediblər. Ziyarət zamanı xatirə abidəsinin önünə gül dəstələri qoyulub, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olan Vətən övladlarının əziz xatirəsi ehtiramla yad edilib.
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyində (AQTA) 27 Sentyabr – Anım Günü ilə əlaqədar tədbir təşkil olunub. Tədbirdə əvvəlcə Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Vətən müharibəsində tarixi Zəfərimizə, igid hərbçilərimizə, qəhrəman şəhidlərimizə həsr olunmuş videoçarx nümayiş olunub. Tədbirdə vurğulanıb ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən döyüş əməliyyatlarının gedişində ölkəmiz beynəlxalq miqyasda tanınmış ərazilərinin 30 illik işğalına son qoydu və ərazi bütövlüyünün bərpasını təmin etdi. Tədbirdə Vətən müharibəsində iştirak edən Agentlik əməkdaşları döyüş yolları ilə bağlı xatirələrini bölüşüblər.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, ev 3, mənzil 5A ünvanında fəaliyyət göstərən fiziki şəxs Rzalı Arzu Cəfər oğluna məxsus “Oliqarx Baku” ictimai iaşə müəssisəsində plandankənar yoxlama keçirib. Baxış zamanı müəssisədə sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu, texnoloji ardıcıllıq prinsipinə riayət edilmədiyi, isti yeməklərin və soyuq qəlyanaltıların hazırlanmasının eyni sahədə həyata keçirildiyi, havalandırma sisteminin quraşdırılmadığı və işçilərin tibbi müayinədən keçirilmədiyi müəyyən olunub. Bundan başqa, müəssisədə üzərində saxtakarlıq əlamətləri olan alkoqollu içkilər aşkarlanıb. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, icrası məcburi göstərişlər verilib. İstehlaka yararsız məhsullar dövriyyədən çıxarılaraq müvafiq sınaq laboratoriyasına təqdim edilib.
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Monqolustanın Ömnöqovi, Dundqovi, Töv, Dornoqovi vilayətlərində xırdabuynuzlu heyvanların taun xəstəliyi, Butan Krallığının Samtse rayonunda və Amerika Birləşmiş Ştatlarının Nyu-Cersi, Arizona, Pensilvaniya ştatlarında yüksək patogen quş qripi xəstəliyi, Macarıstanın Dyör-Moşon-Şopron bölgəsində isə qeydə alınmış dabaq xəstəliyi aradan qaldırılıb. Belə ki, qeyd olunan ərazilərdə ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, xəstəliyin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və epizootik sağlamlıq statusu bərpa olunub. Bununla əlaqədar, respublika ərazisinin həmin yoluxucu xəstəliklərdən qorunması məqsədilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Şimali Makedoniya Respublikasının Skopye regionunda, Mərakeş Krallığının Mərakeş-Safi regionunda, Serbiya Respublikasının Pçin, Topliç, Raşka, Yablaniç, Kosovo, Zlatibor, Pirot dairələrində, Sloveniya Respublikasının Pomurska, Podravska, Obalno-kraşka, Qorenska regionlarında, Polşa Respublikasının Velikopolsk inzibati ərazisində, Macarıstanın Borşod-Abauy-Zemplen, Baranya, Vesprem bölgələrində blutanq xəstəliyi, Serbiya Respublikasının Raşka dairəsində xırdabuynuzlu heyvanların çiçək xəstəliyi, Bosniya və Herseqovinanın Serb Respublikasında iribuynuzlu heyvanların enzootik leykoz xəstəliyi, İspaniya Krallığının Kastiliya-Leon muxtar icmasında isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin bu yoluxucu xəstəliklərdən qorunması məqsədilə qeyd olunan ərazilərdən zonalaşma prinsipi nəzərə alınmaqla, müvafiq malların idxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvəqqəti məhdudiyyət tətbiq edilib. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Tərtər rayonu, Şıxarx qəsəbəsində fəaliyyət göstərən, Əsgərova Südabə Allahverən qızına məxsus marketdə yoxlama keçirib. Baxış zamanı marketdə satışa təqdim olunan “Banketnaya” əmtəə nişanlı alkoqollu içkilərin saxta olduğu və mənşəyi məlum olmayan spirtdən hazırlandığı müəyyən edilib. Məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib, məhsullar satışdan kənarlaşdırılıb. Araşdırmalar davam etdirilir.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları İsmayıllı rayonu, Kürdmaşı kəndində fəaliyyət göstərən, fiziki şəxs Nuriyev Yusif Sovqat oğluna məxsus ət satışı məntəqəsində yoxlama keçirib. Baxış zamanı məntəqədə texniki normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, döşəmə, tavan, divar səthlərinin təmirsiz olduğu və asan yuyulabilən, dezinfeksiyaya davamlı materialla üzlənmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi, işçi heyətin xüsusi geyimdən istifadə etmədiyi və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək ət satışı məntəqəsinin fəaliyyəti məhdudlaşdırılıb, fiziki şəxs barəsində inzibati tədbir görülüb.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) vəhşi heyvan və quşların ictimai iaşə müəssisələrində saxlanması ilə bağlı monitorinqləri davam etdirir. Monitorinq çərçivəsində Xətai rayonu, M.Hadi küçəsində yerləşən “Kolorit” restoranına baxış keçirilib. Baxış zamanı heyvan və quşların baytar nəzarəti olmadan qapalı məkanda saxlanıldığı aşkar olunub. Heyvan və quşların növü, miqdarı müəyyən edilib, onların xüsusi mühafizə olunan təbiət ərazilərinə və ya heyvan rifahı tələblərinə cavab verən heyvan parklarına təhvil verilməsi, saxlandığı yerlərdə təmizlənmə, dezinfeksiya və digər baytarlıq-sanitariya tədbirlərinin görülməsi ilə bağlı tapşırıqlar verilib. Tapşırıqlara əməl olunmayacağı təqdirdə qanunvericiliyə uyğun zəruri tədbirlər görüləcəyi bildirilib. Qeyd edək ki, vəhşi heyvan və quşların ictimai iaşə müəssisələrində və ailəvi istirahət məkanlarında saxlanılması və nümayiş etdirilməsi qanunla qadağandır. Belə hallarda heyvan və quşların insanlarla təması zoonoz xəstəliklərin ötürülməsi və bioloji təhlükəsizliyin pozulması kimi risklər yaradır. AQTA bildirir ki, monitorinqlər mütəmadi olaraq davam etdiriləcək və qanunvericiliyin tələblərinin pozulması halları aşkarlandığı təqdirdə, Agentlik tərəfindən müvafiq inzibati tədbirlər görüləcək.
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli oktyabrın 2-si saat 10:00-da Naxçıvan şəhəri, C.Məmmədquluzadə küçəsi 44 ünvanında Naxçıvan şəhəri və Culfa, Ordubad, Babək, Kəngərli, Sədərək, Şahbuz, Şərur rayonlarından olan vətəndaşların qəbulunu keçirəcək. Vətəndaşlar ad, soyad, ata adı, müraciətin məzmunu, yaşayış ünvanı və telefon nömrəsini göstərməklə info@afsa.gov.az elektron ünvanına rəsmi şəkildə müraciət edərək və ya “1003-Çağrı Mərkəzi” ilə əlaqə saxlayaraq oktyabrın 1-dək qəbula yazıla bilərlər.
İctimai iaşə müəssisələrində, ailəvi istirahət məkanlarında vəhşi heyvan və quşların saxlanılması və nümayiş etdirilməsi hallarında yarana biləcək təhlükəli xəstəliklərin qarşısının alınması və biotəhlükəsizlik tədbirlərinin görülməsi məqsədilə Hacıqabul rayonunun Bakı-Şirvan avtomobil yolunda yerləşən "Qədir Xum”, Pirsaat qəsəbəsində yerləşən "Fədək” restoranında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən monitorinq keçirilib. Monitorinq zamanı restoranlarda olan vəhşi heyvan və quşların növü, eləcə də miqdarı müəyyən edilib. Sahibkarlıq subyektlərinə quşların xüsusi mühafizə olunan təbiət ərazilərinə və ya heyvan rifahı tələblərinə cavab verən heyvan parklarına təhvil verilməsi, quşların saxlandığı yerlərdə təmizlənmə, dezinfeksiya və digər baytarlıq-sanitariya tədbirlərinin görülməsi ilə bağlı tapşırıqlar verilib. Tapşırıqlara əməl olunmayacağı təqdirdə qanunvericiliyə uyğun zəruri tədbirlər görüləcəyi bildirilib.
Giriş