Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən “Ulduz-reytinq” layihəsi çərçivəsində “Dükkan Xətai” restoranında qiymətləndirmə aparılıb. Qiymətləndirmə zamanı bu restoranda qida təhlükəsizliyi tələblərinin tətbiq edildiyi müəyyənləşib. İctimai iaşə obyektlərinin risk göstəriciləri əsasında reytinqinin müəyyənləşdirilməsi prosesi çərçivəsində “Dükkan Xətai” restoranına “5 ulduz” sertifikatı təqdim edilib. Qeyd edək ki, “Ulduz-reytinq” layihəsi çərçivəsində restoranların reytinqi müvafiq olaraq 3, 4 və 5 ulduzla qiymətləndirilir. Həyata keçirilən qiymətləndirmə həm ictimai iaşə obyektləri üçün keyfiyyət göstəricisi sayılır, həm də müştərilər üçün daha etibarlı seçim imkanı yaradır. Proses sahibkarların könüllü müraciətinə əsasən həyata keçirilir. Bunun üçün sahibkarlar info@afsi.gov.az elektron poçtu vasitəsilə AQTİ-yə rəsmi müraciət etməlidirlər. Müraciət İnstituta daxil olduqdan sonra 30 gün müddətində ictimai iaşə obyektində yoxlama aparılır, 10 iş günü ərzində isə sahibkarlara nəticələr haqqında rəsmi bildiriş göndərilir. Nəticələrə uyğun olaraq ictimai iaşə obyektlərinə 1 il müddətinə müvafiq sertifikat verilir. İctimai iaşə obyektlərinin risk göstəriciləri əsasında reytinqi müəyyənləşdirmək və “Ulduz-reytinq” layihəsi barədə daha ətraflı məlumat almaq istəyən sahibkarlar “1003-Çağrı Mərkəzi”nə zəng edə bilərlər.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Salyan rayonunun Quyçu kəndində fəaliyyət göstərən, fiziki şəxs Cəlilov Arif İnşallah oğluna məxsus süd və süd məhsullarının istehsalı müəssisəsində yoxlama keçirib. Baxış zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən qanunsuz fəaliyyət göstərdiyi məlum olub. Həmçinin emal sahəsində səthlərin yuyulabilən materialla üzlənmədiyi, temperatura və nisbi rütubətə nəzarət edilmədiyi, havalandırma sisteminin quraşdırılmadığı, istifadə olunan suyun filtrdən keçirilmədiyi, pasterizasiya avadanlıqlarının mövcud olmadığı, texnoloji ardıcıllıq prinsipinin pozulduğu, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib olunub, nöqsanlar aradan qaldırılanadək müəssisədə işlərin görülməsi və xidmətlərin göstərilməsi məhdudlaşdırılıb.
Qəhvəyi mərmər bağacığına qarşı bitki mühafizəsinə dair Tədbirlər Planının icrası məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin Quba-Xaçmaz regional bölməsinin əməkdaşları tərəfindən Xaçmaz rayonunun Yalama və Qaraçı kəndlərində həyətyanı sahələrə baxış keçirilib, feromon tələlər asılıb. Daha sonra kənd sakinləri ilə maarifləndirici söhbətlər aparılıb və Qəhvəyi mərmər bağacığının biologiyası, ona qarşı mümkün mübarizə üsulları haqqında çap materialları paylanılıb.
Qida Təhlükəsizliyi Agentliyinin Qarabağ regional bölməsinin və DİN-in Ağdam RPŞ-nin əməkdaşları tərəfindən Ağdam rayonu, Təzəkənd stasionar postunda Rüstəmov Sabir Samir oğluna məxsus “Toyota Prius” markalı avtomobilə baxış keçirilən zaman 92 kq iribuynuzlu heyvan cəsədi aşkarlanıb. Baxış zamanı ətdən kəskin qoxu gəldiyi və rənginin tündləşdiyi, antisanitar şəraitdə və temperatur rejiminə əməl edilmədən daşındığı, həmçinin baytarlıq-sanitariya ekspertizasından keçirilmədiyi müəyyən olunub. Müayinələrin aparılması üçün nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub və qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb. Araşdırmalar davam etdirilir.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) həm ölkə daxilində, həm də dünyada epizootik vəziyyəti daim diqqət mərkəzində saxlayır. Sahibkarlıq subyektlərinin məlumatlılıq səviyyəsini artırmaq məqsədi ilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatları əsasında epizootik vəziyyətlə bağlı son informasiyaları təqdim edirik. Ötən həftə ərzində dünya üzrə blutanq, xırdabuynuzlu heyvanların çiçək və yüksək patogen quş qripi ilə bağlı yeni xəstəlik halları aşkar olunub. Hazırda 16 xəstəlik üzrə 86 ölkədən məhsul idxalına müvəqqəti məhdudiyyət mövcuddur. Videoməlumatla aşağıdakı linkdən tanış ola bilərsiniz:
Nəzarət tədbirləri çərçivəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Türkiyə Respublikasından "Ersağ Azərbaycan" MMC -nin idxal etdiyi, “Ersağ Bitkisel Sağlık Gıda LTD.ŞTI TÜRKİYƏ” müəssisəsinin istehsalı olan ümumi sayı 90 ədəd olmaqla “Ersağ Multivitamin, Kapsul №60” əmtəə nişanlı bioloji aktiv qida məhsulu və “Alfa Nuts” MMC-nin idxal etdiyi, “Sns Gıda Kozmetik Ticaret ve Sanayi LTD ŞTİ” müəssisəsinin istehsalı olan ümumi çəkisi 100 kq olmaqla “Çikolatalı fındık bitter ezmeli Hindistan cevizli” əmtəə nişanlı lokum məhsulu partiyalarından nümunələr götürülüb. Müayinələr nəticəsində məhsul partiyalarının normativ sənədlərin tələblərinə cavab vermədiyi aşkarlanıb. Faktla bağlı qəbul edilmiş müvafiq qərar əsasında məhsul partiyaları məhv edilib.
Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınması məqsədilə kompleks tədbirlər davam etdirilir. Qarşıda duran növbəti addımları müzakirə etmək məqsədilə Balakən rayonunda Regional Əlaqələndirmə Mərkəzində təmsil olunan dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə iclas keçirilib. Görüşdə Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Balarəhim Quliyev, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin, Dövlət Gömrük Komitəsinin, yerli icra hakimiyyətlərinin, eləcə də digər aidiyyəti qurumların məsul şəxsləri və əməkdaşları iştirak edib. Tədbirdə Nazirlər Kabinetinin müvafiq Sərəncamından irəli gələn məsələlər haqqında geniş məlumat verilib. Bildirilib ki, ölkəmizə qonşu Gürcüstandan miqrasiya edən və şimal-qərb və qərb regionlarında kütləvi şəkildə aşkarlanan Qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri gücləndirilib. Zərərvericinin qışlama yerlərinin aşkarlaması məqsədilə keçirilən monitorinqlərin intensivliyi artırılıb. Bununla yanaşı, yerli əhali və sahibkarlarla görüşlər keçirilir, onlara zərərvericinin yayılma yolları, iqtisadi zərərləri və mübarizə tədbirləri barədə təfsilatlı izahedici məlumatlar verilir. Maarifləndirici çap materialları yerli əhali arasında paylanır və müvafiq sahələrə yerləşdirilir. Eləcə də mediada məlumatlar yayımlanır, sosial şəbəkələrdə posterlər paylaşılır. Aparılan fitosanitar nəzarət tədbirləri çərçivəsində müəyyən edilib ki, qışlama dövründə olan zərərverici yaşayış evləri, ictimai iaşə obyektləri, təsərrüfat tikililəri və digər qapalı məkanlarda daha çox müşahidə edilməkdədir. Təhlillər göstərir ki, zərərvericinin qapalı məkanlarda çoxlu sayda toplanması populyasiyasının qorunub saxlanmasına və növbəti vegetasiya dövrlərində ciddi iqtisadi risklərin yaranmasına gətirib çıxara bilər. Yaşayış sahələrində kimyəvi mübarizə tədbirlərinin aparılmasının insan sağlamlığı üçün yarada biləcəyi riskləri nəzərə alaraq, vətəndaşların mübarizə tədbirlərində yaxından iştirakı olduqca vacibdir. Bu səbəbdən sahibkarlar, fermerlər və sakinlər özləri evlərdə və təsərrüfat sahələrində aktiv müşahidə aparmalı, zərərvericini mexaniki üsullarla toplamaqla məhv etməlidir. Evlərdə, çardaqlarda, bağlara yaxın tikililərdə, eləcə də təsərrüfatlarda zərərverici ilə mübarizə tədbirləri həyata keçirilməli, mexaniki yolla (əl ilə toplayaraq məhv etmək) təmizləmə işləri aparılmalıdır. Qeyd edək ki, Balakən və Zaqatala rayonlarında təşviqat işlərinin aparılması və yerli sakinlərin mübarizə tədbirlərinə cəlb edilməsi üçün ictimaiyyət nümayəndələri ilə görüşlər də keçirilir. Vətəndaşlar aşağıdakı telefon nömrələrinə zəng vuraraq, Qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri barədə məlumatlar əldə edə bilərlər: +994 99 708 85 88 (Qərb rayonları üzrə) +994 99 308 85 88 (Şimal-qərb rayonları üzrə)
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Uelsin Pouis, Monmutşir bölgələrində blutanq xəstəliyi, İspaniya Krallığının Kataloniya muxtar icmasında nodulyar dermatit xəstəliyi, Almaniya Federativ Respublikasının Türingiya vilayətində, İran İslam Respublikasının Ərdəbil əyalətində, Bolqarıstan Respublikasının Haskovo vilayətində, Danimarka Krallığının Cənubi Danimarka regionunda, Niderland Krallığının Drente əyalətində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin bu yoluxucu xəstəliklərdən qorunması məqsədilə qeyd olunan ərazilərdən zonalaşma prinsipi nəzərə alınmaqla, müvafiq malların idxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən yerli istehsal müəssisələrinə məxsus 19 litrlik qablaşdırılmada olan içməli sular və yol kənarlarında, binaların həyətlərində quraşdırılmış modul tipli su aparatları ilə bağlı aparılan monitorinq çərçivəsində Qazax-Tovuz regional inzibati ərazi vahidində fəaliyyət göstərən 2 istehsal müəssisəsindən, həmçinin 6 sahibkara məxsus ümumilikdə 10 modul tipli su aparatından nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Sınaq nəticələri uyğunsuz olan sahibkarlıq subyektlərində plandankənar yoxlamalar keçirilib və təkrar nümunələr götürülərək müayinələrə cəlb olunub. Su istehsalı müəssisələri və modul tipli su aparatları barəsində toxunulmazlıq qərarı verilib, fəaliyyətləri müvəqqəti dayandırılıb. Müayinələr nəticəsində müəssisələrdə istehsal edilən suların təhlükəsizlik göstəricilərində uyğunsuzluq aşkarlanmasa da, modul tipli su aparatlarından götürülmüş nümunələrdə aşkarlanmış uyğunsuzluqla əlaqədar inzibati protokol tərtib olunub və nöqsanlar aradan qaldırılanadək işlərin görülməsi və xidmətlərin göstərilməsi məhdudlaşdırılıb.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi (AQTİS) müasir texnologiyalara əsaslanan innovativ platformadır. AQTİS ilə: - Sahibkarlar müraciətlərini onlayn təqdim edir, nəticələri isə elektron formada almaq imkanına sahib olur. - Bu həm vaxt itkisini azaldır, həm də sənədləşməni sadələşdirərək şəffaflığı təmin edir. Bir sözlə, AQTİS sahibkarlar üçün dövlət xidmətlərini daha sürətli, şəffaf və effektiv edən universal rəqəmsal platformadır.
Multimedia
İdman qidaları və BAQM qəbulunda ən çox edilən səhvlər hansıdır? - Sual-Cavab
Sual-Cavab: Quzuların erkən kəsimi hansı risklər yaradır?
AQTA heyvan sahiblərini və fermerləri heyvanlarını qeydiyyatdan keçirməyə çağırır
Giriş