Qida zəhərlənməsi təkcə “köhnə yemək”lə bağlı deyil. Bakteriyalar, viruslar, parazitlər və toksinlərlə çirklənmiş qidalar da təhlükəlidir. Uşaqlar, hamilə qadınlar, yaşlılar və immun sistemi zəif olanlar daha çox risk altındadır. Təhlükədən qorunmaq üçün sadə qaydalar: - Son istifadə tarixi keçmiş və xarab qidaları yeməyin. - Meyvə və tərəvəzləri yaxşı yuyun. - Ət, toyuq, balığı tam bişirin. - Pasterizə olunmamış süddən istifadə etməyin. - Şişmiş və ya zədələnmiş konservləri açmayın. - Əllərinizi tez-tez yuyun. - Bişmiş yeməyi uzun müddət otaq temperaturunda saxlamayın. Kiçik diqqət böyük risklərin qarşısını ala bilər.
Yay mövsümündə havaların isti keçməsi qida məhsullarında bakteriya və digər mikroorqanizmlərin daha sürətlə çoxalmasına şərait yaradır. Bu cür şəraitdə isə qidalar daha tez xarab olur və zəhərlənmə riskinin artmasına səbəb olur. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əhalini qida təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırır. Xüsusilə ət və ət məhsulları, süd və süd məhsulları, balıq, yumurta, mayonezli salatlar və kremli şirniyyatlar isti hava şəraitində daha tez xarab olan məhsullar sırasındadır. Bu səbəbdən həmin məhsulların saxlanma temperaturuna və yararlılıq müddətinə xüsusi diqqət yetirmək lazımdır. Vətəndaşlara qida məhsullarının qablaşdırılmasına, istehsal və son istifadə tarixlərinə baxmaq tövsiyə olunur. Eyni zamanda, hazır və çiy məhsulların xüsusi ayrı qabda saxlanılması, qidaların uyğun temperatur rejimində qorunması və şəxsi gigiyena qaydalarına riayət edilməsi qida mənşəli xəstəliklərin qarşısının alınmasında mühüm rol oynayır. Xüsusilə açıq havada keçirilən tədbirlər, pikniklər və uzunmüddətli səfərlər zamanı tez xarab olan qidaların soyuq şəraitdə saxlanılması, günəş altında uzun müddət qalmasının qarşısının alınması xüsusilə vacibdir. Qida zəhərlənməsinin qarşısının alınması hər bir vətəndaşın diqqət və məsuliyyətindən asılıdır. Unutmayaq ki, təhlükəsiz qida sağlamlığın əsas şərtlərindən biridir. Daha ətraflı:
Yay mövsümündə təbiət qoynunda istirahət edənlərin sayı artır. Bu zaman düzgün qidalanma və qida təhlükəsizliyi qaydalarına riayət olunması sağlamlığın qorunması baxımından xüsusi əhəmiyyət daşıyır. Mütəxəssislər açıq havada istirahət zamanı ağır, yağlı və həddindən artıq kalorili qidalardan uzaq durmağı tövsiyə edirlər. Onların əvəzinə tərəvəzlər, mövsümi meyvələr, yoğurt, zeytun yağı ilə hazırlanmış salatlar və tam taxıllı çörəklə hazırlanmış sendviçlər daha sağlam seçim hesab olunur. Şirniyyatlar, çipslər və yüksək duzlu qəlyanaltılar əvəzinə qurudulmuş meyvələr, təzə meyvələr və ya az miqdarda çərəzlərə üstünlük verilməsi tövsiyə olunur. Qoz, fındıq və badam kimi çərəzlər kiçik porsiyalarla istehlak edildikdə faydalı qəlyanaltı hesab edilir. Çiyələk, alma, gilas, qarpız, yemiş və digər mövsümi meyvələr isə həm vitamin və mineral ehtiyacının ödənilməsinə, həm də orqanizmin maye balansının qorunmasına dəstək olur. İsti havalarda qidaların daha tez xarab olmasını nəzərə alaraq, onların düzgün saxlanılmasına xüsusi diqqət yetirilməlidir. Ət, toyuq, balıq, yumurta, süd məhsulları və mayonez tərkibli salatlar portativ soyuducularda və ya soyuducu çantalarda saxlanılmalıdır. Tez xarab olan qidalar uzun müddət günəş altında və otaq temperaturunda qalmamalıdır. Açıq havada yemək hazırlanarkən istifadə olunan qab-qacaq və mətbəx ləvazimatlarının təmizliyinə diqqət yetirilməli, çiy və bişmiş qidalar ayrı-ayrı qab və konteynerlərdə saxlanılmalıdır. Həmçinin, istirahət zamanı kifayət qədər su qəbul etmək vacibdir. Şəkərli və qazlı içkilərin həddindən artıq istehlakı tövsiyə olunmur, çünki bu içkilər orqanizmdə maye itkisini artıra bilər. Qida təhlükəsizliyi qaydalarına riayət edilməsi qida mənşəli infeksiyaların və zəhərlənmələrin qarşısının alınmasına kömək edir. Ətraflı:
İsti yay günlərində həm orqanizmin su balansını qorumağa kömək edən, həm də sərinləşdirici təsir göstərən qarpız və yemişə tələbat əhəmiyyətli dərəcədə artır. Vitamin və minerallarla zəngin olan bu meyvələri alarkən bir sıra vacib məqamlara diqqət yetirmək lazımdır. İlk növbədə, məhsulun xarici görünüşü qiymətləndirilməlidir. İstehlakçılar qarpız və yemiş alarkən onun rənginə, bərkliyinə, ölçüsünə, saplağına fikir verməlidirlər. Üzərində müşahidə olunan sarı ləkələr məhsulun torpaqla təmas etdiyi yerlərdir. Qabığının hamar, səthinin parlaq olması qarpızın təzə və yetişmiş olduğuna işarə edir. Əksinə, mat və solğun görünüş köhnəliyin əlaməti hesab olunur. Saplağının yaşıl rəng olması qarpızın hələ tam yetişmədiyinin, qurumuş olması isə yetişmiş olduğunun göstəricisidir. Qarpız və yemişin üzərində çürük və çatlar olmamalıdır. Bundan başqa, qarpız və yemiş torpaqla təmasda yetişdiyindən onların səthinin müxtəlif mikroorqanizmlərlə çirklənmə ehtimalı var. Qida mənşəli risklərin qarşısını almaq üçün qarpız və yemiş kəsilməzdən əvvəl axar su altında yaxşıca yuyulmalı, təmiz və quru bıçaqla doğranmalıdır. Ümumiyyətlə, qarpız və yemişin kəsilən gün istehlak olunması məsləhətdir. Bütöv qarpızı 10-15°C, xırda hissələrə doğranılmış qarpızı isə ağzı kip qapaqlı qablarda +5°C temperaturda saxlanılması məsləhət görülür.
Son illərdə populyarlıq qazanan su pəhrizi müəyyən müddət ərzində yalnız su qəbuluna əsaslanan qidalanma üsuludur. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) eksperti Tutu Zeynalovanın sözlərinə görə, bu üsul arıqlamaq üçün effektiv vasitə deyil, əksinə, orqanizm üçün ciddi risklər yaradır. Mütəxəssis bildirir ki, insan yalnız su qəbul etdikdə orqanizm artıq piy ehtiyatlarını deyil, ilk növbədə daxili rezervləri – suyu və xüsusilə əzələ kütləsini sərf etməyə başlayır. Uzun müddət ac qalmaq maddələr mübadiləsinin zəifləməsinə, elektrolit balansının pozulmasına səbəb olur. Bu vəziyyət ürək ritminin pozulması, qan şəkərinin kəskin enməsi, böyrək funksiyalarının zəifləməsi və saç tökülməsinin sürətlənməsi kimi ciddi sağlamlıq problemlərinə yol aça bilər. Bundan əlavə, bu cür sərt pəhrizlərdən sonra itirilən çəkinin qısa müddətdə geri qayıtma ehtimalı da artır. Tutu Zeynalova vurğulayır ki, çəki vermək istəyən şəxslər sağlam və balanslı qidalanma prinsiplərinə əməl etməli, eyni zamanda müntəzəm fiziki aktivliyi həyat tərzinə çevirməlidirlər.
Sosial şəbəkələrdə tez-tez “möcüzəvi arıqlama” vəd edən çaylar, kofelər və şokoladlar görürük. Amma reallıq budur ki, bu məhsullar piyləri yandırmır və qalıcı arıqlama təmin etmir. Tərəzidəki azalma çox vaxt yağ yox, su və əzələ itkisi olur. Bəzi məhsullarda isə sibutramin kimi təhlükəli maddələr tapılır ki, bu da ürək və damar sistemi üçün ciddi risk yaradır. Nəticədə: • Ürək döyüntüsü sürətlənir. • Təzyiq yüksəlir. • Qaraciyər və böyrəklər zədələnir. Unutmayın ki, sağlam və qalıcı arıqlamanın “qısa yol”u yoxdur. Ən doğru üsul balanslı qidalanma, aktiv həyat tərzi, davamlı və sağlam vərdişlərdir. Sağlamlığınızı qoruyun, sürətli nəticə üçün risk etməyin!
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) “Qida mifləri” rubrikasının bu dəfəki buraxlışında dondurulmuş meyvə və tərəvəzlərin faydasız olması ilə bağlı mövcud fikirlərə aydınlıq gətirilib. İnstitutun mütəxəssisləri bildirir ki, dondurulmuş meyvə və tərəvəzlərin faydasız olması ilə bağlı fikirlər elmi baxımdan təsdiqlənmir. Belə ki, sürətli dondurma (IQF) texnologiyası məhsulların vitamin və mineral tərkibinin böyük hissəsini qorumağa imkan verir.
AQTİ-nin “Qida mifləri” rubrikasının bu dəfəki buraxlışında meyvə və tərəvəzləri soyuducuya qoymazdan əvvəl yumaq lazımdır sualına cavab verilib. İnstitutun mütəxəssisləri bildirir ki, meyvə və tərəvəzlərin saxlanması və gigiyenası ilə bağlı cəmiyyət arasında geniş yayılmış yanlış təsəvvürlərdən biri onların soyuducuya yerləşdirməzdən əvvəl yuyulmasıdır. Doğru qəbul edilən bu fikir əslində isə həqiqəti əks etdirmir. Daha ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz:
Novruz bayramı süfrələrinin bol çeşidli yeməklər və ənənəvi şirniyyatlarla zəngin olması hər kəsə məlumdur. Lakin bu bolluq fonunda düzgün və balanslı qidalanma prinsiplərinə riayət etmək sağlamlığın qorunması baxımından xüsusi əhəmiyyət daşıyır.
Bayram süfrəsinin bəzəyi olan qoz, badam, fındıq və digər çərəzlər orqanizm üçün vacib olan vitamin, mineral və antioksidantlarla zəngindir. Zəngin tərkib sayəsində çərəzlər immuniteti möhkəmləndirir, həzm sisteminin fəaliyyətini dəstəkləyir, zehni aktivliyi artırır və qaraciyərin normal funksiyasına müsbət təsir göstərir. Gün ərzində bir ovuc çərəz yemək bədəni ehtiyac duyduğu bir çox faydalı maddələrlə təmin edir. Qida Təhlükəsizliyi Agentliyi bayram günlərində çərəz istehlakının artdığını nəzərə alaraq vətəndaşlara müraciət edib. Bildirilib ki, həddindən artıq istehlak artıq çəki, piylənmə, həzm pozğunluğu və allergik reaksiyalara səbəb ola bilər. Buna görə də ölçüyə diqqət etmək, gündəlik normanı aşmamaq vacibdir. Çərəzlərin faydasını maksimum qorumaq üçün onları qovrulmamış və ya az miqdarda, yüngül qovrulmuş halda istehlak etmək daha məqsədəuyğundur. Çünki yüksək temperatur onların vitamin və minerallarını azaldır. Çərəz alarkən görünüşünə, rənginə, formasına və qoxusuna diqqət edilməlidir. Qablaşdırılmış məhsulun isə mütləq istehsal və son istifadə tarixi yoxlanılmalıdır. Düzgün şəraitdə saxlanılmayan çərəzlərdə zərərli maddələr – aflatoksinlər yarana bilər. Kif bəzən pambıqvari və ya rəngli ləkələr şəklində görünsə də, məhsulun dərin qatlarına qədər yayılır. Bu səbəbdən kifli hissəni kəsib istifadə etmək təhlükəlidir. İstehlak etməzdən əvvəl çərəzləri yumaq tövsiyə olunur. Açıq şəkildə satılan məhsulların toz və yad maddələrlə çirklənməsi mümkündür. Onları sərin, quru və qaranlıq mühitdə saxlamaq dadı və faydalı xüsusiyyətlərini qorumağa kömək edir. Daha ətraflı link:
Ramazan ayında oruc tutan şəxslərin qidalanmasında xurma mühüm yer tutur. Yüksək qidalılıq dəyərinə malik olan xurma orqanizmin enerji dəyərinin qorunmasına və uzun müddət toxluq hissinin saxlanmasına kömək edir. Bir ədəd quru xurma təxminən 20–28 kalori ehtiva edir və vitaminlər, minerallar, təbii meyvə şəkərləri, zülal, karbohidrat və liflə zəngindir. Tərkibində lifin miqdarının çox olmasına görə toxluq hissi yaranır ki, bu da uzun müddət aclığa qarşı orqanizmin müqavimətini artırır. Bununla yanaşı, xurma karbohidratlarla zəngin olduğundan həddindən artıq istehlak edildikdə qan şəkərinin yüksəlməsinə səbəb ola bilər. Şəkərli diabet və piylənmədən əziyyət çəkən şəxslər həkimin tövsiyəsinə uyğun xurma istehlak edə bilərlər. Xurma alarkən onun xarici görünüşünə, eyni zamanda məhsulun satışa qədər düzgün saxlanmasına diqqət yetirmək lazımdır. Xurmanın üzərində zədə və kif əlaməti olmamalı, zərərli orqanizmlərin təsirinə məruz qalmamalıdır. Qablaşdırılmış halda satılan xurmanı alarkən buraxılış və son istifadə tarixinə mütləq nəzər yetirilməlidir. Yaxşı yetişmiş xurma səthi hamar, tünd qəhvəyi rəngli, mat, ləkəsiz, yumşaq, çəyirdəkli olmalı, lakin, parlaq, yapışqan və yağlı olmamalıdır. Xurmanın xarici səthinin açıq rəngli olması onun yaxşı yetişmədiyini, daxili lətli hissəsinin tünd rəngdə olması isə onun köhnə olduğunu göstərir. Həmçinin xurmanın qabığında çatlar varsa, qabığı soyulursa, bu məhsulun süni üsulla qurudulduğunu göstərir. Belə xurmaların isə istehlakı məsləhət görülmür. Xurma istiyə və günəş şüasına birbaşa məruz qalmadan, sərin şəraitdə və ya soyuducuda saxlanmalıdır. Açıq şəkildə satılan məhsullar toz və mikroorqanizmlərlə çirklənə biləcəyi üçün istehlakdan əvvəl mütləq yaxşıca yuyulmalıdır.
Ramazan ayında oruc tutan insanların düzgün və balanslı qidalanması xüsusi əhəmiyyət daşıyır. Uzun müddət ac və susuz qaldıqdan sonra orqanizmi birdən-birə ağır yeməklərlə yükləmək müxtəlif həzm problemlərinə, halsızlığa və digər narahatlıqlara səbəb ola bilər. İftara ilıq su ilə başlamaq ən doğru addımlardan biri hesab olunur. 1-2 stəkan su içmək orqanizmin susuzluğunu aradan qaldırır və mədəni yeməyə hazırlayır. Ardınca xurma, zeytun, tərəvəz salatı və göy-göyərti kimi yüngül qidalar qəbul etmək tövsiyə edilir. Təxminən 15-20 dəqiqə fasilədən sonra əsas yeməklərə keçmək daha məqsədəuyğundur. Əsas yeməklər mümkün qədər yüngül və balanslı olmalıdır. Yeməyə yüngül şorba ilə başlamaq həzm sisteminə müsbət təsir göstərir. Sobada bişmiş ət, toyuq və ya balıq, yanında tərəvəzlər, az miqdarda bulqur və ya düyü ideal seçim sayılır. Bu cür qidalanma orqanizmi lazımi zülal, vitamin və minerallarla təmin edir, eyni zamanda ağırlıq hissi yaratmır. Bununla yanaşı, bəzi qidalardan uzaq durmaq vacibdir. Xəmir xörəkləri, qızartmalar, çox yağlı və souslu yeməklər iftar süfrəsində məhdudlaşdırılmalıdır. Acılı, çox ədviyyatlı və turş qidalar isə həm susuzluğu artırır, həm də mədə-bağırsaq problemlərinə səbəb ola bilər. Yeməkdən dərhal sonra şirniyyat yemək artıq çəkiyə və həzm pozuntularına səbəb olur. Buna görə şirniyyatların yeməkdən 1-2 saat sonra qəbul edilməsi daha düzgündür. Şərbətli və ağır desertlər əvəzinə südlü şirniyyatlar, meyvələr və ya quru meyvələrə üstünlük verilməsi daha sağlam seçimdir. Daha ətraflı:
Giriş