Sosial şəbəkədə saxta, süni krevetkaların satışının həyata keçirilməsi barədə yayılan məlumatla bağlı Qida Təhlükəsizliyi Agentliyi tərəfindən araşdırma aparılıb. İstehlakçıdan əldə edilən məlumat əsasında məhsulun Bakı şəhəri, Nəsimi rayonu, R.Məmmədov küçəsi, 3 mkr, ev 5A ünvanında fəaliyyət göstərən, fiziki şəxs Qasımov Tamerlan Şükrət oğluna məxsus “Krevetka” mağazasından alındığı və müvafiq idxal sağlamlıq aktı ilə təmin edildiyi məlum olub. Məhsulun satışının həyata keçirildiyi qida obyektində plandankənar yoxlama keçirilib. Baxış zamanı yayılan videoməlumatdakı məhsulla eyni əmtəə nişanlı ümumi çəkisi 28 kq dondurulmuş (soyulmuş, kəsilmiş) krevetka məhsulu müəyyən edilib. Mikrobioloji və tərkib elementlərinin yoxlanılması məqsədilə məhsuldan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Yoxlama zamanı qida obyektində müvafiq icazə sənədləri olmayan və qanunvericiliyin tələblərinə uyğun etiket və markalanma ilə təmin edilməyən ümumi çəkisi 30 kq yerli krevetka məhsulu da aşkarlanaraq satışdan kənarlaşdırılıb. Nöqsanlarla bağlı mağaza rəhbərliyi barəsində inzibati protokol tərtib edilib. Araşdırmalar davam etdirilir. İctimaiyyətə əlavə məlumat veriləcək.
Ağcabədi rayonu, Rəncbərlər kəndi ərazisində yerləşən heyvan bazarının fəaliyyətinə icazə verilib. Belə ki, bazarda asfalt-beton örtüyü salınıb, heyvanların rahat və təhlükəsiz hərəkəti üçün rampalar və çardaqlar quraşdırılıb və baytar həkimin nəzarəti üçün məntəqə tikilib. Eyni zamanda, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib. Bazarın giriş və çıxış qapısında dezbaryerlər, həmçinin yem anbarı, iri və xırdabuynuzlu heyvanların satış sahələri yenidən qurulub. Aparılan qiymətləndirmə nəticəsində heyvan bazarında bioloji təhlükəsizlik və dövlət baytarlıq nəzarətinin həyata keçirilməsi üçün zəruri şəraitin yaradıldığı müəyyən edilib. Qeyd edək ki, bundan öncə İmişli, Şamaxı, Göyçay, Salyan, Göygöl və Bərdə heyvan bazarları fəaliyyətə başlayıb. Daha ətraflı məlumatı videosüjetdən əldə edə bilərsiniz:
Qida Təhlükəsizliyi Agentiyi tərəfindən 2025-ci il ərzində 32 su istehsalı müəssisəsində yoxlama keçirilib. Yoxlama zamanı 24 su istehsalı müəssisəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Bununla əlaqədar sahibkarlar barəsində inzibati tənbeh tədbiri görülüb və icrası məcburi göstərişlər verilib. Həmçinin aşkarlanan nöqsanlarla əlaqədar qanunvericiliyə uyğun müvafiq qərarlar qəbul edilib. Yoxlama zamanı əsasən aşağıdakı uyğunsuzluqlar aşkarlanıb: − müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərməsi; − sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmaması; − texnoloji ardıcıllıq prinsipinə əməl edilməməsi; − etiket məlumatlarında qanunvericiliyə uyğun zəruri məlumatların qeyd olunmaması; − suyun sınaq nəticələrinin normalara uyğun olmaması; − işçilərin gigiyena qaydalarına əməl etməməsi, ilkin və dövri tibbi müayinədən keçməməsi; − dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmaması. Yoxlama çərçivəsində götürülmüş nümunələrin minimum keyfiyyət və təhlükəsizlik göstəriciləri üzrə müayinəsi nəticəsində 28 nümunədə uyğunsuzluq aşkar edilərək həmin məhsulların dövriyyədən çıxarılması təmin edilib. Eyni zamanda aparılan monitorinqlər çərçivəsində 34 su istehsalı müəssisəsindən, eləcə də yol kənarlarında və binaların həyətlərində quraşdırılmış 57 modul tipli su aparatından nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Sınaq nəticəsində 31 su istehsalı müəssisəsindən götürülmüş 32 nümunədə, həmçinin 33 su aparatından götürülmüş nümunələrdə mikrobioloji göstəricilər üzrə uyğunsuzluq müəyyən edilib. Bununla əlaqədar qanunvericilik çərçivəsində zəruri tədbirlər görülüb, sahibkarlar barəsində inzibati tənbeh tədbiri görülərək icrası məcburi göstərişlər verilib. Aparılan bütün nəzarət tədbirləri nəticəsində müəssisələrdə sağlamlaşdırıcı işlərin görülməsi, həmçinin məhsulların etiketlərinin qanunvericiliyin tələblərinə uyğunlaşdırılması təmin edilib.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) son dövrlərdə ölkəmizdən ixrac olunan bitki və bitkiçilik məhsullarında pestisid qalıqlarının aşkar edilməsi ilə bağlı bildirişlər daxil olub. Aparılan təhlillər nəticəsində müəyyən edilib ki, bu hallar əsasən təsərrüfatlarda bitki mühafizə vasitələrinin normadan artıq və texniki reqlamentlərin tələblərinə uyğun olmayan şəkildə tətbiqi, eləcə də məhsulun ixrac edildiyi təyinat ölkələrində aktiv qeydiyyat statusuna malik olmayan təsiredici maddələrdən istifadə olunması ilə əlaqədardır. Sahibkarların bitki mühafizə vasitələrinin seçimi və tətbiqi zamanı məhsulun ixrac ediləcəyi ölkənin tələblərinə ciddi şəkildə əməl etmələri vacibdir. Göstərilən tələblərə əməl edilmədiyi halda, ixrac zamanı məhsul partiyasında qarşı ölkədə qeydiyyatda olmayan təsiredici maddələr aşkarlanarsa, həmin partiyanın ixracına icazə verilməyəcəkdir. AQTA sahibkarları mövcud normativ tələblərə ciddi şəkildə əməl etməyə və ixrac fəaliyyətində risklərin qarşısının alınması məqsədilə məsuliyyətli yanaşma nümayiş etdirməyə çağırır.
İsveçrədən ölkəmizə idxal edilən “Hochdorf Swiss Nutrition Ltd” müəssisəsinin istehsalı olan “Swissneo 1” əmtəə nişanlı (09.10.2025-09.10.2027-ci il istehsal və son istifadə tarixli) uşaq qidasında “Sereulid” çirkləndiricisinin aşkarlanması ilə bağlı Avropa İttifaqının “Qida və Yem Məhsullarına dair Çevik Xəbərdarlıq Sistemi” (RASFF) vasitəsilə Qida Təhlükəsizliyi Agentliyinə bildiriş daxil olub. Bildiriş əsasında dərhal araşdırmalara başlanılıb və məhsulun həmin partiyasının dövriyyəyə buraxılmasının qarşısı alınıb.
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Aparat rəhbəri Məmmədrəhim Nəcəfov ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Əl Bluşi arasında görüş keçirilib. Görüş zamanı Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında son illərdə siyasi, iqtisadi və digər sahələr üzrə əməkdaşlığın genişlənməsi, eləcə də mövcud potensialın daha da artırılması imkanları yüksək qiymətləndirilib. Agentlik tərəfindən BƏƏ-nin qida təhlükəsizliyi nəzarət sisteminin ekvivalentliyinin tanınması barədə qəbul edilən qərar əməkdaşlığın inkişafına töhfə kimi dəyərləndirilib. Qeyd edilib ki, 2025-ci il ərzində Birləşmiş Ərəb Əmirliklərindən ölkəmizə mal əti, quş əti, kərə yağı, qarğıdalı, kinoa, bitkiçilik və digər məhsullar idxal edilib. Eyni zamanda, Azərbaycandan qarşı tərəfə əsasən emal olunmuş ət məhsulları, süfrə yumurtaları, bitki yağları, meyvə şirələri ixrac edilib. Görüş çərçivəsində “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin İqlim Dəyişikliyi və Ətraf Mühit Nazirliyi arasında heyvan sağlamlığı və qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” layihəsi də müzakirə edilib. Müzakirələr zamanı iki ölkə arasında dəniz məhsulları, bal və digər arı məhsulları, ət və ət məhsulları, süd və süd məhsulları üzrə ümumilikdə dörd baytarlıq sertifikatının rəsmi şəkildə razılaşdırıldığı diqqətə çatdırılıb. Eyni zamanda, Azərbaycan mənşəli, qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarətində olan ixracyönümlü məhsulların BƏƏ bazarına çıxışının genişləndirilməsi, habelə diri heyvanların ixracı üçün baytarlıq sertifikatlarının razılaşdırılması məsələləri üzrə geniş fikir mübadiləsi aparılıb.
Daxil olan müraciət əsasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Suraxanı rayonu, Əmircan ştq, Q.Quliyev küçəsində fəaliyyət göstərən, fiziki şəxs Quliyev Cavanşir Tair oğluna məxsus unlu qənnadı məmulatlarının emalı və satışı obyektində yoxlama keçirib. Baxış zamanı obyektin qida təhlükəsizliyi qeydiyyatından keçmədən qanunsuz fəaliyyət göstərdiyi, sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu məlum olub. Belə ki, texnoloji ardıcıllıq prinsipinə və qida məhsullarının saxlanma şəraitinə əməl edilmir, unlu qənnadı məhsulları antisanitar şəraitdə emal olunur və mənşəyi məlum olmayan xammallardan istifadə edilir, qida ilə təmasda olan səthlər, işçi masalar və soyuducu rəfləri korroziyaya uğrayıb və digər nöqsanlar aşkarlanıb. Həmçinin qutab hazırlanmasında istifadə olunan ət farşından götürülən nümunələrin laborator müayinəsi nəticəsində mikrobioloji uyğunsuzluq və at DNT-si müəyyən edilib. Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib olunub, qida məhsullarının satışı və istehsalı nöqsanlar aradan qaldırılanadək dayandırılıb. Daha ətraflı məlumatı videosüjetdən əldə edə bilərsiniz:
20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) və tabeliyində fəaliyyət göstərən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun kollektivi Şəhidlər xiyabanını ziyarət edib. Ölkəmizin azadlığı və müstəqilliyi uğrunda canlarından keçmiş Vətən övladlarının məzarları üzərinə gül dəstələri düzülüb, onların əziz xatirəsi dərin ehtiramla yad edilib.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunan tədbir keçirilib. Tədbirdə ölkəmizin ərazi bütövlüyü, azadlığı və suverenliyi uğrunda canlarını qurban verən, o cümlədən 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə törədilən qanlı faciə zamanı həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə Sovet ordusunun Bakıda törətdiyi qəddarlıq və görünməmiş vəhşiliklərdən danışılıb. 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymətin verilməsinin Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğu qeyd edilib. Bildirilib ki, 20 Yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir. Ölkəmizin ərazi bütövlüyü, azadlığı və suverenliyi uğrunda həlak olan oğul və qızlarımızın şücaəti daim yüksək qiymətləndirilir, xatirəsi hər zaman uca tutulur. Sonda 20 Yanvar faciəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli yanvarın 19-u Sumqayıtda Sumqayıt şəhəri və Abşeron, Qubadlı, Zəngilan rayonlarından olan vətəndaşları qəbul edib. Qəbulda AQTA yanında Məşvərət Şurasının üzvü, Azərbaycan Gübrə İstehsalçıları və İdxalatçıları Assosiasiyasının sədri Əbdülhüseyn Abdullayev də iştirak edib. Qəbuldan əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla yad edilib. Qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilib, bir qismi yerində öz həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.
Multimedia
İdman qidaları və BAQM qəbulunda ən çox edilən səhvlər hansıdır? - Sual-Cavab
Sual-Cavab: Quzuların erkən kəsimi hansı risklər yaradır?
AQTA heyvan sahiblərini və fermerləri heyvanlarını qeydiyyatdan keçirməyə çağırır
Giriş