Belarus Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dmitri Pineviçin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) olub. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Balarəhim Quliyev İnstitutun fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Görüşdə AQTİ-nin Bakı və regionlarda fəaliyyət göstərən ixtisaslaşmış laboratoriyalarının qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığının təmin edilməsindəki rolu xüsusi vurğulanıb. Bu sahədə hər iki ölkənin müvafiq qurumları arasında təcrübə mübadiləsinin və birgə layihələrin reallaşdırılması imkanları müzakirə olunub. Görüş zamanı qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi, respublikamızda baytarlıq preparatlarının Belarusla birgə istehsalının təmin olunması və digər maraq doğulan məsələlər barədə fikir mübadiləsi aparılıb. Daha sonra Belarus nümayəndə heyəti AQTİ laboratoriyalarına baş çəkib, müasir standartlara uyğun həyata keçirilən müayinələrlə tanış olub. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyətinin sədri Əli Nəbiyev laboratoriya mütəxəssislərinin beynəlxalq səriştəlilik sınaqlarında əldə etdiyi nailiyyətləri qonaqların diqqətinə çatdırıb. Belarus Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dmitri Pineviç İnstitutun apardığı tədqiqatlarla yaxından tanış olub, laboratoriyaların işini yüksək qiymətləndirib. Belarusun müvafiq sahələrdə Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu bildirib.
Bakı şəhəri, Nərimanov rayonu, F.Xoyski prospekti, 98 ünvanında yerləşən, fiziki şəxs Şirinov Elvin Eyvaz oğluna məxsus "Xankəndi" restoranında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı normativ tələblərin pozulduğu məlum olub. Belə ki, ictimai iaşə obyektində qida məhsullarının saxlanma şəraitinə və temperatur rejiminə əməl olunmadığı, soyuducuda mal qonşuluğu prinsipinin pozulduğu, işçi heyətin tibbi müayinədən keçmədiyi və gigiyenik təlimələrə cəlb olunmadığı, havalandırma sisteminin qurulmadığı və digər nöqsanlar aşkarlanıb. Eyni zamanda istehlaka təqdim edilən toyuq və balıq ətlərinin müvafiq baytarlıq sənədlərinin olmadığı müəyyən edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib olunub və icrası məcburi göstərişlər verilib, nöqsanlar aradan qaldırılanadək iaşə obyektinin manqal sahəsində işlərin və xidmətlərin görülməsinə müvəqqəti məhdudiyyət tətbiq edilib. Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Salyan şəhəri, Y.Qasımov küçəsində fəaliyyət göstərən, “Zeytun Pharmaceuticals” MMC-yə məxsus “Salyan 20” aptekdə yoxlama keçirib. Baxış zamanı aptekin anbar sahəsində sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, havalandırma sisteminin quraşdırılmadığı, temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, zəruri təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı iaşə obyektinin rəhbəri Mehdiyev Mehdi Əsgər oğlu barəsində inzibati protokol tərtib olunub və anbar sahəsində işlərin görülməsi və xidmətlərin göstərilməsinə nöqsanlar aradan qaldırılanadək müvəqqəti məhdudiyyət tətbiq edilib.
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin növbəti vətəndaş qəbulu Agentliyin inzibati binasında aprelin 10-u saat 14:00-da keçiriləcək. Qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlar, o cümlədən qida məhsullarının istehsalı, emalı, idxal-ixracı, daşınması, satışı və sair sahələrdə çalışan şəxslər onları narahat edən məsələlərlə bağlı Agentlik sədri ilə görüşə bilərlər. Görüşdə iştirak etmək istəyən şəxslər ad, soyad, fəaliyyət sahəsi, müraciətin məzmunu və telefon nömrələrini göstərərək info@afsa.gov.az elektron poçtu vasitəsilə müraciət etməklə və ya (+994 50) 515 51 87 nömrəsinə zəng etməklə, həmçinin vatsap üzərindən əlaqə saxlamaqla qəbula yazıla bilərlər.
Füzuli rayonunun Əhmədbəyli kəndində fəaliyyət göstərən, fiziki şəxs Məhərrəmov Nazim Eyvaz oğluna məxsus “Banu Palace” şadlıq evində AQTA əməkdaşları tərəfindən yoxlama keçirilib. Baxış zamanı ictimai iaşə obyektində qida təhlükəsizliyi tələblərinə əməl edilmədiyi, həmçinin sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin normativlərə cavab vermədiyi aşkarlanıb. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.
Ağcabədi rayonu, H.Hacıyev küçəsi 141 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Vəliyev Rahib Ədalət oğluna məxsus anbarda AQTA əməkdaşları tərəfindən yoxlama keçirilib. Baxış zamanı anbarda mənşə sənədləri olmayan konfet, yararlılıq müddəti bitmiş makaron və qarğıdalı yağı aşkarlanıb. Həmçinin istehlaka yararlı məhsullarla yararsız məhsulların birlikdə və birbaşa döşəmənin üzərində saxlanıldığı, işçi heyətin dövri tibbi müayinədən keçmədiyi və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.
Ukraynanın istehsalçı şirkəti "Pryluky-Ahropererobka" MMC-yə məxus dondurulmuş mal əti məhsulunda aşkarlanmış uyğunsuzluqla əlaqədar Qida Təhlükəsizliyi Agentliyi tərəfindən idxalla bağlı qoyulan müvəqqəti məhdudiyyət aradan qaldırılıb. Belə ki, AQTA-nın bildirişi əsasında, Ukraynanın Qida Təhlükəsizliyi və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehsalçı müəssisədə baytarlıq nəzarəti tədbirləri və laborator müayinələr aparılıb. Görülmüş müvafiq sağlamlaşdırma tədbirləri və epizootoloji monitorinqlərlə bağlı AQTA-ya ətraflı məlumat verilib. Ukrayna tərəfindən baytarlıq norma və qaydalarına, həmçinin qarşılıqlı idxal-ixrac əməliyyatları ilə bağlı müvafiq tələblərə əməl olunacağına dair zəmanətin verilməsi, o cümlədən iki qurum arasında etimad prinsipi nəzərə alınaraq sözügedən istehsalçının respublikamıza məhsul idxalına qoyulmuş müvəqqəti məhdudiyyət aradan qaldırılıb. AQTA-nın qərarı ilə bağlı Ukraynanın Qida Təhlükəsizliyi və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müvafiq məlumat verilib.
Qida Təhlükəsizliyi Agentliyinin Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi reyd zamanı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində fiziki şəxs İsmayılov Gülabba Ələkbər oğluna məxsus 77-AL-754 dövlət qeydiyyat nişanlı avtomobilin yük hissəsində daşınma zamanı baytarlıq-sanitariya və sanitariya-gigiyena tələbləri pozulan 100 kq mənşəyi məlum olmayan ət aşkarlanıb. Baxış zamanı ətlərin baytarlıq ekspertizasından keçmədiyi, baytarlıq müşayətedici sənədi olmadığı və orqanoleptik göstəricilərinə görə normativ sənədin tələblərinə cavab vermədiyi məlum olub. Ətlərdən götürülən nümunələrin laborator müayinəsi nəticəsində At DNT-si müəyyən edilib. Faktla bağlı fiziki şəxs barəsində inzibati tədbir görülüb və ətin dövriyyədən çıxarılması təmin edilib. Araşdırmalar davam etdirilir.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində fiziki şəxs Cəfərov Əli Telman oğlunun istehsal etdiyi kərə yağlarından götürülmüş nümunələrin müayinəsi nəticəsində məhsul partiyalarında bitki sterinləri (Kampesterin, Stiqmasterin, Beta-sitosterin), eyni zamanda normativ sənədlə bu növ məhsulun tərkibində istifadəsinə icazə verilməyən qida əlavələri (Sorbin və Benzoy turşuları) aşkarlanıb. Faktla bağlı Agentlik tərəfindən sözügedən məhsul partiyalarının dövriyyədən çıxarılması və ticarət şəbəkələrindən geri çağırılması barədə məhdudlaşdırıcı qərar qəbul edilərək qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb. Qeyd edək ki, kərə yağı məhsullarının üzərində təbii inək südündən alınmış, pasterizə edilmiş qaymaqdan istifadə edilməsi bəyan edildiyi halda, faktiki tərkibində bitki yağının aşkarlanması istehsalçı tərəfindən istehlakçıların aldadılması və hüquqlarının pozulması hesab olunur. Həmçinin tərkibində Sorbin (E200) və Benzoy (E210) turşuları olan məhsulların həddindən artıq istehlakı insanlarda allergik reaksiyaların yaranmasına səbəb ola bilər ki, qüvvədə olan normativ sənədə uyğun olaraq bəzi məhsullarda həmin qida əlavələrinin istifadəsi qadağandır. Uyğunsuzluq aşkarlanan məhsul partiyaları aşağıdakılardır: № Məhsulun adı Məhsulun istehsal və son istifadə tarixləri Aşkarlanan uyğunsuzluq 1. "Westfood" əmtəə nişanlı 82.5% yağlılıqda qaymaqdan təbii kərə yağı 07.02.2025-07.02.2026 Kampesterin, Stiqmasterin, Beta-sitosterin, Sorbin (E200) turşusu, Benzoy (E210) turşusu 2. "Beloruskiy Kray" əmtəə nişanlı 82.5% yağlılıqda təbii kərə yağı 05.03.2025-05.03.2026 Kampesterin, Beta-sitosterin
Salyan rayonu, Y.Qasımov küçəsi 3B ünvanında fəaliyyət göstərən, fiziki şəxs Ağayev Rüstəm Cavanşir oğluna məxsus “Era” restoranında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən yoxlama keçirilib. Baxış zamanı ictimai iaşə müəssisəsinin mətbəx sahəsində sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, texnoloji ardıcıllıq prinsipinin pozulduğu, məhsulların saxlanması zamanı temperatur rejiminə əməl olunmadığı, havalandırma sisteminin quraşdırılmadığı, işçi heyətin müvafiq geyimlə təmin edilmədiyi və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib olunub və nöqsanlar aradan qaldırılanadək müəssisənin mətbəx sahəsində işlərin görülməsi və xidmətlərin göstərilməsi barədə müvəqqədi məhdudiyyət tətbiq olunub.
Multimedia
İdman qidaları və BAQM qəbulunda ən çox edilən səhvlər hansıdır? - Sual-Cavab
Sual-Cavab: Quzuların erkən kəsimi hansı risklər yaradır?
AQTA heyvan sahiblərini və fermerləri heyvanlarını qeydiyyatdan keçirməyə çağırır
Giriş