Təhlükəsiz qida ilə sağlam gələcəyə!

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
AZ
Ümummilli Lider Heydər Əliyev Prezident İlham Əliyev Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Azərbaycan Respublikasının Nazirlər Kabineti Heydər Əliyev Fondu
Balakəndə Regional Əlaqələndirmə Mərkəzinin Qəhvəyi mərmər bağacığı ilə bağlı növbəti iclası keçirilib
Balakəndə Regional Əlaqələndirmə Mərkəzinin Qəhvəyi mərmər bağacığı ilə bağlı növbəti iclası keçirilib

Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınması məqsədilə kompleks tədbirlər davam etdirilir. Qarşıda duran növbəti addımları müzakirə etmək məqsədilə Balakən rayonunda Regional Əlaqələndirmə Mərkəzində təmsil olunan dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə iclas keçirilib. Görüşdə Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Balarəhim Quliyev, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin, Dövlət Gömrük Komitəsinin, yerli icra hakimiyyətlərinin, eləcə də digər aidiyyəti qurumların məsul şəxsləri və əməkdaşları iştirak edib. Tədbirdə Nazirlər Kabinetinin müvafiq Sərəncamından irəli gələn məsələlər haqqında geniş məlumat verilib. Bildirilib ki, ölkəmizə qonşu Gürcüstandan miqrasiya edən və şimal-qərb və qərb regionlarında kütləvi şəkildə aşkarlanan Qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri gücləndirilib. Zərərvericinin qışlama yerlərinin aşkarlaması məqsədilə keçirilən monitorinqlərin intensivliyi artırılıb. Bununla yanaşı, yerli əhali və sahibkarlarla görüşlər keçirilir, onlara zərərvericinin yayılma yolları, iqtisadi zərərləri və mübarizə tədbirləri barədə təfsilatlı izahedici məlumatlar verilir. Maarifləndirici çap materialları yerli əhali arasında paylanır və müvafiq sahələrə yerləşdirilir. Eləcə də mediada məlumatlar yayımlanır, sosial şəbəkələrdə posterlər paylaşılır. Aparılan fitosanitar nəzarət tədbirləri çərçivəsində müəyyən edilib ki, qışlama dövründə olan zərərverici yaşayış evləri, ictimai iaşə obyektləri, təsərrüfat tikililəri və digər qapalı məkanlarda daha çox müşahidə edilməkdədir. Təhlillər göstərir ki, zərərvericinin qapalı məkanlarda çoxlu sayda toplanması populyasiyasının qorunub saxlanmasına və növbəti vegetasiya dövrlərində ciddi iqtisadi risklərin yaranmasına gətirib çıxara bilər. Yaşayış sahələrində kimyəvi mübarizə tədbirlərinin aparılmasının insan sağlamlığı üçün yarada biləcəyi riskləri nəzərə alaraq, vətəndaşların mübarizə tədbirlərində yaxından iştirakı olduqca vacibdir. Bu səbəbdən sahibkarlar, fermerlər və sakinlər özləri evlərdə və təsərrüfat sahələrində aktiv müşahidə aparmalı, zərərvericini mexaniki üsullarla toplamaqla məhv etməlidir. Evlərdə, çardaqlarda, bağlara yaxın tikililərdə, eləcə də təsərrüfatlarda zərərverici ilə mübarizə tədbirləri həyata keçirilməli, mexaniki yolla (əl ilə toplayaraq məhv etmək) təmizləmə işləri aparılmalıdır.  Qeyd edək ki, Balakən və Zaqatala rayonlarında təşviqat işlərinin aparılması və yerli sakinlərin mübarizə tədbirlərinə cəlb edilməsi üçün ictimaiyyət nümayəndələri ilə  görüşlər də keçirilir.  Vətəndaşlar aşağıdakı telefon nömrələrinə zəng vuraraq, Qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri barədə məlumatlar əldə edə bilərlər:       +994 99 708 85 88 (Qərb rayonları üzrə) +994 99 308 85 88 (Şimal-qərb rayonları üzrə)

Bəzi keytrinq şirkətləri qida təhlükəsizliyi tələblərinə əməl etmir – Xəbərdarlıq
Bəzi keytrinq şirkətləri qida təhlükəsizliyi tələblərinə əməl etmir – Xəbərdarlıq

İstehlakçıların təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təmin edilməsi, həmçinin qida məhsullarının emalı və çatdırılması xidmətlərinin qida təhlükəsizliyi tələblərinə uyğun təşkili Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əsas fəaliyyət istiqamətlərindən biridir. Təəssüflə qeyd edək ki, Agentlik tərəfindən aparılan monitorinqlər zamanı bir sıra keytrinq şirkətlərinin qaydalara əməl etmədiyi və ciddi nöqsanlara yol verdiyi aşkar edilib. Belə ki, 2025-ci ilin yanvar-sentyabr ayları ərzində ölkə ərazisində fəaliyyət göstərən 14 keytrinq xidməti müəssisəsində yoxlama keçirilib. Yoxlamalar zamanı çoxsaylı uyğunsuzluq faktları müəyyən edilib.  Aşkar edilmiş əsas uyğunsuzluqlar aşağıdakılardır: −    müəssisənin qeydiyyata alınmadan fəaliyyət göstərməsi; −    mətbəxdə sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmaması; −    texnoloji ardıcıllıq prinsipinə əməl olunmaması; −    xammal və hazır məhsulların üzərində etiket məlumatlarının olmaması; −    xammalların müşayiətedici sənədlərinin olmaması; −    yararlılıq müddəti bitmiş məhsulların mövcud olması; −    məhsulların saxlanma qaydalarına əməl olunmaması; −    dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmaması; −    işçi heyətin ilkin və dövrü tibbi müayinədən keçməməsi.  Faktlarla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. Nöqsan aşkarlanan 12 müəssisənin vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb olunub.  Agentlik bir daha xəbərdarlıq edir ki, qida təhlükəsizliyi ilə bağlı tələblərə ciddi riayət olunmalıdır. Qaydalara əməl olunmadığı təqdirdə kütləvi zəhərlənmə, insan həyat və sağlamlığı üçün risklər yarana bilər. Xüsusilə kütləvi tədbirlər zamanı, eləcə də təlim-tədris müəssisələrini qida məhsulları ilə təchiz edən keytrinq şirkətlərində qeydə alınan nöqsanların aradan qaldırılması istiqamətində icrası məcburi göstərişlər verilir. Nəzarət tədbirləri davam etdirilir.

İmişlidə məişətdə baş verən zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb
İmişlidə məişətdə baş verən zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

Qidaların saxlanma və emal qaydalarına əməl etməmək qida zəhərlənmələrinə səbəb olur. Ev (məişət) şəraitində isə kütləvi tədbirlər üçün qida hazırlayarkən, xüsusilə diqqətli olmaq lazımdır. Qida mənşəli xəstəliklərin qarşısını almaq, eləcə də zəhərlənmə təhlükəsini aradan qaldırmaq üçün müəyyən qaydalara riayət edilməlidir. Belə ki, qida məhsullarında bakteriyalar 5°C-60°C temperatur aralığında çoxalıb yayılır. Ona görə də həmin interval “təhlükəli zona” adlandırılır. Bu səbəbdən qidalar xüsusiyyətlərindən asılı olaraq düzgün temperaturda saxlanılmalıdır. Belə ki, dondurulmuş qidaların donunun açılması üçün otaq şəraitində deyil, soyuducunun alt bölməsində saxlanılması tövsiyə olunur. İstifadə müddəti keçməsə də, xarabolma əlamətləri olan qidaları istehlak etmək yolverilməzdir. Yeməklər, salatlar, xüsusilə də kremli şirniyyatlar isə 2 saatdan artıq soyuducudan kənarda saxlanılmamalıdır. İsti şəkildə servis edilən qidalar 63 dərəcədən aşağı temperaturda maksimum 2 saat, soyuq şəkildə servis edilən qidalar isə 8 dərəcədən yuxarı temperaturda maksimum 4 saat saxlanıla bilər. Qeyd edək ki, sentyabr ayında İmişli rayonunda keçirilmiş tədbirdə 73 zərərçəkənin olduğu kütləvi zəhərlənmə hadisəsi də məişət zəminində baş verib. Daxil olan bildiriş əsasında Qida Təhlükəsizliyi Agentliyinin Mil-Muğan regional bölməsinin əməkdaşları tərəfindən götürülən nümunələrin müayinəsi nəticəsində bir sıra uyğunsuzluqlar (E.Coli O157:H7 və S.aureus törədiciləri) müəyyən edilib. E.Coli O157:H7 insan sağlamlığı üçün təhlükəli olan “Escherichia coli” bakteriyasının ştammıdır. Yoluxmadan sonra insan orqanizmində şiddətli qarın ağrısı, ishal, qusma, bəzi hallarda bədən hərarətinin qalxması və halsızlıq kimi bir sıra simptomlar müşahidə oluna bilər. Qızılı stafilokok şərti-patogen mikrob qruplarına aiddir. Bu bakteriya ilə çirklənmiş qida məhsulları zəhərlənməyə səbəb ola bilər. Qızılı stafilokokun törətdiyi qida zəhərlənməsi adətən bakteriyanın özünün deyil, onun ifraz etdiyi enterotoksinlər nəticəsində baş verir. Bu toksinlər istiliyə davamlıdır və qidanın bişirilməsi zamanı belə tamamilə məhv olmaya bilər. AQTA bir daha ev şəraitində kütləvi tədbirlər üçün hazırlanan qidaları istehlaka təqdim edərkən, saxlama şəraitinə, temperatur rejiminə, gigiyena və düzgün daşıma qaydalarına riayət edilməsinin vacibliyini diqqətə çatdırır.

Qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri ilə bağlı maarifləndirici görüşlər davam edir
Qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri ilə bağlı maarifləndirici görüşlər davam edir

Qida Təhlükəsizliyi Agentliyinin Şəki-Zaqatala regional bölməsinin fitosanitar müfəttişləri tərəfindən Qəhvəyi mərmər bağacığına qarşı payız-qış dövründə həyata keçiriləcək mübarizə tədbirləri ilə bağlı Balakən Rayon İcra Hakimiyyətində geniş maarifləndirici görüş keçirilib. Görüşdə rayon rəhbərliyi, kənd icra nümayəndələri və bələdiyyə sədrləri iştirak ediblər. Qəhvəyi mərmər bağacığının yayılma xüsusiyyətləri, təsərrüfata vurduğu zərər və ona qarşı mübarizənin effektiv üsulları barədə geniş məlumat verilib. Qeyd olunub ki, zərərverici ilə mübarizədə vətəndaşların, yerli sakinlərin fəal iştirakı mühüm əhəmiyyət daşıyır. Vurğulanıb ki, sakinlər payız-qış mövsümündə bağacığın qışlama yerlərini aşkar edib fərdlərini toplayaraq məhv etdikdə, onun populyasiyası növbəti mövsümdə əhəmiyyətli dərəcədə azalda bilər. Görüşün sonunda iştirakçılara maarifləndirici bukletlər, kitabçalar və broşürlər paylanılıb, onları maraqlandıran suallar cavablandırılıb. Bundan başqa Agentliyin regional bölməsinin əməkdaşları Zaqatala və Balakəndə fərdi evlərə baş çəkib, yerli əhali ilə maarifləndirici görüşlər keçirir. Görüşlərdə ev şəraitində zərərvericiyə qarşı mümkün mübarizə tədbirləri barədə məlumatlar çatdırılır.

Video
İdman qidaları və BAQM qəbulunda ən çox edilən səhvlər hansıdır? - Sual-Cavab

İdman qidaları və BAQM qəbulunda ən çox edilən səhvlər hansıdır? - Sual-Cavab