Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli iyulun 4-ü saat 10:00-da Abşeron rayon Heydər Əliyev Mərkəzində Sumqayıt şəhəri və Abşeron, Zəngilan, Qubadlı rayonlarından olan vətəndaşların qəbulunu keçirəcək. Vətəndaşlar ad, soyad, ata adı, müraciətin məzmunu, yaşayış ünvanı və telefon nömrəsini göstərməklə info@afsa.gov.az elektron ünvanına rəsmi şəkildə müraciət edərək və ya “1003-Çağrı Mərkəzi” ilə əlaqə saxlayaraq iyulun 3-dək qəbula yazıla bilərlər. Agentliyin səlahiyyət dairəsinə aid məsələlərlə yanaşı, AQTA-nın region üzrə yerli bölmələrində işlə təmin olunmaq istəyən müvafiq ixtisaslara yiyələnmiş vətəndaşlar da müraciət edə bilərlər.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən 2025-ci il 17-21 iyun tarixlərində aparılan monitorinqlər zamanı Bakı, Sumqayıt şəhərləri və Masallı, Lənkəran rayonlarında fəaliyyət göstərən 5 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar inzibati tədbir görülüb. Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati xəta haqqında protokol tərtib edilmiş məntəqələr aşağıdakılardır:
Qida Təhlükəsizliyi Agentliyi meyvə və tərəvəz ixracı ilə məşğul olan sahibkarlara xəbərdarlıq edir ki, ölkəmizdən ixrac olunan bitkiçilik məhsullarının daşınmasında istifadə olunan meşə materiallarından hazırlanmış altlıq və qablaşdırma materialları “Bitki mühafizəsi haqqında” Beynəlxalq Konvensiyadan irəli gələrək təsdiq edilmiş 15 nömrəli Fitosanitar Tədbirlər üzrə Beynəlxalq Standartın tələblərinə uyğun formada işlənməlidir. Həmçinin məhsulların etiketlənməsi idxalçı ölkənin tələblərinə uyğun həyata keçirilməlidir. Beynəlxalq tələblərə əsasən, Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində dövriyyədə olan bütün qablaşdırılmış qida məhsullarında bir sıra məlumatlar qeyd olunmalıdır. Məhsulun qablaşdırmasında qida ilə təmas üçün təhlükəsiz materiallardan istifadə edilməli, taralarda yapışqanlı etiketlər üçün xüsusi sahə ayrılmalı, etiketlər dayanıqlı, oxunaqlı və möhkəm yapışdırılmalıdır. Uyğun işlənmədən keçmiş hər bir taxta qablaşdırmada rəsmi ISPM 15 nişanı olmalıdır. Markalanma iki əks tərəfdə yerləşməli, silinməz, oxunaqlı və daimi olmalı, qırmızı və narıncı rənglərdə olmamalıdır. Taxta qablaşdırma materialları, paletlər fumiqasiya edilməlidir. Fumiqasiya möhürü silinməz, dəqiq, oxunabilən olmalıdır. Qabıqlı taxtadan hazırlanmış altlıq və qablaşdırma materiallarının istifadəsi qadağandır. Sahibkarlar tərəfindən idxalçı ölkənin etiketlənməyə dair tələbləri, həmçinin beynəlxalq standartın meşə materiallarından hazırlanmış altlıqlar və qablaşdırma materiallarına dair tələbləri nəzərə alınmalıdır. Əks təqdirdə idxalçı ölkənin tələblərinə riayət olunmadıqda ixrac olunan bitkiçilik məhsullarına fitosanitar sertifikatların verilməsi ilə bağlı karantin baxışı zamanı qanunvericiliyə uyğun olaraq sertifikatlaşdırmadan imtina ediləcək. Bununla da etiketlənmə və markalanma ilə bağlı tələblərə riayət olunmayan məhsulların ixracına icazə verilməyəcək.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Çin Xalq Respublikasının (ÇXR) Baş Gömrük Administrasiyasının nümayəndələri arasında görüş olub. Onlayn formatda keçirilən görüşdə ölkəmizdən Çinə fındıq, badam, quş əti və quş əti məhsulları, həmçinin meyvə ixracı ilə bağlı müzakirələr aparılıb. Görüşdə Agentlik və Çinin Baş Gömrük Administrasiyası arasında məhsulların ixracı zamanı müvafiq protokolların razılaşdırılması ilə bağlı ÇXR-nin idxal tələbləri nəzərdən keçirilib. Sonda qarşılıqlı əməkdaşlıq və etimad şəraitində bundan sonra da qida məhsullarının idxalı və ixracı zamanı işlərin daha operativ və səmərəli həyata keçiriləcəyi bildirilib.
Qida Təhlükəsizliyi Agentliyi ölkə ərazisində zərərli orqanizmlərin vaxtında aşkarlanması və yayılmasının qarşısının alınması məqsədilə bitkiçilik təsərrüfatlarında fitosanitar monitorinqləri davam etdirir. Tədbirlər çərçivəsində Agentlik əməkdaşları Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları ilə birgə Culfa rayonu ərazisində yerləşən ümumi sahəsi 314 ha olan qarışıq meyvə bağında (üzüm, alma, badam, gilas, digər tumlu-çəyirdəkli meyvələr) fitosanitar monitorinq aparıb. Monitorinq zamanı zərərvericilərin erkən aşkarlanması məqsədilə feromon tələlər quraşdırılıb. Qeyd edək ki, bağda istehsal olunan üzüm məhsulu Rusiya Federasiyası və Birləşmiş Ərəb Əmirliklərinə ixrac olunur. Ölkə üzrə fitosanitar monitorinqlər davam etdirilir.
Cari ilin 19-23 may tarixlərində Qida Təhlükəsizliyi Agentliyi və aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə quş qripi xəstəliyinə qarşı keçirilmiş epizootoloji monitorinqin nəticələri açıqlanıb. Monitorinq zamanı 65 baş müxtəlif növ vəhşi quşdan diaqnostik nümunələr götürülüb. Bundan əlavə, 23 sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisəsində 230 baş, habelə 14 rayonun (şəhər) 116 ailə təsərrüfatında ümumilikdə müxtəlif növ 364 baş ev quşundan laborator müayinə üçün qan və yaxma nümunələri götürülüb. Laboratoriyalarda aparılmış müayinələrin ümumi təhlili nəticəsində quş qripi xəstəliyinin törədicisi və xəstəliyə şübhəli klinik əlamətləri olan quşa rast gəlinməyib. Ev quşlarından götürülmüş diaqnostik nümunələr Nyukasl xəstəliyinə görə də müayinə edilib və yoluxmaya şübhəli hal rast gəlinməyib. Monitorinq çərçivəsində təbiət ərazilərinə, müxtəlif növ quşçuluq müəssisələrinə, ailə təsərrüfatlarına, su hövzələri, parklar və zooparklara, dekorativ quşların saxlandığı obyektlərə, diri quş satışının həyata keçirildiyi bazarlara ümumi baxış keçirilib, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri görülüb.
Məlum olduğu kimi, təhsil və tibb müəssisələrində, habelə sosial sahənin digər ictimai müəssisələrində vətəndaşların qidalanması Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təhsil müəssisələrində, xəstəxanalarda və sosial sahənin digər ictimai müəssisələrində vətəndaşların qida normalarının tətbiq edilməsi haqqında” 1994-cü il 9 mart tarixli 103 nömrəli Qərarı ilə təsdiq edilmiş qida normalarına əsasən təşkil olunur. Yeni normaların hazırlanması məqsədilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi və digər aidiyyəti qurumların nümayəndələrindən ibarət işçi qrupu yaradılıb və “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” müvafiq layihələr hazırlanıb. Layihələr hazırlanarkən sahəvi qanunvericilik aktları təhlil edilib, həmin qanunvericilik aktlarına uyğun olaraq qəbul edilmiş normativ hüquqi aktların tətbiqi təcrübəsi araşdırılıb. Həmçinin ölkədəki uşaqların 2012-2022-ci illər üzrə sağlamlıq vəziyyəti təhlil edilib, mövcud məsələlərin həlli istiqamətində müalicə və profilaktika ilə yanaşı, düzgün qidalanmanın da rolu nəzərə alınaraq, uşaqların qida normaları təkmilləşdirilib. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, minimum istehlak səbətinin qida məhsulları üzrə tərkibi əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən tibb müəssisələrində, təhsil müəssisələrində və sosial sahəyə aid müəssisələrdə şəxslərin qida normaları müəyyən ediləcək. Tibb müəssisələrində və sosial sahəyə aid müəssisələrdə yeni qida normalarının tətbiqi, bu sahələrdə xidmət alan şəxslərin fiziki və psixoloji sağlamlığını yaxşılaşdırmaqla yanaşı, onların müalicə və reabilitasiya proseslərinə müsbət təsir göstərəcək. Təhsil müəssisələrində yeni qida normalarının tətbiqi isə təhsil alan şəxslərin qida təminatının düzgün tənzimlənməsi ilə onların sağlam inkişafını təmin edəcək.
Azərbaycan Prezidenti İlham Əliyev “Dövlət qulluqçularının təltif edilməsi haqqında” Sərəncam imzalayıb. Dövlət qulluğunda səmərəli fəaliyyətinə görə aşağıda adları qeyd olunan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları da təltif edilib
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bərdə rayonu, İ.Qayıbov küçəsində fəaliyyət göstərən, Behbudov Rəşad Yaşar oğluna məxsus “Ay Pizza” restoranında yoxlama keçirib. Baxış zamanı restoranda qida məhsullarının saxlanma temperaturuna əməl olunmadığı, mal qonşuluğu prinsipinin pozulduğu, işçi heyətin gigiyena qaydalarına riayət etmədiyi və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Albaniya Respublikasının Korça və Tirana bölgələrində xırdabuynuzlu heyvanların taunu, Rumıniyanın Teleorman inzibati ərazi vahidində xırdabuynuzlu heyvanların çiçək, Kamboca Krallığının Pursat əyalətində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin bu yoluxucu xəstəliklərdən qorunması üçün zonalaşma prinsipi nəzərə alınmaqla, qeyd olunan ərazilərdə xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədən diri ev və diri xırdabuynuzlu heyvanların, onlara aid məhsulların, diri quş və quşçuluq məhsullarının idxalı, habelə tranziti ilə bağlı ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin əməkdaşları üçün məlumat xarakterli HACCP təlimi təşkil edilib. Təlimdə iştirakçılara HACCP sisteminin mahiyyəti, tətbiq prinsipləri və bu sistemin müəssisələrə qazandırdığı üstünlüklər haqqında ətraflı məlumat verilib. Qeyd olunub ki, HACCP qida təhlükəsizliyini təmin etmək üçün tətbiq olunan idarəetmə sistemidir. HACCP sistemi məhsulun dolayı yolla keyfiyyətin artırılmasında deyil, məhsulun təhlükəsizliyini təmin etməklə birbaşa keyfiyyətinin artırılmasına üstünlük verir. Bu sistemin tətbiqi “Qida Təhlükəsizliyi haqqında” qanunla tənzimlənir. Qanunvericiliyə əsasən, HACCP sisteminin tətbiqi sahibkarlıq subyektləri üçün məcburi hesab olunur. Təlim zamanı vurğulanıb ki, HACCP prinsipləri özündə qida məhsullarının istehsalında risk əsaslı yanaşmaya üstünlük verir. Bu da məhsulun standart keyfiyyətdə istehsalı hesabına birbaşa satış və gəlirliliyi artırır, ixrac potensialının yaranmasına şərait yaradır. Təlimin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, onların mövzu ilə bağlı bilik səviyyəsi dəyərləndirilib.
İstehsal və satış prosesində qida məhsullarının keyfiyyətinin qorunması, onların saxlanma müddəti ərzində etiketində göstərilən qida dəyərinə uyğun qalması əsas tələblərdən biridir. Bu istiqamətdə istehlakçı hüquqlarının müdafiəsi məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) "rəf ömrünün təyini" üzrə sınaqlar həyata keçirir. Bu sınaqlar məhsulun istehsal tarixindən son istifadə müddətinə qədər olan dövrdə istehlaka yararlılığını müəyyənləşdirməyə xidmət edir. Qida məhsulları üzərində aparılan sınaqlar mikrobioloji, fiziki-kimyəvi və toksikoloji parametrlər əsasında qiymətləndirilir. Sınaqlar yekunlaşdıqdan sonra məhsulun təhlükəsizlik və keyfiyyət baxımından hansı müddət ərzində saxlanıla biləcəyi elmi əsaslarla müəyyən edilir və təsdiqlənmiş hesabat sifarişçiyə təqdim olunur. Müayinələr yüksək səriştəliliyə malik personal tərəfindən beynəlxalq metodlara uyğun olaraq həyata keçirilir. Sınaqların aparılmasında məqsəd qida təhlükəsizliyinin təmin olunmasında iştirak edən tərəflər arasında inamın artırılmasıdır. Qida məhsullarında sürətləndirilmiş rəf ömrünün təyin edilməsi sınaqları bu sahədə fəaliyyət göstərən istehsalçılara da müxtəlif istiqamətlərdə dəstək verir. Keyfiyyətin qorunması üçün uyğun saxlanma şəraitinin təyin edilməsi ortaya çıxa biləcək potensial problemlərin erkən mərhələdə aşkarlanması ilə nəticələnir.
Giriş