Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Uelsin Pouis, Monmutşir bölgələrində blutanq xəstəliyi, İspaniya Krallığının Kataloniya muxtar icmasında nodulyar dermatit xəstəliyi, Almaniya Federativ Respublikasının Türingiya vilayətində, İran İslam Respublikasının Ərdəbil əyalətində, Bolqarıstan Respublikasının Haskovo vilayətində, Danimarka Krallığının Cənubi Danimarka regionunda, Niderland Krallığının Drente əyalətində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin bu yoluxucu xəstəliklərdən qorunması məqsədilə qeyd olunan ərazilərdən zonalaşma prinsipi nəzərə alınmaqla, müvafiq malların idxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən yerli istehsal müəssisələrinə məxsus 19 litrlik qablaşdırılmada olan içməli sular və yol kənarlarında, binaların həyətlərində quraşdırılmış modul tipli su aparatları ilə bağlı aparılan monitorinq çərçivəsində Qazax-Tovuz regional inzibati ərazi vahidində fəaliyyət göstərən 2 istehsal müəssisəsindən, həmçinin 6 sahibkara məxsus ümumilikdə 10 modul tipli su aparatından nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Sınaq nəticələri uyğunsuz olan sahibkarlıq subyektlərində plandankənar yoxlamalar keçirilib və təkrar nümunələr götürülərək müayinələrə cəlb olunub. Su istehsalı müəssisələri və modul tipli su aparatları barəsində toxunulmazlıq qərarı verilib, fəaliyyətləri müvəqqəti dayandırılıb. Müayinələr nəticəsində müəssisələrdə istehsal edilən suların təhlükəsizlik göstəricilərində uyğunsuzluq aşkarlanmasa da, modul tipli su aparatlarından götürülmüş nümunələrdə aşkarlanmış uyğunsuzluqla əlaqədar inzibati protokol tərtib olunub və nöqsanlar aradan qaldırılanadək işlərin görülməsi və xidmətlərin göstərilməsi məhdudlaşdırılıb.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi (AQTİS) müasir texnologiyalara əsaslanan innovativ platformadır. AQTİS ilə: - Sahibkarlar müraciətlərini onlayn təqdim edir, nəticələri isə elektron formada almaq imkanına sahib olur. - Bu həm vaxt itkisini azaldır, həm də sənədləşməni sadələşdirərək şəffaflığı təmin edir. Bir sözlə, AQTİS sahibkarlar üçün dövlət xidmətlərini daha sürətli, şəffaf və effektiv edən universal rəqəmsal platformadır.
İstehlakçıların təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təmin edilməsi, həmçinin qida məhsullarının emalı və çatdırılması xidmətlərinin qida təhlükəsizliyi tələblərinə uyğun təşkili Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əsas fəaliyyət istiqamətlərindən biridir. Təəssüflə qeyd edək ki, Agentlik tərəfindən aparılan monitorinqlər zamanı bir sıra keytrinq şirkətlərinin qaydalara əməl etmədiyi və ciddi nöqsanlara yol verdiyi aşkar edilib. Belə ki, 2025-ci ilin yanvar-sentyabr ayları ərzində ölkə ərazisində fəaliyyət göstərən 14 keytrinq xidməti müəssisəsində yoxlama keçirilib. Yoxlamalar zamanı çoxsaylı uyğunsuzluq faktları müəyyən edilib. Aşkar edilmiş əsas uyğunsuzluqlar aşağıdakılardır: − müəssisənin qeydiyyata alınmadan fəaliyyət göstərməsi; − mətbəxdə sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmaması; − texnoloji ardıcıllıq prinsipinə əməl olunmaması; − xammal və hazır məhsulların üzərində etiket məlumatlarının olmaması; − xammalların müşayiətedici sənədlərinin olmaması; − yararlılıq müddəti bitmiş məhsulların mövcud olması; − məhsulların saxlanma qaydalarına əməl olunmaması; − dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmaması; − işçi heyətin ilkin və dövrü tibbi müayinədən keçməməsi. Faktlarla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. Nöqsan aşkarlanan 12 müəssisənin vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb olunub. Agentlik bir daha xəbərdarlıq edir ki, qida təhlükəsizliyi ilə bağlı tələblərə ciddi riayət olunmalıdır. Qaydalara əməl olunmadığı təqdirdə kütləvi zəhərlənmə, insan həyat və sağlamlığı üçün risklər yarana bilər. Xüsusilə kütləvi tədbirlər zamanı, eləcə də təlim-tədris müəssisələrini qida məhsulları ilə təchiz edən keytrinq şirkətlərində qeydə alınan nöqsanların aradan qaldırılması istiqamətində icrası məcburi göstərişlər verilir. Nəzarət tədbirləri davam etdirilir.
Metal əsaslı qablar və məmulatlarda saxlanılan qidalar birbaşa insan sağlamlığına təsir göstərir. Bu səbəbdən məhsullar müvafiq təhlükəsizlik standartlarına tam uyğun olmalıdır. Yeni qaydalara görə (20 avqust 2025-dən etibarən): • Qida ilə təmasda olan metal materiallar sağlamlığa zərər verməməlidir. • Paslanmayan polad istisna olmaqla bütün metallar qoruyucu örtüklə təmin edilməlidir. • Alüminium, çuqun, sink və digər materiallar üçün xüsusi tələblər müəyyən olunub. • Etiketlərdə istifadə qaydaları aydın və oxunaqlı göstərilməlidir. Bu tələblər sadəcə keyfiyyət göstəricisi deyil, qanuni məsuliyyətdir. Qaydaları yerinə yetirin, məhsulunuzu təhlükəsiz edin, istehlakçı etibarını qoruyun!
Qidaların saxlanma və emal qaydalarına əməl etməmək qida zəhərlənmələrinə səbəb olur. Ev (məişət) şəraitində isə kütləvi tədbirlər üçün qida hazırlayarkən, xüsusilə diqqətli olmaq lazımdır. Qida mənşəli xəstəliklərin qarşısını almaq, eləcə də zəhərlənmə təhlükəsini aradan qaldırmaq üçün müəyyən qaydalara riayət edilməlidir. Belə ki, qida məhsullarında bakteriyalar 5°C-60°C temperatur aralığında çoxalıb yayılır. Ona görə də həmin interval “təhlükəli zona” adlandırılır. Bu səbəbdən qidalar xüsusiyyətlərindən asılı olaraq düzgün temperaturda saxlanılmalıdır. Belə ki, dondurulmuş qidaların donunun açılması üçün otaq şəraitində deyil, soyuducunun alt bölməsində saxlanılması tövsiyə olunur. İstifadə müddəti keçməsə də, xarabolma əlamətləri olan qidaları istehlak etmək yolverilməzdir. Yeməklər, salatlar, xüsusilə də kremli şirniyyatlar isə 2 saatdan artıq soyuducudan kənarda saxlanılmamalıdır. İsti şəkildə servis edilən qidalar 63 dərəcədən aşağı temperaturda maksimum 2 saat, soyuq şəkildə servis edilən qidalar isə 8 dərəcədən yuxarı temperaturda maksimum 4 saat saxlanıla bilər. Qeyd edək ki, sentyabr ayında İmişli rayonunda keçirilmiş tədbirdə 73 zərərçəkənin olduğu kütləvi zəhərlənmə hadisəsi də məişət zəminində baş verib. Daxil olan bildiriş əsasında Qida Təhlükəsizliyi Agentliyinin Mil-Muğan regional bölməsinin əməkdaşları tərəfindən götürülən nümunələrin müayinəsi nəticəsində bir sıra uyğunsuzluqlar (E.Coli O157:H7 və S.aureus törədiciləri) müəyyən edilib. E.Coli O157:H7 insan sağlamlığı üçün təhlükəli olan “Escherichia coli” bakteriyasının ştammıdır. Yoluxmadan sonra insan orqanizmində şiddətli qarın ağrısı, ishal, qusma, bəzi hallarda bədən hərarətinin qalxması və halsızlıq kimi bir sıra simptomlar müşahidə oluna bilər. Qızılı stafilokok şərti-patogen mikrob qruplarına aiddir. Bu bakteriya ilə çirklənmiş qida məhsulları zəhərlənməyə səbəb ola bilər. Qızılı stafilokokun törətdiyi qida zəhərlənməsi adətən bakteriyanın özünün deyil, onun ifraz etdiyi enterotoksinlər nəticəsində baş verir. Bu toksinlər istiliyə davamlıdır və qidanın bişirilməsi zamanı belə tamamilə məhv olmaya bilər. AQTA bir daha ev şəraitində kütləvi tədbirlər üçün hazırlanan qidaları istehlaka təqdim edərkən, saxlama şəraitinə, temperatur rejiminə, gigiyena və düzgün daşıma qaydalarına riayət edilməsinin vacibliyini diqqətə çatdırır.
Qida Təhlükəsizliyi Agentliyinin Şəki-Zaqatala regional bölməsinin fitosanitar müfəttişləri tərəfindən Qəhvəyi mərmər bağacığına qarşı payız-qış dövründə həyata keçiriləcək mübarizə tədbirləri ilə bağlı Balakən Rayon İcra Hakimiyyətində geniş maarifləndirici görüş keçirilib. Görüşdə rayon rəhbərliyi, kənd icra nümayəndələri və bələdiyyə sədrləri iştirak ediblər. Qəhvəyi mərmər bağacığının yayılma xüsusiyyətləri, təsərrüfata vurduğu zərər və ona qarşı mübarizənin effektiv üsulları barədə geniş məlumat verilib. Qeyd olunub ki, zərərverici ilə mübarizədə vətəndaşların, yerli sakinlərin fəal iştirakı mühüm əhəmiyyət daşıyır. Vurğulanıb ki, sakinlər payız-qış mövsümündə bağacığın qışlama yerlərini aşkar edib fərdlərini toplayaraq məhv etdikdə, onun populyasiyası növbəti mövsümdə əhəmiyyətli dərəcədə azalda bilər. Görüşün sonunda iştirakçılara maarifləndirici bukletlər, kitabçalar və broşürlər paylanılıb, onları maraqlandıran suallar cavablandırılıb. Bundan başqa Agentliyin regional bölməsinin əməkdaşları Zaqatala və Balakəndə fərdi evlərə baş çəkib, yerli əhali ilə maarifləndirici görüşlər keçirir. Görüşlərdə ev şəraitində zərərvericiyə qarşı mümkün mübarizə tədbirləri barədə məlumatlar çatdırılır.
Bakı şəhəri, Nəsimi rayonu, A.Mustafayev küçəsi, ev 3 ünvanında yerləşən, fiziki şəxs Bədəlova Zeynəb Salamulla qızına məxsus “Bizim Məkan” ictimai iaşə obyektində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı texniki normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, ictimai iaşə obyektinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, mətbəx sahəsində işçi masaların asan yuyulan və dezinfeksiyaya davamlı materialdan təşkil edilmədiyi, soyuducularda rəflərin korroziyaya uğradığı və məhsulların saxlanma temperaturuna nəzarət olunmadığı, işçinin ilkin və dövri tibbi müayinədən keçmədiyi, havalandırma sisteminin qurulmadığı və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək ictimai iaşə obyektinin fəaliyyəti məhdudlaşdırılıb, rəhbərliyi barəsində inzibati protokol tərtib edilib.
AQTA payız ixrac mövsümündə bitkiçilik məhsullarına nəzarəti davam etdirir İxrac üçün məhsullara karantin baxışı və etiketlənmə beynəlxalq standartlara uyğun həyata keçirilir. Etiketlər oxunaqlı və dayanıqlı olmalı, daşınmada istifadə olunan taxta altlıqlar isə beynəlxalq standartlara cavab verməlidir. Ətraflı linkə daxil olaraq tanış ola bilərsiniz:
Qida Təhlükəsizliyi Agentliyi və Səudiyyə Ərəbistanı Krallığının Ətraf Mühit, Su və Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri arasında onlayn formatda görüş təşkil olunub. Görüşdə “Bitki mühafizəsi və karantini sahəsində əməkdaşlıq haqqında” imzalanmış Anlaşma Memorandumunun müddəalarının icrası müzakirə olunub. Ölkə daxilində məhdud dairələrdə tətbiq olunan zərərverici orqanizmlərin siyahısı və idxal karantin tələbləri barədə qarşı tərəfə ətraflı məlumat verilib. Görüş zamanı Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığına yumurta, ət, süd məhsulları və fitosanitar nəzarət altında olan digər kənd təsərrüfatı məhsullarının ixracının artırılması məsələləri diqqət mərkəzində olub. Həmçinin, baytarlıq və fitosanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri üzrə fikir mübadiləsi aparılıb. Sonda qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısını almaq məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir. Agentliyin Şəki-Zaqatala regional bölməsinin əməkdaşları Balakəndə yerli əhali ilə maarifləndirici görüşlər keçirib. Görüşlərdə ev şəraitində zərərvericiyə qarşı mümkün mübarizə tədbirləri barədə məlumatlar çatdırılıb. Bildirilib ki, Qəhvəyi mərmər bağacığı evlərin çardaqlarında, qapı və pəncərə boşluqlarında, taxta və odun yığınları arasında qışlaya bilir. Yaşayış sahələrində kimyəvi mübarizə tədbirlərinin aparılmasının insan sağlamlığı üçün yarada biləcəyi riskləri nəzərə alaraq, vətəndaşların da mübarizə tədbirlərində yaxından iştirakı olduqca vacibdir. Belə ki, zərərvericinin qışlama yerlərini maksimum məhdudlaşdırmaq məqsədilə evlərdə, çardaqlarda, bağlara yaxın tikililərdə vaxtında mexaniki yolla (əl ilə toplayaraq məhv etmək) təmizləmə işləri aparılmalıdır. Vurğulanıb ki, vətəndaşlar Qəhvəyi mərmər bağacığı ilə mübarizədə diqqətli və məsuliyyətli olmalıdırlar. Hazırkı qışlama dövründə aparılmalı olan mexaniki yolla mübarizə üsulu zərərvericinin populyasiyasının qarşısını ala bilər. Görüşün sonunda sakinlərə maarifləndirici buklet və broşürlər paylanılıb.
Zoonoz xəstəliklər, yəni heyvanlardan insanlara keçə bilən infeksiyalar bu gün qlobal ictimai sağlamlıq üçün ən böyük risklərdən biri sayılır. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) məlumatına görə, insanlarda müşahidə olunan yoluxucu xəstəliklərin təxminən 60%-i, həmçinin yeni yaranan və ya təkrar ortaya çıxan infeksiyaların 75%-i zoonoz mənşəlidir. Bu xəstəliklər təkcə insanlara deyil, həm də heyvanların sağlamlığına və kənd təsərrüfatı məhsuldarlığına ciddi zərbə vurur, iqtisadi itkilərə və ticarət məhdudiyyətlərinə səbəb olur. Ən çox yayılmış zoonoz xəstəliklər Beynəlxalq məlumatlara əsasən, həm insanlarda, həm də heyvanlarda aşağıdakı zoonoz xəstəliklər daha geniş yayılıb: • Bakterial mənşəli xəstəliklər (qarayara, bruselyoz, vərəm, salmonellyoz, kampilobakterioz, listerioz, leptospiroz); • Virus mənşəli xəstəliklər (quduzluq, quş qripi, Qərbi Nil qızdırması, COVID-19, Ebola); • Parazitar xəstəliklər (exinokokkoz, trixenellyoz, toksoplazmoz); • Göbələk mənşəli xəstəliklər (dermatomikoz, kandidoz və s.). Bu xəstəliklərə iri və xırdabuynuzlu heyvanlar, quşlar, it və pişiklər, həmçinin vəhşi heyvanlar arasında rast gəlinir. Xüsusilə qarayara və bruselyoz həm insanlar, həm də heyvanlar üçün yüksək risk daşıyır. Yoluxma yolları Zoonoz infeksiyalar müxtəlif yollarla yayıla bilər: • xəstə heyvanla birbaşa təmasla; • çirklənmiş qida və su vasitəsilə; • hava-damcı (aerogen) yolu ilə; • gənə, ağcaqanad kimi həşəratlar vasitəsilə. Ət və süd məhsullarının düzgün emal olunmaması, az bişmiş qidanın qəbulu və təsərrüfatlarda gigiyenik qaydalara əməl edilməməsi də insan yoluxmasının əsas səbəblərindəndir. Heyvan təsərrüfatlarında risklər və nəticələr Zoonoz xəstəliklər heyvanlar arasında yayıldıqda məhsuldarlıq azalır, tələf halları artır, ixrac məhdudiyyətləri yaranır. Məsələn, Avropa və ABŞ-da aparılan iqtisadi təhlillərə görə, yalnız qarayara və bruselyoz xəstəlikləri kənd təsərrüfatı sektoruna hər il milyonlarla dollar zərər vurur. Ekspertlər hesab edirlər ki, zoonoz xəstəliklərlə effektiv mübarizə yalnız “Vahid Sağlamlıq” (One Health) prinsipi əsasında mümkündür. Bu yanaşma insan, heyvan və ətraf mühit sağlamlığının bir-biri ilə sıx bağlı olduğunu qəbul edir və bütün sahələrdə koordinasiyalı tədbirlər tələb edir. Profilaktik tədbirlər sırasında heyvanların vaxtında peyvəndlənməsi, biotəhlükəsizlik qaydalarına əməl olunması, qida təhlükəsizliyinə nəzarət, ictimai maarifləndirmə kampaniyaları xüsusi əhəmiyyət daşıyır. Zoonoz xəstəliklərə qarşı mübarizə yalnız baytarlıq deyil, həm də ictimai sağlamlıq məsələsidir. İnsan və heyvan sağlamlığı bir-birindən ayrılmazdır!
Giriş