Təhlükəsiz qida ilə sağlam gələcəyə!

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
AZ
Ümummilli Lider Heydər Əliyev Prezident İlham Əliyev Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Azərbaycan Respublikasının Nazirlər Kabineti Heydər Əliyev Fondu
AQTİ “HALAL” sertifikatlaşma prosesini davam etdirir
AQTİ “HALAL” sertifikatlaşma prosesini davam etdirir

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) qida məhsullarının İslam qaydalarına uyğun istehsalını və istehlaka hazır olduğunu göstərən “HALAL” sertifikatlaşma prosesini davam etdirir. Proses çərçivəsində artıq 8 qida subyekti tərəfindən “HALAL” sertifikatlaşma ilə bağlı İnstituta müraciət olunub. Bu müraciətlər əsasında “Səhliyalı” Kiçik Müəssisəsinə məxsus iribuynuzlu heyvan kəsimi və süd məhsullarının emalı və “Siyəzən Broyler” Açıq Səhmdar Cəmiyyətinə aid olan ev quşlarının kəsimi və emalı müəssisələrində qiymətləndirmə fəaliyyətləri həyata keçirilib. Qiymətləndirmələr nəticəsində qənaətbəxş nəticə əldə edən hər iki qida subyektinin müəssisələrinə 3 illik etibarlılığa malik “HALAL” uyğunluq sertifikatı təqdim olunub. Müraciət etmiş digər müəssisələrlə bağlı müvafiq işlər həyata keçirilməkdədir. Qeyd edək ki, AQTİ Türkiyə Respublikasının Halal Akkreditasiya Qurumu (HAK) tərəfindən akkreditasiya olunub və təqdim olunan sertifikat İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutuna (SMIIC) üzv olan ölkələrdə tanınır. Bu o deməkdir ki, İnstitut beynəlxalq akkreditasiya tələblərinə cavab verən “HALAL” uyğunluq sertifikatını təqdim etmək hüququna sahibdir. “HALAL” sertifikatın təqdim edilməsi prosesi 4 mərhələdə həyata keçirilir. İlk mərhələdə müəssisə tərəfindən www.afsi.gov.az veb səhifəsində göstərilən müraciət forması və ərizə doldurularaq halal@afsi.gov.az elektron poçt ünvanına göndərilir. Sonra İnstitutda daxil olan müraciət yoxlanılır. Ardınca obyektin halal qaydalara uyğunluğu və həmin müəssisənin qida təhlükəsizliyi idarəetmə sistemi qiymətləndirilir. Sonda qiymətləndirmə proseslərinin nəticəsinə əsasən, obyekt tələblərə cavab verdiyi təqdirdə, Sertifikatlaşma komitəsi tərəfindən etibarlılıq müddəti 3 il olan “HALAL” uyğunluq sertifikatı təqdim edilir. Halal sertifikatlaşma prosesi isə 4 kateqoriya üzrə aparılır. Bu kateqoriyalar iri və xırdabuynuzlu heyvanların, o cümlədən ev quşlarının kəsimini, balıq məhsullarının emalını, süd və süd məhsullarını, eyni zamanda, emal olunmuş ət məhsullarını əhatə edir.

Dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər görülür
Dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər görülür

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir. Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) rəsmi məlumatlarına əsasən, Lixtenşteyn Knyazlığının Şellenberq şəhərində və Fransa Respublikasının Bretan regionunda blutanq, Amerika Birləşmiş Ştatlarının Oklahoma ştatında isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəliklərdən qorunması üçün zonalaşma prinsipi nəzərə alınmaqla, Şellenberq şəhərində və Bretan regionunda xəstəlik baş vermiş təsərrüfatdan 150 km radiusda olan məsafədən bütün növ diri iri və xırdabuynuzlu heyvanların, dəvələrin, həmçinin onlara aid genetik materialların, Oklahoma ştatında xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə qeyd olunan inzibati ərazi vahidlərindən gələn, yaxud tranzitlə keçib respublikamıza daxil olan, habelə respublika ərazisindən tranzitlə digər ölkələrə gedən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

AQTA “Sağlam məktəbli” layihəsini davam etdirir
AQTA “Sağlam məktəbli” layihəsini davam etdirir

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən “Sağlam məktəbli” layihəsi çərçivəsində ümumi təhsil müəssisələrində maarifləndirmə tədbirləri davam etdirilir. Layihə çərçivəsində 2024-2025-ci tədris ili üzrə ilk görüşlər Füzuli rayonunun Əhmədbəyli, Kərimbəyli və Yağlavənd kənd orta məktəblərində, İmişli rayonunun 5 və 7 nömrəli şəhər tam orta, Yusif Sadatxanov adına Aranlı kənd 1 nömrəli və H.Hüseynov adına Qızılkənd kənd tam orta məktəblərində, Beyləqan rayonunun 3 nömrəli şəhər, Kəbirli kənd 1 nömrəli və Dünyamalılar kənd 1 nömrəli tam orta məktəblərində və Humanitar təmayüllü liseydə, Ağstafa rayonunun Vurğun qəsəbə H.Əzizov adına, A.Ələkbərov adına Köçəsgər kənd 2 nömrəli, A.Mustafayev adına Həsənsu kənd və X.İsmayılov adına Eynallı kənd tam orta məktəblərində keçirilib. Ümumilikdə 15 ümumtəhsil müəssisəsində tədbirlərdə iştirak edən 700-ə yaxın şagirdə Agentliyin fəaliyyət istiqamətləri, eləcə də qida təhlükəsizliyinin və bitki sağlamlığının təmin olunması, o cümlədən təsərrüfatlarda bitki mühafizə vasitələrindən düzgün istifadənin vacibliyi barədə məlumat verilib. Məktəblilər pestisidlər və onlardan düzgün istifadə, həmçinin müvafiq qaydalara əməl olunmadıqda, ətraf mühit və insan orqanizmi üçün yaratdığı təhlükələr barədə məlumatlandırıb. Eyni zamanda pestisidlərlə çirklənməyə məruz qalmış ərazilərin təhlükəlilik vəziyyəti, bu yerlərdə davranış qaydaları və ehtiyat tədbirlər haqqında məlumatlar onların nəzərinə çatdırılıb. Eləcə də pestisidlərdən istifadə və digər məsələlərlə bağlı suallar yarandıqda, AQTA-nın “1003-Çağrı Mərkəzi”nə müraciət edə biləcəkləri şagirdlərin diqqətinə çatdırılıb. Eyni zamanda görüşlərdə mövzu ətrafında müzakirələr aparılıb, məktəbliləri maraqlandıran suallar cavablandırılıb və onlara pestisidlərə dair maarifləndirici bukletlər paylanıb. Qeyd edək ki, AQTA “Sağlam məktəbli” layihəsinə 2018-ci ildə start verib. Layihə şagirdlər arasında sağlam qidalanmanının təşviq olunması, qida təhlükəsizliyi anlayışının təbliğ edilməsi və məktəblilərə qida təhlükəsizliyi vərdişlərinin aşılanması məqsədilə həyata keçirilir. Ötən müddətdə minlərlə şagird layihənin məqsədinə uyğun olaraq müxtəlif mövzularda məlumatlandırılıb.

AQTA sədri qida məhsullarının ticarəti sahəsində fəaliyyət göstərən sahibkarları qəbul edib
AQTA sədri qida məhsullarının ticarəti sahəsində fəaliyyət göstərən sahibkarları qəbul edib

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Agentliyin inzibati binasında vətəndaşların qəbulunu davam etdirir. Bu çərçivədə bu gün qida məhsullarının topdan və pərakəndə satışı, bazarlar, satış şəbəkələri və qida məhsullarının ticarətinə aid digər sahələrdə fəaliyyət göstərən sahibkarlar üçün qəbul keçirilib. Qəbul zamanı sahibkarların müraciət və təklifləri dinlənilib, sualları cavablandırılıb, aidiyyəti üzrə göstərişlər verilib. Onlar mövcud qanunvericilik və tələblər barədə ətraflı məlumatlandırılıb. Qida məhsullarının ticarəti zamanı qida təhlükəsizliyinə dair tələblərin yerinə yetirilməsinin zəruriliyi vurğulanıb. Q.Təhməzli bundan əvvəl pestisid, aqrokimyəvi maddə və gübrə istehsalı, saxlanması, satışı və idxalı, çörək istehsalı, dəyirman və taxıl idxalı, süd və süd məhsulları, ət və ət məhsulları, o cümlədən balıqçılıq, həmçinin alkoqollu və alkoqolsuz içkilərin, unlu qənnadı məmulatlarının, yem, yem əlavələri, baytarlıq preparatları və vaksinlərin istehsalı, ixracı və idxalı sahələrində, eləcə də ictimai iaşə xidmətləri, o cümlədən restoranlar, şadlıq evləri, otellərin qida blokları, kafelər, dönər emalı və satışı, keytrinq xidməti və digər istiqamətlərdə fəaliyyət göstərən sahibkarları qəbul edib. Qeyd edək ki, qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlıq subyektləri, o cümlədən qida məhsullarının istehsalı, emalı, idxal-ixracı sahəsində çalışan şəxslər və vətəndaşlar onları narahat edən məsələlərlə bağlı AQTA sədri ilə görüşə bilərlər. Görüşlərdə iştirak etmək istəyən şəxslər ad, soyad, fəaliyyət sahəsi, müraciətin məzmunu və telefon nömrələrini göstərməklə info@afsa.gov.az elektron poçtu vasitəsilə müraciət etməklə və ya (+994 50) 515 51 87 nömrəsinə zəng etməklə, həmçinin vatsap üzərindən əlaqə saxlamaqla qəbula yazıla bilərlər.

Yüksək risk qrupuna aid məhsulların istehsalı və emalı aparılan yerli qida obyektlərinin təsdiqi tələb olunur
Yüksək risk qrupuna aid məhsulların istehsalı və emalı aparılan yerli qida obyektlərinin təsdiqi tələb olunur

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qida təhlükəsizliyinə nəzarət sisteminin daha təkmil qaydada təşkil edilməsi, eyni zamanda yüksək risk qrupuna aid olan heyvan mənşəli məhsulların, o cümlədən alkoqollu içkilərin istehsalı və emalı aparılan müəssisələrdə sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi məqsədilə qida obyektlərinin təsdiqi prosesi davam etdirilir. “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, təsdiqi tələb olunan qida obyektləri cavabdeh qida subyektinin ərizəsinin qeydiyyata alındığı tarixdən 30 iş günü müddətində Agentlik tərəfindən müəssisədə aparılacaq yerində qiymətləndirmə və götürülmüş məhsul nümunələrinin nəticələrinə əsasən təsdiq edilir və ya təsdiqindən imtina olunur. Qiymətləndirmə zamanı aşkarlanmış uyğunsuzluqlar infrastruktur və avadanlıqla əlaqəli olmadığı, həmçinin təhlükəli qida və yem məhsullarının istehsalına və emalına şərait yaratmadığı halda isə qida obyekti uyğunsuzluqların 90 təqvim günündən gec olmayaraq aradan qaldırılması şərtilə təsdiq edilir. Sahibkarların diqqətinə çatdırılır ki, qanunvericiliyə əsasən, yüksək risk qrupuna aid edilən heyvan mənşəli məhsulların, o cümlədən alkoqollu içkilərin istehsalı, emalı və dövriyyəsi aparılan müəssisələrin qeydiyyatı yenidən qiymətləndirilməklə təsdiq edilənədək öz qüvvəsini saxlayır. Bu səbəbdən də, cavabdeh subyektlər öz müəssisələrinin yenidən qiymətləndirilməsi üçün Agentliyə müraciət etməlidirlər. Sahibkarlar qida obyektinin təsdiqi üçün AQTA-nın https://e-afsa.gov.az/ saytında “Asan imza” ilə şəxsi kabinetlərinə daxil olaraq onlayn şəkildə və ya şəxsən, kağız daşıyıcıda “ASAN xidmət” mərkəzlərinə, kiçik və orta biznes evlərinə (KOB evlərində) və ya Agentliyə yaxınlaşmaqla müraciət edə bilərlər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, qida obyektinin təsdiq olunması ilə bağlı Reyestdən çıxarış üçün iri və orta sahibkarlıq subyektlərinə münasibətdə dövlət rüsumunun ödənişi nəzərdə tutulub. Qida sahəsində fəaliyyət göstərən mikro və kiçik sahibkarlıq subyektləri, habelə bələdiyyə və dövlət orqanları (qurumları) isə dövlət rüsumundan azaddır. Məlumat üçün bildiririk ki, qida təhlükəsizliyi qeydiyyatına və təsdiqinə dair müraciətlərin qəbulu prosesi tam elektronlaşdırılıb. Sahibkarlar qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğunluğu qiymətləndirilməklə təsdiqi tələb olunan qida zənciri obyektlərinin siyahısı, eləcə də digər məsələlər barədə məlumat əldə etmək üçün Agentliyin “1003-Çağrı Mərkəzi” ilə əlaqə saxlaya bilərlər.

AQTİ və “BelVitunifarm” ASC arasında ölkəmizdə baytarlıq preparatlarının birgə istehsalı müəssisəsinin yaradılması ilə bağlı müqavilə imzalanıb
AQTİ və “BelVitunifarm” ASC arasında ölkəmizdə baytarlıq preparatlarının birgə istehsalı müəssisəsinin yaradılması ilə bağlı müqavilə imzalanıb

Ölkəmizdə səfərdə olan Belarus Respublikasının “BelVitunifarm” Açıq Səhmdar Cəmiyyətinin (ASC) nümayəndə heyəti ilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) görüş keçirilib. Görüşdə iki ölkənin müvafiq qurumları arasında mövcud olan əməkdaşlığın daha da genişləndirilməsinin zəruriliyi vurğulanıb. Görüş çərçivəsində AQTİ-nin İdarə Heyətinin sədri Ə.Nəbiyev və “BelVitunifarm” ASC-nin Baş direktoru İ.Darovskix ölkəmizdə baytarlıq preparatlarının birgə istehsalı müəssisəsinin yaradılması ilə bağlı əməkdaşlıq və məxfilik müqaviləsi imzalayıblar. “Əməkdaşlıq Müqaviləsi”ndə Azərbaycanla Belarus arasında sənaye əməkdaşlığının inkişafı, həmçinin respublikamızda müvafiq istehsal müəssisəsinin yaradılması ilə ölkəmizin öz istehsalı olan baytarlıq preparatları ilə təmin edilməsi və digər dövlətlərə satışının həyata keçirilməsi nəzərdə tutulub. Eyni zamanda sənəddə quduzluğa qarşı vaksin tərkibli hazır aldadıcı yemlərin və kimyəvi-əczaçılıq baytarlıq preparatlarının istehsalının təşkili, eləcə də baytarlıq preparatlarının istehsalı və istifadəsi sahəsində mütəxəssislərin hazırlanması, məsləhətləşmələrin aparılması, işçilərin ixtisaslarının artırılması üçün müvafiq sahələr üzrə təlimlərin keçirilməsi, yeni elmi tədqiqatlar haqqında qarşılıqlı məlumat mübadiləsinin aparılması və digər məsələlər əksini tapıb. Daha sonra ölkəmizdə səfərdə olan nümayəndə heyəti iş prinsipini öyrənmək məqsədilə AQTİ-nin laboratoriyalarına baxış keçirib.

Video
İdman qidaları və BAQM qəbulunda ən çox edilən səhvlər hansıdır? - Sual-Cavab

İdman qidaları və BAQM qəbulunda ən çox edilən səhvlər hansıdır? - Sual-Cavab

Multimedia

İdman qidaları və BAQM qəbulunda ən çox edilən səhvlər hansıdır? - Sual-Cavab

İdman qidaları və BAQM qəbulunda ən çox edilən səhvlər hansıdır? - Sual-Cavab

Sual-Cavab: Quzuların erkən kəsimi hansı risklər yaradır?

Sual-Cavab: Quzuların erkən kəsimi hansı risklər yaradır?

AQTA heyvan sahiblərini və fermerləri heyvanlarını qeydiyyatdan keçirməyə çağırır

AQTA heyvan sahiblərini və fermerləri heyvanlarını qeydiyyatdan keçirməyə çağırır

Ramazan ayında qidalanma zamanı nələrə diqqət edək?

Ramazan ayında qidalanma zamanı nələrə diqqət edək?