Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən “HALAL” sertifikatlaşdırma prosesi uğurla davam edir. Artıq bir çox iri müəssisə AQTİ-nin “HALAL” sertifikatlaşdırma xidmətlərindən faydalanır. “Siyəzən Broyler” ASC, “Səhliyalı” MMC, “Chicken Pro” MMC, “Harun N” MMC, “Hicaz 313” MMC kimi müəssisələr bu sertifikatın qazandırdığı üstünlüklərdən faydalanmaqla istehlakçılara daha etibarlı, keyfiyyətli və islami dəyərlərə uyğun məhsullar təqdim edirlər. Hazırda iki yeni müəssisənin müraciəti qəbul edilib və qiymətləndirilir. Bu isə xidmətin aktuallığını və əhəmiyyətini bir daha nümayiş etdirir. AQTİ-nin təqdim etdiyi “HALAL” sertifikatı və nişanı yalnız vizual simvol deyil, həm də etibarlılıq, şəffaflıq və məsuliyyət göstəricisidir. “HALAL” nişanı məhsulun istehsal prosesində xammalın seçilməsindən başlayaraq qablaşdırma mərhələsinədək bütün addımların islami qaydalara və beynəlxalq standartların tələblərinə uyğun həyata keçirildiyini təsdiqləyir. Bu nişan “HALAL” uyğunluq sertifikatı ilə birlikdə təqdim olunur və onun etibarlılığı sertifikatın qüvvədə olduğu müddət ərzində saxlanılır. İnstitut, Türkiyə Respublikasının Halal Akkreditasiya Qurumu (HAK) tərəfindən akkreditasiya edilərək “HALAL” uyğunluq sertifikatını və nişanını təqdim etmək səlahiyyətinə malikdir. Akkreditasiya prosesi SMIIC – İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutunun “OIC/SMIIC 2:2019 Uyğunluğun qiymətləndirilməsi - “HALAL” sertifikatlaşmanı həyata keçirən orqanlar üçün tələblər” standartının əsasında həyata keçirilib. Beləliklə, AQTİ-nin həyata keçirdiyi “HALAL” sertifikatlaşdırma beynəlxalq səviyyədə tanınır və etibarlı sertifikatlaşdırma xidməti olaraq fəaliyyət göstərməkdədir.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən bitki mühafizəsi, pestisidlərin idarə olunması və fitosanitar nəzarət sahəsində kompleks tədbirlər həyata keçirilib. 2025-ci ilin yanvar-sentyabr ayları ərzində pestisidlərin və aqrokimyəvi maddələrin saxlanması ilə bağlı Agentliyə 94 müraciət daxil olub, onlardan 57 anbar üzrə rəy verilib, 37 anbar üzrə isə uyğunsuzluqlar aşkar edildiyindən rəy verilməsindən imtina olunub. Bununla yanaşı, AQTA ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) arasında əməkdaşlıq çərçivəsində icra olunan “Mərkəzi Asiya ölkələrində və Türkiyədə pestisidlərin dövriyyəsinin idarə edilməsi və davamlı üzvi çirkləndiricilərə aid edilən pestisidlərin zərərsizləşdirilməsi” layihəsi üzrə işlər uğurla davam etdirilir. Qeyd edək ki, AQTA tərəfindən ötən il ərzində Ağstafa və Beyləqan rayonlarından 747 ton, cari il ərzində isə Samux, Füzuli və İmişli rayonlarından 1351 ton istifadəyə yararsız pestisid və həmin maddələrlə çirklənmiş torpaq qatının daşınması və “Cəngi pestisid poliqonu”nda yerləşdirilməsi təmin olunub. Eyni zamanda, müvafiq nazirliklərin nümayəndələrinin iştirakı ilə ölkə üzrə pestisid və aqrokimyəvi maddələrin istehsalı, saxlanması və satışı ilə məşğul olan 278 obyektə baxış keçirilib. Monitorinqlər nəticəsində qanunvericilik tələblərinin pozulduğu müəssisələrdə fitosanitar nəzarət tədbirləri həyata keçirilmiş, aşkar olunan nöqsanların aradan qaldırılması məqsədilə sahibkarlara müvafiq təlimatlar verilib.
Lənkəran şəhəri, Füzuli küçəsi 121A ünvanında fəaliyyət göstərən, Baxşızadə Orxan Oktay oğluna məxsus şərab evində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, ictimai iaşə obyektinin satış vitrinində Azərbaycan dilində markalanması və istehsalçı barədə məlumatları olmayan “Имперская”, “Тigoda”, “Столовая”, “Русский Дозор”, “Российская Корона” əmtəə nişanlı araq məhsulları aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülərək sahibkar barəsində inzibati protokol tərtib olunub, məhsulların satışı məhdudlaşdırılıb, nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarının iştirakı ilə (AQTA) Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi dabaq xəstəliyinə qarşı iri və xırdabuynuzlu heyvanların müalicəsi üçün nəzərdə tutulan dərman preparatlarının saxta nümunələrini hazırlayan şəxslərə qarşı əməliyyat keçirib. Qeyd edilən qanunsuz əməllərə yol verən 26 yaşlı Zərbi Zamanov və qohumu 28 yaşlı Rəvan Zamanov saxlanılıblar. Araşdırmalarla müəyyən olunub ki, bu şəxslər tərəfindən inşaatda istifadə edilən rəngli boyalar dərman görüntüsü yaratmaq üçün texniki spirtlə qarışdırılaraq qablaşdırılıb. Daha sonra hazırlanan məhlul dabaq əleyhinə dərman vasitəsi kimi satışa çıxarılıb. Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən onlara məxsus sexə baxış zamanı kustar üsulla hazırlanan saxta dərman preparatları və digər sübutlar aşkarlanıb. Saxlanılan şəxslərdən götürülən maddi sübutların ekspertizası zamanı onların dabaq xəstəliyinin müalicəsində effektsiz olduğu müəyyən edilib. Faktla bağlı araşdırmalar davam etdirilir. Fermerlərə onlara məxsus heyvanların müalicəsi və tibbi profilaktikası zamanı yalnız rəsmi sertifikatı olan dərman vasitələrindən istifadə etmək tövsiyə olunur.
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli ilə Belarus Respublikasının kənd təsərrüfatı və ərzaq nazirinin müavini Vitaliy Kulak arasında görüş keçirilib. Görüş zamanı Q.Təhməzli ölkəmizdə qida təhlükəsizliyinin təmin edilməsi ilə bağlı görülən işlər barədə məlumat verib. Görüşdə iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın genişləndirilməsi, o cümlədən qida məhsullarının dövriyyəsinin artırılması müzakirə olunub, idxal və ixrac üzrə statistik göstəricilər nəzərdən keçirilib. Daha sonra ölkəmizdə baytarlıq preparatlarının istehsalı üzrə müəssisənin yaradılması sahəsində əməkdaşlığın davam etdirilməsi, Belarus Respublikasının qida obyektləri (quş, quş əti və onun sub məhsulları, eləcə də yumurta emalı və istehsalı müəssisələri) üzrə təsdiq sisteminin ekvivalentliyinin tanınması, ölkəmizdə sınaqdan keçirilmiş Belarus kənd təsərrüfatı bitkilərinin sortlarının Azərbaycanın milli reyestrinə daxil edilməsi imkanları müzakirə edilib. Eyni zamanda respublikamızda baytarlıq preparatlarının Belarusla birgə istehsalının təmin olunması ilə bağlı fikir mübadiləsi aparılıb. Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlərə də toxunulub.
İxrac edilən məhsulun sağlam və problemsiz çatdırılmasında qablaşdırma böyük rol oynayır! Bitkiçilik məhsullarının ixracında beynəlxalq qablaşdırma qaydalarına – etiketləmə, material və markalanma kimi detallara əməl etmək vacibdir. Xüsusilə, taxta qablaşdırmalar yalnız istiliklə işlənmiş, düzgün markalanmış və beynəlxalq standartlara uyğun olduqda ixrac üçün yararlı sayılır! Əgər siz də ixracla məşğulsunuzsa, bu videonu mütləq izləyin və risklərdən qorunun! AQTA sahibkarları diqqətli olmağa və ixrac zamanı bütün standartlara əməl etməyə çağırır!
Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası “Qida təhlükəsizliyi tək dövlətin deyil, hər kəsin işidir” çağırış kampaniyasına dəstək verir Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi yanında Məşvərət Şurası “Qida təhlükəsizliyi tək dövlətin deyil, hər kəsin işidir” kampaniyasını davam etdirir. Kampaniya çərçivəsində təqdim olunan növbəti videoçarxda Şuranın üzvü, Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri Bəşir Quliyev meyvə-tərəvəz istehsalında təhlükəsiz və keyfiyyətli məhsul yetişdirməyin əsas meyarlarından danışır. O qeyd edir ki, meyvə və tərəvəzlərin təhlükəsiz və keyfiyyətli olması üçün bitkilər sağlam yetişdirilməli, torpaq düzgün qidalanmalı və vaxtında suvarılmalıdır. İxrac məhsullarında etiketləmə və qablaşdırmanın idxalçı ölkələrin tələblərinə uyğun aparılması məhsulun izlənməsi və təhlükəsizliyinin təmininə xidmət edir. Bəşir Quliyevin sözlərinə görə bu prinsiplərə əməl olunması ölkənin güclü qida təhlükəsizliyi sisteminin göstəricisidir. Bu isə sağlam məhsul, etibarlı bazar, artan ixrac və daha çox iqtisadi gəlir deməkdir. Qida təhlükəsizliyi tək dövlətin deyil, hər kəsin işidir! Gəlin, təhlükəsiz qida ilə sağlam gələcəyə birlikdə addımlayaq!
Qida Təhlükəsizliyi Agentliyinin Şəki-Zaqatala regional bölməsinin əməkdaşları kənd təsərrüfatı sahəsində dayanaqlılığın təmin olunması, həmçinin bitki sağlamlığının qorunması istiqamətində bilik və bacarıqların artırılması məqsədilə maarifləndirici görüş keçirib. Görüş zamanı iştirakçılara bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin normativ tələblərə uyğun tətbiqi, saxlanma, daşınma və istifadə qaydaları, həmçinin insan sağlamlığına və ətraf mühitə təsirləri barədə ətraflı məlumat verilib. Daha sonra müvafiq sahədə fəaliyyət göstərən sahibkarların mövzu ilə bağlı sualları cavablandırılıb, sahələrdə pestisidlərin və gübrələrin istifadəsində yol verilən ümumi nöqsanlar və onların qarşısının alınması üsulları müzakirə olunub.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yeni tədris ilində “Sağlam məktəbli” layihəsini davam etdirir. AQTA-nın təşəbbüsü ilə həyata keçirilən bu maarifləndirmə proqramı şagirdlərin sağlam qidalanma və qida təhlükəsizliyi sahəsində biliklərini artırmaq, məktəb mühitində sağlam vərdişləri gücləndirmək məqsədi daşıyır. Görüş çərçivəsində məktəblilərə Agentliyin fəaliyyət istiqamətləri, eləcə də qida təhlükəsizliyinin təmin olunması və sağlam qidalanmanın vacibliyi barədə məlumat veriləcək. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən sağlam qidalanma ilə bağlı müxtəlif interaktiv oyunlar təşkil olunacaq. Həmçinin AQTA könüllüləri sagirdlərə maarifləndirici bukletlər paylayacaq. Qeyd edək ki, 2018-ci ildə start verilən “Sağlam məktəbli” layihəsi çərçivəsində məktəblilərlə belə görüşlərin davamlı olaraq təşkil edilməsi planlaşdırılıb.
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Bolqarıstan Respublikasının Köstəndil vilayətinə xırdabuynuzlu heyvanların çiçək xəstəliyi, Serbiya Respublikasının Şumadiya dairəsində blutanq xəstəliyi, Fransa Respublikasının Oksitaniya regionunda nodulyar dermatit xəstəliyi, Polşa Respublikasının Velikopolsk inzibati ərazisində Nyukasl xəstəliyi, Kamboca Krallığının Otdar Mean Çey əyalətində, Amerika Birləşmiş Ştatlarının Ayova, Viskonsin ştatlarında, Slovakiya Respublikasının Jilina diyarında isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin bu yoluxucu xəstəliklərdən qorunması üçün qeyd olunan ərazilərdən zonalaşma prinsipi nəzərə alınmaqla, müvafiq malların idxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Multimedia
AQTA sədri Qoşqar Təhməzli "Xəzər TV" və "Trend" Beynəlxalq İnformasiya Agentliyinə müsahibə verib
Çinə ixrac imkanlarımız genişlənir - Real TV
AQTA heyvan sahiblərini və fermerləri heyvanlarını qeydiyyatdan keçirməyə çağırır
Giriş