Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli mayın 25-i saat 10:00-da Agentliyin Lənkəran-Astara regional bölməsinin inzibati binasında (Lənkəran şəhəri, B.Mirsalayev küçəsi 272) Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad, Biləsuvar, Cəbrayıl rayonlarından olan vətəndaşların qəbulunu keçirəcək. Vətəndaşlar ad, soyad, ata adı, müraciətin məzmunu, yaşayış ünvanı və telefon nömrəsini göstərməklə info@afsa.gov.az elektron ünvanına rəsmi şəkildə müraciət edərək və ya “1003-Çağrı Mərkəzi” ilə əlaqə saxlayaraq mayın 24-dək qəbula yazıla bilərlər. Qəbul zamanı Agentliyin səlahiyyət dairəsinə aid müraciətlər cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 51A/2858A ünvanında fəaliyyət göstərən, fiziki şəxs İskəndərli Anar Həbib oğluna məxsus narşərab emalı müəssisəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilən yoxlama zamanı texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu məlum olub. Müəssisədə emal edilən “Miraj” əmtəə nişanlı narşərab məhsulunun istehsalında mənşəyi bilinməyən nar şirəsindən istifadə edildiyi, həmçinin yoxlama zamanı məhsulun tərkibində rəngləyici qida əlavəsi müəyyən edilib. Eyni zamanda emal prosesinin həyata keçirilməsi üçün avadanlığın olmadığı və müvafiq sahənin ayrılmadığı, xammal və hazır məhsul anbarında havalandırma sisteminin quraşdırılmadığı, müvafiq təmizlik işlərinin aparılmadığı, texnoloji prosesin ardıcıllığına riayət edilmədiyi aşkarlanıb. Faktla bağlı müəssisənin rəhbərliyi barəsində inzibati protokol tərtib olunub, nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Nöqsanlar aradan qaldırılanadək narşərab məhsulunun emalı dayandırılıb. Həmçinin “Miraj” əmtəə nişanlı narşərab məhsulunun satışının dayandırılması, dövriyyədən çıxarılması və məhsul partiyasının geri çağırılması barədə məhdudlaşdırıcı qərar qəbul edilib.
Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qurumun fəaliyyət istiqamətlərinin ictimaiyyətə daha yaxından təqdim olunması məqsədilə “AQTA hara baxır?” adlı yeni layihəyə start verilib. Layihə çərçivəsində qida zəncirinin bütün mərhələlərində – tarladan və ya fermadan süfrəyədək həyata keçirilən nəzarət tədbirləri, aşkarlanan nöqsanlar və görülən tədbirlər barədə məlumatlar istehlakçıların diqqətinə çatdırılacaq. Məqsəd istehlakçıların məlumatlılığını artırmaqla yanaşı, qida təhlükəsizliyinin təmin olunması istiqamətində görülən işlərin şəffaf şəkildə təqdim edilməsidir. Layihənin ilk buraxılışı son dövrlərdə geniş ictimai müzakirələrə səbəb olan “dəvə qutabı” mövzusuna həsr olunub. Bu mövzu ətrafında aparılan müzakirələr əsasən məhsulların tərkibinin həqiqətən də dəvə ətindən ibarət olub-olmaması və istehlakçıların düzgün məlumatlandırılması məsələlərini əhatə edir. Daha ətraflı linkdən tanış ola bilərsiniz:
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən hər il təsərrüfat sahələrində və meyvə bağlarında fitosanitar vəziyyətin qiymətləndirilməsi, zərərli orqanizmlərin vaxtında aşkarlanması və risklərin minimuma endirilməsi məqsədilə “Milli Monitorinq Planı” hazırlanır. Bu çərçivədə Agentliyin müfəttişləri tərəfindən ölkənin müxtəlif bölgələrindəki bitkiçilik təsərrüfatlarında, o cümlədən alça bağlarında mütəmadi monitorinqlər aparılır, bitkilərin inkişaf mərhələsi, xəstəlik və zərərvericilərin yayılma ehtimalı təhlil olunur. Monitorinqlər zamanı karantin tətbiq edilən, habelə məhsuldarlığa təhlükə törədən digər zərərli orqanizmlər aşkar edildiyi halda, dərhal zəruri fitosanitar tədbirlərin görülməsi barədə qərarlar qəbul edilir və aidiyyəti dövlət qurumları ilə koordinasiyalı şəkildə onların icrası təmin olunur. 2026-cı ildə alça təsərrüfatlarında mövsümün yeni başlaması ilə əlaqədar monitorinqlərə başlanılıb və sahələrdə mütəmadi müşahidələr aparılır. Bugünədək aparılan ilkin müşahidələr və toplanmış məlumatlar əsasında hazırkı mərhələdə hər hansı zərərli orqanizm aşkarlanmayıb.
Qida Təhlükəsizliyi Agentliyinin idxal nəzarəti zamanı fiziki şəxs Anar Cəfərovun Ukraynadan gətirdiyi “Bazalt” müəssisəsinin istehsalı olan “Vettrimerazin Poroşok” əmtəə nişanlı baytarlıq preparatına baxış keçirilib. Məhsul partiyasından Agentliyin müfəttişləri tərəfindən nümunələr götürülərək müayinələrə cəlb edilib. Sınaq nəticəsində kif-maya göstəricisi üzrə uyğunsuzluq aşkarlanıb. Uyğunsuzluqla əlaqədar, ümumi sayı 490 ədəd məhsulun ölkəyə idxalına icazə verilməyib və qəbul edilmiş müvafiq qərar əsasında məhv edilib.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən ölkədə qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin xidmət keyfiyyətinin yüksəldilməsi, eləcə də qabaqcıl təcrübə və beynəlxalq standartlara çıxış imkanlarının genişləndirilməsi məqsədilə mütəmadi olaraq maarifləndirici təlimlər keçirilir. Bu istiqamətdə qida ilə təmasda olan mütəxəssislər üçün “Qida sahəsində gigiyena tələbləri” mövzusunda növbəti təlim təşkil olunub. “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq keçirilən təlimdə iştirakçılara müəssisə fəaliyyətinin mövcud qanunvericiliyin, eləcə də sanitariya-gigiyena qaydalarının tələblərinə uyğun təşkili ilə bağlı zəruri məlumatlar təqdim edilib. Təlim zamanı əməkdaşların şəxsi gigiyenası, zərərvericilərə qarşı nəzarət tədbirləri, təmizləmə və dezinfeksiya prosedurları, qida məhsullarının daşınması, saxlanması və düzgün emalı qaydaları ətraflı şəkildə izah olunub. İnteraktiv formatda təşkil edilən təlimin sonunda mövzu ətrafında müzakirələr aparılıb, həmçinin iştirakçıların bilik və bacarıqları qiymətləndirilib.
Qida Təhlükəsizliyi Agentliyi və aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə respublika ərazisində (Naxçıvan Muxtar Respublikası daxil) quş qripi xəstəliyinə qarşı 2026-cı il 6-10 aprel tarixlərində keçirilmiş epizootoloji monitorinqin nəticələri açıqlanıb. Monitorinq epizootik risk əsasında müəyyən olunmuş dövlət təbiət yasaqlıqlarının, ovçuluq təsərrüfatlarının və milli parkların su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərini əhatə edib. Habelə su anbarları və çaysahili ərazilərdə ümumi müşahidələr aparılmaqla vəhşi quşlara klinik baxış keçirilib, xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə müxtəlif növ vəhşi quşdan diaqnostik nümunələr götürülüb. Bundan əlavə, 34 sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisəsində və 4 rayonun (şəhər) 72 ailə təsərrüfatında müxtəlif növ ev quşlarından laborator müayinə üçün qan və yaxma nümunələri götürülüb. Müayinələrin və ümumi epizootoloji müşahidələrin təhlili nəticəsində quş qripi xəstəliyinin törədicisinə və xəstəliyə şübhəli klinik əlamətləri olan quşa rast gəlinməyib. Ev quşlarından götürülmüş diaqnostik nümunələr Nyukasl xəstəliyinə görə də müayinə edilib və yoluxmaya şübhəli hal aşkar edilməyib.
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən heyvanların peyvəndləmə prosesinə dair təlimatlandırıcı videoçarx hazırlanıb. Bildirilib ki, ölkədə epizootik sabitliyin qorunması və heyvan sağlamlığının təmin edilməsi məqsədilə iri və xırdabuynuzlu heyvanların qarayara, dabaq, nodulyar dermatit, bruselyoz, çiçək, itlərin quduzluq, təkdırnaqlı heyvanların isə rinopnevmoniya və qrip xəstəliklərinə qarşı peyvəndlənməsi dövlət büdcəsi hesabına həyata keçirilir. Peyvəndləmələr aidiyəti dövlət qurumu ilə bağlanmış müqavilə əsasında fərdi baytarlıq fəaliyyəti ilə məşğul olan baytarlıq mütəxəssisləri tərəfindən icra edilir. Peyvəndləmədə istifadə ediləcək vaksinin son istifadə tarixi, saxlanma şəraiti (“soyuq zəncir” rejimi) mütəxəssis tərəfindən cavabdeh şəxsə göstərilməlidir. Hər bir heyvan üçün fərdi steril iynələrdən istifadə edilməli, inyeksiya nahiyəsi dezinfeksiya olunmalıdır. Aparılan hər bir peyvəndləmə haqqında məlumatlar heyvanın pasportuna, heyvanların identifikasiyası və qeydiyyatı sisteminə və ya dövlət baytarlıq uçot formalarına qeyd edilməlidir. Qeyd olunub ki, təsərrüfat sahibləri heyvan xəstəliklərinə qarşı aparılan profilaktik və sağlamlaşdırıcı tədbirlərlə bağlı qarşılaşdıqları məsələlər üzrə Agentliyin “1003 - Çağrı Mərkəzi”nə müraciət edə bilərlər. Daha ətraflı: https://youtu.be/5K5rtE-fIYA
Qida Təhlükəsizliyi Agentliyinin Qarabağ regional bölməsinin əməkdaşları tərəfindən “Təhsil müəssisələrində uşaqların qidalanmasının düzgün təşkili və qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələbləri” mövzusunda maarifləndirici görüşlər keçirilib. Tədbirlərdən biri Füzuli Rayon İcra Hakimiyyətində təşkil olunub. Görüşdə icra hakimiyyətinin məsul əməkdaşları, Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiyanın üzvləri, körpələr evi-uşaq bağçalarının və ümumtəhsil müəssisələrinin rəhbərləri iştirak ediblər. Maarifləndirici görüş Füzuli Rayon Musiqi Təmayüllü Uşaq Gimnaziyasında davam etdirilib. Agentliyin əməkdaşları sağlam gələcək naminə uşaqların düzgün və balanslı qidalanması, hərtərəfli inkişafı ilə bağlı geniş məlumat veriblər. Bildirilib ki, təhsil müəssisələrində qida məhsullarının keyfiyyətinə nəzarətin gücləndirilməsi, təhlükəsiz qidalanmanın təmin olunması və bu sahədə maarifləndirmə işlərinin genişləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Tədbirlərdə həmçinin uşaqların gündəlik qida rasionunun düzgün qurulması, qidaların saxlanması və istifadə qaydaları, sanitar-gigiyena tələblərinə riayət olunmasının vacibliyi barədə təqdimatlar olub, iştirakçılara sağlam qidalanmaya dair maarifləndirici bukletlər paylanıb. Sonda iştirakçılara qida təhlükəsizliyi ilə bağlı hər hansı xoşagəlməz hallarla qarşılaşdıqda və ya sağlam qidalanma ilə bağlı suallar yarandıqda Agentliyin “1003 - Çağrı Mərkəzi”nə müraciət edə biləcəkləri bildirilib.
Qida və yem məhsullarının təhlükəsizliyi sahəsində dövlət siyasətinin formalaşdırılması və normativ tənzimləmənin həyata keçirilməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının qərarı ilə “Bala dair sanitariya norma və qaydaları”nın təsdiq edilməsi barədə yeni texniki normativ hüquqi akt layihəsi hazırlanıb. Sənəd aidiyyəti qurumlarla razılaşdırılması, o cümlədən ictimai müzakirə üçün “Lisenziyalar və icazələr” portalına yerləşdirilib. Sahə mütəxəssisləri, sahibkarlar sənədlə tanış ola və öz fikirlərini bildirə bilərlər. Yeni sənəd balın təhlükəsizliyi və minimum keyfiyyət göstəricilərini müəyyən edir və bu sahədə mövcud tənzimləmələri daha da təkmilləşdirir. Qaydalar Avropa İttifaqının müvafiq direktivləri və Kodeks Alimentarius Komissiyasının “bal standartı” sənədləri əsasında formalaşdırılıb. Qaydalar balın bütün növlərinə – çiçək balı, gəzəngi (şirə) balı, şan balı, süzmə bal və digər formalarına şamil olunur. Sənəddə məhsulun tərkibi, istehsal üsulları, saxlanma şəraiti, daşınma qaydaları və etiketləmə tələbləri müəyyən edilib. Yeni tələblərə əsasən, bala hər hansı kənar maddənin əlavə olunmasına yol verilmir, balın təbii xüsusiyyətləri qorunmalı və süni müdaxilələrə məruz qalmamalıdır, məhsulun saxlanması və daşınması zamanı temperatur və gigiyena qaydalarına ciddi riayət olunmalıdır, etiketləmə zamanı istehlakçılara düzgün və tam məlumat təqdim edilməlidir. Etiketlərdə “Bir yaşına qədər körpələrə bal verilməməlidir” xəbərdarlığı mütləq qeyd olunmalıdır. Sənəddə həmçinin botanik mənşəyi məlum olan ballar üçün çiçək tozcuğu tərkibinə dair minimum göstəricilər müəyyən edilib ki, bu da məhsulun mənşəyinin müəyyən edilməsinə imkan verir. Qaydaların tətbiqi bal istehsalında keyfiyyətin yüksəldilməsinə, saxta bal məhsullarının dövriyyəsinin qarşısının alınmasına, eləcə də istehlakçı hüquqlarının qorunmasına xidmət edəcək. Əlavə məlumat üçün: https://lisenziya.gov.az/act-projects
Multimedia
AQTA sədri Qoşqar Təhməzli "Xəzər TV" və "Trend" Beynəlxalq İnformasiya Agentliyinə müsahibə verib
Çinə ixrac imkanlarımız genişlənir - Real TV
AQTA heyvan sahiblərini və fermerləri heyvanlarını qeydiyyatdan keçirməyə çağırır
Giriş