Qida Təhlükəsizliyi Agentliyinin və Daxili İşlər Nazirliyinin rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş monitorinq zamanı Lənkəran rayonunun Şovu kəndində yerləşən, fiziki şəxs Əliyev Nəriman Vahab oğluna məxsus ət satışı məntəqəsində ətlərin baytarlıq ekspertizasından keçirilmədən satışa çıxarıldığı aşkarlanıb. Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib edilib. Ət məhsulları satışdan çıxarılaraq möhürlənib və nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Araşdırmalar davam etdirilir.
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli dekabrın 18-i Saatlıda Saatlı, Sabirabad, İmişli, Beyləqan, Xocavənd rayonlarından olan vətəndaşları qəbul edib. Qəbuldan əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla yad edilib. Qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilib, bir qismi yerində öz həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Sabirabad rayonu, Qaragüney kəndində fəaliyyət göstərən, Muradov Əvəz Sarxan oğluna məxsus “Elşən Gülşən" ticarət mərkəzində yoxlama keçirib. Baxış zamanı marketdə qida məhsullarının saxlanma şəraitinə əməl olunmadığı, işçi heyətin tibbi müayinədən keçmədiyi və digər nöqsanlar müəyyən edilib. Həmçinin yararlılıq müddəti bitmiş, müfaviq müşayiətedici sənədləri olmayan qida məhsulları və istehsalçı, ünvan, istehsal tarixi barədə dolğun məlumatlar qeyd edilməyən, Azərbaycan dilində etiket məlumatları olmayan 393 ədəd müxtəlif əmtəə nişanlı alkoqollu içki aşkarlanıb. Faktla bağlı ictimai iaşə obyektinin rəhbəri barəsində inzibati protokol tərtib edilib, istehlaka yararsız məhsullarla bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul olunaraq satışdan çıxarılıb.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Lənkəran rayonu, Boladi kəndində fəaliyyət göstərən, Ağazadə Tural Aqil oğluna məxsus marketdə plandankənar yoxlama keçirib. Baxış zamanı marketdə normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, “Organic”, ”Gold Organic”, ”Baku” əmtəə nişanlı mənşəyi məlum olmayan saxta alkoqollu içkilər aşkar edilərək satışdan kənarlaşdırılıb, normativ texniki tələblərə cavab verməyən məhsullarla bağlı məhdudlaşdırıcı qərar qəbul edilib. Faktla bağlı inzibati protokol tərtib edilib və nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Araşdırmalar davam etdirilir.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Xətai rayonu, R.Bağırov küçəsi ev 58 ünvanında yerləşən, fiziki şəxs Quliyev Firdovsi Mülkü oğluna məxsus “Ramin Nur” şadlıq sarayında yoxlama keçirib. Baxış zamanı istehlakçı hüquqlarının və sanitariya norma və qaydalarının tələblərinin pozulduğu məlum olub. Belə ki, obyektin qida təhlükəsizliyi qeydiyyatından keçmədən qanunsuz fəaliyyət göstərdiyi məlum olub. Camış ətinin istehlaka dana əti adı ilə təqdim edildiyi aşkarlanıb. Həmin camış ətləri müvafiq baytarlıq sənədi və idxal sağlamlıq aktı ilə müşayiət edilib. Qeyd olunan hal qida təhlükəsizliyi riski yaratmasa da, istehlakçıların aldadılaraq onların hüquqlarının kobud şəkildə pozulmasına səbəb olur. Bundan başqa, şadlıq evində tərkibi ilə etiket məlumatları uyğunsuzluq təşkil edən alkoqolsuz içkilərin təqdim edildiyi məlum olub. Qida məhsullarının saxlanması ilə bağlı tələblərin pozulduğu, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı obyekt rəhbərliyi barəsində inzibati protokol tərtib olunub, mətbəxdə istehlaka hazır qidalardan, donmuş ət məhsullarından və meyvə şirəsindən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib, icrası məcburi göstərişlər verilib.
Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi, 8-ci km ərazisində fəaliyyət göstərən fiziki şəxs Nəcəfov Fəxrəddin Əlipaşa oğluna məxsus “Kəngərli” bazarında balıq kürüsü və diri balıq satışına nəzarət tədbirləri həyata keçirilib. Qida Təhlükəsizliyi Agentliyinin yoxlaması zamanı kürü məhsullarının üzərində etiket məlumatlarının mövcud olmadığı, yəni məhsulun və istehsalçının adı, istehsal və son istifadə tarixləri barədə məlumatların olmadığı müəyyən edilib. Həmçinin, bazarda satılan balıq və balıq kürüsünün keyfiyyətini və təhlükəsizliyini təsdiq edən baytarlıq və müşayiətedici sənədlər yoxlama zamanı təqdim olunmayıb. Müəyyən edilib ki, normativ tələblərə əsasən 0–2 °C temperaturda saxlanılmalı olan balıq kürüsü faktiki olaraq 9.3 °C temperaturda saxlanılaraq satışa çıxarılıb. Eyni zamanda bazarda digər satış məntəqələrinə də baxış zamanı diri balıqların saxlanıldığı su hovuzlarının sanitariya-gigiyenik vəziyyətinin qənaətbəxş olmadığı, ölü balıqların vaxtında hovuzlardan kənarlaşdırılmadığı, suyun çirkli, bulanıq və qoxulu olduğu müəyyən edilib. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar sahibkar barəsində inzibati xəta haqqında protokol tərtib edilib, balıq kürüsündən nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Araşdırmaların nəticələrinə əsasən qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülməsi təmin ediləcək. Qeydə alınan nöqsanlar insan həyat və sağlamlığı ciddi risklər yaradır. Xüsusi riskli qida məhsullarının antisanitar və tələblərə uyğun olmayan şəraitdə satışı yolverilməzdir. Bazar sahibləri ərzaq bazarlarında təcili sağlamlaşdırıcı tədbirlər həyata keçirməlidirlər. Daha ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz:
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, İraq Respublikasının Nəcəf əyalətində, Xorvatiya Respublikasının Splitsko-Dalmatinska kantonunda xırdabuynuzlu heyvanların taun xəstəliyi, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Şimali İrlandiyanın Ards və Şimali Daun dairəsində, Cersinin Sent-Con inzibati ərazisində blutanq xəstəliyi, Livan Respublikasının Bəka əyalətində dabaq xəstəliyi, Nigeriya Federativ Respublikasının Oqun ştatında, Amerika Birləşmiş Ştatlarının Şimali Karolina ştatında, Niderland Krallığının Şimali-Brabant əyalətində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin bu yoluxucu xəstəliklərdən qorunması üçün qeyd olunan ərazilərdən zonalaşma prinsipi nəzərə alınmaqla, müvafiq malların idxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvəqqəti məhdudiyyət tətbiq edilib. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Saxta alkoqollu içkilərin dövriyyəsinin qarşısının alınması istiqamətində Qida Təhlükəsizliyi Agentliyi tərəfindən mütəmadi olaraq nəzarət tədbirləri həyata keçirilir. Belə ki, cari il ərzində aparılan tədbirlər çərçivəsində ümumilikdə 39 qida obyektində (34 ticarət və 5 ictimai iaşə obyekti) müxtəlif növ və əmtəə nişanlı 7714 ədəd saxta alkoqollu içki aşkarlanıb. Bununla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülərək məhsullar satışdan kənarlaşdırılıb. 81 alkoqollu içkidən nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Sınaq nəticəsində 39 məhsulda uyğunsuzluq müəyyən edilib, 31 məhsulda uyğunsuzluq aşkarlanmayıb, 11 məhsulun isə müayinələri davam etdirilir. Faktla bağlı 16 müəssisənin vəzifəli şəxsləri barəsində inzibati məsuliyyət tədbirləri görülüb, 23 qida obyekti barədə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün hüquq mühafizə orqanlarına göndərilib. Qeyd edək ki, saxta içkilər uyğun olmayan xammaldan və texnologiyadan istifadə edilməklə hazırlanır. Bu cür içkilərin tərkibində olan kimyəvi maddələr insan sağlamlığı üçün təhlükəli hesab edilir. Belə ki, bu kimyəvi birləşmələr daha çox qaraciyər, böyrək, göz və mərkəzi sinir sistemini zədələməklə yanaşı, ölümlə nəticələnən intoksikasiyalara səbəb ola bilər. Agentlik yeni il bayramı ərəfəsində spirtli içkilərin daha çox satışa çıxarıldığını və istifadə olunduğunu nəzərə alaraq, istehlakçıları diqqətli olmağa, keyfiyyəti və təhlükəsizliyi şübhə doğuran məhsulları almamağa çağırır. İctimai iaşə və ticarət obyektlərində məhsul seçərkən, qablaşdırılmasına və etiketlənməsinə diqqət yetirilməli və müvafiq müşayiətedici sənədlərinin tələb edilməsi zəruridir. Hər hansı uyğunsuzluq və şübhəli hallar aşkar edildikdə, dərhal Agentliyin “1003 - Çağrı Mərkəzi”nə məlumat verilməsi tövsiyə olunur.
Salyan rayonunda fəaliyyət göstərən ərzaq bazarında monitorinq aparılıb. Qida Təhlükəsizliyi Agentliyinin nəzarət tədbiri zamanı bazarda ciddi nöqsanlar aşkarlanıb. Belə ki, bazarda turşu, mürəbbə, süd məhsulları və çiy toyuq ətinin antisanitar şəraitdə müvafiq sənədləri olmadan satışa çıxarıldığı məlum olub. Balıq məhsullarının, eləcə də ətin soyuducudan kənarda açıq şəkildə satıldığı müəyyən edilib. Nəzarət tədbiri zamanı bazarın sanitar-gigiyenik və sanitar-texniki tələblərə cavab vermədiyi, qida məhsullarının saxlanılması və temperatur rejiminin gözlənilməsi üçün müvafiq avadanlıqlarla təmin edilmədiyi aşkarlanıb. Qeyd edək ki, ərzaq bazarlarında həyata keçirilən nəzarət tədbirlərinin əsas məqsədi əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin olunmasıdır. Bu tələblərin icrası, eləcə də aşkarlanan nöqsanların aradan qaldırılması, bazarların sağlamlaşdırılması üzrə əsas məsuliyyət isə bazar rəhbərlərinin üzərinə düşür. Daha ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz:
Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi, ev 42C ünvanında fəaliyyət göstərən “On numara” ictimai iaşə müəssisəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib. Yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının bir sıra tələblərinin pozulması faktları müəyyən edilib. Belə ki, müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən qanunsuz fəaliyyət göstərdiyi, istehlaka təqdim edilən dönərlərin müvafiq müşayiətedici sənədlərinin olmadığı, əvvəlki gün bişirilmiş dönərin yenidən isidilərək istehlaka verilməsi məqsədilə dondurucuda saxlanıldığı, texnoloji ardıcıllıq prinsipinə riayət olunmadığı, emal zamanı qida məhsullarının təhlükəsizliyi sahəsində müəyyən edilmiş tələblərə cavab verən xammaldan istifadə edilmədiyi, işçilərin tibbi müayinədən keçirilmədiyi və soyuq qəlyanaltıların saxlanma rejiminin normativ tələblərə cavab vermədiyi aşkarlanıb. Bundan əlavə, zərərvericilərin mətbəx sahəsinə daxil olmasının qarşısını almaq üçün tədbirlərin görülmədiyi məlum olub. Faktla bağlı obyekt rəhbərliyi barəsində inzibati protokol tərtib olunub, istehlaka hazır qidalardan nümunələr götürülərək laboratoriyaya təqdim edilib. Nöqsanlar aradan qaldırılanadək soyuq qəlyanaltıların emalı sahəsində işlərin görülməsi və xidmətlərin göstərilməsi dayandırılıb.
Multimedia
İdman qidaları və BAQM qəbulunda ən çox edilən səhvlər hansıdır? - Sual-Cavab
Sual-Cavab: Quzuların erkən kəsimi hansı risklər yaradır?
AQTA heyvan sahiblərini və fermerləri heyvanlarını qeydiyyatdan keçirməyə çağırır
Giriş