Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi 14 ünvanında yerləşən “Bestoll Lüks” MMC-yə məxsus “Kəndli” bazarında keçirilən monitorinq zamanı bir sıra nöqsanlar aşkarlanıb. Bazarda müşayiətedici sənədləri olmayan kustar üsullarla hazırlanmış turşu, mürəbbə və marinad edilən məhsulların, həmçinin ekspertiza aktları, istehsalçısı və mənşəyi məlum olmayan süd məhsullarının satışının həyata keçirildiyi, eləcə də müvafiq sənədləri olmadan toyuq və mal ətlərinin, açıq hava şəraitində temperatur rejimi gözlənilmədən saxlanılan balıq məhsullarının satışa çıxarıldığı müəyyən edilib. Ət satışı mağazasında isə məhsulun açıq şəkildə soyuducudan kənar temperatur rejimi pozularaq saxlanıldığı və sanitariya-gigiyena normalarına riayət edilmədiyi aşkarlanıb. Bununla yanaşı, həmin müəssisədə qanunsuz olaraq iri və xırdabuynuzlu heyvanların saxlanıldığı və kəsiminin həyata keçirildiyi müəyyən edilib. Bazara məxsus ərazidə həmçinin daşınma sənədləri olmadan çoxlu sayda diri toyuğun satışı aşkarlanıb. Bazarda tullantıların vaxtı-vaxtında kənarlaşdırılmadığı və toplandığı yerin isə satış sahələrinə yaxın olduğu müşahidə edilib. Sahibkara icrası məcburi göstərişlər verilib. Faktla bağlı araşdırmalar davam edir. Ətraflı link:
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Xətai rayonu, 1-ci Yaşıl ada, ev 3 ünvanında fəaliyyət göstərən fiziki şəxs Əzimov Rövşən Xoşgün oğluna məxsus “Tandir House Lənkəran” ictimai iaşə müəssisəsində plandankənar yoxlama keçirilib. Baxış zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının bir sıra tələblərinin pozulduğu məlum olub. Belə ki, məhsulların saxlanması və emalı sahələrinin izolyasiya edilmədiyi, anbar sahəsinin və ayrıca yuma çanaqlarının təşkil olunmadığı, hazırlanan yarımfabrikatların üzərində etiket məlumatlarının olmadığı, soyuducunun rəflərinin korroziyaya uğradığı, işçilərin xüsusi geyimlə təmin edilmədiyi və gigiyenik təlimlərə cəlb olunmadığı, mütəmadi təmizlik işlərinin aparılmadığı və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı obyekt rəhbərliyi barəsində inzibati protokol tərtib olunub, nöqsanlar aradan qaldırılanadək işlərin görülməsi və xidmətlərin göstərilməsi dayandırılıb.
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Türkiyə Respublikasının Biləcik vilayətində dabaq xəstəliyi, Kipr Respublikasının Larnaka rayonunda blutanq xəstəliyi, Polşa Respublikasının Varminsk-Mazursk inzibati ərazisində Nyukasl xəstəliyi, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Şimali İrlandiyanın Ards və Şimali Daun dairəsində, Polşa Respublikasının Opolsk inzibati ərazisində, İrlandiya Respublikasının Monahan, Liş kantonlarında, Belçika Krallığının Valoniya regionunda, Niderland Krallığının Zelandiya əyalətində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin bu yoluxucu xəstəliklərdən qorunması üçün qeyd olunan ərazilərdən zonalaşma prinsipi nəzərə alınmaqla, müvafiq malların idxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvəqqəti məhdudiyyət tətbiq edilib. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidmətinin Federal Dövlət Büdcə Təşkilatı – “Federal Heyvan Sağlamlığının Mühafizəsi Mərkəzi”nin nümayəndələri Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) olublar. AQTA-nın Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, Respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev qonaqlara ölkəmizdə heyvan sağlamlığının qorunması, həmçinin rifahının təmin edilməsi istiqamətində Agentlik tərəfindən həyata keçirilən tədbirlər barədə geniş məlumat verib. Azərbaycanın 2024-cü ildə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (ÜHST) tərəfindən xırdabuynuzlu heyvanların taunu və yüksək patogen quş qripi xəstəliklərindən azad ölkə kimi tanındığını qeyd edən Qalib Əbdüləliyev idxal-ixrac əməliyyatları zamanı bütün qida məhsullarının risk əsaslı nəzarət tədbirlərinə cəlb olunduğunu bildirib. Qonaqlara məhsul partiyalarından nümunə götürmə prosedurları, nümunələrin daşınması qaydaları, həmçinin təsərrüfatlarda heyvanların saxlanma şəraiti barədə məlumatlar verilib.
Cari ilin 8-12 dekabr tarixlərində quş qripi xəstəliyinə qarşı növbəti epizootoloji monitorinq keçiriləcək. Monitorinq zamanı risk əsasında müəyyən olunmuş ovçuluq təsərrüfatlarının və milli parkların su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərini əhatə etməklə ərazi ilə yanaşı, vəhşi quşlara baxış keçiriləcək, xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə vəhşi quşlar ovlanacaq və bəzi sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisələrində, o cümlədən müxtəlif rayonlardakı (şəhərlərdəki) ailə təsərrüfatlarında saxlanılan ev quşlarından diaqnostik nümunələr götürüləcək. Habelə ölkə üzrə müəssisələrə, təsərrüfatlara, su hövzələrinə və parklara ümumi baxış keçirilməklə, məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri həyata keçiriləcək və epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək. Monitorinqlər çərçivəsində epizootoloji vəziyyət və götürülmüş nümunələr barədə məlumatlar “Epicollect 5” proqramına daxil ediləcək. Monitorinqdə Qida Təhlükəsizliyi Agentliyinin, Qida Təhlükəsizliyi İnstitutunun, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin və yerli Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarələrinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin və Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin əməkdaşları iştirak edəcəklər. Tədbirlər müddətində götürülmüş nümunələr İnstitutun Mərkəzi Baytarlıq Laboratoriyasında müayinələrə cəlb olunacaq. Quş qripi xəstəliyinə qarşı keçiriləcək epizootoloji monitorinqlərə dair videoçarx:
Nəzarət tədbirləri çərçivəsində “HB CO LTD” MMC-nin Hindistandan idxal etdiyi 4934 ədəd “Glukamin” və 2982 ədəd “Carditon Q” əmtəə nişanlı bioloji aktiv qida məhsulu partiyasından Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri tərəfindən nümunələr götürülərək müayinələrə cəlb olunub. Sınaq nəticəsində “Carditon Q” əmtəə nişanlı bioloji aktiv qida məhsulunun tərkibində B12 vitaminin miqdarının normadan artıq olduğu, “Glukamin” əmtəə nişanlı bioloji aktiv qida məhsulunun tərkibində isə manqanın miqdarının normadan aşağı olduğu müəyyən edilib. Faktla bağlı məhsul partiyalarının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv edilməsi və ya utilizasiyası barədə qərar qəbul edilib. Sahibkar müraciəti əsasında məhsul partiyası məhv edilib.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (bundan sonra – Agentlik) fəaliyyətində aşkarlığın və şəffaflığın daha da genişləndirilməsi, habelə dövlət siyasətinin formalaşdırılması, icrası və qərarların qəbulu zamanı ictimai rəyin nəzərə alınmasında vətəndaş cəmiyyəti institutlarının iştirakının təmin edilməsi üçün Agentlik yanında İctimai Şuranın tərkibinin formalaşdırılması məqsədilə Şuranın üzvlüyünə seçkilərin təşkili üçün 9 nəfərdən ibarət Seçki komissiyası yaradılıb. Qanunvericiliyə uyğun olaraq Agentlik tərəfindən 4 üzv, vətəndaş cəmiyyəti institutlarının nümayəndələrindən isə 5 üzv olmaqla Seçki komissiyasının ilk iclası keçirilib. İclasda komissiya üzvləri Şuraya namizədlərin irəli sürülməsi, qeydiyyatının başlanılması, başa çatması vaxtının elan edilməsi və bir sıra prosedur məsələlərlə bağlı müzakirələr apararaq müvafiq qərar qəbul ediblər. Şuranın tərkibi vətəndaş cəmiyyəti institutları, o cümlədən qida zəncirinin bütün mərhələlərini təmsil edən ictimai birliklər və təşkilatların səlahiyyətli nümayəndələrindən, həmçinin müvafiq istiqamət üzrə elm və tədris sahələrini təmsil edən şəxslərdən 1 nəfər olmaqla təşkil edilir. Agentlik yanında İctimai Şuranın fəaliyyətində iştirak etmək istəyənlər 28 noyabr 2025-ci il tarixindən 20 iş günü müddətində olmaqla 26 dekabr 2025–ci il tarixinədək Agentliyin Seçki komissiyasına (e-mail: shura@afsa.gov.az, əlaqə: (+994 12) 565-12-72 (daxili-159) ) müraciət edə bilərlər. Müraciətdə əlaqə vasitələri, elektron poçt ünvanı, şəxsiyyət vəsiqəsinin surəti, tərcümeyi-hal, hər hansı bir vətəndaş cəmiyyəti institutunun üzvü olduğu halda həmin üzvlüyü təsdiq edən sənədin surəti, şəxsin müvafiq sahə üzrə təcrübəyə və ya biliyə malik olmasını təsdiq edən sənəd (olduğu halda müvafiq ixtisas üzrə diplom, əmək kitabçasının surəti, əmək kitabçası olmadıqda isə məlumatı təsdiqləyən digər sənədlər) və digər zəruri məlumatlar qeyd edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli 171 nömrəli qərarı ilə təsdiq edilmiş “İctimai Şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin 2.17-ci bəndinə uyğun olaraq İctimai Şuraya seçkilər namizədlərin irəli sürülməsi prosesi başa çatdıqdan sonra 1 ay müddətində keçiriləcəkdir. Seçkinin vaxtı və keçiriləcəyi yer barədə məlumat Agentliyin rəsmi internet səhifəsi vasitəsilə elan ediləcəkdir. Ərizə nümunələri:
Təhlükəli xəstəliklərin qarşısının alınması və biotəhlükəsizlik tədbirlərinin görülməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən epizootoloji komissiyanın üzvləri ilə birgə Hacıqabul rayonu, Pirsaat qəsəbəsində yerləşən “Fədək” restoranında monitorinq keçirilib. Monitorinq zamanı restoranda müəyyən edilmiş quşlara baytar həkim tərəfindən kliniki baxış keçirilib və aidiyyəti üzrə təhvil verilib. Ərazi dezinfeksiya, dezinseksiya və deratizasiya olunaraq müvafiq tədbirlər görülüb.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) təqdim etdiyi eskiz layihələr əsasında bir sıra heyvan bazarlarında yenidənqurma, abadlıq və texniki uyğunlaşdırma prosesləri intensiv şəkildə davam etdirilir. Aparılan monitorinqlər göstərir ki, ölkə üzrə 14 heyvan bazarında yenidənqurma prosesinin icrası davam edir. Belə ki, Ağcabədi, Bərdə, Beyləqan, Biləsuvar, Göyçay, Göygöl, İmişli, Salyan, Şamaxı rayonlarında yerləşən heyvan bazarlarında işlər AQTA-nın Kollegiyasının 50 nömrəli Qərarı ilə təsdiq olunmuş “Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları”na uyğun olaraq mərhələli şəkildə irəliləyir. Bazarlarda dezbaryerlərin quraşdırılması, ərazinin hasarlanması, heyvanlara baxış platformalarının tikilməsi, çardaqların və satış pavilyonlarının qurulması, asfaltlanma və betonlama işlərinin görülməsi təmin olunub. Heyvanların bazarlara rahat və təhlükəsiz şəkildə daxil olmasını təmin edən rampaların quraşdırılması, arakəsmələrin yaradılması və texniki şəraitin standartlara uyğunlaşdırılması istiqamətində də işlər davam edir. Abşeron, Masallı, Qazax, Xaçmaz, Zaqatala rayonlarında yerləşən heyvan bazarlarında isə rekonstruksiya işlərinə yeni başlanılıb və qısa müddətdə intensiv şəkildə icra olunması nəzərdə tutulur. Təəssüflər olsun ki, bəzi heyvan bazarlarında hələ də təmir və rekonstruksiya işlərinə başlanılmayıb. AQTA bir daha bildirir ki, tələblərə əməl etməyən heyvan bazarlarının fəaliyyəti mümkün olmayacaq. Heyvan bazarlarında aparılan yenidənqurma işlərinə dair videoçarx:
Qida Təhlükəsizliyi Agentliyinin və Daxili İşlər Nazirliyinin rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən monitorinq zamanı Cəlilabad rayonunun Cavadxan küçəsində yerləşən, fiziki şəxs Quliyev Şamil Əzim oğluna məxsus ət satışı məntəqəsində ətlərin baytarlıq ekspertizasından keçirilmədən satışa çıxarıldığı aşkarlanıb. Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib edilib. Ət məhsulları satışdan çıxarılaraq möhürlənib, nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Araşdırmalar davam etdirilir.
Multimedia
İdman qidaları və BAQM qəbulunda ən çox edilən səhvlər hansıdır? - Sual-Cavab
Sual-Cavab: Quzuların erkən kəsimi hansı risklər yaradır?
AQTA heyvan sahiblərini və fermerləri heyvanlarını qeydiyyatdan keçirməyə çağırır
Giriş