Təhlükəsiz qida ilə sağlam gələcəyə!

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
AZ
Ümummilli Lider Heydər Əliyev Prezident İlham Əliyev Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Azərbaycan Respublikasının Nazirlər Kabineti Heydər Əliyev Fondu
Qida zəhərlənmələrinin əsas səbəbi və riayət etməli olduğumuz 5 Qızıl Qayda
Qida zəhərlənmələrinin əsas səbəbi və riayət etməli olduğumuz 5 Qızıl Qayda

Qida mənşəli xəstəliklər dünya miqyasında insan sağlamlığı üçün əsas problemlərdən biri hesab edilir. Bu xəstəliklər müxtəlif növ bakteriyalar, viruslar, parazitlər və ya kimyəvi maddələrlə çirklənmiş qida məhsullarının istehlakı nəticəsində meydana gəlir. Qida məhsullarının gigiyena qaydalarına riayət edilmədən hazırlanması, bişirilməsi və daha sonra bu məhsulların istehlak olunması qida zəhərlənmələrinin əsas səbəbi hesab edilir. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən hazırlanan qida zəhərlənmələrinə dair videoçarxda, həmçinin qida mənşəli xəstəliklərin qarşısının alınması üçün hər bir şəxsin riayət etməli olduğu əsas prinsipləri ehtiva edən və  Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən müəyyən olunan 5 Qızıl Qayda barədə ətraflı məlumat verilib. Bildirilib ki, qida zəncirinin bütün mərhələlərində təmizliyə riayət edilməli, məhsullar yaxşı bişirilməli, çiy və bişmiş məhsullar bir-birindən ayrı saxlanmalı, məhsullar təhlükəsiz mühitdə olmalı, təhlükəsiz su və xammallardan istifadə edilməlidir.  Qeyd edək ki, sahibkarlıq subyektləri və istehlakçılar bu videoçarx vasitəsilə qida zəhərlənmələri və belə halların baş verməməsi üçün zəruri olan məsələlər barədə ətraflı məlumat əldə edə bilələrlər:

Bir sıra rayonlarda istifadəyə yararsız və qadağan olunmuş pestisidlərin zərərsizləşdirilməsi həyata keçiriləcək
Bir sıra rayonlarda istifadəyə yararsız və qadağan olunmuş pestisidlərin zərərsizləşdirilməsi həyata keçiriləcək

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aidiyyəti dövlət qurumlarının və beynəlxalq ekspertlərin iştirakı ilə respublika ərazisində istifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərlə çirklənmiş ərazilərin mövcud vəziyyətinin ilkin qiymətləndirilməsi aparılıb, həyata keçirilən tədqiqatlar və risk analizləri nəticəsində 11 rayon üzrə 14 məntəqədə bu cür təhlükə potensiallı obyektlərin mövcudluğu müəyyən edilib. Ötən il Agentlik və Bitki Mühafizə Vasitələri, Gübrə İstehsalçıları və İdxalçıları Assosiasiyasının birgə təşəbbüsü ilə cəlb edilmiş xüsusi lisenziyalı şirkət tərəfindən Ağstafa və Beyləqan rayonlarından ümumilikdə 747 ton istifadəyə yararsız pestisidin və həmin maddələrlə bilavasitə qarışaraq çirklənmiş torpaq kütləsinin beynəlxalq təhlükəsizlik tələblərinə uyğun qaydada qablaşdırılması və zərərsizləşdirilməsi məqsədilə xüsusi nəqliyyat vasitəsilə “Cəngi pestisid poliqonu”na daşınması və yerləşdirilməsi təmin olunub.   Ağstafa və Beyləqan rayonlarında daşınmanın həyata keçirildiyi ərazilərdə çirklənməyə məruz qalmış torpaq sahələrinin bioloji üsullarla bərpası (bioremediasiya) məqsədilə Agentlik tərəfindən müvafiq təlimat və Vahid Plan hazırlanaraq aidiyyəti dövlət qurumlarının iştirakı ilə bu istiqamətdə işlərin icrasına başlanılıb. Qeyd edək ki, həyata keçirilən bu tədbirlər növbəti mərhələdə digər rayonlardakı təhlükə potensiallı obyektlərdə də davam etdiriləcək, müəyyən edilmiş istifadəyə yararsız pestisidlərin zərərsizləşdirilməsi üzrə ardıcıl addımlar atılacaq. Ağstafa və Beyləqan rayonları üzrə keçmiş Kənd Kimya Birliklərinin ərazilərində icra olunan, eləcə də yaxın müddətdə digər rayonlarda həyata keçirilməsi planlaşdırılan tədbirlər ölkə üçün strateji əhəmiyyət daşıyır. Bu fəaliyyətlər ətraf mühitin mühafizəsinə yönəldilməklə yanaşı, ekosistemin qorunmasına, insan sağlamlığı, heyvanlar və bitkilər üçün potensial risklərin qarşısının alınmasına xidmət edir.

Pestisid və aqrokimyəvi maddələrdən istifadə zamanı nələrə diqqət olunmalıdır? - Video
Pestisid və aqrokimyəvi maddələrdən istifadə zamanı nələrə diqqət olunmalıdır? - Video

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bitki mühafizə vasitəsi, pestisid və bioloji preparatların istehsalı, idxalı, ixracı, daşınması, saxlanılması, satışı və tətbiqi ilə bağlı qaydalara əməl olunması, baş verə biləcək təhlükələrin qarşısının alınması və digər zəruri tədbirlərin icrası məqsədilə əhali arasında geniş təbliğat-təşviqat işlərini davam etdirir. Həyata keçirilən tədbirlər çərçivəsində Agentlik tərəfindən pestisidlərlə bağlı yeni maarifləndirici videoçarx hazırlanıb. Videoçarxda pestisidlər, pestisidlərin daşınması, saxlanması və tətbiqi qaydaları haqqında ətraflı məlumat verilib. Eyni zamanda pestisidlərlə işləyən zaman istifadə edilməli olan geyimlər, pestisidlərin təsirinə məruz qalan şəxslərə yardım göstərilməsi üsulları, eləcə də yararlılıq müddəti bitmiş pestisidlərin dövriyyədən çıxarılması barədə məlumatlar əks olunub. Qeyd edək ki, ölkəmizdə qida məhsullarında pestisidlərin qalıq miqdarının təyini sınaqları beynəlxalq standartlara uyğun aparılır. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Milli Referens Laboratoriyasında 600-ə yaxın pestisid qalığının təyini həyata keçirilir. AQTA tərəfindən pestisidlərlə bağlı hazırlanan maarifləndirici videoçarxla tanış ola bilərsiniz:

Video
İdman qidaları və BAQM qəbulunda ən çox edilən səhvlər hansıdır? - Sual-Cavab

İdman qidaları və BAQM qəbulunda ən çox edilən səhvlər hansıdır? - Sual-Cavab