Təhlükəsiz qida ilə sağlam gələcəyə!

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
AZ
Ümummilli Lider Heydər Əliyev Prezident İlham Əliyev Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Azərbaycan Respublikasının Nazirlər Kabineti Heydər Əliyev Fondu
AQTA: Vətəndaşların zərərverici ilə mübarizədə yaxından iştirakı olduqca vacibdir
AQTA: Vətəndaşların zərərverici ilə mübarizədə yaxından iştirakı olduqca vacibdir

Qonşu ölkələrdən Azərbaycana miqrasiya edən Qəhvəyi mərmər bağacığının respublikanın Zaqatala-Balakən zonasında kütləvi şəkildə müşahidə edilməsi zərərvericinin biologiyasına uyğundur. Elmə əsaslanan faktlar göstərir ki, hazırkı payız dövründə qəhvəyi mərmər bağacığı fizioloji aktivliyini itirir, qidalanmır və bitkilər üçün birbaşa təhlükə yaratmır. Bu mövsümdə qışlamaya üstünlük verdiyi üçün zərərverici əsasən yaşayış evlərində, ictimai-iaşə obyektlərində, təsərrüfat tikililərində və digər qapalı məkanlarda müşahidə olunur.  AQTA tərəfindən aparılan monitorinq və təhlillərə əsasən bildiririk ki, qapalı məkanlarda çoxlu sayda toplanması onun populyasiyasının qorunub saxlanmasına və növbəti vegetasiya dövrlərində ciddi iqtisadi risklərin yaranmasına gətirib çıxara bilər. Bu səbəbdən sahibkarların, fermerlərin və vətəndaşların öz evlərində və təsərrüfat sahələrində aktiv müşahidə aparmaları, zərərvericini fiziki üsullarla toplamaqla məhv etmələri xüsusilə vacibdir.  Qida Təhlükəsizliyi Agentliyi və əlaqədar qurumların təmsil olunduğu Regional Əlaqələndirmə Mərkəzləri tərəfindən vəziyyət nəzarətdə saxlanılaraq müvafiq tədbirlər görülür. Lakin yaşayış sahələrində kimyəvi mübarizə tədbirlərinin aparılmasının insan sağlamlığı üçün yarada biləcəyi riskləri nəzərə alaraq, vətəndaşların da mübarizə tədbirlərində yaxından iştirakı olduqca önəmlidir.  Qəhvəyi mərmər bağacığının qışlama yerlərini maksimum məhdudlaşdırmaq məqsədilə evlərdə, çardaqlarda, bağlara yaxın tikililərdə vaxtında mexaniki yolla (əl ilə toplayaraq məhv etmək) təmizləmə işləri aparılmalıdır. Bundan başqa, bağacığın qışlamaq üçün yaşayış və köməkçi binalara daxil olmasının qarşısını almaq üçün tikililərdə pəncərələr torla bağlanmalıdır. Aşkar edildiyi təqdirdə onları süpürgə, tozsoran və s. vasitəsilə toplamaq və məhv etmək lazımdır. Bu üsul dünya praktikasında geniş istifadə olunur.  Qeyd edək ki, beynəlxalq təcrübədə Qəhvəyi mərmər bağacığı ilə mübarizədə aldadıcı tələlərdən, süni yaradılmış sığınacaq yerlərindən istifadə də xüsusi əhəmiyyət kəsb edir. Bağacıq üçün süni qışlama yerləri əsasən boş karton və ya qəzetlə doldurulmuş adi bir qutudan hazırlanır. Bunun üçün boş qutuya kəsilmiş karton və ya kağız parçaları doldurulur. Hazırlanmış sığınacaqlar evin günəş düşən tərəfində, binaların cənub və qərb tərəflərinə və yaxud çardaqda (damda), bağacığın qışlamaya getdiyi yerlərdə yerləşdirilir və ya 2-3 metr hündürlükdə asılır. Bu cür qutulara yığılan bağacıqlar mexaniki yolla toplanaraq məhv edilməlidir. Vətəndaşlar Qəhvəyi mərmər bağacığı ilə mübarizədə diqqətli və məsuliyyətli olmalıdırlar. Hazırki qışlama dövründə aparılmalı olan mexaniki yolla mübarizə üsulu  zərərvericinin populyasiyasının qarşısını ala bilər.

“Düşbərə” və “Basqal” kafelərində çöl quşlarının baytar nəzarəti olmadan saxlanıldığı aşkarlanıb
“Düşbərə” və “Basqal” kafelərində çöl quşlarının baytar nəzarəti olmadan saxlanıldığı aşkarlanıb

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan monitorinq çərçivəsində Lənkəran rayonunun Şiləvar kəndində fəaliyyət göstərən, Hənifəyev İlqar Əliəhəd oğluna məxsus “Düşbərə” kafesində və Cəlilabad rayonunun Qurtuluş küçəsində fəaliyyət göstərən, Əliyev Məhəmməd Həmzə oğluna məxsus “Basqal” kafesində çöl quşlarının baytar nəzarəti olmadan qapalı məkanda saxlanıldığı aşkarlanıb. Sahibkarlıq subyektlərinə quşların xüsusi mühafizə olunan təbiət ərazilərinə və ya heyvan rifahı tələblərinə cavab verən heyvan parklarına təhvil verilməsi, saxlandığı yerlərdə təmizlənmə, dezinfeksiya və digər baytarlıq-sanitariya tədbirlərinin görülməsi ilə bağlı tapşırıqlar verilib. Tapşırıqlara əməl olunmayacağı təqdirdə qanunvericiliyə uyğun zəruri tədbirlər görüləcəyi bildirilib. Qeyd edək ki, vəhşi heyvan və quşların ictimai iaşə müəssisələrində və ailəvi istirahət məkanlarında saxlanılması və nümayiş etdirilməsi qanunla qadağandır. Belə hallarda heyvan və quşların insanlarla təması zoonoz xəstəliklərin ötürülməsi və bioloji təhlükəsizliyin pozulması kimi risklər yaradır. Monitorinqlər mütəmadi olaraq davam etdiriləcək və qanunvericiliyin tələblərinin pozulması halları aşkarlanarsa, Agentlik tərəfindən müvafiq inzibati tədbirlər görüləcək.

Qəhvəyi mərmər bağacığına qarşı mübarizə üsulları
Qəhvəyi mərmər bağacığına qarşı mübarizə üsulları

Qəhvəyi mərmər bağacığı ölçüsü 12-17 mm, qəhvəyi rəngli, üzərində ləkələr olan, bədəni azacıq yastı və armudvari formalı zərərvericidir. Zərərverici 300-dən çox bitki növü ilə qidalanaraq onların məhsuldarlığını əhəmiyyətli dərəcədə aşağı salır. Qəhvəyi mərmər bağacığının yetkin fərdləri və sürfələri yük daşımaları, nəqliyyat vasitələri, avadanlıqlar, ağac materialları yüklənmiş konteynerlər, təzə meyvə-tərəvəz, kəsilmiş güllər, tinglər və digər vasitələrlə yayılır. Eyni zamanda yetkin fərdləri təbii yolla (uçmaqla) 35-100 km-dək məsafə qət edə bilir. Qəhvəyi mərmər bağacığı evlərin çardaqlarında, qapı və pəncərə boşluqlarında, taxta və odun yığınları arasında qışlaya bilir. Zərərvericinin qışlama yerlərini maksimum məhdudlaşdırmaq məqsədilə evlərdə, çardaqlarda, bağlara yaxın tikililərdə vaxtında təmizləmə və təmir işləri aparılmalıdır. Bundan başqa, bağacığın qışlamaq üçün yaşayış və köməkçi binalara daxil olmasının qarşısını almaq üçün bu tikililərdə pəncərələr torla bağlanmalıdır. Aşkar edildikləri təqdirdə onları süpürgə, tozsoran və s. vasitəsilə toplamaq və məhv etmək lazımdır. Qeyd edək ki, beynəlxalq təcrübədə Qəhvəyi mərmər bağacığı ilə mübarizədə aldadıcı tələlərdən, süni yaradılmış sığınacaq yerlərindən istifadə xüsusi əhəmiyyət kəsb edir. Bağacıq üçün süni qışlama yerləri əsasən boş karton və ya qəzetlə doldurulmuş adi bir qutudan hazırlanır. Bunun üçün boş qutuya kəsilmiş karton və ya kağız parçaları doldurulur. Hazırlanmış sığınacaqlar evin günəş düşən tərəfində, binaların cənub və qərb tərəflərinə və yaxud çardaqda (damda), bağacığın qışlamaya getdiyi yerlərdə yerləşdirilir və ya 2-3 metr hündürlükdə asılır. Bu cür qutulara yığılan bağacıqlar mexaniki yolla toplanaraq məhv edilməlidir. AQTA-nın mütəxəssislərinin respublika ərazisində apardığı monitorinq zamanı Qəhvəyi mərmər bağacığının yetkin fərdlərinin evlərin çardaqlarında, yarımtikililərdə asılmış və ya yerləşdirilmiş köhnə paltarlardan, pərdələrdən, xalçalardan, boş karton qutulardan qışlama yerləri kimi istifadə etdikləri müşahidə edilib. Belə ki, belə “sığınacaqlara” toplaşaraq qışlayan yetkin fərdlərin daha sonra yığılaraq mexaniki yolla məhvi mümkündür. Qəhvəyi mərmər bağacığı aşkar olunduğu hallarda kimyəvi mübarizə tədbirləri yalnız mütəxəssislərin tövsiyələri əsasında müəyyən edilməli və zərərvericinin uçuş fəallığının azaldığı axşam saatlarında yerinə yetirilməlidir. Vətəndaşlar Qəhvəyi mərmər bağacığı ilə mübarizədə diqqətli və məsuliyyətli olmalıdırlar. Həmçinin onlar Qəhvəyi mərmər bağacığı və ona qarşı mübarizə tədbirləri barədə əlavə məlumat almaq üçün Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin “1003-Çağrı Mərkəzi”nə zəng vura, eləcə də aidiyyəti qurumlara müraciət edə bilərlər. Eyni zamanda Regional Əlaqələndirmə Mərkəzlərinin “Qaynar xətt”inə (Qərb rayonları üzrə: +994 99 708 85 88, şimal-qərb rayonları üzrə: +994 99 308 85 88) zəng vura bilərlər.

“Sərin” və “Göygöl” restoranlarında vəhşi heyvan və quşların saxlanılması ilə bağlı monitorinqlər aparılıb
“Sərin” və “Göygöl” restoranlarında vəhşi heyvan və quşların saxlanılması ilə bağlı monitorinqlər aparılıb

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən keçirilən monitorinq çərçivəsində Göyçay rayonunda fəaliyyət göstərən, Allahverdiyev Rübayıl Akif oğluna məxsus “Göygöl” restoranında 1 baş meymun və 3 baş qırqovulun, Ağdaş rayonu, Ağdaş-Qəbələ yolunda fəaliyyət göstərən, Mehdiyev Arif Şoşan oğluna məxsus “Sərin” restoranında isə 7 baş çöl quşunun (2 baş qırqovul, 3 baş kəklik və 2 baş ördək) baytar nəzarəti olmadan qapalı məkanda saxlanıldığı aşkarlanıb. Sahibkarlıq subyektlərinə heyvan və quşların xüsusi mühafizə olunan təbiət ərazilərinə və ya heyvan rifahı tələblərinə cavab verən heyvan parklarına təhvil verilməsi, saxlandığı yerdə təmizlənmə, dezinfeksiya və digər baytarlıq-sanitariya tədbirlərinin görülməsi ilə bağlı tapşırıqlar verilib. Tapşırıqlara əməl olunmayacağı təqdirdə qanunvericiliyə uyğun zəruri tədbirlər görüləcəyi bildirilib. Qeyd edək ki, ictimai iaşə müəssisələrində və ailəvi istirahət məkanlarında vəhşi heyvanların, quşların saxlanılması və nümayiş etdirilməsi qanunla qadağandır. Heyvan və quşların insanlarla təması zoonoz xəstəliklərin ötürülməsi və bioloji təhlükəsizliyin pozulması kimi risklər yaradır. Monitorinqlər mütəmadi olaraq davam etdiriləcək və qanunvericiliyin tələblərinin pozulması halları aşkarlanarsa, Agentlik tərəfindən müvafiq inzibati tədbirlər görüləcək.

Göbələk istehlak edərkən nələrə diqqət etməli?
Göbələk istehlak edərkən nələrə diqqət etməli?

Göbələk sağlam qidalanma üçün əvəzsiz qida məhsullarından biridir. Bu məhsullar zülallar, aktiv fermentlər, bitki şəkərləri, vitaminlər, həmçinin selen, kalium, dəmir və sink kimi minerallarla zəngindir. Lakin, göbələklərin toplanmasına, saxlanmasına və emalına düzgün əməl olunmadıqda, onlar insan həyatı üçün potensial təhlükə yaradır.  İstehlakçılar göbələk alarkən mütləq diqqətli olmalıdırlar. Yeməli göbələyin içərisinə bir tək zəhərli göbələyin qarışması belə zəhərlənməyə yol aça bilir. Ona görə də yol kənarında, açıq satılan yox, qablaşdırılmış məhsullara üstünlük verilməlidir. Qablaşdırılmış məhsulu alarkən isə etiket məlumatları mütləq nəzərdən keçirilməlidir. Çünki yeməli göbələklər də bəzən zəhərlənməyə səbəb olur. Bu da məhsulun yararlılıq müddəti ötdükdə, düzgün şəraitdə saxlanmadıqda baş verir. Göbələyi xüsusən də polietilen torbada saxlamaq nəmlənməsinə, kiflənməsinə səbəb olur. Göbələkdən hazırlanmış salat və yeməklərin də düzgün saxlanması vacibdir. Tanış olmayan və şübhəli göbələklərin, həmçinin yol kənarında, sənaye müəssisələrinin yaxınlığında köhnə göbələklərin yığılmaması məsləhətdir. Eyni zamanda şəxsi gigiyena qaydalarına əməl edilməlidir. Bir məqamı da nəzərinizə çatdıraq ki, emal olunmamış məhsulun uzunmüddətli (üç saatdan çox) saxlanması, köhnəlmiş göbələklərin qidada istifadəsi və allergik reaksiyalara səbəb ola biləcəyini nəzərə alaraq göbələklərin spirtli içkilərlə birlikdə istehlakı tövsiyə olunmur. Göbələkdən zəhərlənməyə şübhə yarandığı halda dərhal həkimə müraciət etmək lazımdır.

Video
Çinə ixrac imkanlarımız genişlənir - Real TV

Çinə ixrac imkanlarımız genişlənir - Real TV