Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bərdə rayonu, Q.B.Zakir küçəsində fəaliyyət göstərən Hüseynzadə Fərid İlham oğluna məxsus “Maqnoliya” restoranında yoxlama keçirib. Baxış zamanı restoranda mənşəyi məlum olmayan pendir, müşayiətedici sənədləri olmayan süd məhsulları aşkarlanıb. Eyni zamanda sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, istehlaka yararsız məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Şimali Makedoniya Respublikasının Cənub-Qərbi Statistik regionunda, Niderland Krallığının Qelderland əyalətində blutanq, Albaniya Respublikasının Dürres bölgəsində xırdabuynuzlu heyvanların taunu, İtaliya Respublikasının Sardiniya regionunda nodulyar dermatit, Polşa Respublikasının Pomorsk inzibati ərazisində Nyukasl, Uelsin Pembrukşir bölgəsində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin bu yoluxucu xəstəliklərdən qorunması üçün qeyd olunan ərazilərdə zonalaşma prinsipi nəzərə alınmaqla, diri iri və xırdabuynuzlu heyvanların, habelə onlara aid məhsulların, diri quş və quşçuluq məhsullarının idxalı və tranziti ilə bağlı ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Nəzarət tədbirləri çərçivəsində “Mirtorq” MMC-nin Rusiyadan idxal etdiyi "Miratorq-Zapad" müəssisəsinin istehsalı olan 639 kq soğan halqası məhsulundan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən götürülmüş nümunələrin müayinəsi nəticəsində patogen bakteriya (Listeria monocytogenes) aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq qərar qəbul edilərək məhsul partiyası məhv edilib.
Dövlət-özəl sektor əməkdaşlığının möhkəmləndirilməsi məqsədi ilə yaradılan Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi yanında qida sektoru üzrə Məşvərət Şurasının onlayn formatda növbəti iclası keçirilib. İclasda Məşvərət Şurasının üzvləri ilə prioritet mövzulara dair məsləhətləşmələr aparılıb, Şuranın təşkilati və gələcək iş planına dair məsələlər nəzərdən keçirilib. Daha sonra “Bitki sağlamlığı haqqında” qanun barədə təqdimat edilərək, layihənin bitkiçilik məhsullarının məhsuldarlığının artırılması, xarici bazarlara çıxışı üçün yeni imkanlar açacağı bildirilib. Eyni zamanda iclasda qida məhsullarının laborator müayinələrinin müddəti və risklərin qiymətləndirilməsi, yüksək riskli məhsulların satış şəbəkələrinə çıxışını tənzimləmək üçün qablaşdırma və markalanma ilə bağlı müzakirələr aparılıb, qanunvericiliyin tələbləri diqqətə çatdırılıb.
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli iyulun 4-ü saat 10:00-da Abşeron rayon Heydər Əliyev Mərkəzində Sumqayıt şəhəri və Abşeron, Zəngilan, Qubadlı rayonlarından olan vətəndaşların qəbulunu keçirəcək. Vətəndaşlar ad, soyad, ata adı, müraciətin məzmunu, yaşayış ünvanı və telefon nömrəsini göstərməklə info@afsa.gov.az elektron ünvanına rəsmi şəkildə müraciət edərək və ya “1003-Çağrı Mərkəzi” ilə əlaqə saxlayaraq iyulun 3-dək qəbula yazıla bilərlər. Agentliyin səlahiyyət dairəsinə aid məsələlərlə yanaşı, AQTA-nın region üzrə yerli bölmələrində işlə təmin olunmaq istəyən müvafiq ixtisaslara yiyələnmiş vətəndaşlar da müraciət edə bilərlər.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən 2025-ci il 17-21 iyun tarixlərində aparılan monitorinqlər zamanı Bakı, Sumqayıt şəhərləri və Masallı, Lənkəran rayonlarında fəaliyyət göstərən 5 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar inzibati tədbir görülüb. Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati xəta haqqında protokol tərtib edilmiş məntəqələr aşağıdakılardır:
Qida Təhlükəsizliyi Agentliyi meyvə və tərəvəz ixracı ilə məşğul olan sahibkarlara xəbərdarlıq edir ki, ölkəmizdən ixrac olunan bitkiçilik məhsullarının daşınmasında istifadə olunan meşə materiallarından hazırlanmış altlıq və qablaşdırma materialları “Bitki mühafizəsi haqqında” Beynəlxalq Konvensiyadan irəli gələrək təsdiq edilmiş 15 nömrəli Fitosanitar Tədbirlər üzrə Beynəlxalq Standartın tələblərinə uyğun formada işlənməlidir. Həmçinin məhsulların etiketlənməsi idxalçı ölkənin tələblərinə uyğun həyata keçirilməlidir. Beynəlxalq tələblərə əsasən, Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində dövriyyədə olan bütün qablaşdırılmış qida məhsullarında bir sıra məlumatlar qeyd olunmalıdır. Məhsulun qablaşdırmasında qida ilə təmas üçün təhlükəsiz materiallardan istifadə edilməli, taralarda yapışqanlı etiketlər üçün xüsusi sahə ayrılmalı, etiketlər dayanıqlı, oxunaqlı və möhkəm yapışdırılmalıdır. Uyğun işlənmədən keçmiş hər bir taxta qablaşdırmada rəsmi ISPM 15 nişanı olmalıdır. Markalanma iki əks tərəfdə yerləşməli, silinməz, oxunaqlı və daimi olmalı, qırmızı və narıncı rənglərdə olmamalıdır. Taxta qablaşdırma materialları, paletlər fumiqasiya edilməlidir. Fumiqasiya möhürü silinməz, dəqiq, oxunabilən olmalıdır. Qabıqlı taxtadan hazırlanmış altlıq və qablaşdırma materiallarının istifadəsi qadağandır. Sahibkarlar tərəfindən idxalçı ölkənin etiketlənməyə dair tələbləri, həmçinin beynəlxalq standartın meşə materiallarından hazırlanmış altlıqlar və qablaşdırma materiallarına dair tələbləri nəzərə alınmalıdır. Əks təqdirdə idxalçı ölkənin tələblərinə riayət olunmadıqda ixrac olunan bitkiçilik məhsullarına fitosanitar sertifikatların verilməsi ilə bağlı karantin baxışı zamanı qanunvericiliyə uyğun olaraq sertifikatlaşdırmadan imtina ediləcək. Bununla da etiketlənmə və markalanma ilə bağlı tələblərə riayət olunmayan məhsulların ixracına icazə verilməyəcək.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Çin Xalq Respublikasının (ÇXR) Baş Gömrük Administrasiyasının nümayəndələri arasında görüş olub. Onlayn formatda keçirilən görüşdə ölkəmizdən Çinə fındıq, badam, quş əti və quş əti məhsulları, həmçinin meyvə ixracı ilə bağlı müzakirələr aparılıb. Görüşdə Agentlik və Çinin Baş Gömrük Administrasiyası arasında məhsulların ixracı zamanı müvafiq protokolların razılaşdırılması ilə bağlı ÇXR-nin idxal tələbləri nəzərdən keçirilib. Sonda qarşılıqlı əməkdaşlıq və etimad şəraitində bundan sonra da qida məhsullarının idxalı və ixracı zamanı işlərin daha operativ və səmərəli həyata keçiriləcəyi bildirilib.
Qida Təhlükəsizliyi Agentliyi ölkə ərazisində zərərli orqanizmlərin vaxtında aşkarlanması və yayılmasının qarşısının alınması məqsədilə bitkiçilik təsərrüfatlarında fitosanitar monitorinqləri davam etdirir. Tədbirlər çərçivəsində Agentlik əməkdaşları Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları ilə birgə Culfa rayonu ərazisində yerləşən ümumi sahəsi 314 ha olan qarışıq meyvə bağında (üzüm, alma, badam, gilas, digər tumlu-çəyirdəkli meyvələr) fitosanitar monitorinq aparıb. Monitorinq zamanı zərərvericilərin erkən aşkarlanması məqsədilə feromon tələlər quraşdırılıb. Qeyd edək ki, bağda istehsal olunan üzüm məhsulu Rusiya Federasiyası və Birləşmiş Ərəb Əmirliklərinə ixrac olunur. Ölkə üzrə fitosanitar monitorinqlər davam etdirilir.
Cari ilin 19-23 may tarixlərində Qida Təhlükəsizliyi Agentliyi və aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə quş qripi xəstəliyinə qarşı keçirilmiş epizootoloji monitorinqin nəticələri açıqlanıb. Monitorinq zamanı 65 baş müxtəlif növ vəhşi quşdan diaqnostik nümunələr götürülüb. Bundan əlavə, 23 sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisəsində 230 baş, habelə 14 rayonun (şəhər) 116 ailə təsərrüfatında ümumilikdə müxtəlif növ 364 baş ev quşundan laborator müayinə üçün qan və yaxma nümunələri götürülüb. Laboratoriyalarda aparılmış müayinələrin ümumi təhlili nəticəsində quş qripi xəstəliyinin törədicisi və xəstəliyə şübhəli klinik əlamətləri olan quşa rast gəlinməyib. Ev quşlarından götürülmüş diaqnostik nümunələr Nyukasl xəstəliyinə görə də müayinə edilib və yoluxmaya şübhəli hal rast gəlinməyib. Monitorinq çərçivəsində təbiət ərazilərinə, müxtəlif növ quşçuluq müəssisələrinə, ailə təsərrüfatlarına, su hövzələri, parklar və zooparklara, dekorativ quşların saxlandığı obyektlərə, diri quş satışının həyata keçirildiyi bazarlara ümumi baxış keçirilib, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri görülüb.
Məlum olduğu kimi, təhsil və tibb müəssisələrində, habelə sosial sahənin digər ictimai müəssisələrində vətəndaşların qidalanması Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təhsil müəssisələrində, xəstəxanalarda və sosial sahənin digər ictimai müəssisələrində vətəndaşların qida normalarının tətbiq edilməsi haqqında” 1994-cü il 9 mart tarixli 103 nömrəli Qərarı ilə təsdiq edilmiş qida normalarına əsasən təşkil olunur. Yeni normaların hazırlanması məqsədilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi və digər aidiyyəti qurumların nümayəndələrindən ibarət işçi qrupu yaradılıb və “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” müvafiq layihələr hazırlanıb. Layihələr hazırlanarkən sahəvi qanunvericilik aktları təhlil edilib, həmin qanunvericilik aktlarına uyğun olaraq qəbul edilmiş normativ hüquqi aktların tətbiqi təcrübəsi araşdırılıb. Həmçinin ölkədəki uşaqların 2012-2022-ci illər üzrə sağlamlıq vəziyyəti təhlil edilib, mövcud məsələlərin həlli istiqamətində müalicə və profilaktika ilə yanaşı, düzgün qidalanmanın da rolu nəzərə alınaraq, uşaqların qida normaları təkmilləşdirilib. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, minimum istehlak səbətinin qida məhsulları üzrə tərkibi əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən tibb müəssisələrində, təhsil müəssisələrində və sosial sahəyə aid müəssisələrdə şəxslərin qida normaları müəyyən ediləcək. Tibb müəssisələrində və sosial sahəyə aid müəssisələrdə yeni qida normalarının tətbiqi, bu sahələrdə xidmət alan şəxslərin fiziki və psixoloji sağlamlığını yaxşılaşdırmaqla yanaşı, onların müalicə və reabilitasiya proseslərinə müsbət təsir göstərəcək. Təhsil müəssisələrində yeni qida normalarının tətbiqi isə təhsil alan şəxslərin qida təminatının düzgün tənzimlənməsi ilə onların sağlam inkişafını təmin edəcək.
Giriş