Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Monteneqronun Biyelo-Polye şəhərində, Rumıniyanın Qorj bölgəsində, Serbiya Respublikasının Moraviç, Rasina dairələrində, Bosniya və Herseqovinanın Serb Respublikasında blutanq xəstəliyi, Yunanıstan Respublikasının Attika, Afon Dağı inzibati ərazi vahidlərində xırdabuynuzlu heyvanların çiçək xəstəliyi, Amerika Birləşmiş Ştatlarının Montana ştatında, İspaniya Krallığının Madrid muxtar icmasında isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin bu yoluxucu xəstəliklərdən qorunması məqsədilə qeyd olunan ərazilərdən zonalaşma prinsipi nəzərə alınmaqla, müvafiq malların idxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli oktyabrın 10-u saat 15:00-da Agentliyin inzibati binasında qida sahəsində fəaliyyət göstərən sahibkarları qəbul edəcək. Qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlar, o cümlədən qida məhsullarının istehsalı, emalı, idxal-ixracı, daşınması, satışı və sair sahələrdə çalışan şəxslər onları narahat edən məsələlərlə bağlı Agentlik sədri ilə görüşə bilərlər. Görüşdə iştirak etmək istəyən şəxslər ad, soyad, fəaliyyət sahəsi, müraciətin məzmunu və telefon nömrələrini göstərərək info@afsa.gov.az elektron poçtu vasitəsilə müraciət etməklə və ya (+994 50) 515 51 87 nömrəsinə zəng etməklə, həmçinin vatsap üzərindən əlaqə saxlamaqla oktyabrın 9-dək qəbula yazıla bilərlər.
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan monitorinq çərçivəsində Sabirabad rayonunda fəaliyyət göstərən, fiziki şəxs Piriyev Zöhrab Mehman oğluna məxsus “İZ” ailəvi restoranında 2 baş tovuzquşu, 3 baş qırqovul, 15 baş göyərçinin baytar nəzarəti olmadan qapalı məkanda saxlanıldığı aşkarlanıb. Sahibkarlıq subyektinə quşların xüsusi mühafizə olunan təbiət ərazilərinə və ya heyvan rifahı tələblərinə cavab verən heyvan parklarına təhvil verilməsi, saxlandığı yerlərdə təmizlənmə, dezinfeksiya və digər baytarlıq-sanitariya tədbirlərinin görülməsi ilə bağlı tapşırıqlar verilib. Tapşırıqlara əməl olunmayacağı təqdirdə qanunvericiliyə uyğun zəruri tədbirlər görüləcəyi bildirilib. Qeyd edək ki, vəhşi heyvan və quşların ictimai iaşə müəssisələrində və ailəvi istirahət məkanlarında saxlanılması və nümayiş etdirilməsi qanunla qadağandır. Belə hallarda heyvan və quşların insanlarla təması zoonoz xəstəliklərin ötürülməsi və bioloji təhlükəsizliyin pozulması kimi risklər yaradır. Monitorinqlər mütəmadi olaraq davam etdiriləcək və qanunvericiliyin tələblərinin pozulması halları aşkarlanarsa, Agentlik tərəfindən müvafiq inzibati tədbirlər görüləcək.
Vətəndaş müraciəti əsasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Şirvan şəhəri, 1 May küçəsində yerləşən, sahibkar Seyfullayev Cavid Qardaşxan oğluna məxsus “Gül Bağı” restoranında yoxlama keçirib. Baxış zamanı temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, mətbəxdə tavanın asan yuyula bilən gigiyenik materialla üzlənmədiyi, divar və döşəmə səthlərinin çirkləndiyi, işçi masaların korroziyaya davamlı materialdan təşkil olunmadığı, doğrama lövhələrinin tamlığının pozulduğu, havalandırma sisteminin quraşdırılmadığı və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək ictimai iaşə müəssisəsində işlərin görülməsi, xidmətlərin göstərilməsi məhdudlaşdırılıb, sahibkar barəsində inzibati protokol tərtib olunub.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarına “Rəhbər vəzifəli şəxslər üçün insan resurslarının idarəedilməsi və liderlik” mövzusunda onlayn təlim keçirilib. Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunan təlimdə iştirakçılara səriştə anlayışı və onun əsas elementləri, müxtəlif qiymətləndirmə alətləri, liderlik üslubları və uğurlu rəhbərliyin meyarları barədə ətraflı məlumat verilib. Sonda iştirakçıların sualları cavablandırılıb.
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən keçirilən monitorinq çərçivəsində Göyçay rayonunda fəaliyyət göstərən, Allahverdiyev Rübayıl Akif oğluna məxsus “Göygöl” restoranında 1 baş meymun və 3 baş qırqovulun, Ağdaş rayonu, Ağdaş-Qəbələ yolunda fəaliyyət göstərən, Mehdiyev Arif Şoşan oğluna məxsus “Sərin” restoranında isə 7 baş çöl quşunun (2 baş qırqovul, 3 baş kəklik və 2 baş ördək) baytar nəzarəti olmadan qapalı məkanda saxlanıldığı aşkarlanıb. Sahibkarlıq subyektlərinə heyvan və quşların xüsusi mühafizə olunan təbiət ərazilərinə və ya heyvan rifahı tələblərinə cavab verən heyvan parklarına təhvil verilməsi, saxlandığı yerdə təmizlənmə, dezinfeksiya və digər baytarlıq-sanitariya tədbirlərinin görülməsi ilə bağlı tapşırıqlar verilib. Tapşırıqlara əməl olunmayacağı təqdirdə qanunvericiliyə uyğun zəruri tədbirlər görüləcəyi bildirilib. Qeyd edək ki, ictimai iaşə müəssisələrində və ailəvi istirahət məkanlarında vəhşi heyvanların, quşların saxlanılması və nümayiş etdirilməsi qanunla qadağandır. Heyvan və quşların insanlarla təması zoonoz xəstəliklərin ötürülməsi və bioloji təhlükəsizliyin pozulması kimi risklər yaradır. Monitorinqlər mütəmadi olaraq davam etdiriləcək və qanunvericiliyin tələblərinin pozulması halları aşkarlanarsa, Agentlik tərəfindən müvafiq inzibati tədbirlər görüləcək.
Göbələk sağlam qidalanma üçün əvəzsiz qida məhsullarından biridir. Bu məhsullar zülallar, aktiv fermentlər, bitki şəkərləri, vitaminlər, həmçinin selen, kalium, dəmir və sink kimi minerallarla zəngindir. Lakin, göbələklərin toplanmasına, saxlanmasına və emalına düzgün əməl olunmadıqda, onlar insan həyatı üçün potensial təhlükə yaradır. İstehlakçılar göbələk alarkən mütləq diqqətli olmalıdırlar. Yeməli göbələyin içərisinə bir tək zəhərli göbələyin qarışması belə zəhərlənməyə yol aça bilir. Ona görə də yol kənarında, açıq satılan yox, qablaşdırılmış məhsullara üstünlük verilməlidir. Qablaşdırılmış məhsulu alarkən isə etiket məlumatları mütləq nəzərdən keçirilməlidir. Çünki yeməli göbələklər də bəzən zəhərlənməyə səbəb olur. Bu da məhsulun yararlılıq müddəti ötdükdə, düzgün şəraitdə saxlanmadıqda baş verir. Göbələyi xüsusən də polietilen torbada saxlamaq nəmlənməsinə, kiflənməsinə səbəb olur. Göbələkdən hazırlanmış salat və yeməklərin də düzgün saxlanması vacibdir. Tanış olmayan və şübhəli göbələklərin, həmçinin yol kənarında, sənaye müəssisələrinin yaxınlığında köhnə göbələklərin yığılmaması məsləhətdir. Eyni zamanda şəxsi gigiyena qaydalarına əməl edilməlidir. Bir məqamı da nəzərinizə çatdıraq ki, emal olunmamış məhsulun uzunmüddətli (üç saatdan çox) saxlanması, köhnəlmiş göbələklərin qidada istifadəsi və allergik reaksiyalara səbəb ola biləcəyini nəzərə alaraq göbələklərin spirtli içkilərlə birlikdə istehlakı tövsiyə olunmur. Göbələkdən zəhərlənməyə şübhə yarandığı halda dərhal həkimə müraciət etmək lazımdır.
Nəzarət tədbirləri çərçivəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən fiziki şəxs Cümşüd Vəliyevin İran İslam Respublikasından idxal etdiyi, ümumi çəkisi 2 ton olan “Saibaba Agrilink Private Limited” əmtəə nişanlı üyüdülməmiş sarıkök məhsulu partiyasından nümunələr götürülüb. Müayinələr nəticəsində məhsul partiyasında bakteriya (Bacillus cereus) aşkarlanıb. Faktla bağlı qəbul edilmiş müvafiq qərar əsasında məhsul partiyası məhv edilib.
Ürək-damar xəstəlikləri dünyada ölümün əsas səbəblərindən biridir. Amma yaxşı xəbər odur ki, gündəlik vərdişlərinizdə kiçik dəyişikliklərlə ürəyinizi qoruya bilərsiniz! - Ürəyinizi qorumağın 5 əsas yolu: - Siqareti tərgidin – risk ilk gündən azalır! - Müntəzəm hərəkət edin – gündə 30–60 dəqiqə aktivlik kifayətdir. - Sağlam qidalanın – meyvə, tərəvəz, paxlalı, balıq, tam taxıllar və faydalı yağlar. - Artıq çəki ürək üçün təhlükəlidir. - Keyfiyyətli yuxu – vaxtında və kifayət qədər yatın. Yadda saxlayın: Sağlam ürək sağlam vərdişlərdən başlayır!
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Beyləqan rayonu, Şəfəq qəsəbəsi, Magistral küçəsində fəaliyyət göstərən, Quliyev Fariz Oktay oğluna məxsus spirtsiz içki istehsalı müəssisəsində yoxlama keçirib. Baxış zamanı müəssisədə sanitar-gigiyenik və sanitar-texniki qaydaların tələblərinin pozulduğu müəyyən edilib. Eyni zamanda etiketlənmə ilə bağlı qanunvericiliyin tələblərinin pozulduğu məlum olub. Belə ki, müəssisədə üzərində istehsalçısı barədə məlumatlar olmayan, fərqli şəxslərin adları yazılan, guya müalicəvi təsirə malik olması barədə qeydlər olan “Qızıl Qala” və “Qızıl Qaya” əmtəə nişanlı spirtsiz içki etiketləri aşkarlanıb. Həmçinin müəssisədə başqa istehsalçılara məxsus şüşə butulkalar aşkarlanıb. Araşdırma zamanı müəssisədə istehsal olunan suların Beyləqan rayonunda yerləşən “Röya” və “Kral” şadlıq saraylarında toy məclislərində istifadə edildiyi məlum olub. Belə ki, bu ictimai iaşə obyektlərində keçirilən yoxlama zamanı aşkar saxtalaşdırma əlamətləri olan digər istehsalçılara məxsus şüşə butulkalarda limonad, meyvə şirəsi, qazlı və qazsız sular aşkarlanıb. Sözügedən içkilərdən götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində mikrobioloji göstəricilər üzrə uyğunsuzluq müəyyən edilib. Faktla bağlı müəssisə rəhbəri inzibati məsuliyyətə cəlb olunub, müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb, aşkar edilmiş etiket və butulkaların məhv edilməsi barədə müvafiq qərar qəbul olunub.
Multimedia
AQTA sədri Qoşqar Təhməzli "Xəzər TV" və "Trend" Beynəlxalq İnformasiya Agentliyinə müsahibə verib
Çinə ixrac imkanlarımız genişlənir - Real TV
AQTA heyvan sahiblərini və fermerləri heyvanlarını qeydiyyatdan keçirməyə çağırır
Giriş