Salyan rayonunda fəaliyyət göstərən ərzaq bazarında monitorinq aparılıb. Qida Təhlükəsizliyi Agentliyinin nəzarət tədbiri zamanı bazarda ciddi nöqsanlar aşkarlanıb. Belə ki, bazarda turşu, mürəbbə, süd məhsulları və çiy toyuq ətinin antisanitar şəraitdə müvafiq sənədləri olmadan satışa çıxarıldığı məlum olub. Balıq məhsullarının, eləcə də ətin soyuducudan kənarda açıq şəkildə satıldığı müəyyən edilib. Nəzarət tədbiri zamanı bazarın sanitar-gigiyenik və sanitar-texniki tələblərə cavab vermədiyi, qida məhsullarının saxlanılması və temperatur rejiminin gözlənilməsi üçün müvafiq avadanlıqlarla təmin edilmədiyi aşkarlanıb. Qeyd edək ki, ərzaq bazarlarında həyata keçirilən nəzarət tədbirlərinin əsas məqsədi əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin olunmasıdır. Bu tələblərin icrası, eləcə də aşkarlanan nöqsanların aradan qaldırılması, bazarların sağlamlaşdırılması üzrə əsas məsuliyyət isə bazar rəhbərlərinin üzərinə düşür. Daha ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz:
Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi, ev 42C ünvanında fəaliyyət göstərən “On numara” ictimai iaşə müəssisəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib. Yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının bir sıra tələblərinin pozulması faktları müəyyən edilib. Belə ki, müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən qanunsuz fəaliyyət göstərdiyi, istehlaka təqdim edilən dönərlərin müvafiq müşayiətedici sənədlərinin olmadığı, əvvəlki gün bişirilmiş dönərin yenidən isidilərək istehlaka verilməsi məqsədilə dondurucuda saxlanıldığı, texnoloji ardıcıllıq prinsipinə riayət olunmadığı, emal zamanı qida məhsullarının təhlükəsizliyi sahəsində müəyyən edilmiş tələblərə cavab verən xammaldan istifadə edilmədiyi, işçilərin tibbi müayinədən keçirilmədiyi və soyuq qəlyanaltıların saxlanma rejiminin normativ tələblərə cavab vermədiyi aşkarlanıb. Bundan əlavə, zərərvericilərin mətbəx sahəsinə daxil olmasının qarşısını almaq üçün tədbirlərin görülmədiyi məlum olub. Faktla bağlı obyekt rəhbərliyi barəsində inzibati protokol tərtib olunub, istehlaka hazır qidalardan nümunələr götürülərək laboratoriyaya təqdim edilib. Nöqsanlar aradan qaldırılanadək soyuq qəlyanaltıların emalı sahəsində işlərin görülməsi və xidmətlərin göstərilməsi dayandırılıb.
Bərdə rayonunun Alpoud kəndində yerləşən heyvan satışı bazarı fəaliyyətə başlayıb. Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilən qiymətləndirmənin nəticələrinə əsasən, biotəhlükəsizlik tələbləri təmin edilərək bazar yenidən qurulub. Bazarın girişində baytarlıq nəzarəti məntəqəsi tikilib, dezbaryer quraşdırılıb. Bundan başqa, heyvanlara baxış platformaları inşa edilib. Çardaqlar və satış pavilyonları qurulub. Ərazidə asfaltlama və betonlama işləri görülüb. Heyvan rifahı üçün su və yemlə təminat yaxşılaşdırılıb. Tullantıların daşınması və digər tələblərə uyğun şərait yaradılıb. Hazırda bir neçə heyvan bazarında da rekonstruksiya işləri aparılır. Göygöl, Göyçay və Salyan rayonlarında yerləşən heyvan bazarlarında biotəhlükəsizlik tələblərinə uyğun olaraq görülən işlərin qiymətləndirilməsi aparılıb. Yaxın günlərdə bu bazarların da yenidən fəaliyyətə başlaması məsələsinə baxılacaq. Eyni zamanda Ağcabədi, Beyləqan, Biləsuvar, Masallı, Şamaxı və Abşeron rayonlarında yerləşən heyvan bazarlarında da təqdim edilmiş eskiz layihələri əsasında intensiv iş gedir. Belə ki, həmin heyvan bazarlarında AQTA-nın Kollegiyasının 50 nömrəli Qərarı ilə təsdiq olunmuş “Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları”na uyğun olaraq, rekonstruksiya işləri icra olunmaqdadır. Agentlik bildirir ki, biotəhlükəsizlik tələblərinə uyğun qurulan heyvan bazarlarında baytarlıq nəzarəti ilə yanaşı, heyvanların qeydiyyatı aparılaraq, izləmə sistemi qurulacaq. Bütün görülən işlər insan və heyvan sağlamlığının qorunmasına, əhalinin təhlükəsiz qida məhsulları ilə təmin edilməsinə xidmət edir.
Masallı rayonunun Qızılağac kəndində fəaliyyət göstərən, Əhmədov Pərviz Ədalət oğluna və Abbasov Fərhad Zeynalabdin oğluna məxsus marketlərdə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Belə ki, marketlərdə “Gradus”, “Wheat Water”, “Документ”, “Сибирячка”, “Organic”, “Губернаторская”, “Мужское Достоинтсво” əmtəə nişanlı mənşəyi məlum olmayan saxta alkoqollu içkilər aşkar edilərək satışdan kənarlaşdırılıb, məhsullarla bağlı məhdudlaşdırıcı qərar qəbul olunub. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Araşdırmalar davam etdirilir.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Biləsuvar şəhəri, M.İbrahimov küçəsi, ev 111 ünvanında fəaliyyət göstərən, “Ruslan” MMC-yə məxsus bazarda planlı yoxlama keçirib. Baxış zamanı bazarda etiket məlumatları olmayan turşu məhsullarının satışa çıxarıldığı, soyuducu kameraların təşkil edilmədiyi, obliqat qrupuna daxil olan işçilərin müvafiq geyimlə təmin edilmədiyi və gigiyenik təlimlərə cəlb olunmadığı, müvafiq təmizlik işlərinin görülmədiyi və digər sanitar-gigiyenik və sanitar-texniki tələblərin pozulduğu müəyyən edilib. Aşkar edilmiş nöqsanlarla əlaqədar sahibkar barəsində inzibati protokol tərtib olunub, obliqat qrupuna daxil olan işçilərin işdən kənarlaşdırılması və mənşəyi məlum olmayan qida məhsullarının satışının dayandırılması barədə qərar qəbul edilib.
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan nəzarət tədbirləri zamanı "Nord Star Pharma" MMC-nin Rusiyadan idxal etdiyi 10000 ədəd “Qlisin Biokor” B1 və B6 vitaminləri ilə” əmtəə nişanlı bioloji aktiv qida məhsulunun müayinəsi nəticəsində B1 vitaminin miqdarının normadan aşağı olduğu aşkarlanıb. Faktla bağlı qəbul edilmiş müvafiq qərar əsasında məhsul partiyası məhv edilib.
Çində istehsal olunan şüşə fincanlarda ağır metallar aşkarlanıb Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) Avropa İttifaqının “Qida və Yem Məhsullarına dair Çevik Xəbərdarlıq Sistemi” (RASFF) vasitəsilə Polşa Respublikasından daxil olan məlumata əsasən, Çin Xalq Respublikasında fəaliyyət göstərən “Market Union Co. Ltd” şirkəti tərəfindən istehsal edilən şüşə fincanlarda kadmium və qurğuşun ağır metallarının miqrasiyası aşkarlanıb. Məlumatda qeyd olunur ki, bu məhsulların 6 ədədi Azərbaycan Respublikasında fəaliyyət göstərən “Sevinc Mall” ticarət mərkəzində yerləşən “Sinsay” mağazasına göndərilib. Bildiririk ki, sözügedən fincanlar Səhiyyə Nazirliyinin Respublika Sanitariya - Karantin Mərkəzinə təqdim edilməyib və bu səbəbdən müvafiq laborator müayinələrdən keçirilməyib. Həmin məhsulları əldə etmiş vətəndaşlardan şüşə fincanları yoxlanılması məqsədilə Səhiyyə Nazirliyinin Respublika Sanitariya - Karantin Mərkəzinə təqdim etmələri xahiş olunur. Laborator müayinələr ödənişsiz əsaslarla həyata keçiriləcək. Yoxlamalar nəticəsində təhlükəli ağır metallar aşkarlanmadığı halda, məhsullar vətəndaşlara geri qaytarılacaq. Qida Təhlükəsizliyi Agentliyi və Səhiyyə Nazirliyi məsələni nəzarətdə saxlayır, istehlakçıların sağlamlığının qorunması məqsədilə zəruri tədbirlər davam etdirilir. Səhiyyə Nazirliyi Respublika Sanitariya-Karantin Mərkəzi Əlaqə; 012-497-63-62 Ünvan: Həmidağa Hüseynzadə 39
AQTA ərzaq bazarlarında nəzarət tədbirlərini davam etdirir. Növbəti monitorinqlər Saatlı, Lənkəran və Şəki rayonlarında yerləşən ərzaq bazarlarında aparılıb. Baxış zamanı bir sıra nöqsanlar aşkarlanıb. Yüksəkriskli qida məhsullarının, xüsusilə ət və süd məhsullarının etiket məlumatları və baytarlıq sənədi olmadan satışa çıxarıldığı müəyyən edilib. Bəzi piştaxtalarda qidaların üstüaçıq şəkildə, toz və digər çirklənmə risklərinə məruz qalaraq satıldığı müşahidə edilib. Aşkar edilən uyğunsuzluqlarla bağlı bazar rəhbərliyinə icrası məcburi göstərişlər verilib, qanunvericiliyin tələbləri izah edilib. Bazarlarda antisanitar şəraitdə satışa çıxarılan ət, süd, balıq və digər yüksəkriskli məhsulların istehlakı insan həyat və sağlamlığı üçün təhlükə yaradır. Mənşəyi şübhə doğuran bu məhsulların istehlakı tövsiyə edilmir. Bazar rəhbərləri fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun qurmalı, sağlamlaşdırma tədbirləri icra etməlidirlər. Ərzaq bazarlarında aparılan növbəti monitorinqlərlə bağlı daha ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz:
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 202A ünvanında yerləşən, fiziki şəxs Ağayev Fərid Qabil oğluna məxsus “Express Lounge” ictimai iaşə obyektində yoxlama keçirib. Baxış zamanı ictimai iaşə obyektinin qeydiyyatdan keçmədən fəaliyyət göstərdiyi, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu aşkarlanıb. Həmçinin yararlılıq müddəti bitmiş qida məhsullarının istehlaka təqdim edildiyi müəyyən olunub. Faktla bağlı obyekt rəhbərliyi barəsində inzibati protokol tərtib edilib, nöqsanlar aradan qaldırılanadək işlərin görülməsi və xidmətlərin göstərilməsinə dair məhdudlaşdırıcı qərar qəbul olunub, icrası məcburi göstərişlər verilib. İstehlaka hazır qida məhsullarından nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.
Masallı rayonunun Qızılağac kəndində fəaliyyət göstərən, Abbasov Zakir Ramazan oğluna məxsus marketdə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb.
Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərinin iştirakı ilə ADA Universitetinin “Kənd Təsərrüfatı və Qida Elmləri Fakültəsi”nin tələbələri ilə görüş keçirilib. Görüşdə tələbələrə Agentliyin fəaliyyət istiqamətləri, qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı sahələrində görülən işlər barəsində geniş məlumat verilib, təqdimatlar nümayiş etdirilib. Eyni zamanda Agentliyin tabeliyində Qida Təhlükəsizliyi İnstitutunun, habelə “Qida Təhlükəsizliyi Könüllüləri” təşəbbüs qrupunun fəaliyyətindən bəhs olunub. İştirakçılara işə qəbul proseduru və karyera imkanları haqqında məlumat verilib, tələbələrin dövlət qulluğu, Agentlikdə təcrübə keçmək imkanları barədə sualları cavablandırılıb.
Bu gün müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatından 22 il ötür. Anım günü ilə əlaqədar Qida Təhlükəsizliyi Agentliyinin və tabeliyində fəaliyyət göstərən Qida Təhlükəsizliyi İnstitutunun kollektivi Fəxri xiyabanı ziyarət ediblər. Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, əziz xatirəsi dərin ehtiramla yad edilib. Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.
Giriş