Dövlət–özəl sektor əməkdaşlığının möhkəmləndirilməsi məqsədilə yaradılan Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yanında qida sektoru üzrə Məşvərət Şurasının növbəti iclası keçirilib. İclasda Məşvərət Şurasının üzvləri ilə ölkədə qida təhlükəsizliyinin təmin olunmasında mühüm əhəmiyyət kəsb edən aktual mövzular müzakirə olunub. İclas zamanı Məşvərət Şurasının Katibliyinin işinin təşkili ilə bağlı məsələyə baxılıb. Eyni zamanda “Heyvan sağlamlığı haqqında” və “Bitki sağlamlığı haqqında” qanun layihələri, bu sənədlərdən irəli gələn və ümumilikdə heyvan və bitki sağlamlığına dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb. “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2026–2032-ci illər üçün” Dövlət Proqramı layihəsi və digər məsələlər iclas iştirakçılarının diqqətinə çatdırılıb. İclas çərçivəsində həmçinin, qida zəncirinə nəzarət, idxal və ixrac zamanı aşkarlanan uyğunsuzluqlar, məhsulların, obyektlərin və subyektlərin qeydiyyatı və təsdiqi, həmçinin qida təhlükəsizliyi sahəsində tətbiq olunan yeni norma və tələblər müzakirə olunub.
Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının müvafiq qərarına uyğun olaraq ölkə ərazisində heyvan bazarlarının baytarlıq-sanitariya vəziyyətinin yaxşılaşdırılması istiqamətində görülən tədbirlər davam etdirilir. Bu çərçivədə Göyçay rayonunda yerləşən heyvan bazarında da müasir tələblərə uyğunlaşdırma işləri həyata keçirilib. Bazar ərazisində asfalt örtüyü salınıb, heyvanların rahat və təhlükəsiz hərəkəti üçün rampalar və çardaqlar quraşdırılıb, giriş-çıxış nöqtələrində dezbaryerlər yaradılıb. Eyni zamanda, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar təşkil edilib. Bundan əlavə, qida təhlükəsizliyi və sanitar tələblərin təmin edilməsi məqsədilə iaşə obyektləri bazar ərazisindən kənara çıxarılıb. Yaxın günlərdə biotəhlükəsizlik tələblərinə uyğun qurulan Göyçay və digər heyvan satışı bazarlarının açılması məsələsinə baxılacaq. Daha ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz:
Bayram günlərində ən çox yol verdiyimiz səhvlərdən biri həddindən artıq qidalanmaqdır. Süfrələrin bol və çeşidli olması insanı normadan artıq yeməyə sövq edir ki, bu da mədə-bağırsaq sistemində ağırlaşma, köp, həzm pozğunluğu və ümumi narahatlıq yarada bilər. Bu cür fəsadların qarşısını almaq üçün qidalanmanın optimal rejiminə əməl etmək, porsiyalara diqqət yetirmək və müəyyən həddi gözləmək məqsədəuyğundur. Digər geniş yayılmış səhv müxtəlif qidaların uyğunluğuna fikir verilmədən qarışıq şəkildə istehlak edilməsidir. Zülal, karbohidrat və yağların bir-biri ilə düzgün uyğunlaşdırılmaması həzm prosesini çətinləşdirir və orqanizmdə ağırlıq hissinə səbəb olur. Buna görə də qidalar balanslı şəkildə seçilməlidir. Bayram süfrələrində qızardılmış və yağlı yeməklərə üstünlük verilməsi də sağlamlıq baxımından arzuolunan deyil. Bu cür yeməklər həzm sisteminə əlavə yük salır və artıq çəki riskini artırır. Əslində isə qızartmalar əvəzinə sobada və ya buğda bişirilmiş balıq və ət yeməklərinə üstünlük verilməsi həm daha sağlamdır, həm də qidaların faydalı maddələrinin qorunmasına imkan yaradır. Yüksək kalorili sousların, xüsusilə mayonezin artıq miqdarda istifadəsi də qidalanmada yol verilən səhvlərdəndir. Mayonez əvəzinə qatıq, kefir və ya xamadan hazırlanmış daha yüngül və faydalı souslardan istifadə edilməsi tövsiyə olunur. Bayram günlərində maye qəbuluna xüsusi diqqət yetirmək sağlamlıq baxımından olduqca vacibdir. Yemək vaxtı və ya dərhal sonra su içilməsi həzmi zəiflədə, qazlı və şəkərli içkilərin qəbulu isə mədə-bağırsaq problemlərinə səbəb ola bilər. Daha düzgün yanaşma suyu yeməkdən təxminən 30 dəqiqə əvvəl ilıq halda içmək, qazlı və şəkərli içkilərdən mümkün qədər uzaq durmaqdır.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Sumqayıt şəhəri, 4-cü mkr, C.Cabbarlı küçəsində fəaliyyət göstərən, fiziki şəxs Süleymanova Təranə Saleh qızına məxsus “Banu” şirniyyat istehsalı müəssisəsində plandankənar yoxlama keçirib. Baxış zamanı müəssisədə texniki normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, kremli qənnadı məmulatlarının temperatur rejiminə əməl edilmədən saxlanıldığı, istifadə olunan suyun filtrasiyadan keçirilmədiyi, sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, istehsal sahəsində döşəmə və divarların asan təmizlənən, dezinfeksiyaya davamlı materialla üzlənmədiyi, havalandırma sisteminin qurulmadığı, müvafiq təmizlik işlərinin aparılmadığı və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı müəssisənin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub.
Atların Afrika xəstəliyi üzrə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən görülən işlər yüksək qiymətləndirilib. Belə ki, cari il ərzində atların Afrika xəstəliyi üzrə monitorinqlər keçirilib və nəzarət tədbirləri görülüb. Tələb olunan zəruri məlumatlar əsasında müvafiq hesabatlar Ümumdünya Heyvan Sağlamlığı Təşkilatına (ÜHST) təqdim edilib. Görülən işlər nəticəsində 2025-ci il üzrə Azərbaycanın atların Afrika xəstəliyindən mövcud olan azad ölkə statusu 2026-cı ilin sonunda növbəti hesabat təqdim edilənə qədər ÜHST tərəfindən təsdiq olunub. Xüsusi təhlükəli heyvan xəstəlikləri üzrə baytarlıq nəzarəti tədbirləri davam etdirilir.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi yanında Məşvərət Şurası “Qida təhlükəsizliyi tək dövlətin deyil, hər kəsin işidir” çağırış kampaniyasını davam etdirir. Bu dəfə yayımlanan videoçarxda “PAŞA Holding” MMC-nin tərkibində fəaliyyət göstərən “Bravo” marketlər şəbəkəsinin Baş icraçı direktoru Jaime Teixeira pərakəndə satış sektorunda qida təhlükəsizliyi proseslərinin əhəmiyyətindən danışır. O bildirir ki, qida təhlükəsizliyi təkcə mağazada satılan məhsulların keyfiyyəti ilə məhdudlaşmır. Bu, istehsalçıdan başlayaraq logistika mərhələlərini və satış nöqtələrində aparılan son yoxlamaları əhatə edən bütöv bir təchizat zəncirinin nəticəsidir. Jaime Teixeira təchizatçıların düzgün seçimi, məhsulların mənşəyinin şəffaflığı və təhlükəsizlik standartlarına ciddi riayət olunmasının istehlakçı sağlamlığının qorunmasında əsas rol oynadığını vurğulayır. Etibarsız mənbələrdən əldə edilən və nəzarətdən kənarda qalan məhsullar görünməz təhlükələr yaradır. Yalnız təhlükəsizliyi sübut edilmiş, standartlara uyğun məhsulların satışa çıxarılması sağlam və etibarlı qida mühitinin formalaşmasına imkan verir. Qida təhlükəsizliyi tək dövlətin deyil, hər kəsin işidir! Gəlin, təhlükəsiz qida ilə sağlam gələcəyə birlikdə addımlayaq!
Qida Təhlükəsizliyi Agentliyinin müvafiq qərar və tələblərinə uyğun olaraq ölkə üzrə heyvan bazarlarının fəaliyyətinin baytarlıq-sanitariya normalarına uyğunlaşdırılması istiqamətində işlər davam etdirilir.
Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 61 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Xaliqova Tənzilə Saməddin qızına məxsus "Kababçı" ictimai iaşə müəssisəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib.
Masallı rayonu, İsgəndərli kəndində fəaliyyət göstərən Həşimli Mais Təvəkgül oğluna məxsus marketdə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Belə ki, marketdə “Piterskaya”, “Губернаторская”, “Organic”, “Документ” əmtəə nişanlı mənşəyi məlum olmayan saxta alkoqollu içkilər aşkar edilərək satışdan kənarlaşdırılıb. Normativ texniki tələblərə cavab verməyən məhsullarla bağlı məhdudlaşdırıcı qərar qəbul edilib. Faktla bağlı inzibati protokol tərtib edilib, nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Araşdırmalar davam etdirilir.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən “Sağlam məktəbli” layihəsi çərçivəsində ümumi təhsil müəssisələrində maarifləndirmə tədbirləri davam etdirilir. Məktəblilər arasında sağlam qidalanmanın təşviq olunması, qida təhlükəsizliyi anlayışının təbliğ edilməsi və şagirdlərə qida təhlükəsizliyi vərdişlərinin aşılanması məqsədilə həyata keçirilən layihə çərçivəsində 2025-2026-cı tədris ili üzrə növbəti görüş Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 45 nömrəli Nəriman Nərimanov adına tam orta məktəbdə təşkil olunub. Tədbirdə iştirak edən hər iki məktəbin 300-dən artıq şagirdinə Agentliyin fəaliyyət istiqamətləri, eləcə də qida təhlükəsizliyinin təmin olunması və sağlam qidalanmanın vacibliyi barədə məlumatlar verilib. Daha sonra Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən “Meyvələrin uşaqların inkişafında rolu” mövzusunda təqdimatlar edilib. Görüşdə mövzu ətrafında müzakirələr aparılıb, məktəbliləri maraqlandıran suallar cavablandırılıb və onlara sağlam qidalanmaya dair maarifləndirici bukletlər paylanıb. Qeyd edək ki, “Sağlam məktəbli” layihəsinə 2018-ci ildə start verilib. Layihə çərçivəsində hər il ümumtəhsil müəssisələrində şagirdlərlə qida sahəsində müxtəlif mövzularda görüşlər keçirilir. Agentlik tərəfindən belə görüşlərin davamlı olaraq təşkil edilməsi planlaşdırılıb.
Multimedia
İdman qidaları və BAQM qəbulunda ən çox edilən səhvlər hansıdır? - Sual-Cavab
Sual-Cavab: Quzuların erkən kəsimi hansı risklər yaradır?
AQTA heyvan sahiblərini və fermerləri heyvanlarını qeydiyyatdan keçirməyə çağırır
Giriş