Təhlükəsiz qida ilə sağlam gələcəyə!

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
AZ
Ümummilli Lider Heydər Əliyev Prezident İlham Əliyev Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Azərbaycan Respublikasının Nazirlər Kabineti Heydər Əliyev Fondu
“Ramin Nur” şadlıq sarayında camış əti dana əti adı ilə təqdim edilir
“Ramin Nur” şadlıq sarayında camış əti dana əti adı ilə təqdim edilir

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Xətai rayonu, R.Bağırov küçəsi ev 58 ünvanında yerləşən, fiziki şəxs Quliyev Firdovsi Mülkü oğluna məxsus “Ramin Nur” şadlıq sarayında yoxlama keçirib. Baxış zamanı istehlakçı hüquqlarının və sanitariya norma və qaydalarının tələblərinin pozulduğu məlum olub. Belə ki, obyektin qida təhlükəsizliyi qeydiyyatından keçmədən qanunsuz fəaliyyət göstərdiyi məlum olub. Camış ətinin istehlaka dana əti adı ilə təqdim edildiyi aşkarlanıb. Həmin camış ətləri müvafiq baytarlıq sənədi və idxal sağlamlıq aktı ilə müşayiət edilib. Qeyd olunan hal qida təhlükəsizliyi riski yaratmasa da, istehlakçıların aldadılaraq onların hüquqlarının kobud şəkildə pozulmasına səbəb olur. Bundan başqa, şadlıq evində tərkibi ilə etiket məlumatları uyğunsuzluq təşkil edən alkoqolsuz içkilərin təqdim edildiyi məlum olub. Qida məhsullarının saxlanması ilə bağlı tələblərin pozulduğu, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb.           Faktla bağlı obyekt rəhbərliyi barəsində inzibati protokol tərtib olunub, mətbəxdə istehlaka hazır qidalardan, donmuş ət məhsullarından və meyvə şirəsindən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib, icrası məcburi göstərişlər verilib.

8-ci km bazarında balıq kürüsü satışında ciddi nöqsanlar aşkarlanıb - VİDEO
8-ci km bazarında balıq kürüsü satışında ciddi nöqsanlar aşkarlanıb  - VİDEO

Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi, 8-ci km ərazisində fəaliyyət göstərən fiziki şəxs Nəcəfov Fəxrəddin Əlipaşa oğluna məxsus “Kəngərli” bazarında balıq kürüsü və diri balıq satışına nəzarət tədbirləri həyata keçirilib. Qida Təhlükəsizliyi Agentliyinin yoxlaması zamanı kürü məhsullarının üzərində etiket məlumatlarının mövcud olmadığı, yəni məhsulun və istehsalçının adı, istehsal və son istifadə tarixləri barədə məlumatların olmadığı müəyyən edilib.   Həmçinin, bazarda satılan balıq və balıq kürüsünün keyfiyyətini və təhlükəsizliyini təsdiq edən baytarlıq və müşayiətedici sənədlər yoxlama zamanı təqdim olunmayıb. Müəyyən edilib ki, normativ tələblərə əsasən 0–2 °C temperaturda saxlanılmalı olan balıq kürüsü faktiki olaraq 9.3 °C temperaturda saxlanılaraq satışa çıxarılıb. Eyni zamanda bazarda digər satış məntəqələrinə də baxış zamanı diri balıqların saxlanıldığı su hovuzlarının sanitariya-gigiyenik vəziyyətinin qənaətbəxş olmadığı, ölü balıqların vaxtında hovuzlardan kənarlaşdırılmadığı, suyun çirkli, bulanıq və qoxulu olduğu müəyyən edilib. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar sahibkar barəsində inzibati xəta haqqında protokol tərtib edilib, balıq kürüsündən nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Araşdırmaların nəticələrinə əsasən qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülməsi təmin ediləcək. Qeydə alınan nöqsanlar insan həyat və sağlamlığı ciddi risklər yaradır. Xüsusi riskli qida məhsullarının antisanitar və tələblərə uyğun olmayan şəraitdə satışı yolverilməzdir. Bazar sahibləri ərzaq bazarlarında təcili sağlamlaşdırıcı tədbirlər həyata keçirməlidirlər. Daha ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz:

39 qida obyektində saxta alkoqollu içkilər aşkarlanıb
39 qida obyektində saxta alkoqollu içkilər aşkarlanıb

Saxta alkoqollu içkilərin dövriyyəsinin qarşısının alınması istiqamətində Qida Təhlükəsizliyi Agentliyi tərəfindən mütəmadi olaraq nəzarət tədbirləri həyata keçirilir. Belə ki, cari il ərzində aparılan tədbirlər çərçivəsində ümumilikdə 39 qida obyektində (34 ticarət və 5 ictimai iaşə obyekti) müxtəlif növ və əmtəə nişanlı 7714 ədəd saxta alkoqollu içki aşkarlanıb. Bununla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülərək məhsullar satışdan kənarlaşdırılıb. 81 alkoqollu içkidən nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Sınaq nəticəsində 39 məhsulda uyğunsuzluq müəyyən edilib, 31 məhsulda uyğunsuzluq aşkarlanmayıb, 11 məhsulun isə müayinələri davam etdirilir. Faktla bağlı 16 müəssisənin vəzifəli şəxsləri barəsində inzibati məsuliyyət tədbirləri görülüb, 23 qida obyekti barədə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün hüquq mühafizə orqanlarına göndərilib. Qeyd edək ki, saxta içkilər uyğun olmayan xammaldan və texnologiyadan istifadə edilməklə hazırlanır. Bu cür içkilərin tərkibində olan kimyəvi maddələr insan sağlamlığı üçün təhlükəli hesab edilir. Belə ki, bu kimyəvi birləşmələr daha çox qaraciyər, böyrək, göz və mərkəzi sinir sistemini zədələməklə yanaşı, ölümlə nəticələnən intoksikasiyalara səbəb ola bilər. Agentlik yeni il bayramı ərəfəsində spirtli içkilərin daha çox satışa çıxarıldığını və istifadə olunduğunu nəzərə alaraq, istehlakçıları diqqətli olmağa, keyfiyyəti və təhlükəsizliyi şübhə doğuran məhsulları almamağa çağırır. İctimai iaşə və ticarət obyektlərində məhsul seçərkən, qablaşdırılmasına və etiketlənməsinə diqqət yetirilməli və müvafiq müşayiətedici sənədlərinin tələb edilməsi zəruridir. Hər hansı uyğunsuzluq və şübhəli hallar aşkar edildikdə, dərhal Agentliyin “1003 - Çağrı Mərkəzi”nə məlumat verilməsi tövsiyə olunur.

“On numara” ictimai iaşə müəssisəsində ciddi nöqsanlar aşkarlanıb
“On numara” ictimai iaşə müəssisəsində ciddi nöqsanlar aşkarlanıb

Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi, ev 42C ünvanında  fəaliyyət göstərən “On numara” ictimai iaşə müəssisəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib. Yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının bir sıra tələblərinin pozulması faktları müəyyən edilib. Belə ki, müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən qanunsuz fəaliyyət göstərdiyi, istehlaka təqdim edilən dönərlərin müvafiq müşayiətedici sənədlərinin olmadığı, əvvəlki gün bişirilmiş dönərin yenidən isidilərək istehlaka verilməsi məqsədilə dondurucuda saxlanıldığı, texnoloji ardıcıllıq prinsipinə riayət olunmadığı, emal zamanı qida məhsullarının təhlükəsizliyi sahəsində müəyyən edilmiş tələblərə cavab verən xammaldan istifadə edilmədiyi, işçilərin tibbi müayinədən keçirilmədiyi və soyuq qəlyanaltıların saxlanma rejiminin normativ tələblərə cavab vermədiyi aşkarlanıb. Bundan əlavə, zərərvericilərin mətbəx sahəsinə daxil olmasının qarşısını almaq üçün tədbirlərin görülmədiyi məlum olub. Faktla bağlı obyekt rəhbərliyi barəsində inzibati protokol tərtib olunub, istehlaka hazır qidalardan nümunələr götürülərək laboratoriyaya təqdim edilib. Nöqsanlar aradan qaldırılanadək soyuq qəlyanaltıların emalı sahəsində işlərin görülməsi və xidmətlərin göstərilməsi dayandırılıb.

Bərdə heyvan satışı bazarı fəaliyyətə başlayıb
Bərdə heyvan satışı bazarı fəaliyyətə başlayıb

Bərdə rayonunun Alpoud kəndində yerləşən heyvan satışı bazarı fəaliyyətə başlayıb. Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilən qiymətləndirmənin nəticələrinə əsasən, biotəhlükəsizlik tələbləri təmin edilərək bazar yenidən qurulub. Bazarın girişində baytarlıq nəzarəti məntəqəsi tikilib, dezbaryer quraşdırılıb. Bundan başqa, heyvanlara baxış platformaları inşa edilib. Çardaqlar və satış pavilyonları qurulub. Ərazidə asfaltlama və betonlama işləri görülüb. Heyvan rifahı üçün su və yemlə təminat yaxşılaşdırılıb. Tullantıların daşınması və digər tələblərə uyğun şərait yaradılıb. Hazırda bir neçə heyvan bazarında da rekonstruksiya işləri aparılır. Göygöl, Göyçay və Salyan rayonlarında yerləşən heyvan bazarlarında biotəhlükəsizlik tələblərinə uyğun olaraq görülən işlərin qiymətləndirilməsi aparılıb. Yaxın günlərdə bu bazarların da yenidən fəaliyyətə başlaması məsələsinə baxılacaq. Eyni zamanda Ağcabədi, Beyləqan, Biləsuvar, Masallı, Şamaxı və Abşeron rayonlarında yerləşən heyvan bazarlarında da təqdim edilmiş eskiz layihələri əsasında intensiv iş gedir. Belə ki, həmin heyvan bazarlarında AQTA-nın Kollegiyasının 50 nömrəli Qərarı ilə təsdiq olunmuş “Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları”na uyğun olaraq, rekonstruksiya işləri icra olunmaqdadır.  Agentlik bildirir ki, biotəhlükəsizlik tələblərinə uyğun qurulan heyvan bazarlarında baytarlıq nəzarəti ilə yanaşı, heyvanların qeydiyyatı aparılaraq, izləmə sistemi qurulacaq. Bütün görülən işlər insan və heyvan sağlamlığının qorunmasına, əhalinin təhlükəsiz qida məhsulları ilə təmin edilməsinə xidmət edir.

Qida Təhlükəsizliyi Agentliyi və Səhiyyə Nazirliyinin birgə məlumatı
Qida Təhlükəsizliyi Agentliyi və Səhiyyə Nazirliyinin birgə məlumatı

Çində istehsal olunan şüşə fincanlarda ağır metallar aşkarlanıb Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) Avropa İttifaqının “Qida və Yem Məhsullarına dair Çevik Xəbərdarlıq Sistemi” (RASFF) vasitəsilə Polşa Respublikasından daxil olan məlumata əsasən, Çin Xalq Respublikasında fəaliyyət göstərən “Market Union Co. Ltd” şirkəti tərəfindən istehsal edilən şüşə fincanlarda kadmium və qurğuşun ağır metallarının miqrasiyası aşkarlanıb.  Məlumatda qeyd olunur ki, bu məhsulların 6 ədədi Azərbaycan Respublikasında fəaliyyət göstərən “Sevinc Mall” ticarət mərkəzində yerləşən “Sinsay” mağazasına göndərilib. Bildiririk ki, sözügedən fincanlar Səhiyyə Nazirliyinin Respublika Sanitariya - Karantin Mərkəzinə təqdim edilməyib və bu səbəbdən müvafiq laborator müayinələrdən keçirilməyib. Həmin məhsulları əldə etmiş vətəndaşlardan şüşə fincanları yoxlanılması məqsədilə Səhiyyə Nazirliyinin Respublika Sanitariya - Karantin Mərkəzinə təqdim etmələri xahiş olunur. Laborator müayinələr ödənişsiz əsaslarla həyata keçiriləcək. Yoxlamalar nəticəsində təhlükəli ağır metallar aşkarlanmadığı halda, məhsullar vətəndaşlara geri qaytarılacaq. Qida Təhlükəsizliyi Agentliyi və Səhiyyə Nazirliyi məsələni nəzarətdə saxlayır, istehlakçıların sağlamlığının qorunması məqsədilə zəruri tədbirlər davam etdirilir. Səhiyyə Nazirliyi Respublika Sanitariya-Karantin Mərkəzi Əlaqə; 012-497-63-62 Ünvan: Həmidağa Hüseynzadə 39

Video
İdman qidaları və BAQM qəbulunda ən çox edilən səhvlər hansıdır? - Sual-Cavab

İdman qidaları və BAQM qəbulunda ən çox edilən səhvlər hansıdır? - Sual-Cavab