Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Tərtər, Qusar və Bərdə rayonlarında fəaliyyət göstərən ərzaq bazarlarında monitorinqlər həyata keçirilib. Aparılan nəzarət tədbirləri zamanı satış məntəqələrində bir sıra nöqsanlar aşkarlanıb. Belə ki, bazar ərazilərində çalışan işçilərin qida təhlükəsizliyi standartlarına uyğun xüsusi geyimlərlə tam təmin edilmədiyi müəyyən olunub. Süd və süd məhsullarının satışı bölmələrində soyuducu avadanlıqların yetərsiz olduğu, bu məhsulların ekspertiza aktları və daşınma sənədləri təqdim edilmədən satışa çıxarıldığı qeydə alınıb. Bununla yanaşı, toyuq və balıq məhsullarının üstü açıq şəkildə, xarici təsirlərə məruz qalan formada satıldığı, sənədlərinin olmadığı müəyyən edilib. Bəzi satış obyektlərində mənşəyi məlum olmayan turşu növlərinin satışı da aşkarlanıb. Aşkarlanmış nöqsanların aradan qaldırılması üçün bazar sahiblərinə müvafiq göstərişlər verilib. Bölgələrdə yerləşən ərzaq bazarlarında aparılan monitorinqlərə dair videoçarx:
Qida Təhlükəsizliyi Agentliyinin Qarabağ regional bölməsinin əməkdaşları “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin əməkdaşları ilə birgə Xankəndi şəhər əhalisi, o cümlədən Qarabağ Universitetinin tələbələri ilə Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısını almaq məqsədilə maarifləndirici görüşlər keçirib. Tədbir zamanı zərərvericinin morfologiyası, yayılma yolları və qarşısını almaq üçün zəruri mübarizə tədbirləri barədə ətraflı məlumat verilib, maarifləndirici kitabça və bukletlər paylanılıb. Həmçinin yaşayış evlərində, köhnə tikililərdə, binalarda zərərvericinin mövcudluğunu müəyyən etmək məqsədilə monitorinqlər aparılıb.
Zaqatala Rayon İcra Hakimiyyətinin inzibati binasında fındıq istehsalçıları və ixracatçıları ilə görüş keçirilib. Tədbirdə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Balarəhim Quliyev, kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin rəhbəri Sərdar Hacıyev, Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri İsmayıl Orucov iştirak ediblər. Görüşdə fındıqçılıq sahəsində mövcud vəziyyət və aktual məsələlər müzakirə olunub. Ölkəmizdən Çin Xalq Respublikasına fındıq və badam ixracının genişləndirilməsi istiqamətində intensiv tədbirlərin həyata keçirildiyi qeyd olunub. İxracatçılara bu sahədə tələb olunan prosedurlar, texniki tələblər və sənədləşmə qaydaları barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, mövcud prosedurlara düzgün riayət edilməsi ixrac prosesinin daha şəffaf, operativ və etibarlı şəkildə həyata keçirilməsinə şərait yaradacaq. Tədbirdə həmçinin fındıq məhsullarında aflatoksin riskinin azaldılması üçün vacib tədbirlər diqqətə çatdırılıb. Bölgədə Qəhvəyi mərmər bağacığına qarşı aparılan qış monitorinqlərinin nəticələri təqdim olunub, yaz-yay mövsümündə mübarizə işlərinin daha səmərəli təşkili, əhalinin və fermerlərin maarifləndirilməsi, aidiyyəti qurumlar arasında koordinasiyanın gücləndirilməsi müzakirə edilib. Sonda iştirakçıların sualları cavablandırılıb, fındıq istehsalçılarını maraqlandıran mövzular üzrə fikir mübadiləsi aparılıb.
Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən istehlakçı hüquqlarının qorunması, təhlükəsiz və keyfiyyətli ərzaq məhsullarının satışının təmini məqsədi ilə birgə tədbirlər davam etdirilir. Növbəti əməliyyat zamanı Yasamal rayonunda yerləşən ərzaq anbarlarının birində fəaliyyət göstərən ət kəsimi məntəqəsində mənşəyi məlum olmayan və qidaya yararsız at əti məhsullarının satıldığı aşkarlanıb. Nəticədə qanunsuz fəaliyyətlə məşğul olan iki nəfər-Kamal Əkbərov və Mehman Cəfərov saxlanılıblar. Sexə baxış zamanı 1 tondan artıq qidaya yararsız at əti aşkar olunub. Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxslər mənşəyi məlum olmayan, qidaya yararsız at ətini keyfiyyətli mal əti kimi satışa çıxarıblar. Həmin ətlərdən nümunələr götürülərək Qida Təhlükəsizliyi Agentliyinin labaratoriyasına göndərilib. Təyin olunan ekspertizalar zamanı aşkarlanan ətin qidaya yararsız olduğu təsdiq edilib. Faktla bağlı araşdırmalar davam etdirilir.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Ağdaş şəhəri, M.Rəsulzadə küçəsi 31 ünvanında fəaliyyət göstərən "Ağdaş Bazar” ASC-yə məxsus bazarda planlı yoxlama keçirib. Baxış zamanı bazarda etiket məlumatları olmayan şor, süd, pendir, qatıq, turşu, mürəbbə və bal məhsullarının satışa çıxarıldığı, süd və süd məhsullarının müvafiq müşayiətedici sənədlərinin olmadığı məlum olub. Həmçinin ət və süd məhsullarının temperatur rejiminə riayət edilmədən açıq hava şəraitində saxlanıldığı, qida məhsullarının yerdən və divardan ara məsafə gözlənilmədən birbaşa döşəmə üzərinə yığıldığı, qida ilə təmasda olan səthlərin təmirsiz olduğu, asan təmizlənən və dezinfeksiyaya davamlı materialdan hazırlanmadığı, yuma çanaqlarının mövcud olmadığı, qida məhsulları ilə təmasda olan şəxslərin tibbi müayinədən keçmədiyi, xüsusi geyimlə təmin olunmadığı və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı inzibati protokol tərtib olunaraq bazar rəhbəri inzibati məsuliyyətə cəlb edilib, etiket məlumatları olmayan qida məhsullarının satışının qadağan olunması və dövriyyədən çıxarılması barədə qərar qəbul edilib.
Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov ştq, X.Xasməmmədov küçəsi, ev 15 ünvanında yerləşən, fiziki şəxs Bağırov Seymur Elşən oğluna məxsus “Məhəllə 1” kafesində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, ictimai iaşə müəssisəsinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Həmçinin texnoloji ardıcıllıq prinsipinə əməl olunmadığı, xammallar üçün anbar sahəsinin təşkil edilmədiyi, mətbəxdə tavandan izolyasiya edilməmiş kanalizasiya borusunun keçdiyi və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı obyekt rəhbərliyi barəsində inzibati protokol tərtib olunub, nöqsanlar aradan qaldırılanadək işlərin görülməsi, xidmətlərin göstərilməsi dayandırılıb.
Qida Təhlükəsizliyi Agentliyi ölkə ərazisində yerləşən ərzaq bazarlarında nəzarət tədbirlərini davam etdirir. Bu çərçivədə Qazax, Cəlilabad və Astara rayonlarında fəaliyyət göstərən ərzaq bazarlarında qida təhlükəsizliyi tələblərinə riayət olunması ilə bağlı növbəti monitorinqlər həyata keçirilib. Aparılan nəzarət tədbirləri zamanı xüsusilə yüksək risk qrupuna aid olan məhsulların — balıq, quş əti və digər tez xarab olan qidaların — açıq havada, uyğun olmayan temperatur və gigiyena şəraitində satışa çıxarıldığı müəyyən edilib. Bundan başqa, satış səthlərinin dezinfeksiya edilmədiyi, məhsullar üzərində etiket məlumatları yerləşdirilmədiyi və soyuducuda temperatur rejiminə riayət olunmadığı və digər nöqsanlar qeydə alınıb. Nöqsanların aradan qaldırılması məqsədilə bazar sahiblərinə müvafiq göstərişlər verilib. Monitorinq və nəzarət tədbirləri bundan sonra da mütəmadi qaydada davam etdiriləcək. Bölgələrdə yerləşən ərzaq bazarlarında aparılan monitorinqlərə dair videoçarx:
Ölkəmizə idxal olunan “Nitro Max” energetik içkilərində qanunvericiliklə qida məhsullarında istifadəsinə icazə verilməyən təhlükəli maddə aşkarlanıb. Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri tərəfindən “Orxan 011” MMC tərəfindən idxal olunmuş “Nitro Max” əmtəə nişanlı energetik içki məhsul partiyasından laborator sınaqların aparılması üçün nümunələr götürülərək müvafiq sınaq laboratoriyasına təqdim edilib. Sınaq nəticələrinə əsasən, məhsullarda dərman vasitələrinin tərkibində istifadə olunan və qida məhsullarında qanunvericiliklə qida məhsullarında istifadəsinə icazə verilməyən Sildenafil maddəsi aşkar edilib. Qeyd edək ki, Sildenafil maddəsi bəzi orqan və sistem xəstəliklərinin müalicəsində istifadə olunur. Həkim nəzarəti olmadığı halda insan həyat və sağlamlığına mənfi təsir göstərərək ciddi fəsadlar törədə bilər. Uyğunsuzluq müəyyən edilən məhsul partiyaları barəsində qanunvericiliyə uyğun qərarlar qəbul olunub. Ümumi sayı 4800 ədəd olan energetik içkil sahibkarın və Agentlik əməkdaşlarının iştirakı ilə xüsusi poliqonda məhv edilib. İstehlak üçün yararsız energetik içkilərin məhv edilməsinə dair videoçarx:
Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, ev 49, m. 6 ünvanında yerləşən, fiziki şəxs İsmayılov Vahid Cəmil oğluna məxsus "İvanovka" ticarət obyektində yoxlama keçirilib. Satışa çıxarılan kərə yağlarından Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Sınaq nəticəsində kərə yağlarının tərkibinin bitki yağı və ya bitki yağları qarışığından ibarət olduğu müəyyən edilib. Yoxlama zamanı süd məhsullarının (seperator üsulu ilə alınmış yağ, əridilmiş yağ, kəsmik, xama və s.) müvafiq baytarlıq sənədlərinin və etiket məlumatlarının olmadığı, yağların kərə yağı adı altında satışa çıxarıldığı aşkarlanıb. Sahibkar süd məhsullarını mütəmadi olaraq İsmayıllı rayonunun İvanovka kəndində fəaliyyət göstərən müxtəlif fiziki şəxslərdən və İsmayıllı bazarından aldığını bildirib. Məhsullar satışdan kənarlaşdırılıb, toxunulmazlıq aktı tərtib edilib və möhürlənərək saxlanca qoyulub. Təkrar laborator sınaq nəticəsində kərə yağı və kəsmik məhsulunun tərkibinin bitki yağı və ya bitki yağları qarışığından ibarət olduğu, həmçinin kəsmik məhsulunda mikrobioloji uyğunsuzluq (E.coli) müəyyən edilib. Faktla bağlı ticarət obyektinin rəhbərliyi barəsində inzibati protokol tərtib edilib, süd məhsullarının satışı qadağan olunub. Eyni zamanda Agentliyin əməkdaşları tərəfindən Bakı şəhərində fəaliyyət göstərən digər “İvanovka” ticarət obyektlərində və İsmayıllı rayonunun İvanovka kəndində bu məhsulların istehsalı və satışını həyata keçirən qida subyektlərində nəzarət tədbirləri görülür. Kərə yağlarından və kəsmik məhsullarından götürülmüş nümunələr Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Araşdırmalar davam etdirilir. Nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən “Sağlam məktəbli” layihəsi çərçivəsində ümumi təhsil müəssisələrində maarifləndirmə tədbirləri davam etdirilir. Məktəblilər arasında sağlam qidalanmanın təşviq olunması, qida təhlükəsizliyi anlayışının təbliğ edilməsi və şagirdlərə qida təhlükəsizliyi vərdişlərinin aşılanması məqsədilə həyata keçirilən layihə çərçivəsində 2025-2026-cı tədris ili üzrə növbəti görüş Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 35 nömrəli və Tahir Həsənov adına 57 nömrəli tam orta ümumtəhsil məktəbində təşkil olunub. Tədbirdə iştirak edən hər iki məktəbin ümumilikdə 553 şagirdinə Agentliyin fəaliyyət istiqamətləri, eləcə də qida təhlükəsizliyinin təmin olunması və sağlam qidalanmanın vacibliyi barədə məlumatlar verilib. Daha sonra Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən “Meyvə tərəvəzin uşaqlara faydaları” mövzusunda təqdimatlar edilib. Görüşdə mövzu ətrafında müzakirələr aparılıb, məktəbliləri maraqlandıran suallar cavablandırılıb və onlara sağlam qidalanmaya dair maarifləndirici bukletlər paylanıb. Qeyd edək ki, “Sağlam məktəbli” layihəsinə 2018-ci ildə start verilib. Layihə çərçivəsində hər il ümumtəhsil müəssisələrində şagirdlərlə qida sahəsində müxtəlif mövzularda görüşlər keçirilir. Agentlik tərəfindən belə görüşlərin davamlı olaraq təşkil edilməsi planlaşdırılıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində fəaliyyət göstərən “Yasamal” bazarına və “İnşaatçılar” metrostansiyası ətrafında qanunsuz həyata keçirilən küçə satışı yerlərinə baxış keçirib. Baxış zamanı bazarda yumurta, süd və süd məhsullarının baytarlıq ekspertizasından keçirilmədən satışa çıxarıldığı və açıq şəraitdə, soyuducudan kənarda temperatur rejiminə əməl olunmadan saxlanıldığı müəyyən edilib. Həmçinin ev üsulu ilə hazırlanmış və etiket məlumatları qeyd edilməyən müxtəlif növ turşular aşkarlanıb. Nöqsanların aradan qaldırılması barədə icrası məcburi göstərişlər verilib. Qeyd edək ki, bazar rəhbərləri qida məhsullarının satışını təhlükəsiz şəkildə təmin etməlidirlər. Bunun üçün bazarda müvafiq şərait qurulmalıdır. “İnşaatçılar” metrostansiyasının yaxınlığında qanunsuz küçə satışı piştaxtalarında yüksək riskli qida məhsullarının (balıq, toyuq, turşu, kərə yağı, süd və süd məhsulları) antisanitar şəraitdə, temperatur rejiminə və saxlanma qaydasına əməl edilmədən satışa çıxarıldığı, eləcə də müvafiq baytarlıq sənədlərinin olmadığı müəyyən edilib. Satıcılarla maarifləndirici söhbət aparılıb, qanunun tələbləri izah olunub. Qeyd edilib ki, yüksək riskli qida məhsullarının natəmiz şəraitdə küçədə, yol kənarında satışı insan həyat və sağlamlığı üçün təhlükə törədir. Mənşəyi məlum olmayan, təhlükəsizlik göstəriciləri şübhə doğuran bu cür məhsulların istehlakı tövsiyə olunmur. Agentlik qanunsuz küçə ticarətinin qarşısının alınması üçün aidiyyəti qurumlara müraciət edir. Bu cür tədbirlər digər ünvanlarda da həyata keçiriləcək. Linkə keçid edərək videoməlumatla tanış ola bilərsiniz:
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilk dəfə olaraq elektron siqaret istifadəsi ilə bağlı qlobal hesabat yayıb. Hesabata görə, hazırda dünyada 100 milyondan çox insan “veyp”-dən (elektron siqaret) istifadə edir və onların ən azı 15 milyonu 13–15 yaşlı yeniyetmələrdir. Mövcud məlumatlar göstərir ki, yeniyetmələr arasında “veyp” istifadəsi yetkinlərə nisbətən təxminən 9 dəfə yüksəkdir. Elektron siqaretlər, ənənəvi siqaretlərə alternativ olaraq təqdim edilsə də, xüsusilə gənclər və qadınlar arasında geniş yayılıb. Rəngarəng dizaynlar, müxtəlif meyvə və şirniyyat dadları, marketinq strategiyaları və sosial mediada geniş reklam bu məhsulları gənclər üçün daha cazibədar edir. Əsas hədəf auditoriyası ilkin mərhələdə siqareti tərgitmək istəyən şəxslər olsa da, son illərin statistikaları göstərir ki, veyp istifadəsi əvvəllər siqaret çəkməyən yeniyetmələr və gənclər arasında sürətlə yayılır. Bundan əlavə, elektron siqaretlərin tüstüsünün olmaması və xoş qoxulu aerozolları onların qapalı məkanlarda istifadəsini asanlaşdırır. Bu xüsusiyyətlər veyplərin nəqliyyat vasitələrində, restoranlarda və digər ictimai yerlərdə rahat istifadə olunmasına səbəb olur və passiv şəkildə təsirə məruz qalma ehtimalını artırır. ÜST hesabatında eyni zamanda ölkələrə çağırış edərək bildirir ki, yeniyetmələr arasında elektron siqaret və digər nikotin məhsullarının istifadəsini yaxından izləsin, yeni məhsulların yayılmasına qarşı isə təsirli tənzimləyici və maarifləndirici tədbirlər həyata keçirsin. Veyp-in zərərləri ilə bağlı ətraflı məlumat linkdəki videodadır: https://www.youtube.com/shorts/MompBOqwmx8
Giriş