Qida Təhlükəsizliyi Agentliyi və Səudiyyə Ərəbistanı Krallığının Ətraf Mühit, Su və Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri arasında onlayn formatda görüş təşkil olunub. Görüşdə “Bitki mühafizəsi və karantini sahəsində əməkdaşlıq haqqında” imzalanmış Anlaşma Memorandumunun müddəalarının icrası müzakirə olunub. Ölkə daxilində məhdud dairələrdə tətbiq olunan zərərverici orqanizmlərin siyahısı və idxal karantin tələbləri barədə qarşı tərəfə ətraflı məlumat verilib. Görüş zamanı Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığına yumurta, ət, süd məhsulları və fitosanitar nəzarət altında olan digər kənd təsərrüfatı məhsullarının ixracının artırılması məsələləri diqqət mərkəzində olub. Həmçinin, baytarlıq və fitosanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri üzrə fikir mübadiləsi aparılıb. Sonda qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısını almaq məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir. Agentliyin Şəki-Zaqatala regional bölməsinin əməkdaşları Balakəndə yerli əhali ilə maarifləndirici görüşlər keçirib. Görüşlərdə ev şəraitində zərərvericiyə qarşı mümkün mübarizə tədbirləri barədə məlumatlar çatdırılıb. Bildirilib ki, Qəhvəyi mərmər bağacığı evlərin çardaqlarında, qapı və pəncərə boşluqlarında, taxta və odun yığınları arasında qışlaya bilir. Yaşayış sahələrində kimyəvi mübarizə tədbirlərinin aparılmasının insan sağlamlığı üçün yarada biləcəyi riskləri nəzərə alaraq, vətəndaşların da mübarizə tədbirlərində yaxından iştirakı olduqca vacibdir. Belə ki, zərərvericinin qışlama yerlərini maksimum məhdudlaşdırmaq məqsədilə evlərdə, çardaqlarda, bağlara yaxın tikililərdə vaxtında mexaniki yolla (əl ilə toplayaraq məhv etmək) təmizləmə işləri aparılmalıdır. Vurğulanıb ki, vətəndaşlar Qəhvəyi mərmər bağacığı ilə mübarizədə diqqətli və məsuliyyətli olmalıdırlar. Hazırkı qışlama dövründə aparılmalı olan mexaniki yolla mübarizə üsulu zərərvericinin populyasiyasının qarşısını ala bilər. Görüşün sonunda sakinlərə maarifləndirici buklet və broşürlər paylanılıb.
Zoonoz xəstəliklər, yəni heyvanlardan insanlara keçə bilən infeksiyalar bu gün qlobal ictimai sağlamlıq üçün ən böyük risklərdən biri sayılır. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) məlumatına görə, insanlarda müşahidə olunan yoluxucu xəstəliklərin təxminən 60%-i, həmçinin yeni yaranan və ya təkrar ortaya çıxan infeksiyaların 75%-i zoonoz mənşəlidir. Bu xəstəliklər təkcə insanlara deyil, həm də heyvanların sağlamlığına və kənd təsərrüfatı məhsuldarlığına ciddi zərbə vurur, iqtisadi itkilərə və ticarət məhdudiyyətlərinə səbəb olur. Ən çox yayılmış zoonoz xəstəliklər Beynəlxalq məlumatlara əsasən, həm insanlarda, həm də heyvanlarda aşağıdakı zoonoz xəstəliklər daha geniş yayılıb: • Bakterial mənşəli xəstəliklər (qarayara, bruselyoz, vərəm, salmonellyoz, kampilobakterioz, listerioz, leptospiroz); • Virus mənşəli xəstəliklər (quduzluq, quş qripi, Qərbi Nil qızdırması, COVID-19, Ebola); • Parazitar xəstəliklər (exinokokkoz, trixenellyoz, toksoplazmoz); • Göbələk mənşəli xəstəliklər (dermatomikoz, kandidoz və s.). Bu xəstəliklərə iri və xırdabuynuzlu heyvanlar, quşlar, it və pişiklər, həmçinin vəhşi heyvanlar arasında rast gəlinir. Xüsusilə qarayara və bruselyoz həm insanlar, həm də heyvanlar üçün yüksək risk daşıyır. Yoluxma yolları Zoonoz infeksiyalar müxtəlif yollarla yayıla bilər: • xəstə heyvanla birbaşa təmasla; • çirklənmiş qida və su vasitəsilə; • hava-damcı (aerogen) yolu ilə; • gənə, ağcaqanad kimi həşəratlar vasitəsilə. Ət və süd məhsullarının düzgün emal olunmaması, az bişmiş qidanın qəbulu və təsərrüfatlarda gigiyenik qaydalara əməl edilməməsi də insan yoluxmasının əsas səbəblərindəndir. Heyvan təsərrüfatlarında risklər və nəticələr Zoonoz xəstəliklər heyvanlar arasında yayıldıqda məhsuldarlıq azalır, tələf halları artır, ixrac məhdudiyyətləri yaranır. Məsələn, Avropa və ABŞ-da aparılan iqtisadi təhlillərə görə, yalnız qarayara və bruselyoz xəstəlikləri kənd təsərrüfatı sektoruna hər il milyonlarla dollar zərər vurur. Ekspertlər hesab edirlər ki, zoonoz xəstəliklərlə effektiv mübarizə yalnız “Vahid Sağlamlıq” (One Health) prinsipi əsasında mümkündür. Bu yanaşma insan, heyvan və ətraf mühit sağlamlığının bir-biri ilə sıx bağlı olduğunu qəbul edir və bütün sahələrdə koordinasiyalı tədbirlər tələb edir. Profilaktik tədbirlər sırasında heyvanların vaxtında peyvəndlənməsi, biotəhlükəsizlik qaydalarına əməl olunması, qida təhlükəsizliyinə nəzarət, ictimai maarifləndirmə kampaniyaları xüsusi əhəmiyyət daşıyır. Zoonoz xəstəliklərə qarşı mübarizə yalnız baytarlıq deyil, həm də ictimai sağlamlıq məsələsidir. İnsan və heyvan sağlamlığı bir-birindən ayrılmazdır!
Qonşu ölkələrdən Azərbaycana miqrasiya edən Qəhvəyi mərmər bağacığının respublikanın Zaqatala-Balakən zonasında kütləvi şəkildə müşahidə edilməsi zərərvericinin biologiyasına uyğundur. Elmə əsaslanan faktlar göstərir ki, hazırkı payız dövründə qəhvəyi mərmər bağacığı fizioloji aktivliyini itirir, qidalanmır və bitkilər üçün birbaşa təhlükə yaratmır. Bu mövsümdə qışlamaya üstünlük verdiyi üçün zərərverici əsasən yaşayış evlərində, ictimai-iaşə obyektlərində, təsərrüfat tikililərində və digər qapalı məkanlarda müşahidə olunur. AQTA tərəfindən aparılan monitorinq və təhlillərə əsasən bildiririk ki, qapalı məkanlarda çoxlu sayda toplanması onun populyasiyasının qorunub saxlanmasına və növbəti vegetasiya dövrlərində ciddi iqtisadi risklərin yaranmasına gətirib çıxara bilər. Bu səbəbdən sahibkarların, fermerlərin və vətəndaşların öz evlərində və təsərrüfat sahələrində aktiv müşahidə aparmaları, zərərvericini fiziki üsullarla toplamaqla məhv etmələri xüsusilə vacibdir. Qida Təhlükəsizliyi Agentliyi və əlaqədar qurumların təmsil olunduğu Regional Əlaqələndirmə Mərkəzləri tərəfindən vəziyyət nəzarətdə saxlanılaraq müvafiq tədbirlər görülür. Lakin yaşayış sahələrində kimyəvi mübarizə tədbirlərinin aparılmasının insan sağlamlığı üçün yarada biləcəyi riskləri nəzərə alaraq, vətəndaşların da mübarizə tədbirlərində yaxından iştirakı olduqca önəmlidir. Qəhvəyi mərmər bağacığının qışlama yerlərini maksimum məhdudlaşdırmaq məqsədilə evlərdə, çardaqlarda, bağlara yaxın tikililərdə vaxtında mexaniki yolla (əl ilə toplayaraq məhv etmək) təmizləmə işləri aparılmalıdır. Bundan başqa, bağacığın qışlamaq üçün yaşayış və köməkçi binalara daxil olmasının qarşısını almaq üçün tikililərdə pəncərələr torla bağlanmalıdır. Aşkar edildiyi təqdirdə onları süpürgə, tozsoran və s. vasitəsilə toplamaq və məhv etmək lazımdır. Bu üsul dünya praktikasında geniş istifadə olunur. Qeyd edək ki, beynəlxalq təcrübədə Qəhvəyi mərmər bağacığı ilə mübarizədə aldadıcı tələlərdən, süni yaradılmış sığınacaq yerlərindən istifadə də xüsusi əhəmiyyət kəsb edir. Bağacıq üçün süni qışlama yerləri əsasən boş karton və ya qəzetlə doldurulmuş adi bir qutudan hazırlanır. Bunun üçün boş qutuya kəsilmiş karton və ya kağız parçaları doldurulur. Hazırlanmış sığınacaqlar evin günəş düşən tərəfində, binaların cənub və qərb tərəflərinə və yaxud çardaqda (damda), bağacığın qışlamaya getdiyi yerlərdə yerləşdirilir və ya 2-3 metr hündürlükdə asılır. Bu cür qutulara yığılan bağacıqlar mexaniki yolla toplanaraq məhv edilməlidir. Vətəndaşlar Qəhvəyi mərmər bağacığı ilə mübarizədə diqqətli və məsuliyyətli olmalıdırlar. Hazırki qışlama dövründə aparılmalı olan mexaniki yolla mübarizə üsulu zərərvericinin populyasiyasının qarşısını ala bilər.
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan monitorinq çərçivəsində Lənkəran rayonunun Şiləvar kəndində fəaliyyət göstərən, Hənifəyev İlqar Əliəhəd oğluna məxsus “Düşbərə” kafesində və Cəlilabad rayonunun Qurtuluş küçəsində fəaliyyət göstərən, Əliyev Məhəmməd Həmzə oğluna məxsus “Basqal” kafesində çöl quşlarının baytar nəzarəti olmadan qapalı məkanda saxlanıldığı aşkarlanıb. Sahibkarlıq subyektlərinə quşların xüsusi mühafizə olunan təbiət ərazilərinə və ya heyvan rifahı tələblərinə cavab verən heyvan parklarına təhvil verilməsi, saxlandığı yerlərdə təmizlənmə, dezinfeksiya və digər baytarlıq-sanitariya tədbirlərinin görülməsi ilə bağlı tapşırıqlar verilib. Tapşırıqlara əməl olunmayacağı təqdirdə qanunvericiliyə uyğun zəruri tədbirlər görüləcəyi bildirilib. Qeyd edək ki, vəhşi heyvan və quşların ictimai iaşə müəssisələrində və ailəvi istirahət məkanlarında saxlanılması və nümayiş etdirilməsi qanunla qadağandır. Belə hallarda heyvan və quşların insanlarla təması zoonoz xəstəliklərin ötürülməsi və bioloji təhlükəsizliyin pozulması kimi risklər yaradır. Monitorinqlər mütəmadi olaraq davam etdiriləcək və qanunvericiliyin tələblərinin pozulması halları aşkarlanarsa, Agentlik tərəfindən müvafiq inzibati tədbirlər görüləcək.
Qəhvəyi mərmər bağacığı ölçüsü 12-17 mm, qəhvəyi rəngli, üzərində ləkələr olan, bədəni azacıq yastı və armudvari formalı zərərvericidir. Zərərverici 300-dən çox bitki növü ilə qidalanaraq onların məhsuldarlığını əhəmiyyətli dərəcədə aşağı salır. Qəhvəyi mərmər bağacığının yetkin fərdləri və sürfələri yük daşımaları, nəqliyyat vasitələri, avadanlıqlar, ağac materialları yüklənmiş konteynerlər, təzə meyvə-tərəvəz, kəsilmiş güllər, tinglər və digər vasitələrlə yayılır. Eyni zamanda yetkin fərdləri təbii yolla (uçmaqla) 35-100 km-dək məsafə qət edə bilir. Qəhvəyi mərmər bağacığı evlərin çardaqlarında, qapı və pəncərə boşluqlarında, taxta və odun yığınları arasında qışlaya bilir. Zərərvericinin qışlama yerlərini maksimum məhdudlaşdırmaq məqsədilə evlərdə, çardaqlarda, bağlara yaxın tikililərdə vaxtında təmizləmə və təmir işləri aparılmalıdır. Bundan başqa, bağacığın qışlamaq üçün yaşayış və köməkçi binalara daxil olmasının qarşısını almaq üçün bu tikililərdə pəncərələr torla bağlanmalıdır. Aşkar edildikləri təqdirdə onları süpürgə, tozsoran və s. vasitəsilə toplamaq və məhv etmək lazımdır. Qeyd edək ki, beynəlxalq təcrübədə Qəhvəyi mərmər bağacığı ilə mübarizədə aldadıcı tələlərdən, süni yaradılmış sığınacaq yerlərindən istifadə xüsusi əhəmiyyət kəsb edir. Bağacıq üçün süni qışlama yerləri əsasən boş karton və ya qəzetlə doldurulmuş adi bir qutudan hazırlanır. Bunun üçün boş qutuya kəsilmiş karton və ya kağız parçaları doldurulur. Hazırlanmış sığınacaqlar evin günəş düşən tərəfində, binaların cənub və qərb tərəflərinə və yaxud çardaqda (damda), bağacığın qışlamaya getdiyi yerlərdə yerləşdirilir və ya 2-3 metr hündürlükdə asılır. Bu cür qutulara yığılan bağacıqlar mexaniki yolla toplanaraq məhv edilməlidir. AQTA-nın mütəxəssislərinin respublika ərazisində apardığı monitorinq zamanı Qəhvəyi mərmər bağacığının yetkin fərdlərinin evlərin çardaqlarında, yarımtikililərdə asılmış və ya yerləşdirilmiş köhnə paltarlardan, pərdələrdən, xalçalardan, boş karton qutulardan qışlama yerləri kimi istifadə etdikləri müşahidə edilib. Belə ki, belə “sığınacaqlara” toplaşaraq qışlayan yetkin fərdlərin daha sonra yığılaraq mexaniki yolla məhvi mümkündür. Qəhvəyi mərmər bağacığı aşkar olunduğu hallarda kimyəvi mübarizə tədbirləri yalnız mütəxəssislərin tövsiyələri əsasında müəyyən edilməli və zərərvericinin uçuş fəallığının azaldığı axşam saatlarında yerinə yetirilməlidir. Vətəndaşlar Qəhvəyi mərmər bağacığı ilə mübarizədə diqqətli və məsuliyyətli olmalıdırlar. Həmçinin onlar Qəhvəyi mərmər bağacığı və ona qarşı mübarizə tədbirləri barədə əlavə məlumat almaq üçün Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin “1003-Çağrı Mərkəzi”nə zəng vura, eləcə də aidiyyəti qurumlara müraciət edə bilərlər. Eyni zamanda Regional Əlaqələndirmə Mərkəzlərinin “Qaynar xətt”inə (Qərb rayonları üzrə: +994 99 708 85 88, şimal-qərb rayonları üzrə: +994 99 308 85 88) zəng vura bilərlər.
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Monteneqronun Biyelo-Polye şəhərində, Rumıniyanın Qorj bölgəsində, Serbiya Respublikasının Moraviç, Rasina dairələrində, Bosniya və Herseqovinanın Serb Respublikasında blutanq xəstəliyi, Yunanıstan Respublikasının Attika, Afon Dağı inzibati ərazi vahidlərində xırdabuynuzlu heyvanların çiçək xəstəliyi, Amerika Birləşmiş Ştatlarının Montana ştatında, İspaniya Krallığının Madrid muxtar icmasında isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin bu yoluxucu xəstəliklərdən qorunması məqsədilə qeyd olunan ərazilərdən zonalaşma prinsipi nəzərə alınmaqla, müvafiq malların idxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli oktyabrın 10-u saat 15:00-da Agentliyin inzibati binasında qida sahəsində fəaliyyət göstərən sahibkarları qəbul edəcək. Qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlar, o cümlədən qida məhsullarının istehsalı, emalı, idxal-ixracı, daşınması, satışı və sair sahələrdə çalışan şəxslər onları narahat edən məsələlərlə bağlı Agentlik sədri ilə görüşə bilərlər. Görüşdə iştirak etmək istəyən şəxslər ad, soyad, fəaliyyət sahəsi, müraciətin məzmunu və telefon nömrələrini göstərərək info@afsa.gov.az elektron poçtu vasitəsilə müraciət etməklə və ya (+994 50) 515 51 87 nömrəsinə zəng etməklə, həmçinin vatsap üzərindən əlaqə saxlamaqla oktyabrın 9-dək qəbula yazıla bilərlər.
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan monitorinq çərçivəsində Sabirabad rayonunda fəaliyyət göstərən, fiziki şəxs Piriyev Zöhrab Mehman oğluna məxsus “İZ” ailəvi restoranında 2 baş tovuzquşu, 3 baş qırqovul, 15 baş göyərçinin baytar nəzarəti olmadan qapalı məkanda saxlanıldığı aşkarlanıb. Sahibkarlıq subyektinə quşların xüsusi mühafizə olunan təbiət ərazilərinə və ya heyvan rifahı tələblərinə cavab verən heyvan parklarına təhvil verilməsi, saxlandığı yerlərdə təmizlənmə, dezinfeksiya və digər baytarlıq-sanitariya tədbirlərinin görülməsi ilə bağlı tapşırıqlar verilib. Tapşırıqlara əməl olunmayacağı təqdirdə qanunvericiliyə uyğun zəruri tədbirlər görüləcəyi bildirilib. Qeyd edək ki, vəhşi heyvan və quşların ictimai iaşə müəssisələrində və ailəvi istirahət məkanlarında saxlanılması və nümayiş etdirilməsi qanunla qadağandır. Belə hallarda heyvan və quşların insanlarla təması zoonoz xəstəliklərin ötürülməsi və bioloji təhlükəsizliyin pozulması kimi risklər yaradır. Monitorinqlər mütəmadi olaraq davam etdiriləcək və qanunvericiliyin tələblərinin pozulması halları aşkarlanarsa, Agentlik tərəfindən müvafiq inzibati tədbirlər görüləcək.
Vətəndaş müraciəti əsasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Şirvan şəhəri, 1 May küçəsində yerləşən, sahibkar Seyfullayev Cavid Qardaşxan oğluna məxsus “Gül Bağı” restoranında yoxlama keçirib. Baxış zamanı temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, mətbəxdə tavanın asan yuyula bilən gigiyenik materialla üzlənmədiyi, divar və döşəmə səthlərinin çirkləndiyi, işçi masaların korroziyaya davamlı materialdan təşkil olunmadığı, doğrama lövhələrinin tamlığının pozulduğu, havalandırma sisteminin quraşdırılmadığı və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək ictimai iaşə müəssisəsində işlərin görülməsi, xidmətlərin göstərilməsi məhdudlaşdırılıb, sahibkar barəsində inzibati protokol tərtib olunub.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarına “Rəhbər vəzifəli şəxslər üçün insan resurslarının idarəedilməsi və liderlik” mövzusunda onlayn təlim keçirilib. Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunan təlimdə iştirakçılara səriştə anlayışı və onun əsas elementləri, müxtəlif qiymətləndirmə alətləri, liderlik üslubları və uğurlu rəhbərliyin meyarları barədə ətraflı məlumat verilib. Sonda iştirakçıların sualları cavablandırılıb.
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən keçirilən monitorinq çərçivəsində Göyçay rayonunda fəaliyyət göstərən, Allahverdiyev Rübayıl Akif oğluna məxsus “Göygöl” restoranında 1 baş meymun və 3 baş qırqovulun, Ağdaş rayonu, Ağdaş-Qəbələ yolunda fəaliyyət göstərən, Mehdiyev Arif Şoşan oğluna məxsus “Sərin” restoranında isə 7 baş çöl quşunun (2 baş qırqovul, 3 baş kəklik və 2 baş ördək) baytar nəzarəti olmadan qapalı məkanda saxlanıldığı aşkarlanıb. Sahibkarlıq subyektlərinə heyvan və quşların xüsusi mühafizə olunan təbiət ərazilərinə və ya heyvan rifahı tələblərinə cavab verən heyvan parklarına təhvil verilməsi, saxlandığı yerdə təmizlənmə, dezinfeksiya və digər baytarlıq-sanitariya tədbirlərinin görülməsi ilə bağlı tapşırıqlar verilib. Tapşırıqlara əməl olunmayacağı təqdirdə qanunvericiliyə uyğun zəruri tədbirlər görüləcəyi bildirilib. Qeyd edək ki, ictimai iaşə müəssisələrində və ailəvi istirahət məkanlarında vəhşi heyvanların, quşların saxlanılması və nümayiş etdirilməsi qanunla qadağandır. Heyvan və quşların insanlarla təması zoonoz xəstəliklərin ötürülməsi və bioloji təhlükəsizliyin pozulması kimi risklər yaradır. Monitorinqlər mütəmadi olaraq davam etdiriləcək və qanunvericiliyin tələblərinin pozulması halları aşkarlanarsa, Agentlik tərəfindən müvafiq inzibati tədbirlər görüləcək.
Giriş