Cəlilabad rayonu, H.Əliyev prospekti, ev 9 ünvanında Quliyev Füzuli Əvəz oğluna məxsus “055 şərab evi” mağazasında, rayonun Göytəpə şəhəri, F.Bayramov küçəsi, ev 87 ünvanında Qurbanov Hikmət Əliağa oğluna məxsus “Məhəllə” marketdə və Cəlilabad şəhəri, H.Əliyev prospektində Əliyev Akif Ağaxan oğluna məxsus “Yaşar” marketdə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş plandankənar yoxlama zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib. Yoxlama zamanı mənşəyi məlum olmayan saxta alkoqollu içkilər aşkar edilərək satışdan kənarlaşdırılıb. Normativ texniki tələblərə cavab verməyən məhsullarla bağlı məhdudlaşdırıcı qərar qəbul edilib. Faktlarla bağlı inzibati protokol tərtib edilib və nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Araşdırmalar davam etdirilir.
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyində ilin yekunlarına həsr olunan mükafatlandırma mərasimi keçirilib. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 noyabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə”yə uyğun olaraq Agentlik sədrinin müvafiq əmri bir sıra əməkdaşlar "Fəxri Fərman" və "Təşəkkürnamə” ilə təltif olunublar. Bildirilib ki, ölkəmizdə qida təhlükəsizliyinin təmin olunması və bu istiqamətdə nəzarət sisteminin daha da təkmilləşdirilməsi qarşıda duran əsas vəzifələrdəndir.
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Fransa Respublikasının Mərkəz-Luara vadisi regionunda aueski xəstəliyi, Nigeriya Federativ Respublikasının Sokoto ştatında, Monqolustanın Süxbaatar vilayətində dabaq xəstəliyi, Nigeriya Federativ Respublikasının Akva İbom ştatında xırdabuynuzlu heyvanların taun xəstəliyi, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Cersinin Sent-Martin, Sent-Piter, Sent-Sevior, Sent-Brelad inzibati ərazilərində blutanq xəstəliyi, Slovakiya Respublikasının Preşov diyarında Nyukasl xəstəliyi, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Şotlandiyanın Şotlandiya Sərhədləri inzibati ərazi vahidində, İtaliya Respublikasının Toskana regionunda isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin bu yoluxucu xəstəliklərdən qorunması üçün qeyd olunan ərazilərdən zonalaşma prinsipi nəzərə alınmaqla, müvafiq malların idxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvəqqəti məhdudiyyət tətbiq edilib. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin nəzarəti altında Göygöl rayonunda fəaliyyət göstərən heyvan bazarında yenidənqurma işləri yekun mərhələyə çatıb. Hazırda bazarın ərazisində yolun asfaltlanması, heyvanların saxlanma məntəqələrinin təşkili və dezbaryerlərin quraşdırılması kimi əsas infrastruktur işləri tamamlanıb. Bazarda iri və xırda buynuzlu heyvanların ayrı-ayrı sahələrdə saxlanılması üçün məntəqələr tikilib. Bazarın açılması üçün Agentliyə müraciət edilib. Yaxın günlərdə Göygöl və daha bir neçə infrastruktur işləri həyata keçirilən heyvan bazarlarının yenidən fəaliyyətə başlaması ilə bağlı müvafiq qərarlar veriləcək. Daha ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz:
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən “Sağlam məktəbli” layihəsi çərçivəsində ümumi təhsil müəssisələrində maarifləndirmə tədbirləri davam etdirilir. Məktəblilər arasında sağlam qidalanmanın təşviq olunması, qida təhlükəsizliyi anlayışının təbliğ edilməsi və şagirdlərə qida təhlükəsizliyi vərdişlərinin aşılanması məqsədilə həyata keçirilən layihə çərçivəsində 2025-2026-cı tədris ili üzrə növbəti görüş Quba rayon R.Məmmədov adına Alekseyevka kənd tam orta məktəbdə təşkil olunub. Tədbirdə iştirak edən məktəbin 100-dən çox şagirdinə Agentliyin fəaliyyət istiqamətləri, eləcə də qida təhlükəsizliyinin təmin olunması və sağlam qidalanmanın vacibliyi barədə məlumatlar verilib. Daha sonra Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən “Süd məhsullarının faydaları” və “Qazlı-şəkərli içkilərin zərərləri” mövzusunda təqdimatlar edilib. Görüşdə mövzu ətrafında müzakirələr aparılıb, məktəbliləri maraqlandıran suallar cavablandırılıb və onlara sağlam qidalanmaya dair maarifləndirici bukletlər paylanıb. Qeyd edək ki, “Sağlam məktəbli” layihəsinə 2018-ci ildə start verilib. Layihə çərçivəsində hər il ümumtəhsil müəssisələrində şagirdlərlə qida sahəsində müxtəlif mövzularda görüşlər keçirilir. Agentlik tərəfindən belə görüşlərin davamlı olaraq təşkil edilməsi planlaşdırılıb.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, M.Müşfiq küçəsi, ev 3 ünvanında fiziki şəxs Salahov Şahin Salam oğluna məxsus həyətyanı sahədə qida təhlükəsizliyi qeydiyyatından keçmədən, antisanitar şəraitdə qanunsuz fəaliyyət göstərən quş kəsimi sexi aşkarlanıb. Belə ki, yoxlama zamanı baytarlıq-müşayiətedici sənədləri olmayan 2000 baş ev quşunun baytarlıq tələbləri və heyvan rifahı gözlənilmədən kəsiminin həyata keçirildiyi məlum olub. Müəssisə daxilində havalandırma sistemlərinin quraşdırılmaması nəticəsində kondensasiya prosesi zamanı yaranmış suların, o cümlədən yağış sularının tavandan birbaşa qida məhsullarının üzərinə töküldüyü, kəsim prosesində sanitar-gigiyenik tələblərə riayət edilmədiyi, tüklərin təmizlənməsi, pörtlədilməsi, içalatın təmizlənməsinin eyni sahədə həyata keçirildiyi, kəsilmiş toyuqların birbaşa döşəmə üzərinə yığıldığı müəyyən edilib. Eyni zamanda "kənd toyuğu" təəssüratı yaratmaq məqsədilə mənşəyi məlum olmayan rənglərdən istifadə edilərək toyuqların rənglənməsi halları da aşkarlanıb. Sahibkar ev quşlarının bazarlarda satışa çıxarıldığını bildirib. Faktla bağlı sahibkar barəsində inzibati icraata başlanılıb. Toyuqların kəsimi və toyuq məhsullarının dövriyyəsi qadağan edilib, məhsullar ərazidən kənarlaşdırılaraq saxlanca verilib, nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Müəssisənin fəaliyyəti dayandırılıb. Araşdırmalar davam etdirilir. Linkə keçid edərək videoməlumatla tanış ola bilərsiniz:
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) İqlim Dəyişikliyi və Ətraf Mühit Nazirliyinin nümayəndələri arasında onlayn formatda görüş keçirilib. Görüşdə “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin İqlim Dəyişikliyi və Ətraf Mühit Nazirliyi arasında heyvan sağlamlığı və qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında” Anlaşma Memorandumu layihəsi müzakirə olunub. Görüş zamanı Azərbaycandan BƏƏ-yə süd, yumurta, bal, balıq və ət məhsullarının ixracı üzrə sertifikatların razılaşdırıldığı və qeyd olunan məhsulların ixracının mümkün olduğu vurğulanıb. Eyni zamanda ixracpotensiallı məhsulların, xüsusilə diri heyvan və ət məhsullarının ixracı məsələləri diqqət mərkəzində saxlanılıb. BƏƏ-nin təsdiq sisteminin ekvivalentliyinin tanınması və diri heyvanların ixracı üzrə baytarlıq sertifikatlarının razılaşdırılması barədə geniş fikir mübadiləsi aparılıb. Sonda qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Orta və kiçik sahibkarlıq subyektləri 30 iyun 2026-cı il tarixinədək öz qida obyektlərində Təhlükənin Analizi və Kritik Nəzarət Nöqtələri (HACCP) sistemini qurmalıdır. “Qida təhlükəsizliyi haqqında” qanuna əsasən, HACCP sisteminin tətbiqi sahibkarlıq subyektləri üçün məcburidir. HACCP qida təhlükəsizliyini təmin etmək üçün tətbiq olunan idarəetmə sistemidir. Sistem qida məhsullarının təhlükəsizliyinin təmin edilməsinə, keyfiyyətinin yüksəldilməsinə töhfə verir. Agentlik qeyd edir ki, iri sahibkarlıq subyektlərində HACCP-ın tətbiqi başa çatıb. Artıq bu müəssisələrdə aparılan nəzarət tədbirləri zamanı HACCP sisteminin tətbiqi vəziyyəti yoxlanılır. 30 iyun 2026-cı il tarixindən isə orta və kiçik sahibkarlıq subyektlərində sistem tətbiq olunmayan müəssisələrdə qanunvericiliyə uyğun tədbirlər görüləcək. Agentlik bir daha bütün orta və kiçik sahibkarlıq subyektlərini öz obyektlərində HACCP sistemini tətbiq etməyə çağırır.
Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının 4 dekabr 2025-ci il tarixli 64 nömrəli Qərarı ilə “Sahibsiz heyvan sığınacaqlarına dair baytarlıq-sanitariya norma və qaydaları” təsdiq edilib. Qaydalar sahibsiz heyvanların həyat və sağlamlığının qorunmasını, yoluxucu xəstəliklərin baş verməsinin və yayılmasının qarşısının alınmasını, habelə heyvan rifahının təmin edilməsini nəzərdə tutur. Sahibsiz heyvan sığınacaqlarına dövlət baytarlıq nəzarəti Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilir. Sığınacaqlar epizootik cəhətdən sağlam ərazilərdə yerləşdirilməli və yaşayış binalarından, su hövzələrindən, fermalardan və sənaye obyektlərindən qanunvericiliklə müəyyən edilmiş sanitar-mühafizə məsafələri gözlənilməlidir. Sığınacaqlarda karantin, müalicə, sağlam və həssas heyvanlar üçün ayrıca otaq və ya bölmələr, eləcə də baytarlıq preparatlarının və yemlərin saxlanılması üçün xüsusi sahələr təşkil edilməlidir. Heyvanların saxlanma şəraiti onların növünə, çəkisinə və fizioloji ehtiyaclarına uyğun təmin olunmalıdır. Sığınacaqlarda baytarlıq tədbirləri yalnız müvafiq ixtisaslı baytarlıq mütəxəssisi tərəfindən icra olunmalıdır. Qərar 2026-cı il 4 may tarixindən qüvvəyə minir. Daha ətraflı linkə daxil olaraq məlumat əldə edə bilərsiz: https://e-qanun.az/framework/61067
Masallı şəhəri, H.Əliyev prospektində fəaliyyət göstərən “Secret Şərab Evi” MMC-yə məxsus şərab evində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, “Vip Line” və ”Berezka” əmtəə nişanlı mənşəyi məlum olmayan saxta alkoqollu içkilər aşkar edilərək satışdan kənarlaşdırılıb, normativ texniki tələblərə cavab verməyən məhsullarla bağlı məhdudlaşdırıcı qərar qəbul edilib. Faktla bağlı inzibati protokol tərtib edilib, nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Araşdırmalar davam etdirilir.
Multimedia
İdman qidaları və BAQM qəbulunda ən çox edilən səhvlər hansıdır? - Sual-Cavab
Sual-Cavab: Quzuların erkən kəsimi hansı risklər yaradır?
AQTA heyvan sahiblərini və fermerləri heyvanlarını qeydiyyatdan keçirməyə çağırır
Giriş