Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, İsrail Dövlətinin Cənub bölgəsində və Rumıniyanın Olt inzibati ərazi vahidində qeydə alınmış yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb. Belə ki, qeyd olunan ərazilərdə ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, xəstəliyin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və epizootik sağlamlıq statusu bərpa olunub. Bununla əlaqədar respublika ərazisinin bu yoluxucu xəstəlikdən qorunması məqsədilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həmin ərazilərə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Nəzarət tədbirləri çərçivəsində Rusiya və İrandan idxal olunan bəzi qida məhsulu partiyalarında uyğunsuzluq aşkarlanıb. Bununla bağlı müvafiq ölkələrin aidiyyəti qurumlarına bildirişlər ünvanlanıb. Həmçinin faktla bağlı AQTA tərəfindən qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb. Uyğunsuzluqlar əsasən parazit və bakteriya üzrə, eləcə də kükürd dioksidin kütlə payının normadan çox olması ilə bağlı olub. Nöqsanlar aşkarlanan məhsul partiyaları aşağıdakılardır:
Mononatrium qlütamat — yeməklərin dadını gücləndirmək üçün geniş istifadə olunan qida əlavəsidir. Bu maddə qlütamat turşusunun natrium duzudur və emal olunmuş qidaların etiketlərində “E621” və ya “monosodium glutamate” kimi qeyd olunur. Bu maddə qida sənayesində əsasən kolbasa, sosiska, hazır şorbalar, “fast food”, çips və konservlərdə geniş istifadə olunur. Yol verilən həddən artıq qəbul edildikdə, insanlarda allergik reaksiyalar, nevroloji təsirlər, həmçinin “Çin restoranı sindromu” adlanan simptomlar yarana bilər. Bunlara baş ağrısı, boyun və sinə nahiyəsində gərginlik, tərləmə, ürək döyüntüsünün artması və halsızlıq kimi əlamətlər daxildir. Beynəlxalq təşkilatlar bu maddənin normal miqdarda istifadəsinin təhlükəsiz olduğunu bildirir. Ancaq gündə 3-5 qram və daha çox qəbul edildikdə bəzi insanlarda allergik reaksiyalar yarana bilər. Xüsusilə uşaqlar, hamilə qadınlar və bu maddəyə həssaslığı olan şəxslər ehtiyatlı olmalıdır. Qida etiketlərində mononatrium qlütamat müxtəlif adlarla qeyd oluna bilər. İstehlakçılar xüsusilə monosodium glutamate, E621, hidrolizə olunmuş bitki zülalı, ləzzət artırıcı və natrium qlütamat kimi ifadələrə diqqət yetirməlidirlər. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi E621 də daxil olmaqla qida əlavələrinin istifadəsini mövcud qanunvericiliyə uyğun şəkildə tənzimləyir və onların müəyyən olunmuş miqdarda təhlükəsiz şəkildə istifadəsinə nəzarət edir. Nəzərə almaq lazımdır ki, E621 bir çox fərqli məhsulda ola bilər və gün ərzində müxtəlif mənbələrdən qəbul edildikdə onun təsiri artaraq sağlamlığa zərər verə bilər. Buna görə də istehlakçılar rasionlarında bu maddənin miqdarına nəzarət etməli, mümkün qədər az istifadəsinə üstünlük verməlidirlər. Daha ətraflı videoda: https://www.youtube.com/shorts/Er-BTakezus
Salyan rayonunun Yolüstü kəndində yerləşən, Abuzərov Arif Safalı oğluna məxsus bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrin satışı mağazasında Qida Təhlükəsizliyi Agentliyi tərəfindən yoxlama keçirilib. Baxış zamanı obyektdə ümumi çəkisi 1359.8 kq və 297.15 litr olan son istifadə müddəti bitmiş 92 adda pestisid və aqrokimyəvi maddə aşkarlanıb. Eyni zamanda məhsulların saxlanma şəraitinə əməl olunmadığı, temperatur rejiminin pozulduğu və digər nöqsanlar müəyyən olunub. Faktla bağlı inzibati protokol tərtib edilib, istifadə müddəti bitmiş məhsullar dövriyyədən çıxarılıb.
Azərbaycan Dövlət İqtisad Universitetinin rəhbər və müəllim heyəti, həmçinin “Qida mühəndisliyi” ixtisası üzrə təhsil alan tələbələri ilə maarifləndirici görüş keçirilib. Görüşdə Qida Təhlükəsizliyi Agentliyi və Qida Təhlükəsizliyi İnstitutunun fəaliyyəti, işə qəbul proseduru və karyera imkanları haqqında məlumat verilib. Görüş zamanı “Qida Təhlükəsizliyi Könüllüləri” təşəbbüs qrupunun fəaliyyətindən bəhs olunub. Qeyd olunub ki, bu günə qədər 2300 nəfər könüllü olmaq üçün müraciət edib, onlardan 550 nəfər seçilib. Sonda tələbələrin dövlət qulluğu, Agentlikdə təcrübə keçmək imkanları barədə sualları cavablandırılıb.
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) 92-ci Baş Sessiyası çərçivəsində təşkilatın Avropa Regional Komissiyasının idarə heyətinə seçkilər keçirilib. Səsvermə nəticəsində Azərbaycan təmsilçisi ÜHST-nin Avropa Komissiyasına vitse-prezident seçilib. Bununla da ölkəmiz nüfuzlu təşkilatın idarəçiliyində təmsil olunacaq. 53 ölkənin daxil olduğu regionda tətbiq edilən bir sıra tədbirlər AQTA-nın Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, Respublikanın Baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyevin koordinasiyası ilə icra olunacaq. Eyni zamanda beynəlxalq təşkilatın gələcək fəaliyyət strategiyalarının və proqnozlarının hazırlanması Azərbaycan təmsilçisinin iştirakı ilə həyata keçiriləcək. Namizədliyi yekdil səslə qəbul olunan qərar nəticəsində Azərbaycanın digər ölkələr ilə ikitərəfli əməkdaşlığın qurulması potensialının yüksələcəyi, ölkəmizdə əldə edilmiş qabaqcıl təcrübənin digər ölkələrdə tətbiq olunmasına şərait yaranacağı gözlənilir.
İyunun 17-si saat 10:00-da Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Şabran rayon Heydər Əliyev Mərkəzində Şabran, Quba, Qusar, Xaçmaz, Siyəzən, Xızı rayonlarından olan vətəndaşların qəbulunu keçirəcək. Vətəndaşlar ad, soyad, ata adı, müraciətin məzmunu, yaşayış ünvanı və telefon nömrəsini göstərməklə info@afsa.gov.az elektron ünvanına rəsmi şəkildə müraciət edərək və ya “1003-Çağrı Mərkəzi” ilə əlaqə saxlayaraq iyunun 16-dək qəbula yazıla bilərlər. Agentliyin səlahiyyət dairəsinə aid məsələlərlə yanaşı, AQTA-nın region üzrə yerli bölmələrində işlə təmin olunmaq istəyən müvafiq ixtisaslara yiyələnmiş vətəndaşlar da müraciət edə bilərlər.
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin növbəti vətəndaş qəbulu Agentliyin inzibati binasında iyunun 5-i saat 14:00-da keçiriləcək. Qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlar, o cümlədən qida məhsullarının istehsalı, emalı, idxal-ixracı, daşınması, satışı və sair sahələrdə çalışan şəxslər onları narahat edən məsələlərlə bağlı Agentlik sədri ilə görüşə bilərlər. Görüşdə iştirak etmək istəyən şəxslər ad, soyad, fəaliyyət sahəsi, müraciətin məzmunu və telefon nömrələrini göstərərək info@afsa.gov.az elektron poçtu vasitəsilə müraciət etməklə və ya (+994 50) 515 51 87 nömrəsinə zəng etməklə, həmçinin vatsap üzərindən əlaqə saxlamaqla qəbula yazıla bilərlər.
2025-ci il - "Konstitusiya və Suverenlik İli" çərçivəsində Qida Təhlükəsizliyi Agentliyində “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda seminar keçirilib. Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş videoçarx nümayiş olunub. Tədbirdə bildirilib ki, 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci ildə Azərbaycan Respublikasının ilk milli Konstitusiyasının hazırlanması və qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, dahi liderin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Çıxış edənlər Prezident İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində tarixi qələbə və 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpa edildiyi, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsinin işğalın aradan qaldırıldığı bütün ərazilərdə bərqərar olunduğu barədə söz açıblar.
Mayın 29-u Ümumdünya Sağlam Qidalanma Günü kimi qeyd olunur. Bu gün Ümumdünya Qastroenteroloqlar Təşkilatının təşəbbüsü ilə təsis edilib. Məqsəd insanları həzm sistemi problemləri haqqında məlumatlandırmaq, sağlam qidalanmanın əhəmiyyətinə diqqət çəkmək və qastroenteroloji xəstəliklərin artan sayı ilə bağlı xəbərdarlıq etməkdir. Qida Təhlükəsizliyi Agentliyi tərəfindən indiyədək “Sağlam məktəbli”, “Məktəblilər üçün kişmiş”, "Məktəblilərin Qida Bələdçiləri", “Şəkəri azalt, ömrünü uzat!” və bir sıra digər maarifləndirmə layihələri uğurla icra olunub. Hazırda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Nutrisiologiya və Diyetologiya Assosiasiyası (NÜDİA) ilə birgə “Sözdən əmələ keç, Sağlam qidalanmanı seç!” layihəsi reallaşdırılır. Bu çərçivəsində körpənin ilk və ən vacib qidası olan “Möcüzəvi qida - Ana südü” mövzusunda müxtəlif maarifləndirici layihələr icra olunur.
AQTA tərəfindən “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın icrası uğurla davam etdirilir. Belə ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən Dövlət Proqramında müəyyənləşdirilmiş 12 prioritet istiqamət üzrə 71 tədbirin icrası ilə bağlı 2024-cü il üzrə monitorinq aparılıb. Monitorinqin nəticələrinə əsasən tədbirlər üzrə ümumi icra vəziyyəti 90 %, gözlənilən təsir indikatorlarına görə isə 100% olub.
Məlum olduğu kimi, ölkəmiz Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) qərarı ilə bir sıra heyvan xəstəliklərindən, o cümlədən xırdabuynuzlu heyvanların taunu və yüksək patogen quş qripi xəstəliyindən azad ölkə kimi tanınıb. Əldə olunmuş nəticələr ölkəmizin biotəhlükəsizliyinin təmin olunması ilə yanaşı, həmçinin bu istiqamətdə ixrac potensialını daha da genişləndirir. Hazırda işğaldan azad olunmuş ərazilərdə və Naxçıvan Muxtar Respublikasında da heyvan xəstəliklərindən azad statusun alınması üçün zəruri tədbirlər görülməkdədir. Ancaq təəssüflə qeyd edək ki, ölkəmizin bir sıra regionlarında, xüsusilə magistral yolların kənarında yerləşən istirahət zonalarında, restoran və kafelərdə vəhşi heyvanların və çöl quşlarının müxtəlif məqsədlərlə heç bir norma və qaydalara uyğun olmayan şəraitdə saxlanıldığı müşahidə olunur. Bütün bunlar ölkəmizdə epizootoloji sabitliyin pozulmasına risk təşkil etməklə yanaşı, ÜHST tərəfindən təsdiq olunmuş xəstəliklərdən azad zona statusuna da təhlükə yaratmış olur. Ölkəmizdə biotəhlükəsizliyin qorunmasına təhlükə hesab ediləcək bu cür qanunsuz fəaliyyətlər ixrac potensialı geniş olan heyvan mənşəli qida məhsullarının ixracına da maneə yarada bilər. Bildirilir ki, heyvanların ictimai iaşə obyektlərində, həmçinin müxtəlif istirahət məkanlarında bu şəkildə saxlanılması və nümayiş etdirilməsi qanunvericiliklə qəti qadağandır və bununla bağlı olaraq Agentlik tərəfindən müvafiq qurumlarla birgə zəruri tədbirlər görüləcəkdir.
Giriş