Təhlükəsiz qida ilə sağlam gələcəyə!

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
AZ
Ümummilli Lider Heydər Əliyev Prezident İlham Əliyev Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Azərbaycan Respublikasının Nazirlər Kabineti Heydər Əliyev Fondu
Qida zəhərlənmələrinin əsas səbəbi və riayət etməli olduğumuz 5 Qızıl Qayda
Qida zəhərlənmələrinin əsas səbəbi və riayət etməli olduğumuz 5 Qızıl Qayda

Qida mənşəli xəstəliklər dünya miqyasında insan sağlamlığı üçün əsas problemlərdən biri hesab edilir. Bu xəstəliklər müxtəlif növ bakteriyalar, viruslar, parazitlər və ya kimyəvi maddələrlə çirklənmiş qida məhsullarının istehlakı nəticəsində meydana gəlir. Qida məhsullarının gigiyena qaydalarına riayət edilmədən hazırlanması, bişirilməsi və daha sonra bu məhsulların istehlak olunması qida zəhərlənmələrinin əsas səbəbi hesab edilir. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən hazırlanan qida zəhərlənmələrinə dair videoçarxda, həmçinin qida mənşəli xəstəliklərin qarşısının alınması üçün hər bir şəxsin riayət etməli olduğu əsas prinsipləri ehtiva edən və  Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən müəyyən olunan 5 Qızıl Qayda barədə ətraflı məlumat verilib. Bildirilib ki, qida zəncirinin bütün mərhələlərində təmizliyə riayət edilməli, məhsullar yaxşı bişirilməli, çiy və bişmiş məhsullar bir-birindən ayrı saxlanmalı, məhsullar təhlükəsiz mühitdə olmalı, təhlükəsiz su və xammallardan istifadə edilməlidir.  Qeyd edək ki, sahibkarlıq subyektləri və istehlakçılar bu videoçarx vasitəsilə qida zəhərlənmələri və belə halların baş verməməsi üçün zəruri olan məsələlər barədə ətraflı məlumat əldə edə bilələrlər:

Qəhvəyi mərmər bağacığına qarşı mübarizə üsulları
Qəhvəyi mərmər bağacığına qarşı mübarizə üsulları

Qəhvəyi mərmər bağacığı 300-dən çox bitki növü ilə qidalanaraq, onların məhsuldarlığını aşağı salan zərərvericidir. Onun ölçüsü 12-17 mm, rəngi qəhvəyidir. Üzərində ləkələr olur, bədəni azacıq yastı və armudvari formalıdır. Zərərvericinin yetkin fərdləri uçaraq 35 km-dən 100 km-dək məsafə qət edə bilir.  Qəhvəyi mərmər bağacığı ilə mübarizə tədbirləri çərçivəsində yaz və yay aylarında əkin sahələrində maksimum sayda meyvə və tərəvəz bitkilərinin yarpaqlarının alt səthi, yarpaq tumurcuqları və meyvə saplaqlarının birləşmə yerləri diqqətlə yoxlanılır. Zərərvericinin aşkar edildiyi əkin sahələrində və təsərrüfat tikililərində toplayıcı feromon tələlər asılır.  Yaşayış binalarında və mənzillərdə müxtəlif əşyaların arxa hissəsinə, həmçinin mühəndis qurğuların arakəsmələrinə xüsusi diqqət yetirilir. Aşkar olunduqları təqdirdə, süpürgə, tozsoran və digər vasitələrlə toplanaraq məhv edilir. Qəhvəyi mərmər bağacığı aşkar olunduğu hallarda kimyəvi mübarizə tədbirləri yalnız mütəxəssislərin tövsiyələri əsasında müəyyən edilməli və axşam saatlarında yerinə yetirilməlidir.  Xatırladaq ki, vətəndaşlar zərərvericiyə qarşı mübarizə tədbirləri haqqında məlumat almaq üçün Agentliyin “1003-Çağrı Mərkəzi”nə, eləcə də Regional Əlaqələndirmə Mərkəzində fəaliyyət göstərən “Qaynar xətt”ə (Qərb rayonları üzrə: +994 99 708 85 88, şimal-qərb rayonları üzrə: +994 99 308 85 88 ) zəng edə bilərlər.

Qızılı kartof nematodu nədir?
Qızılı kartof nematodu nədir?

Nematodlar – torpaqda yaşayan mikroskopik qurdlardır və onların bəzi növləri kənd təsərrüfatı bitkiləri üçün təhlükəli hesab olunur. Bu zərərli orqanizmlər bitkilərin kök sisteminə daxil olaraq qidalanmanı və inkişafı pozur, nəticədə məhsuldarlıq azalır. Nematodlarla yoluxmuş sahələrdə məhsul itkisi, əlavə mübarizə xərcləri və torpağın keyfiyyətinin zəifləməsi müşahidə edilir. Nematodlar arasında ən təhlükəli növlərdən biri olan Qızılı kartof nematodu (Globodera rostochiensis (Woll.) Behrens) kartof əkini üçün xüsusi risk daşıyır. Bu nematod torpaqda uzun müddət aktiv qala bilir və bitkinin kök zonasına yerləşərək onun normal inkişafını zəiflədir. Yoluxmuş sahələrdə kartof bitkilərinin inkişafında zəifləmə, yarpaqlarda solma, yumruların say və ölçüsündə azalma və məhsulun bazar keyfiyyətində nəzərəçarpacaq enmə müşahidə olunur. Qızılı kartof nematodu birbaşa kartof yumrusuna daxil olmur. Lakin kök, kökə bitişik torpaq, həmçinin yumru səthinə yapışmış torpaq vasitəsilə bir sahədən digərinə yayıla bilər. Buna görə də onun aşkarlanması üçün vizual baxış kifayət etmir, bitkinin kökü və torpaq nümunələrinin laborator analizləri tələb olunur. Bu zərərli orqanizm “Azərbaycan Respublikası ərazisində məhdud dairədə yayılmış karantin tətbiq edilən zərərli orqanizmlər” (A2 qrupu) siyahısına daxildir və yayılmasının qarşısı dövlət fitosanitar nəzarəti tədbirləri çərçivəsində alınır. AQTA kartof istehsalçılarına və təsərrüfat subyektlərinə fitosanitar tələblərə ciddi əməl etməyi tövsiyə edir: •    Yalnız sertifikatlaşdırılmış, sağlam və nematoddan azad toxum materialı istifadə edilməlidir; •    Kənd təsərrüfatı texnikası bir sahədən digərinə keçirilərkən üzərindəki torpaq və bitki qalıqları təmizlənməli, zəruri hallarda isə yuyulmalıdır; •    Növbəli əkin sisteminə riayət olunmalı, kartof eyni sahədə ardıcıl şəkildə əkilməməlidir; •    Şübhəli hal müşahidə edildikdə, AQTİ-nin müvafiq laboratoriyasına müraciət edilməlidir. Bu kimi tədbirlərə əməl edilməklə həm kartof istehsalının qorunmasına, həm də ölkənin fitosanitar təhlükəsizliyinin təmin edilməsinə töhfə verilə bilər.

E621 kodu bizə nə deyir?
E621 kodu bizə nə deyir?

Mononatrium qlütamat — yeməklərin dadını gücləndirmək üçün geniş istifadə olunan qida əlavəsidir. Bu maddə qlütamat turşusunun natrium duzudur və emal olunmuş qidaların etiketlərində “E621” və ya “monosodium glutamate” kimi qeyd olunur. Bu maddə qida sənayesində əsasən kolbasa, sosiska, hazır şorbalar, “fast food”, çips və konservlərdə geniş istifadə olunur. Yol verilən həddən artıq qəbul edildikdə, insanlarda allergik reaksiyalar, nevroloji təsirlər, həmçinin “Çin restoranı sindromu” adlanan simptomlar yarana bilər. Bunlara baş ağrısı, boyun və sinə nahiyəsində gərginlik, tərləmə, ürək döyüntüsünün artması və halsızlıq kimi əlamətlər daxildir. Beynəlxalq təşkilatlar bu maddənin normal miqdarda istifadəsinin təhlükəsiz olduğunu bildirir. Ancaq gündə 3-5 qram və daha çox qəbul edildikdə bəzi insanlarda allergik reaksiyalar yarana bilər. Xüsusilə uşaqlar, hamilə qadınlar və bu maddəyə həssaslığı olan şəxslər ehtiyatlı olmalıdır. Qida etiketlərində mononatrium qlütamat müxtəlif adlarla qeyd oluna bilər. İstehlakçılar xüsusilə monosodium glutamate, E621, hidrolizə olunmuş bitki zülalı, ləzzət artırıcı və natrium qlütamat kimi ifadələrə diqqət yetirməlidirlər. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi E621 də daxil olmaqla qida əlavələrinin istifadəsini mövcud qanunvericiliyə uyğun şəkildə tənzimləyir və onların müəyyən olunmuş miqdarda təhlükəsiz şəkildə istifadəsinə nəzarət edir. Nəzərə almaq lazımdır ki, E621 bir çox fərqli məhsulda ola bilər və gün ərzində müxtəlif mənbələrdən qəbul edildikdə onun təsiri artaraq sağlamlığa zərər verə bilər. Buna görə də istehlakçılar rasionlarında bu maddənin miqdarına nəzarət etməli, mümkün qədər az istifadəsinə üstünlük verməlidirlər. Daha ətraflı videoda: https://www.youtube.com/shorts/Er-BTakezus

Qida zəhərlənməsindən qorunmaq üçün əməl edilməsi vacib qaydalar
Qida zəhərlənməsindən qorunmaq üçün əməl edilməsi vacib qaydalar

Qida zəhərlənmələrinə daha çox isti havalarda, yaz-yay aylarında təsadüf edilir. Zəhərlənmələrə mikroorqanizmlər, onların toksinləri və ya kimyəvi maddələrlə çirklənmiş qida qəbulu səbəb ola bilər. Son illərin statistik təhlilinə əsasən, ölkəmizdə qida zəhərlənmələrinin 75 %-i məişət zəminində baş verir. Qida  zəhərlənmələrindən qorunmaq üçün aşağıdakı tövsiyələrə əməl etmək lazımdır: - Əllər yemək hazırlamazdan öncə, balıq, ət və quş əti kimi çiy qidalarla təmasdan sonra yaxşı yuyulmalı; - Mətbəx dəzgahı təmiz saxlanmalı, xüsusilə çiy ət, quş əti, balıq, çiy yumurta və tərəvəzlə təmasdan sonra yaxşı təmizlənməli; - Çiy istehlak edilən (limon, pomidor, meyvələr və s.) və çiy istehlak edilməyən (ət, kartof və s.) qidalar üçün fərqli doğrama lövhələrindən və bıçaqlardan istifadə edilməli; - Yeməkləri, xüsusilə ət yeməklərini bişirərkən tam bişdiyindən əmin olmalı; - Çiy ət, toyuq, balıq, yumurta və digər çiy istehlak edilməyən qidaların bişmiş qidalarla təmasına yol verməməli; - Dondurulmuş qidaları donunun açılması üçün otaq tempuraturunda deyil, soyuducunun alt bölməsində saxlamalı; - İstifadə müddəti keçməsə belə, xarabolma əlamətləri olan qidaları istehlak etməməli; - Yeməkləri, salatları, xüsusilə kremli şirniyyatları 2 saatdan artıq soyuducudan kənarda saxlamamalı; - Botulizm riskini nəzərə alaraq, ev şəraitində turşu hazırlayarkən məhsulların çox yaxşı yuyulması və sterilizasiyasına xüsusi diqqət yetirməli; - Tanımadığınız göbələyi yığmamalı və istehlak etməməli; - Qidaları onların xüsusiyyətlərindən asılı olaraq düzgün rejimdə saxlamalı; - Yeməyi bişirdikdən sonra yalnız bir dəfə qızdırmalı və ya dondurmalı.

AQTA maarifləndirir: Təhlükəli zoonoz xəstəlik – Qarayara
AQTA maarifləndirir: Təhlükəli zoonoz xəstəlik – Qarayara

Qarayara ən qorxulu zoonoz xəstəliklərdən biridir. Bu xəstəlik heyvanlarla yanaşı insanlar üçün də böyük təhlükə törədir. Hazırda bütün dünyada insanlar arasında rast gəlinən yoluxucu xəstəliklərin 60%-dən çoxu məhz zoonoz infeksiyaların payına düşür. Xəstəliyə daha çox iri və xırdabuynuzlu heyvanlar, eləcə də at, maral və dəvələr həssasdır. Heyvanlar bu infeksiyaya bir çox hallarda xəstəlik törədiciləri ilə çirklənmiş su və torpaq vasitəsi ilə yoluxa bilərlər.       Heyvanlarda xəstəliyin gizli dövrü olduqca qısadır, təxminən 1-3 gün çəkir. Xəstəliyin “ildırımvari” adlandırılan ən sürətli yayılma formasında isə heyvan qəfil yıxılır, ağız və burun dəliklərindən qanlı köpük, anus dəliyindən isə qan axır, bir neçə dəqiqə ərzində ölüm halı baş verir. Qanda laxtalanma prosesi getmədiyindən, cəsəd qısa müddətdə köpür və bərkimir. Qarayara xəstəliyindən tələf olmuş heyvanların cəsədinin yarılması yolverilməzdir. Ölmüş heyvanın cəsədi yandırılma yolu ilə zərərsizləşdirilməlidir. Bu infeksiya insanlara xəstə heyvanların əti, ondan hazırlanmış yarımfabrikat və digər məhsulların istehlakı zamanı yoluxur. Bundan əlavə ölmüş heyvanın leşi, dərisi, daxili orqanları, qarayara sporları ilə çirklənmiş torpaq, su, hava və digər xarici mühit amilləri də yoluxmaya səbəb ola bilər. İnsanlarda xəstəlik daha çox əllərdə və bədənin digər nahiyələrində nekrozlaşmış yaraların əmələ gəlməsi, hərarətin yüksəlməsi, ağız boşluğunun selikli qişasının xorası və digər əlamətlərlə özünü büruzə verir. Qarayaraya yoluxmuş şəxs dərhal tibbi yardım almalıdır. Yaraya müdaxilə edilməsi, infeksiyanın yayılmasına səbəb ola bilər.  Mal-qaranı qarayara xəstəliyindən qorumaq üçün heyvanların dövri peyvəndlənməyə cəlb olunması vacibdir. Xəstəlikdən qorunmağın ən təsirli yolu baytarlıq nəzarəti olmayan yerdən ət almamaq, eyni zamanda çarpaz çirklənmənin qarşısını almaq üçün heyvanların kəsildiyi yerlərin meyvə-tərəvəz və başqa qida məhsulları ilə təmas etməsinin qarşısını almaqdır.

Ramazandan sonra qidalanma necə olmalıdır?
Ramazandan sonra qidalanma necə olmalıdır?

Ramazan ayı boyunca uzun saatlar ac və susuz qaldığımız üçün orqanizm fərqli qidalanma rejiminə uyğunlaşır. Ramazan bayramı və sonrakı günlərdə normal qidalanma rejiminə yavaş-yavaş uyğunlaşmaq, bədəni çox yükləməmək lazımdır. Bayram günlərində birdən-birə çox yemək və ağır qidalar qəbul etmək həzm problemlərinə gətirib çıxara bilər. Mədənin yüklənməməsi üçün balanslı qidalanmaq əsas şərtlərdən biridir. Kiçik porsiyalarla, lakin tez-tez yemək həzm sistemini yükləmədən bədənin tədricən normallaşmasına kömək edir. Qida rasionunda zülal (ət, balıq, yumurta), sağlam yağlar (zeytun yağı, qoz-fındıq) və kompleks karbohidratların (tam taxıllar, tərəvəzlər) olmasına diqqət etmək lazımdır. Qızardılmış, çox yağlı və şəkərli qidalar mədəyə pis təsir edə bilər. Onların əvəzinə sobada bişirilmiş yeməklərə üstünlük verin. Bədənin su balansını qorumaq üçün gün ərzində kifayət qədər maye qəbul etmək lazımdır. Bağırsaq fəaliyyətini yaxşılaşdırmaq üçün meyvələr, tərəvəzlər və tam taxıllar kimi lifli qidalara üstünlük vermək vacibdir. Yeməkləri yavaş-yavaş çeynəmək və tələsmədən yemək həzm prosesini asanlaşdırır. Həmçinin Ramazandan sonrakı günlərdə idmanla məşğul olmaq, yürüşə çıxmaq orqanizmi əvvəlki vəziyyətə gətirmək üçün çox vacibdir. Bu, həzm prosesini yaxşılaşdırır, kökəlmə riskini azaldır, həm də yuxu rejimini qaydaya salır.

Video
Nümunəvi heyvan bazarı layihəsinin 3D animasiyası

Nümunəvi heyvan bazarı layihəsinin 3D animasiyası