Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi həm ölkə daxilində, həm də dünyada epizootik vəziyyəti daim diqqət mərkəzində saxlayır. Sahibkarlıq subyektlərinin məlumatlılıq səviyyəsini artırmaq məqsədi ilə AQTA-nın şöbə müdiri, Respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatları əsasında epizootik vəziyyətlə bağlı son məlumatları təqdim edib. Ötən həftə ərzində dünya üzrə blutanq, nodulyar dermatit, xırdabuynuzlu heyvanların çiçək xəstəliyi ilə bağlı yoluxma halları qeydə alınıb. Eyni zamanda bir sıra ölkələrdə müxtəlif xəstəliklər üzrə epizootiya halı başa çatıb. Yüksək patogen quş qripi xəstəliyinə görə Bolqarıstan Respublikasının 5 vilayətinə, iribuynuzlu heyvanların infeksion rinotraxeit xəstəliyinə görə Avstriya Respublikasına qoyulan məhdudiyyət aradan qaldırılıb. Videoməlumatla aşağıdakı linkdən tanış ola bilərsiniz: https://www.youtube.com/watch?v=HF8XX2CguKI
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Bolqarıstan Respublikasının Pazarcik, Haskovo, Veliko-Tarnovo, Dobriç, Kırcali vilayətlərində yüksək patogen quş qripi xəstəliyi, Avstriya Respublikasının ərazisində isə qeydə alınmış iribuynuzlu heyvanların infeksion rinotraxeit xəstəliyi aradan qaldırılıb. Belə ki, qeyd olunan ərazilərdə ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, xəstəliyin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və epizootik sağlamlıq statusu bərpa olunub. Bununla əlaqədar, respublika ərazisinin həmin yoluxucu xəstəliklərdən qorunması məqsədilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Qida Təhlükəsizliyi Agentliyinin və aidiyyəti qurumların mütəxəssislərinin iştirakı ilə cari ilin 6-11 oktyabr tarixlərində balıqların infeksion və invazion xəstəliklərinə dair epizootoloji vəziyyətinin qiymətləndirilməsi məqsədilə 16 balıqçılıq subyektində monitorinq keçiriləcək. Monitorinq çərçivəsində balıqların həssas olduqları xüsusi təhlükəli xəstəliklər üzrə klinik müşahidələr aparılacaq, laborator müayinələr üçün diaqnostik nümunələr götürüləcək, təsərrüfatlara ümumi baxış keçirməklə, maarifləndirmə-təbliğat tədbirləri görüləcək, epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək. Əldə olunan məlumatlar “Epicollect 5” proqramına daxil olunacaq. Tədbirlər zamanı götürülmüş nümunələrin Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasında müvafiq müayinələri aparılacaq.
Qida Təhlükəsizliyi Agentliyi kənd təsərrüfatı məhsullarının təhlükəsiz istehsalının təmin edilməsi, zərərli orqanizmlərin nəzarətdə saxlanılması və beynəlxalq fitosanitar tələblərə uyğunluğun artırılması istiqamətində tədbirlərini davam etdirir. Bu çərçivədə nar və xurma istehsalında qida təhlükəsizliyi və fitosanitar tələblərə riayət olunmasının təmin edilməsi məqsədilə yerli istehsalçılarla görüş keçirilib. Görüşdə istehsal prosesinin bütün mərhələlərində təhlükəsizlik və uyğunluğun təmin olunmasına dair bir sıra mühüm məsələlər müzakirə edilib. Zərərli orqanizmlərin yayılmasının qarşısının alınması məqsədilə profilaktik fitosanitar tədbirlərin görülməsi, istehsal sahələrində bitki sağlamlığının izlənilməsinin təmin edilməsi və monitorinq sistemlərinin tətbiqi ilə bağlı tövsiyələr verilib. Tədbirdə pestisidlərin tətbiqi zamanı düzgün dozanın, tətbiq intervallarının və gözləmə müddətlərinin qorunmasının məhsulun təhlükəsizliyi və keyfiyyəti üçün önəmli olduğu vurğulanıb. Bildirilib ki, məhsulların qablaşdırılmasında istifadə olunan ağac mənşəli materialların ISPM 15 beynəlxalq standartlarına cavab verməsi vacibdir. Bu xüsusilə ixrac prosesində fitosanitar risklərin minimuma endirilməsi baxımından əhəmiyyətlidir.
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli sentyabrın 4-ü saat 15:00-da Agentliyin inzibati binasında qida sahəsində fəaliyyət göstərən sahibkarları qəbul edəcək. Qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlar, o cümlədən qida məhsullarının istehsalı, emalı, idxal-ixracı, daşınması, satışı və sair sahələrdə çalışan şəxslər onları narahat edən məsələlərlə bağlı Agentlik sədri ilə görüşə bilərlər. Görüşdə iştirak etmək istəyən şəxslər ad, soyad, fəaliyyət sahəsi, müraciətin məzmunu və telefon nömrələrini göstərərək info@afsa.gov.az elektron poçtu vasitəsilə müraciət etməklə və ya (+994 70) 405 01 85 nömrəsinə zəng etməklə, həmçinin vatsap üzərindən əlaqə saxlamaqla qəbula yazıla bilərlər.
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Tunis Respublikasının Beca, Mahdiya, Aryana, Sfax, Zaqvan, Sidi Bu Zid, Manuba, Bizerta, Ben-Arous, Zaqvan, Susa, Silyana, Nabul, Cenduba, Le Kef, Tunis, Monastir, Əl-Qeyrəvan, Kasserin vilayətlərində nodulyar dermatit xəstəliyi, Mərakeş Krallığının Kasablanka-Settat regionunda, Xorvatiya Respublikasının Zaqrebaçka bölgəsində blutanq xəstəliyi, Bolqarıstan Respublikasının Pazarcik vilayətində isə xırdabuynuzlu heyvanların çiçək xəstəliyi qeydə alınıb. Respublika ərazisinin bu yoluxucu xəstəliklərdən qorunması məqsədilə qeyd olunan ərazilərdən zonalaşma prinsipi nəzərə alınmaqla, müvafiq malların idxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Daxil olan müraciət əsasında Bərdə rayonu, Bakı küçəsində fəaliyyət göstərən, Əliyev Firus Vilayət oğluna məxsus “Şəhla” baytarlıq aptekində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları yoxlama keçirib.
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən cari ilin iyul ayından etibarən aparılan monitorinq çərçivəsində su istehsalı müəssisələrindən 39, yol kənarlarında və binaların həyətlərində quraşdırılmış modul tipli su aparatlarından 47 nümunə götürülərək, laborator müayinələrə cəlb olunub.
Yağlı qaraciyər – qaraciyər hüceyrələrində həddindən artıq yağ yığılması ilə xarakterizə olunan bir vəziyyətdir. Qaraciyərinizdə yağlanma problemi varsa, kalori qəbulunu məhdudlaşdırmaq və tədricən çəki itirmək qaraciyərdəki yağ miqdarını azaltmağa və ümumi sağlamlığı yaxşılaşdırmağa kömək edə bilər.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bərdə rayonunun Mollalı kəndində fəaliyyət göstərən, Mehdiyev Vüsal Vəli oğluna məxsus pendir istehsalı müəssisəsində yoxlama keçirib.
Qida Təhlükəsizliyi Agentliyi 2025-ci il 28 sentyabr - 8 oktyabr tarixlərində ölkəmizdə keçiriləcək III MDB Oyunları zamanı qidalanmanın təşkilinə nəzarət və tənzimləmə tədbirləri ilə əlaqədar ictimai iaşə sahəsində fəaliyyət göstərən hotel və restoran nümayəndələri ilə Gəncə şəhərində görüş keçirib.
Giriş