Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən “Sağlam məktəbli” layihəsi çərçivəsində ümumi təhsil müəssisələrində maarifləndirmə tədbirləri davam etdirilir. Məktəblilər arasında sağlam qidalanmanın təşviq olunması, qida təhlükəsizliyi anlayışının təbliğ edilməsi və şagirdlərə qida təhlükəsizliyi vərdişlərinin aşılanması məqsədilə həyata keçirilən layihə çərçivəsində 2025-2026-cı tədris ili üzrə növbəti görüş Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 46 nömrəli tam orta məktəbdə və Slavyan Universitetinin nəzdində məktəb-lisey kompkleksdə təşkil olunub. Tədbirdə iştirak edən hər iki məktəbin 500-dən artıq şagirdinə Agentliyin fəaliyyət istiqamətləri, eləcə də qida təhlükəsizliyinin təmin olunması və sağlam qidalanmanın vacibliyi barədə məlumatlar verilib. Daha sonra Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən “Süd məhsullarının faydaları” və “Qazlı-şəkərli içkilərin zərərləri” mövzusunda təqdimatlar edilib. Görüşdə mövzu ətrafında müzakirələr aparılıb, məktəbliləri maraqlandıran suallar cavablandırılıb və onlara sağlam qidalanmaya dair maarifləndirici bukletlər paylanıb. Qeyd edək ki, “Sağlam məktəbli” layihəsinə 2018-ci ildə start verilib. Layihə çərçivəsində hər il ümumtəhsil müəssisələrində şagirdlərlə qida sahəsində müxtəlif mövzularda görüşlər keçirilir. Agentlik tərəfindən belə görüşlərin davamlı olaraq təşkil edilməsi planlaşdırılıb.
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Rumıniyanın Dolj kantonunda xırdabuynuzlu heyvanların çiçək xəstəliyi, Polşa Respublikasının Opolsk, Slask inzibati ərazilərində Nyukasl xəstəliyi, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Şotlandiyanın Cənubi Lanarkşir inzibati ərazi vahidində və Uelsin Pouis kantonunda, Almaniya Federativ Respublikasının Hessen vilayətində, Portuqaliya Respublikasının Porto, Lissabon dairələrində, Niderland Krallığının Şimali-Hollandiya əyalətində, Danimarka Krallığının Mərkəzi Danimarka regionunda isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin bu yoluxucu xəstəliklərdən qorunması üçün qeyd olunan ərazilərdən zonalaşma prinsipi nəzərə alınmaqla, müvafiq malların idxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvəqqəti məhdudiyyət tətbiq edilib. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi küçəsi 15/51 ünvanında yerləşən, fiziki şəxs Arcumandi Selcan Saləddin qızına məxsus suşi emalı müəssisəsində plandankənar yoxlama keçirib. Baxış zamanı emal müəssisəsinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, həmçinin sanitariya norma və qaydalarının tələblərinin pozulduğu aşkarlanıb. Faktla bağlı obyekt rəhbərliyi barəsində inzibati protokol tərtib olunub, icrası məcburi göstərişlər verilib, müəssisənin fəaliyyətinə dair məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi yanında Məşvərət Şurası “Qida təhlükəsizliyi tək dövlətin deyil, hər kəsin işidir” kampaniyasını davam etdirir. Bu təşəbbüs çərçivəsində hazırlanan növbəti videoçarxda Şuranın üzvü, “Avrora” MMC-nin təsisçisi Ceyhun Abbasov qida təhlükəsizliyinə sistemli və kompleks yanaşmanın vacibliyindən danışır. Onun sözlərinə görə, qida zəncirinin bütün mərhələlərində – istehsaldan emala, saxlanmadan daşınmaya qədər məsuliyyət və nəzarət əsas prioritetdir. Çünki istehsalçı ilə istehlakçı arasındakı yol risklərlə doludur və məhz bu risklərin idarə olunması qida təhlükəsizliyinin təməl prinsiplərindən birini təşkil edir. Bu cəhətdən market rəfinə qədər gəlib çatan hər bir məhsulun arxasında geniş və çoxşaxəli bir sistem dayanır. Həmin sistemin düzgün və davamlı şəkildə işləməsi isə gələcək nəsillərin sağlamlığının qorunmasında mühüm rol oynayır. Qida təhlükəsizliyi tək dövlətin deyil, hər kəsin işidir! Gəlin, təhlükəsiz qida ilə sağlam gələcəyə birlikdə addımlayaq!
Qəbələ şəhəri, E.Kərimov küçəsi, ev 34 ünvanında yerləşən “Qəbələ Konserv Zavodu” MMC-yə məxsus çips istehsalı müəssisəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilən təkrar yoxlama zamanı “Çipsim” əmtəə nişanlı çips məhsullarından laborator müayinə üçün nümunələr götürülüb. Sınaq nəticəsində məhsulların tərkibində mononatrium qlütamatın (E621) miqdarının norma daxilində olduğu müəyyən edilib. Müəssisə barəsində tətbiq edilən məhdudlaşdırıcı qərar qüvvədən salınaraq fəaliyyəti bərpa olunub.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı Masallı rayonunun Bədəlan kəndində fəaliyyət göstərən Məmmədzadə Ənvar Vüqar oğluna məxsus marketdə və Mahmudavar kəndində fəaliyyət göstərən fiziki şəxs Əliyev Afər Ağamməd oğluna məxsus “Meyvəli” marketdə normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, marketlərdə istifadə müddəti bitmiş müxtəlif əmtəə nişanlı qida məhsulları və alkoqolsuz içkilər aşkarlanaraq satışdan kənarlaşdırılıb. Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülərək sahibkarlar barəsində inzibati protokol tərtib edilib, istehlaka yararsız məhsullarla bağlı məhdudlaşdırıcı qərar qəbul edilib.
Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidmətinin (“Rosselxoznadzor”) Federal Dövlət Büdcə Təşkilatı “Federal Heyvan Sağlamlığının Mühafizəsi Mərkəzi”nin (ФГБУ «ВНИИЗЖ») nümayəndələri Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) olublar. AQTİ-nin İdarə Heyətinin sədri Əli Nəbiyev nümayəndə heyətinə İnstitutun fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. O qeyd edib ki, qida təhlükəsizliyinin təmin edilməsi və əhalinin sağlamlığının qorunması məqsədilə İnstitutda qida təhlükəsizliyi, kompleks tədqiqatlar, həmçinin bitki və heyvan sağlamlığı üzrə ixtisaslaşmış laboratoriyalar fəaliyyət göstərir. Əli Nəbiyev həmçinin bildirib ki, ölkənin biotəhlükəsizlik statusunun daimi nəzarətdə saxlanması üçün xüsusi təhlükəli xəstəliklərin vaxtında və dəqiq laborator diaqnostikası həyata keçirilir. Müayinələr peşəkar kadrlar tərəfindən beynəlxalq standartlara uyğun, etibarlı və yüksək dəqiqlikli diaqnostik dəstlərdən istifadə etməklə aparılır. Stasionar laboratoriyalarla yanaşı, 2+ biotəhlükəsizlik səviyyəsinə malik səyyar laboratoriyalar da epizootoloji monitorinqlər zamanı geniş şəkildə istifadə olunur. Nümayəndə heyətinə başçılıq edən “Federal Heyvan Sağlamlığının Mühafizəsi Mərkəzi”nin Tver filialının direktoru Yuliya Jiqareva AQTİ-nin fəaliyyətini yüksək qiymətləndirib və iki ölkənin müvafiq qurumları arasında heyvan xəstəlikləri üzrə elmi-tədqiqat işləri, peyvənd istehsalı, idxal-ixrac əməliyyatları zamanı laborator müayinələrin operativ aparılması istiqamətində geniş əməkdaşlıq imkanlarının olduğunu vurğulayıb. Görüşdən sonra qonaqlar AQTİ-nin Nümunələrlə iş şöbəsi ilə yaxından tanış olublar. Qeyd olunub ki, əsas məqamlardan biri nümunənin sənədlərlə birlikdə təqdim edilməsi və laborator analizlər üçün yararlı olmasıdır. Məxfiliyin qorunması məqsədi ilə nümunə qəbul edildikdən sonra qablaşmanın üzərinə barkod vurulur. Barkodda yalnız nümunənin identifikasiya kodu, laboratoriyanın və nümunənin adı, nümunənin götürülmə və istehsal tarixi məlumatları qeyd olunur. Sonra isə nümunələr analiz üçün müvafiq laboratoriyalara təhvil verilir.
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilən növbəti nəzarət tədbirləri çərçivəsində Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsində, əhali arasında “8-ci km” bazarı kimi tanınan ərazidə fəaliyyət göstərən “Nəzrin-E” MMC-yə məxsus bazarda plandankənar yoxlama aparılıb. Keçirilmiş nəzarət tədbirləri zamanı süd və süd məhsullarının, müxtəlif növ turşuların və diri balıqların satış bölmələrində məhsulların açıq şəraitdə, tələb olunan soyuducu avadanlıqlar olmadan, temperatur rejiminə əməl edilmədən və baytarlıq-sanitariya ekspertizasından keçirilmədən satışa çıxarıldığı müəyyən edilib. Eyni zamanda, bazarın daxilində diri quşların satışı və kəsiminin qanunsuz şəkildə həyata keçirdiyi məlum olub. Aşkarlanan faktlar heyvan mənşəli məhsulların təhlükəsizliyi ilə yanaşı, ərazidə ümumi sanitariya vəziyyəti üçün də ciddi risk yaradır. Müəyyən edilmiş nöqsanlarla bağlı qida subyekti barəsində inzibati xəta haqqında protokol tərtib olunub, nöqsanların qısa müddətdə aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib. Qanunsuz fəaliyyət göstərən quş kəsimi yerinin fəaliyyətinin məhdudlaşdırılması barədə qərar qəbul edilib.
Daxil olan müraciət əsasında Abşeron rayonu, Xırdalan şəhəri, N.Gəncəvi küçəsində fəaliyyət göstərən, fiziki şəxs Əsədov Elnur Fərman oğluna məxsus “Dostluq” kafesində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib. Baxış zamanı ictimai iaşə obyektində aşkar saxtalaşdırma əlamətləri olan spirtli içkilər müəyyən edilib. Belə ki, “Premium Organic”, “Organic Ultra”, “Caspian Beluga” əmtəə nişanlı spirtli içkilərin müvafiq müşayiətedici sənədlərinin, eyni zamanda etiket məlumatlarında qeyd edilən vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin mövcud olmadığı aşkarlanıb. Faktla bağlı fiziki şəxs barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub və toxunulmazlıq aktı tərtib edilərək içkilərin satışı dayandırılıb, kafenin fəaliyyəti məhdudlaşdırılıb.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Aparatının və regional bölmələrinin əməkdaşları Zaqatala rayonunun kəndlərində Qəhvəyi mərmər bağacığına qarşı mübarizə və maarifləndirmə tədbirlərini davam etdirirlər. Agentliyin regional bölmələrindən ezam olunan əməkdaşlar Zaqatala rayonunun Muğanlı və 3-cü Tala kəndlərində genişmiqyaslı monitorinqlər aparıb və əhali ilə birgə mübarizə fəaliyyətləri həyata keçiriblər. AQTA əməkdaşları sakinlərlə birlikdə 500-dən çox evdə zərərvericinin qışlama üçün gizləndiyi yerlərə, tikililərin üst qatlarına, çardaqlara və tavan hissələrinə baxış keçiriblər. Qışlama mərhələsində olan on minlərlə zərərverici fərd aşkar edilərək mexaniki üsulla məhv edilib. Sakinlərlə maarifləndirici söhbətlər aparılıb, onlara məlumatlandırıcı bukletlər təqdim edilib. Qeyd olunub ki, Qəhvəyi mərmər bağacığı ilə mübarizədə vətəndaşlar dövlət qurumları ilə həmrəylik nümayiş etdirməli, hər bir ev sahibi öz ərazisində profilaktik və mexaniki mübarizə tədbirlərini ardıcıl şəkildə həyata keçirməli, xüsusilə də zərərvericini qışlama yerlərində vaxtında məhv etməlidir. Yaşayış sahələrində kimyəvi mübarizə tədbirlərinin aparılması insan sağlamlığı üçün risklər yarada bilər. Buna görə də zərərvericilərin mexaniki üsullarla toplanaraq məhv edilməsi xüsusilə vacibdir. Vurğulanıb ki, beynəlxalq təcrübədə də Qəhvəyi mərmər bağacığına qarşı mexaniki mübarizə geniş tətbiq olunur. Hazırkı qışlama dövründə mexaniki mübarizə tədbirlərinin həyata keçirilməsi zərərvericinin populyasiyasının azalmasına və növbəti mövsümdə onun yayılmasının qarşısının alınmasına ciddi təsir edə bilər.
Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınması məqsədilə kompleks tədbirlər davam etdirilir. Qarşıda duran növbəti addımları müzakirə etmək məqsədilə Balakən rayonunda Regional Əlaqələndirmə Mərkəzində təmsil olunan dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə iclas keçirilib. Görüşdə Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Balarəhim Quliyev, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin və Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin, Dövlət Gömrük Komitəsinin, yerli icra hakimiyyətlərinin, eləcə də digər aidiyyəti qurumların məsul şəxsləri və əməkdaşları iştirak edib. Tədbirdə vurğulanıb ki, zərərvericinin qışlama yerlərinin aşkarlanması məqsədilə keçirilən monitorinqlərin intensivliyi artırılıb. Bununla yanaşı, yerli əhali və sahibkarlarla görüşlər keçirilir, onlara zərərvericinin yayılma yolları, iqtisadi zərərləri və mübarizə tədbirləri barədə təfsilatlı izahedici məlumatlar verilir. Maarifləndirici çap materialları yerli əhali arasında paylanır və müvafiq sahələrə yerləşdirilir. Bildirilib ki, Qəhvəyi mərmər bağacığı qışlama dövründə sığınacaq yerlərində qrup halında toplanır. Məhz bu dövrdə aparılan hədəfli mübarizə növbəti il üçün mümkün kütləvi artımın qarşısını alan ən təsirli müdafiə tədbiri hesab olunur. Qışlama mərhələsində həyata keçirilən məhvetmə prosesləri həm populyasiyanın azalmasına, həm də növbəti mövsümlərdə məhsuldarlığın qorunmasına mühüm töhfə verir. Ölkə üzrə fitosanitar sabitliyin təmin olunması, zərərvericinin yayılma ocaqlarının ləğvi və mübarizə tədbirlərinin sistemli şəkildə həyata keçirilməsi istiqamətində tədbirlər davam etdirilir.
Ümumdünya Səhiyyə Təşkilatının INFOSAN şəbəkəsindən daxil olan rəsmi məlumata əsasən, Amerika Birləşmiş Ştatlarında (ABŞ) “ByHeart Whole Nutrition Infant Formula” adlı uşaq qidasının istehlakı ilə əlaqədar körpələr arasında botulizm halları qeydə alınıb. ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin məlumatına görə, 2025-ci il 17 noyabr tarixinədək 13 ştat üzrə 23 şübhəli və təsdiqlənmiş yoluxma halı müəyyən edilib və onlar xəstəxanaya yerləşdirilib. Həmçinin ABŞ-da sözügedən məhsulun bütün partiyalarının və bütün qablaşdırma formalarının istifadəsinin dərhal dayandırılması tövsiyə edilib. Qeyd edək ki, botulizm ağır gedişli, potensial ölümcül xəstəlik olub, adətən Clostridium botulinum bakteriyası ilə çirklənmiş qidalarda formalaşan toksinlərin qəbulu nəticəsində yaranır. Clostridium botulinum bakteriyası oksigensiz mühitdə təhlükəli botulinum toksinlərini ifraz edir. Xəstəlik qəbizlik, iştahsızlıq, halsızlıq, zəif emosiya ifadəsi, zəif ağlama və başı şaquli tutma qabiliyyətinin azalması kimi simptomlarla təzahür edir. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan araşdırma nəticəsində “ByHeart Whole Nutrition Infant Formula” adlı uşaq qidasının ölkəyə idxal edilmədiyi müəyyənləşdirilib. Lakin məhsulun Amazon.com və digər onlayn platformalar vasitəsilə şəxsi istehlak məqsədilə sifariş olunması mümkündür. Bu səbəbdən Agentlik xəbərdarlıq edir ki, ölkə daxilində fərdi qaydada əldə edilən məhsulların mövcudluğu və istifadəsi potensial risk yarada bilər. AQTA tərəfindən mövcud internet informasiya ehtiyatları və digər kommunikasiya alətləri vasitəsilə məhsulla bağlı aşkar olunmuş və potensial təhlükələr, habelə bu təhlükələrdən irəli gələn risklər barədə maraqlı şəxslər məlumatlandırılıb. INFOSAN tərəfindən əlavə məlumat daxil olduğu təqdirdə, yenilənmiş məlumat ictimaiyyətə təqdim ediləcəkdir.
Giriş