Təhlükəsiz qida ilə sağlam gələcəyə!

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
AZ
Ümummilli Lider Heydər Əliyev Prezident İlham Əliyev Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Azərbaycan Respublikasının Nazirlər Kabineti Heydər Əliyev Fondu
Qida obyektlərində təmizləmə və dezinfeksiya tədbirləri xüsusi əhəmiyyət daşıyır
Qida obyektlərində təmizləmə və dezinfeksiya tədbirləri xüsusi əhəmiyyət daşıyır

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının 3 noyabr 2020-ci il tarixli, 19 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qida məhsulları üzrə gigiyena tələblərinə dair Qaydalar”a əsasən, qida zəncirinin bütün mərhələlərində — ilkin istehsal, tədarük, emal, qablaşdırma, saxlanma, daşınma, dövriyyə (o cümlədən idxal və ixrac), ictimai iaşə və xidmət sahələrində istifadə, utilizasiya və məhv edilmə proseslərində — gigiyenik normalara ciddi şəkildə riayət olunmalıdır. Qida obyektlərinə dair ümumi gigiyena tələbləri qida məhsullarının təhlükəsiz şəkildə istehsalı, emal və dövriyyəsi üçün zəruri sanitar-gigiyenik şəraitin yaradılması və bu şəraitin davamlılığının təmin edilməsi məqsədi daşıyır. Qida obyektlərində gigiyena tələbləri çərçivəsində istifadə olunan avadanlıqlara, qida məhsullarının təhlükəsiz istifadəsinə, onların qablaşdırılması və etiketlənməsinə, daşınması və saxlanmasına, işçi heyət və şəxsi gigiyena qaydalarına, eləcə də qida tullantılarının idarə olunmasına dair əsas prinsiplər və tələblər öz əksini tapıb. Bu tələblər çərçivəsində təmizləmə və dezinfeksiya tədbirləri xüsusi əhəmiyyət daşıyır. Qida obyektlərində bütün sahələr, o cümlədən təmizləyici avadanlıqlar gigiyenik normalara uyğun şəkildə təmizlənməli, təmizləmə və dezinfeksiya proqramları hazırlanmalı, onların effektivliyi daimi nəzarətdə saxlanmalı və sənədləşdirilməlidir. Belə ki: Təmizlənəcək və ya dezinfeksiya ediləcək sahələr, avadanlıqlar və qab-qacaq dəqiq şəkildə müəyyənləşdirilməli; Hər bir təmizlik tapşırığına cavabdeh şəxslər təyin edilməli; Təmizləmə və dezinfeksiya üsulları, həmçinin onların tətbiq tezliyi müəyyən edilməli; Yerinə yetirilən tədbirlərin effektivliyinə nəzarət mexanizmləri mövcud olmalıdır. Agentlik bir daha xatırladır ki, sahibkarlıq subyektləri tərəfindən bu tələblərə əməl edilməsi qida təhlükəsizliyinin təmin edilməsi və istehlakçıların sağlamlığının qorunması baxımından olduqca önəmlidir. Bu tələblərin yerinə yetirilməməsi qanunvericiliyə uyğun olaraq inzibati məsuliyyət yaradır.

Heyvan mənşəli məhsulların daşınması zamanı temperatur və qablaşdırma tələblərinə riayət olunmalıdır
Heyvan mənşəli məhsulların daşınması zamanı temperatur və qablaşdırma tələblərinə riayət olunmalıdır

Heyvan mənşəli məhsulların (o cümlədən ət, süd və digərləri, habelə emal yolu ilə onlardan alınan məhsullar) dövriyyəsinə nəzarət “Baytarlıq haqqında” və “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası qanunları və digər hüquqi normativ aktlarla tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 sentyabr 2006-cı il 209 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydalara uyğun olaraq, istehsal və emal müəssisələrində istehsal edilən məhsulun hər bir partiyasına ( bir sutka və ya istehsal növbəsi ərzində istehsal edilmiş məhsula) onun baytarlıq normalarına cavab verməsini təsdiq edən və  məhsulun sahibinə həmin məhsulun satışına icazə verən ekspertiza aktı tərtib edilir. Ekspertiza aktı dövri hesabat sənədi kimi müəssisədə saxlanılır. Ekspertiza aktının verilməsinə görə “Dövlət rüsumu haqqında” Qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur. Heyvanların və heyvan mənşəli məhsulların ölkə daxilində daşınması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2009-cu il tarixli 66 nömrəli Qərarı ilə təsdiq edilmiş  “Dövlət baytarlıq nəzarətində olan məhsullara, o cümlədən idxal və ixrac edilən yüklərə dövlət baytarlıq nəzarətinin təşkili, dövlət baytarlıq nəzarətində olan yüklərin Azərbaycan Respublikasına gətirilməsi və ölkə daxilində daşınması Qaydaları”na uyğun olaraq həyata keçirilir. Qaydalara görə, yükün daşındığı hər bir nəqliyyat vasitəsinə şəhər (rayon) ərazisində daşınma  üçün baytarlıq arayışı, ölkə ərazisində (bir şəhərdən və ya rayondan digərinə) daşınma üçün isə baytarlıq şəhadətnaməsi verilir.   Baytarlıq arayışının verilməsi üçün hər hansı ödəniş tələb olunmur. Baytarlıq şəhadətnaməsinin verilməsinə görə isə “Dövlət rüsumu haqqında” Qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilməlidir.  Baytarlıq arayışında və şəhadətnaməsində göstərilən məlumatlar ekspertiza aktında qeyd edilmiş məlumatlara uyğun olmalı, daşınan məhsulun miqdarı baytarlıq sənədləri və  ekspertiza aktında göstərilmiş miqdardan artıq olmamalıdır. Baytarlıq sənədində göstərilən istehsal tarixi ilə daşınan məhsulun istehsal tarixi uyğun olmalıdır. İstifadə müddəti bitmiş və ya geriyə qaytarılan məhsullar yeni məhsullarla eyni nəqliyyat vasitələrində daşınmamalıdır. Baytarlıq arayışı  və şəhadətnaməsi Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi vasitəsilə onlayn rejimdə, sahibkarın müraciəti əsasında  tərtib edilir. Sahibkar öz şəxsi kabinetindən müraciət etməklə sözügedən sənədləri əldə edə bilər. Bildiririk ki, heyvan mənşəli məhsulların istehsalı, emalı və satışı ilə məşğul olan sahibkarlar bu məhsulların daşınması zamanı temperatur və qablaşdırma tələblərinə riayət olunmasına görə məsuliyyət daşıyırlar.

Qida məhsullarının etiketlərində allergenlərin düzgün göstərilməsi istehlakçı təhlükəsizliyinin əsas təminatçısıdır
Qida məhsullarının etiketlərində allergenlərin düzgün göstərilməsi istehlakçı təhlükəsizliyinin əsas təminatçısıdır

Müasir dövrdə geniş yayılmış allergik xəstəliklərin yaranmasına digər faktorlarla yanaşı, qidalar da təsir göstərir. Hazırda dünya əhalisinin 2.5%-i qida allergiyasından əziyyət çəkir. Qida allergiyası tərkibində allergenlər olan məhsulların istehlakı zamanı immun sisteminin spesifik reaksiyası nəticəsində yaranır və bu reaksiya, adətən, immunoqlobulin E (IgE) anticisimlərin iştirakı ilə müşahidə olunur. “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununun 17-ci maddəsinə əsasən, istehlakçılara təqdim olunan bütün qida məhsulları barədə – onların tərkibi, miqdarı, enerji və qida dəyəri, saxlanma şəraiti, mənşəyi, istehsal tarixi, yararlılıq müddəti və xüsusilə, tərkibində mövcud olan allergen maddələr barədə dolğun və şəffaf məlumat verilməlidir. Etiketləmə zamanı bu məlumatlar dəqiq, aydın və istehlakçılar üçün başa düşülən formada təqdim olunmalıdır. Məqsəd isə istehlakçının məlumatlı və təhlükəsiz seçim etməsinə şərait yaratmaqdır. Qanunvericiliyə əsasən, qida məhsullarının tərkibində olduğu halda aşağıdakı allergenlər etiketdə mütləq göstərilməlidir: Qlüten ehtiva edən taxıllar (buğda, arpa, çovdar, yulaf və onların hibrid növləri); Xərçəngkimilər; Mollyusklar; Yumurta; Balıq; Yer fındığı; Soya;   Süd və süd məhsulları (laktoza daxil olmaqla); Qərzəkli meyvələr (badam, fındıq, qoz, keşyu, pekan, Braziliya qozu, fıstıq, makadamiya); Kərəviz; Xardal; Küncüt; Kükürd dioksid və sulfitlər; Acıpaxla. Həmçinin bu maddələrdən əldə edilən məhsullar da ayrıca qeyd olunmalıdır. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması və ictimai sağlamlığın təmin olunması məqsədilə nəzarət və maarifləndirmə tədbirlərini davam etdirir.

AQTA bir sıra ölkələrin qida təhlükəsizliyinə nəzarət sisteminin ekvivalentliyini tanıyıb
AQTA bir sıra ölkələrin qida təhlükəsizliyinə nəzarət sisteminin ekvivalentliyini tanıyıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Almaniya Federativ Respublikası, Amerika Birləşmiş Ştatları, Argentina Respublikası, Avstriya Respublikası, Birləşmiş Ərəb Əmirlikləri, Çin Xalq Respublikası, Çex Respublikası, Estoniya Respublikası, İspaniya Krallığı, İsveç Krallığı, İsveçrə Konfederasiyası, İtaliya Respublikası, Norveç Krallığı, Özbəkistan Respublikası, Polşa Respublikası, Səudiyyə Ərəbistanı Krallığı, Yaponiya və Yeni Zelandiyanın qida təhlükəsizliyinə nəzarət sistemlərinin ekvivalentliyi tanınıb. Bu barədə Agentlik tərəfindən müvafiq qərar qəbul edilib Yüksək riskli qida məhsulları istehsal edən həmin ölkələrin müəssisələri bundan sonra əlavə qiymətləndirmə aparılmadan Azərbaycan Respublikasına məhsul ixrac edə biləcəklər. Belə ki, ekvivalentliyi tanınmış ölkələrin səlahiyyətli qurumları tərəfindən müəssisələrin təsdiqinə dair təqdim edilən rəsmi məlumatlar və ya müvafiq sənədlər Agentliyə təqdim olunduğu halda, bu müəssisələrin yenidən təsdiqinə ehtiyac qalmır. Qərarın qəbulundan əvvəl Agentlik tərəfindən həmin ölkələrin qida təhlükəsizliyi sistemləri qiymətləndirilib, ticarət dövriyyəsi zamanı müşahidə olunan qida təhlükəsizliyi sahəsində uyğunsuzluqların statistikası nəzərə alınıb.  Qərara əsasən, tanınma üçün əsas götürülən meyarlara uyğunsuzluq halları aşkarlandıqda və ya həmin ölkələrdən Azərbaycana insan və heyvan sağlamlığı üçün təhlükəli olan qida və yem məhsullarının ixracı halları təkrarlandığı təqdirdə, müvafiq ölkənin qida təhlükəsizliyinə nəzarət sisteminin ekvivalentliyinin ləğv olunması məsələsi Agentliyin Kollegiyasında müzakirəyə çıxarılacaq. Ümumilikdə bu qərar Azərbaycan ilə adıçəkilən ölkələr arasında qida məhsullarının ticarət dövriyyəsinin genişlənməsinə töhfə verəcək.

Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan dabaq xəstəliyindən azad status əldə edəcək
Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan dabaq xəstəliyindən azad status əldə edəcək

Ölkəmizin daha bir heyvan xəstəliyindən azad status əldə etməsi istiqamətində uğur əldə olunub. Belə ki, AQTA tərəfindən dabaq xəstəliyindən azad zonaların yaradılması üçün Ölkə Nəzarət Proqramı hazırlanaraq, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatına təqdim edilib. Proqram icraya yönəldilib. Beləliklə, ölkəmizin Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında (Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının əraziləri tam, Füzuli, Xocavənd və Laçın rayonlarının əraziləri qismən əhatə edilməklə) və Naxçıvan Muxtar Respublikası ərazisində dabaq xəstəliklərindən azad zonaların yaradılması prosesinə başlanılıb. Azad statusun alınması heyvan mənşəli məhsulların ixracı və tranzit daşınmasına əhəmiyyətli dərəcədə müsbət töhfə verəcək. Ölkə Nəzarət Proqramına mütəmadi epizootoloji monitorinqlərin aparılması, heyvanların identifikasiyasının və qeydiyyatının başa çatdırılması, heyvan daşınmalarının Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi (AQTİS) üzərindən izlənilməsi və kütləvi vaksinasiya tədbirlərinin yerinə yetirilməsi daxildir.  Xatırladaq ki, Azərbaycan 2024-cü ildə ÜHST tərəfindən xırdabuynuzlu heyvanların taunu və yüksək patogen quş qripi xəstəliyindən azad ölkə kimi tanınıb, eyni zamanda əvvəlki illərdə əldə edilmiş atların afrika xəstəliyi və donuzların afrika taunu xəstəliyindən azad status qorunub saxlanılır.

Video
İdman qidaları və BAQM qəbulunda ən çox edilən səhvlər hansıdır? - Sual-Cavab

İdman qidaları və BAQM qəbulunda ən çox edilən səhvlər hansıdır? - Sual-Cavab