Təhlükəsiz qida ilə sağlam gələcəyə!

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
AZ
Ümummilli Lider Heydər Əliyev Prezident İlham Əliyev Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Azərbaycan Respublikasının Nazirlər Kabineti Heydər Əliyev Fondu
AQTA sədri “InterFood Azerbaijan” və “Caspian Agro” sərgilərinin açılış mərasimində iştirak edib
AQTA sədri “InterFood Azerbaijan” və “Caspian Agro” sərgilərinin açılış mərasimində iştirak edib

Mayın 13-də Bakı Ekspo Mərkəzində 30-cu Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan” və 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” sərgiləri öz işinə başlayıb. “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri Kənd Təsərrüfatı Nazirliyinin təşkilati dəstəyi ilə keçirilir. Həmçinin Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası (AQİSA), BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA) sərgiləri fəal şəkildə dəstəkləyirlər. AQTA sədri Qoşqar Təhməzli “InterFood Azerbaijan” və “Caspian Agro” sərgilərinin açılış mərasimində çıxış edib. Q.Təhməzli diqqətə çatdırıb ki, “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ölkədə insan, heyvan və bitki sağlamlığı üçün təhlükə törədən müvafiq risklərin idarə edilməsi, biotəhlükəsizliyin qorunması və təmin olunması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilməkdədir. Qida təhlükəsizliyi sisteminin hüquqi bazasının beynəlxalq təcrübəyə uyğun formalaşdırılması məqsədilə “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edildiyini və həmin Qanunun icrasından irəli gələrək 15 qaydanın təsdiq olunduğunu və uyğunlaşdırma çərçivəsində 79 sayda normativ hüquqi akta dəyişikliklər edildiyini bildirən AQTA sədri əlavə edib ki, ötən dövr ərzində qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sahədə sanitar norma və qaydaların beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə Agentliyin Kollegiyasının Qərarı ilə 24 sayda texniki normativ hüquqi akt qəbul edilib.   Q.Təhməzli “Bitki sağlamlığı haqqında” Azərbaycan Respublikasının Qanunu layihəsinin hazırlandığını sərgi iştirakçılarının diqqətinə çatdıraraq, layihənin aidiyyəti dövlət qurumlarına rəy üçün göndərildiyini, hazırda maraqlı tərəflərin iştirakı ilə geniş ictimai müzakirəsinin keçirildiyini vurğulayıb: “Eyni zamanda heyvan sağlamlığı sahəsində mövcud qanunvericiliyi beynəlxalq tələblərə uyğunlaşdırmaq məqsədilə beynəlxalq ekspertlərin tövsiyələri də nəzərə alınmaqla, “Heyvan sağlamlığı haqqında” Azərbaycan Respublikasının Qanunu layihəsi hazırlanmışdır” – sitatın sonu. AQTA sədri çıxışında həmçinin qeyd edib ki, idxal və ixrac əməliyyatları zamanı qida təhlükəsizliyinə nəzarətin operativ həyata keçirilməsi məqsədilə Qazax rayonunun Gürcüstan Respublikası ilə sərhəd buraxılış məntəqəsinə yaxın ərazisində yaradılmış “Qırmızı körpü” Qida təhlükəsizliyi nəzarəti məntəqəsi lazımi bütün avadanlıqlarla təchiz edilib və fəaliyyətə başlayıb. “Son illər mütərəqqi beynəlxalq təcrübəyə uyğun olaraq, respublikamızın insan və heyvan sağlamlığı üçün təhlükə törədən, habelə ətraf mühitdə bioloji təhlükəsizliyin pozulmasına səbəb olan xəstəliklərə görə sağlamlıq statusunun təsdiq edilməsi istiqamətində ciddi işlər aparılıb”, – deyən Q.Təhməzli əlavə edib ki, bu çərçivədə Azərbaycan 2024-cü ildə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən xırdabuynuzlu heyvanların taunu və yüksək patogen quş qripi xəstəliyindən azad ölkə kimi tanınıb, eyni zamanda əvvəlki illərdə əldə edilmiş atların afrika xəstəliyi və donuzların afrika taunu xəstəliyindən azad olma statusu qorunub saxlanılır.  Agentlik sədri onu da bildirib ki, əldə edilən bütün bu nailiyyətlər, ölkədə bioloji təhlükəsizliyin təmin olunması istiqamətində aparılan məqsədyönlü tədbirlər, dünyada mövcud olan bir sıra heyvan xəstəliklərindən azad statusların əldə edilməsi, beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi və yeni əlaqələrin qurulması ölkəmizdə istehsal olunan bir sıra qida məhsullarının ixrac potensialı üçün münbit şərait yaradır. Sitat: “Belə ki, Azərbaycan Respublikasından bir sıra ölkələrə, o cümlədən Rusiya Federasiyası və Amerika Birləşmiş Ştatlarına ərzaqlıq yumurtanın ixracına başlanılıb. Akvakulturada yetişdirilən nərəkimilər cinsindən olan balıqlardan əldə olunmuş kürü məhsullarının Avropa İttifaqı ölkələrinə ixracı üçün icazənin davamlılığı təmin edilmişdir”. Bununla yanaşı, qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda qida təhlükəsizliyi sahəsində qarşıya qoyulmuş tədbirlərin icrası uğurla davam etdirilib. Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının tələblərinə uyğun olaraq, işğaldan azad edilmiş ərazilərdə yaradılacaq heyvan xəstəliklərindən azad zona ilə bağlı təsərrüfatlarda epizootoloji monitorinq və digər zəruri tədbirlər həyata keçirilib.   “InterFood Azerbaijan” və “Caspian Agro” sərgilərində 30-dan artıq ölkədən 450-dək şirkət öz iştirakını təsdiq edib. Sərgilər Bakı Ekspo Mərkəzinin bütün pavilyonlarını və açıq sahəsini əhatə edir. Xatırladaq ki, “InterFood Azerbaijan” və “Caspian Agro” sərgiləri bu il 4 gün ərzində təşkil ediləcək.

12 May - Beynəlxalq Bitki Sağlamlığı Günüdür
12 May - Beynəlxalq Bitki Sağlamlığı Günüdür

12 May - Beynəlxalq Bitki Sağlamlığı Günüdür. Birləşmiş Millətlər Təşkilatı tərəfindən elan edilən bu günün məqsədi bitki sağlamlığının qorunmasının qlobal miqyasda əhəmiyyətini vurğulamaq və bu sahədə ictimaiyyəti maarifləndirməkdir. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ölkəmizdə bitki sağlamlığının qorunması, həmçinin xəstəliklərin, zərərvericilərin vaxtında aşkarlanaraq onlara qarşı effektiv mübarizə tədbirlərinin görülməsi məqsədilə mütəmadi tədbirlər həyata keçirilir. Qida zəncirinin əsas elementlərindən olan bitki sağlamlığı sahəsində hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində AQTA tərəfindən yeni “Bitki sağlamlığı haqqında” Azərbaycan Respublikasının Qanun layihəsi hazırlanıb. Qanun layihəsinin məqsədləri əsasəsn bitki xəstəliklərinə qarşı mübarizə metodlarını daha da təkmilləşdirmək, pestisidlərin, aqrokimyəvi maddələrin düzgün istifadəsini nəzarət altına almaq, kənd təsərrüfatı məhsullarının beynəlxalq tələblərə uyğunluğunu təmin etməkdir. Həmçinin bitki sağlamlığının təmin olunmasında Azərbaycan Qida Təhlükəsizlyi İnstitutunun ixtisaslaşmış laboratoriyaları xüsusi rola malikdir. Mərkəzi Fitosanitar Laboratoriyasında entomoloji, herboloji, fitohelmintoloji, mikoloji, bakterioloji və virusoloji ekspertizalar aparılır. Kompleks Tədqiqatlar Laboratoriyasında beynəlxalq metodlardan istifadə edilərək, pestisid və aqrokimyəvi maddələrin laboratoriya sınaqları həyata keçirilir. Milli Referens Laboratoriyasında meyvə-tərəvəz məhsullarında pestisidlərin qalıq miqdarları təyin olunur. Eyni zamanda Xaçmaz, Lənkəran və Tovuz Regional Sınaq Laboratoriyalarında bitki xəstəliklərinin aşkar olunması istiqamətində ən müasir laborator sınaqlar həyata keçirir. Eləcə də fitosanitar sahədə nəzarətin daha da gücləndirilməsi və işin səmərəli təşkili məqsədilə Səyyar Fitosanitar Laboratoriya fəaliyyət göstərir.

Bitki sağlamlığının qorunması istiqamətində tədbirlər davam etdirilir
Bitki sağlamlığının qorunması istiqamətində tədbirlər davam etdirilir

Karantin tətbiq edilən, o cümlədən potensial təhlükəli zərərli orqanizmlərdən qorumaq və onların mənbələrini vaxtında aşkarlamaq məqsədilə karantin nəzarətində olan materiallarda müntəzəm olaraq müşahidələrin aparılması, fitosanitar ekspertizaların keçirilməsi və profilaktik tədbirlərin görülməsi istiqamətində Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri tərəfindən fitosanitar monitorinqlər davam etdirilir. Milli Monitorinq Planı çərçivəsində Agentliyin Şəki-Zaqatala regional bölməsinin əməkdaşları tərəfindən ilkin istehsal təsərrüfatlarında keçirilmiş fitosanitar monitorinqlər zamanı simptomlu bitki hissələrindən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Müayinələr nəticəsində Şəki rayonunun Öryət və Çeşməli kəndləri ərazisində yerləşən tumlu-çəyirdəkli meyvə bağlarında karantin tətbiq edilən göbələk mənşəli Qonur monilioz çürümə xəstəliyi aşkarlanıb. Monitorinq zamanı həmçinin bağçılıq təsərrüfatlarında Qəhvəyi mərmər bağacığı, Şaftalı meyvəyeyəni, Qərb çiçək tripsi və Şərq meyvəyeyəni kimi karantin tətbiq edilən zərərvericilərin mövcudluğunu müəyyənləşdirmək məqsədilə feromon tələlər asılıb. Sahə aqronomu və texniki işçilərlə söhbətlər aparılıb, zərərvericilərlə mübarizə üsulları əks olunan maarifləndirici çap materialları paylanıb. Eyni zamanda təsərrüfat sahiblərinə və işçilərə pestisid və aqrokimyəvi maddələrin saxlanması, daşınması, tətbiq reqlamenti, o cümlədən istifadəsi zamanı təhlükəsizlik qaydalarına əməl olunması barədə tövsiyələr verilib.

Türkmənistandan pomidor məhsulu idxalına məhdudiyyət qoyulub
Türkmənistandan pomidor məhsulu idxalına məhdudiyyət qoyulub

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin həyata keçirdiyi nəzarət tədbirləri çərçivəsində Türkmənistandan idxal edilən pomidor məhsulundan nümunələr götürülərək müayinələrə cəlb olunub. Nümunələrin laborator müayinəsi nəticəsində 11 məhsul partiyasında pomidor meyvələrinin qonur qırışıqlıq virusu (Tomato brown rugose fruit virus) aşkarlanıb. Faktla bağlı məhsul partiyalarının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv olunması barədə qərar qəbul edilib. Hazırda aşkar olunmuş faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülərək, Türkmənistandan pomidor idxalına müvəqqəti qadağa qoyulub, Türkmənistanın müvafiq qurumuna virus aşkarlanmış təsərrüfatda sağlamlaşdırıcı tədbirlərin görülməsi barədə bildiriş məktubu göndərilib. Qeyd edək ki, pomidor meyvələrinin qonur qırışıqlıq virusuna əsasən pomidor, badımcan, bibər, tütün kimi bitkilərdə rast gəlinir. Sirayətlənmə dərəcəsindən asılı olaraq pomidor təsərrüfatlarında 30-70% məhsul itkisinə səbəb olur. Sözügedən virus məhsulun əmtəəlik keyfiyyətini və rəf ömrünü aşağı salır. Bu bitki virusu beynəlxalq ticarətdə və ərazi daxilində əkin-səpin materialı, bitkinin müxtəlif hissələri, o cümlədən meyvələri ilə yayılır. Mexaniki yolla yayılma xüsusiyyətinin olması virusun daha geniş əraziləri sirayətləndirməsində önəmli rol oynayır.

”Möcüzə Qida – Ana Südü” konfransı keçirilib
”Möcüzə Qida – Ana Südü” konfransı keçirilib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Nutrisiologiya və Diyetologiya Assosiasiyasının (NUDİA) birgə həyata keçirdiyi "Sözdən əmələ keç, sağlam qidalanmanı seç" layihəsi davam edir. Bu layihə çərçivəsində növbəti tədbir Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tərəfdaşlığı ilə mayın 6-da Yeni Klinikada keçirilib. "Möcüzə Qida – Ana Südü" konfransında ana südünün insan sağlamlığında rolu, bu sahədəki elmi yanaşmalar və real həyat təcrübələri peşəkar mütəxəssislərin iştirakı ilə müzakirə olunub.  Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyətinin sədr müavini Ramazan Nəbiyev açılış nitqi ilə çıxış edib. Qeyd edib ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi fəaliyyət istiqamətinə uyğun olaraq, qida təhlükəsizliyi sahəsində dövlət tənzimləməsini həyata keçirməklə bərabər, istehlakçıların maarifləndirilməsi istiqamətində də müxtəlif tədbirlər icra edir. Bu məqsədlə həyata keçirilən növbəti genişmiqyaslı maarifləndirmə tədbiri "Sözdən əmələ keç, sağlam qidalanmanı seç" layihəsidir. Bu layihə sağlamlığına dəyər verən, qidalanmasına diqqət edən hər kəs üçün bir çağırışdır deyə bilərik. Elmi əsaslarla sübut olunmuşdur ki, sağlam qidalanma qeyri-infeksion xəstəliklərin qarşısının alınmasında əsas amillərdən biridir.  “Əsas məqsədimiz sağlam və təhlükəsiz qidalanmanı davamlı bir davranış modelinə çevirməkdir. Layihə ümumilikdə hər bir vətəndaşı hədəf alır, çünki sağlam və təhlükəsiz qidalanma hər kəsin həyatı və sağlamlığı üçün vacibdir. Bu gün burada toplanmağımızın məqsədi insan həyatının ən vacib dövrlərindən biri olan erkən uşaqlıq mərhələsində ana südünün əvəzedilməz rolunu bir daha xatırlatmaq, bu sahədəki elmi yanaşmaları paylaşmaq və cəmiyyətimizi bu mövzuda daha da maarifləndirməkdir”– deyə Ramazan Nəbiyev əlavə edib. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İxtisaslı Tibbi Xidmətin Departament rəhbəri Nəzrin Mustafayeva bildirib ki, bu gün ölkəmizin gələcək inkişafı planında səhiyyə sektorunun əsas fəaliyyətlərinin mərkəzində körpə sağlamlığının qorunması və inkişafı dayanır ki, bu məqsədə çatmaq üçün yol məhz bugünkü mövzulardan, müzakirələrdən başlayır. “Respublikanın səhiyyə xidmətinin böyük qismini təmin edən, habelə doğuşayardım və neonatal xidmətin əsas aparıcı müəssisəslərini idarə edən bir qurum olaraq, bu sahədə olduqca əhəmiyyətli fəaliyyətləri icra etmişik. 5 müəssisə son bir ildə olmaqla ümumilikdə 15 “körpə dostu” klinikası təyin edilmişdir. Bu siyasətlərin mərkəzində əsas olaraq, doğuşdan sonrakı ilk saat ərzində dəri təması və ana südü ilə qidalanmaya başlamaqdır” - deyə Nəzrin Mustafayeva vurğulayıb.  Konfrans AQTA-nın Qida təhlükəsizliyi şöbəsinin müdiri Validə Sadıxovanın moderatorluğu ilə panel müzakirələrlə davam edib. Validə Sadıxova vurğulayıb ki, ana südünün tərkibinin nə qədər zəngin olduğunu subut edən çox sayda tədqiqatlar var. “Bizi ən  çox təəccübləndirən ana südünün tərkibinin adaptiv bir maye olmasıdır. Bu həqiqətən də möcüzəvi bir qidadır. Ananın orqanizmi körpənin tələbatına, sağlamlıq vəziyyətinə uyğun süd istehsal edə bilir”.  Uzman pediatr Əkbər Quliyev, uzman ginekoloq Emin Haqverdiyev, ÜST-nin nümayəndəsi Elturan İsmayılov, psixoloq-psixosomatik İradə İmanova "Ana südünün əhəmiyyəti" mövzusunda fikirlərini bölüşüblər.  Tibb elmləri doktoru Nurəngiz Hacıyeva, uzman cərrah-ginekoloq Şəlalə Məmmədova, həkim-diyetoloq Tutu Zeynalova, mütəxəssis-mama Turanə Türkoğlu isə “Ana südü və anaların təcrübəsi: Reallıq və Çağırışlar” panelində çıxış ediblər.

Saxta süd məhsullarının sosial media səhifəsində satışa çıxarıldığı müəyyən edilib
Saxta süd məhsullarının sosial media səhifəsində satışa çıxarıldığı müəyyən edilib

Sosial media platformasında satışı həyata keçirilən qaymağın keyfiyyətinin aşağı olması ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinə daxil olan müraciət əsasında Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi, “Salty Park” yaşayış kompleksi, giriş 1, ev 295 ünvanında yoxlama keçirilib.  Baxış zamanı fiziki şəxs Nəzərova Könül Sabir qızının istehsalçı müəssisələrdən tərkibində quru süd və süd yağı əvəzedicisi olan müxtəlif növ süd məhsullarını (qaymaq, pendir və s.) alıb etiketini çıxararaq, “təbii süd məhsulu” adı altında, müşayiətedici sənədləri olmadan “TikTok” və “İnstagram” sosial media səhifələrində satışını həyata keçirdiyi aşkarlanıb.  Eyni zamanda süd məhsullarının temperatur rejimi gözlənilmədən, soyuducu avadanlıqla təmin edilməyən minik avtomobili vasitəsilə müştərilərə çatdırıldığı müəyyən edilib.  Faktla bağlı qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb, qanunsuz fəaliyyətin qarşısı alınıb. Qeyd edək ki, saxta məhsulların satışı istehlakçıların hüquqlarının pozulmasıdır. Saxlama şəraitinə riayət olunmadan məhsulların satışı isə mikrobioloji çirklənməyə səbəb ola bilər ki, bu da insan sağlamlığı üçün təhlükəli hesab olunur. Vətəndaşlar qida təhlükəsizliyi sahəsində istehlakçı hüquqlarının pozulması və qanunazidd hallarla rastlaşdıqda, bu barədə konkret faktlarla Agentliyin “1003-Çağrı Mərkəzi”nə məlumat verə bilərlər. Müraciət daxil olduqdan dərhal sonra araşdırmalara başlanılacaq və qanunvericiliyə uyğun müvafiq tədbirlər görüləcəkdir.

Video
İdman qidaları və BAQM qəbulunda ən çox edilən səhvlər hansıdır? - Sual-Cavab

İdman qidaları və BAQM qəbulunda ən çox edilən səhvlər hansıdır? - Sual-Cavab