Təhlükəsiz qida ilə sağlam gələcəyə!

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
AZ
Ümummilli Lider Heydər Əliyev Prezident İlham Əliyev Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Azərbaycan Respublikasının Nazirlər Kabineti Heydər Əliyev Fondu
Bölgələrdə “Sağlam məktəbli” layihəsi həyata keçirilir
Bölgələrdə “Sağlam məktəbli” layihəsi həyata keçirilir

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən “Sağlam məktəbli” layihəsi çərçivəsində ümumi təhsil müəssisələrində maarifləndirmə tədbirləri davam etdirilir. Məktəblilər arasında sağlam qidalanmanın təşviq olunması, qida təhlükəsizliyi anlayışının təbliğ edilməsi və şagirdlərə qida təhlükəsizliyi vərdişlərinin aşılanması məqsədilə həyata keçirilən layihə çərçivəsində 2025-2026-cı tədris ili üzrə növbəti görüş Quba rayon R.Məmmədov adına Alekseyevka kənd tam orta məktəbdə təşkil olunub. Tədbirdə iştirak edən məktəbin 100-dən çox şagirdinə Agentliyin fəaliyyət istiqamətləri, eləcə də qida təhlükəsizliyinin təmin olunması və sağlam qidalanmanın vacibliyi barədə məlumatlar verilib. Daha sonra Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən “Süd məhsullarının faydaları” və “Qazlı-şəkərli içkilərin zərərləri” mövzusunda təqdimatlar edilib. Görüşdə mövzu ətrafında müzakirələr aparılıb, məktəbliləri maraqlandıran suallar cavablandırılıb və onlara sağlam qidalanmaya dair maarifləndirici bukletlər paylanıb. Qeyd edək ki, “Sağlam məktəbli” layihəsinə 2018-ci ildə start verilib. Layihə çərçivəsində hər il ümumtəhsil müəssisələrində şagirdlərlə qida sahəsində müxtəlif mövzularda görüşlər keçirilir. Agentlik tərəfindən belə görüşlərin davamlı olaraq təşkil edilməsi planlaşdırılıb.

Xırdalanda qanunsuz və antisanitar şəraitdə fəaliyyət göstərən quş kəsimi sexinin fəaliyyəti məhdudlaşdırılıb − VİDEO
Xırdalanda qanunsuz və antisanitar şəraitdə fəaliyyət göstərən quş kəsimi sexinin fəaliyyəti məhdudlaşdırılıb − VİDEO

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, M.Müşfiq küçəsi, ev 3 ünvanında fiziki şəxs Salahov Şahin Salam oğluna məxsus həyətyanı sahədə qida təhlükəsizliyi qeydiyyatından keçmədən, antisanitar şəraitdə qanunsuz fəaliyyət göstərən quş kəsimi sexi aşkarlanıb. Belə ki, yoxlama zamanı baytarlıq-müşayiətedici sənədləri olmayan 2000 baş ev quşunun baytarlıq tələbləri və heyvan rifahı gözlənilmədən kəsiminin həyata keçirildiyi məlum olub. Müəssisə daxilində havalandırma sistemlərinin quraşdırılmaması nəticəsində kondensasiya prosesi zamanı yaranmış suların, o cümlədən yağış sularının tavandan birbaşa qida məhsullarının üzərinə töküldüyü, kəsim prosesində sanitar-gigiyenik tələblərə riayət edilmədiyi, tüklərin təmizlənməsi, pörtlədilməsi, içalatın təmizlənməsinin eyni sahədə həyata keçirildiyi, kəsilmiş toyuqların birbaşa döşəmə üzərinə yığıldığı müəyyən edilib. Eyni zamanda "kənd toyuğu" təəssüratı yaratmaq məqsədilə mənşəyi məlum olmayan rənglərdən istifadə edilərək toyuqların rənglənməsi halları da aşkarlanıb. Sahibkar ev quşlarının bazarlarda satışa çıxarıldığını bildirib.  Faktla bağlı sahibkar barəsində inzibati icraata başlanılıb. Toyuqların kəsimi və toyuq məhsullarının dövriyyəsi qadağan edilib, məhsullar ərazidən kənarlaşdırılaraq saxlanca verilib, nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Müəssisənin fəaliyyəti dayandırılıb. Araşdırmalar davam etdirilir. Linkə keçid edərək videoməlumatla tanış ola bilərsiniz:

Sahibsiz heyvan sığınacaqlarına dair baytarlıq-sanitariya norma və qaydaları ilə bağlı qərar qəbul edilib
Sahibsiz heyvan sığınacaqlarına dair baytarlıq-sanitariya norma və qaydaları ilə bağlı qərar qəbul edilib

Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının 4 dekabr 2025-ci il tarixli 64 nömrəli Qərarı ilə “Sahibsiz heyvan sığınacaqlarına dair baytarlıq-sanitariya norma və qaydaları” təsdiq edilib. Qaydalar sahibsiz heyvanların həyat və sağlamlığının qorunmasını, yoluxucu xəstəliklərin baş verməsinin və yayılmasının qarşısının alınmasını, habelə heyvan rifahının təmin edilməsini nəzərdə tutur. Sahibsiz heyvan sığınacaqlarına dövlət baytarlıq nəzarəti Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilir.  Sığınacaqlar epizootik cəhətdən sağlam ərazilərdə yerləşdirilməli və yaşayış binalarından, su hövzələrindən, fermalardan və sənaye obyektlərindən qanunvericiliklə müəyyən edilmiş sanitar-mühafizə məsafələri gözlənilməlidir. Sığınacaqlarda karantin, müalicə, sağlam və həssas heyvanlar üçün ayrıca otaq və ya bölmələr, eləcə də baytarlıq preparatlarının və yemlərin saxlanılması üçün xüsusi sahələr təşkil edilməlidir. Heyvanların saxlanma şəraiti onların növünə, çəkisinə və fizioloji ehtiyaclarına uyğun təmin olunmalıdır. Sığınacaqlarda baytarlıq tədbirləri yalnız müvafiq ixtisaslı baytarlıq mütəxəssisi tərəfindən icra olunmalıdır.  Qərar 2026-cı il 4 may tarixindən qüvvəyə minir.  Daha ətraflı linkə daxil olaraq məlumat əldə edə bilərsiz: https://e-qanun.az/framework/61067

Nizami rayonunda “Sherlock Park” restoranında nöqsanlar aşkarlanıb
Nizami rayonunda “Sherlock Park” restoranında nöqsanlar aşkarlanıb

Bakı şəhəri, Nizami rayonu, M.Gəncəvi küçəsi, ev 1A, m.1A ünvanında yerləşən, fiziki şəxs Bədirli Zümrüd Mürvət qızına məxsus “Sherlock Park” ictimai iaşə obyektində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilən yoxlama zamanı bir sıra nöqsanlar aşkarlanıb. Belə ki, obyektin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, texnoloji ardıcıllıq prinsipinə riayət edilmədiyi, mətbəxdə havalandırma sisteminin quraşdırılmadığı, dondurucu və soyuducularda mal qonşuluğu prinsipinin pozulduğu, soyuducuda baytarlıq ekspertizasından keçirilməyən, müvafiq baytarlıq sənədləri ilə müşayiət edilməyən qaşqaldaq, bildirçin, toyuq, balıq və mal ətləri müəyyən edilib. Yoxlama zamanı obyektin həyətyanı sahəsində saxlanılan diri quşlar (2 ədəd xoruz, 2 ədəd lal ördək və 1 hind quşu) obyektdən kənarlaşdırılaraq sahibkarın şəxsi həyətyanı sahəsində saxlanması üçün təhvil verilib, quşların saxlanıldığı tikililər sökülərək ərazi təmizlənib. Sahibkar izahatında ov quşlarının (qaşqaldaq, gərəf, turac və s) satışının həyata keçirilmədiyini, instaqram səhifəsində müştəri cəlb etmək məqsədilə reklam edildiyini bildirib. Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib edilib, nöqsanlar aradan qaldırılanadək obyektin fəaliyyəti müvvəqəti dayandırılıb, müşayiətedici sənədləri olmayan məhsulların satışı qadağan edilib.

Bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrin təhlükəsiz istifadəsinə dair Tədbirlər Planı təsdiq edilib
Bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrin təhlükəsiz istifadəsinə dair Tədbirlər Planı təsdiq edilib

Bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrin təhlükəsiz istifadəsi ilə bağlı idarəetmənin təkmilləşdirilməsi, təhlükəsizlik tələblərinə riayət olunmasının gücləndirilməsi və maarifləndirmənin genişləndirilməsi məqsədilə Nazirlər Kabinetinin 2025-ci il 8 dekabr tarixli, 760s nömrəli Sərəncamı ilə “Bitki mühafizə vasitələrindən və aqrokimyəvi maddələrdən istifadənin effektiv tənzimlənməsi üzrə Tədbirlər Planı” təsdiq olunub. Tədbirlər Planında bir neçə fəaliyyət istiqaməti nəzərdə tutulub.  Belə ki, çirklənməyə məruz qalmış torpaqların müəyyən edilməsi, qiymətləndirilməsi və yaxşılaşdırılması üzrə tədbirlər davam etdirilərək vaxtı keçmiş və istifadəyə yararsız pestisid və aqrokimyəvi maddələrlə çirklənmiş ərazilərin diaqnostikası və bərpası həyata keçiriləcək. Bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrin dövriyyəsinə nəzarət mexanizmi təkmilləşdiriləcək və proseslərin elektronlaşdırılması təmin ediləcək. Pestisid və aqrokimyəvi maddələrin təhlükəsizlik göstəricilərinin təhlili imkanlarının artırılması məqsədilə mövcud laboratoriya infrastrukturu genişləndiriləcək. Fermerlər üçün təhlükəsiz, səmərəli və məsuliyyətli tətbiq prinsiplərinin formalaşdırılması və yayılması dəstəklənəcək, eləcə də ictimaiyyətin, təsərrüfat subyektlərinin və istifadəçilərin bu sahədə məlumatlılığının artırılması əsas prioritet kimi müəyyən edilib. Tədbirlər Planının icrası kənd təsərrüfatı məhsullarının təhlükəsizliyinin artırılmasına, ətraf mühitin qorunmasına və istehlakçıların maraqlarının müdafiəsinə yönəlib. Qida Təhlükəsizliyi Agentliyi bu məqsədlərə nail olmaq üçün fəaliyyətini davam etdirəcək.

Bərdə heyvan bazarında iri və xırdabuynuzlu heyvanların ticarəti təşkil edilib - VİDEO
Bərdə heyvan bazarında iri və xırdabuynuzlu heyvanların ticarəti təşkil edilib - VİDEO

Qida Təhlükəsizliyi Agentliyinin dövlət nəzarəti və təqdim etdiyi eskiz layihələr əsasında Bərdə rayonunun Alpoud kəndində fəaliyyət göstərən heyvan bazarında iri və xırda buynuzlu heyvanların ticarəti təşkil edilib. Bazar ərazisində sanitar-gigiyenik və baytarlıq tələblərinə uyğun şərait yaradılıb, giriş və çıxış hissələrində dezbaryerlər quraşdırılıb. Dezbaryer - infeksiyaların yayılmasının qarşısının alınması məqsədilə bazarın giriş-çıxış yerlərində nəqliyyat vasitələri və piyadalar üçün nəzərdə tutulmuş və dezinfeksiyaedici məhlulla doldurulmuş bölmədir. Girişdə eyni zamanda heyvanların bazar ərazisinə yalnız baytarlıq baxışından keçirildikdən sonra buraxılması mexanizmi tətbiq olunur. Nəqliyyat vasitələrindən heyvanların rahat şəkildə boşaldılmasını və yüklənməsini təmin etmək üçün rampalar quraşdırılıb. Su və yem tədarükü görülüb. Ara məsafələri saxlanılmaqla heyvanlara baxış sahələri təşkil edilib. Bazarda iri buynuzlu və xırda buynuzlu heyvanların ayrı-ayrı sahələrdə saxlanılması və satışı təmin olunur.  Satışdan sonra heyvanların nəqliyyat vasitəsilə daşınması zamanı baytarlıq arayışı və ya şəhadətnaməsinin verilməsi təmin edilir. Bazar yekunlaşdıqdan sonra ərazidə dezinfeksiya işləri aparılacaq ki, bununla da xəstəlik törədən mikroorqanizmlər kimyəvi maddələr və ya buxar vasitəsilə məhv ediləcək. İctimai-iaşə və digər xidmət obyektləri bazarın hasarla sərhədlənmiş əsas ərazisinin xaricində yaradılıb.    Yaxın günlərdə biotəhlükəsizlik tələblərinə uyğun qurulan digər heyvan satışı bazarlarının açılması məsələsinə baxılacaq. Məqsəd heyvanların həyat və sağlamlığının qorunması, heyvanların və əhalinin sağlamlığı üçün təhlükəli olan heyvan xəstəliklərinin baş verməsinin və yayılmasının qarşısının alınmasıdır.  Heyvan sağlamlığını təmin etmədən qida təhlükəsizliyini təmin etmək mümkün deyil. Bərdə heyvan bazarında görülən işlərlə bağlı daha ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz:

Video
İdman qidaları və BAQM qəbulunda ən çox edilən səhvlər hansıdır? - Sual-Cavab

İdman qidaları və BAQM qəbulunda ən çox edilən səhvlər hansıdır? - Sual-Cavab