Təhlükəsiz qida ilə sağlam gələcəyə!

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
AZ
Ümummilli Lider Heydər Əliyev Prezident İlham Əliyev Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Azərbaycan Respublikasının Nazirlər Kabineti Heydər Əliyev Fondu
Ramazan ayında necə qidalanmalı?
Ramazan ayında necə qidalanmalı?

Ramazan ayı həm mənəvi, həm də fiziki yenilənmə dövrüdür. Oruc tutarkən düzgün qidalanmaq bədənin gün ərzində enerjili qalmasına və sağlamlığın qorunmasına kömək edir. Bu dövrdə ən vacib məqamlardan biri su balansının qorunmasıdır. İftarla imsak arasında kifayət qədər su içmək, həmçinin maye tərkibli qidalara üstünlük vermək orqanizmin susuz qalmasının qarşısını alır. Orucu ilıq su ilə açmaq daha məqsədəuyğundur. İmsak mütləq edilməlidir, çünki səhər düzgün qidalanma gün ərzində enerji və su balansını qoruyur. Yulaf, düyü və ya bulqur kimi tox saxlayan qidalar, həmçinin yumurta və pendir kimi protein mənbələri seçilə bilər. Tərəvəz və meyvələr isə lifli olduqları üçün həm toxluq hissi yaradır, həm də susuzluğu azaldır. İftar zamanı tələsmədən qidalanmaq vacibdir. Su içdikdən sonra xurma, zeytun və ya yüngül salat qəbul edilə bilər. Bir qədər fasilə verdikdən sonra əsas yeməyə keçmək həzm sistemini yükləmir. Yeməyə əvvəlcə şorba kimi sulu qidalarla başlamaq daha faydalıdır. Ramazan ayında çox yağlı, qızardılmış, xəmir xörəkləri və ağır souslu yeməklərdən uzaq durmaq tövsiyə olunur. Qatıq, kefir və ayran kimi fermentləşdirilmiş süd məhsulları isə həzmi yaxşılaşdırır.  İftardan sonra qidalanmanı bir neçə mərhələyə bölmək, kiçik porsiyalarla və yavaş-yavaş yemək daha məqsədəuyğundur. Qidaların yaxşı çeynənməsi həzm problemlərinin qarşısını alır. Axşam saatlarında yüngül piyada gəzmək və yuxu rejiminə diqqət etmək də Ramazan ayını daha rahat keçirməyə kömək edir.  Daha ətraflı məlumatı videolinkdən əldə edə bilərsiniz:

Bayat yeməklər insan orqanizmində fəsadlar yarada bilər
Bayat yeməklər insan orqanizmində fəsadlar yarada bilər

Bayram süfrəsində istehlak olunmayan yeməklər israf edilməməsi üçün bəzən sonrakı günlərə saxlanılır. Mütəxəssislərin fikrincə, dəfələrlə qızdırılaraq bayat halda yeyilən yeməklər orqanizm üçün ciddi fəsadlara səbəb ola bilər. Yumurta, balıq, ət, toyuq, göbələk, mayonez və oxşar riskli məhsullardan hazırlanmış yeməklər iki saatdan artıq süfrədə qalmamalıdır. Bu qidalar otaq temperaturunda, açıq şəkildə saxlanıldıqda və vaxtında soyuducuya yerləşdirilmədikdə, sonradan yenidən qızdırılıb istehlak edilməsi tövsiyə olunmur. Çünki düzgün saxlanma şəraiti olmadıqda yemək qalıqları mikroorqanizmlərin sürətlə çoxalması üçün əlverişli mühitə çevrilir. El arasında bayat plovun daha dadlı olması ilə bağlı fikirlər mövcuddur. Lakin bayat plovun yenidən isidilərək yeyilməsi sağlamlıq üçün təhlükə yarada bilər. Belə ki, düyü bişirildikdə belə “Bacillus cereus” bakteriyasının sporları sağ qala bilir. Plov düzgün bişirilmədikdə və ya uyğun şəraitdə saxlanılmadıqda bu bakteriyanın inkişafı üçün münbit şərait yaranır. Bakteriyalar tərəfindən sintez olunan toksinlər isə qida mənşəli xəstəliklərə, hətta qida zəhərlənməsinə səbəb ola bilər. Bu zaman şiddətli ürəkbulanma, qusma, bəzən isə qarın ağrısı kimi əlamətlər müşahidə olunur. Əksər hallarda insanlar yeməyin xarab olub-olmadığını qoxulamaq və ya dadmaqla müəyyən etməyə çalışırlar. Lakin qida zəhərlənməsinə səbəb olan bəzi bakteriyalar qidanın dadını və qoxusunu dəyişmədən belə çoxala bilir. Xüsusilə dəniz məhsulları, süd və süd məhsulları, tort və şirniyyatlar təhlükəli mikroorqanizmlərin və onların toksinlərinin daşıyıcısı hesab olunur. Buna görə də bu tip qidaların saxlanmasına və istehlakına xüsusi diqqət yetirilməsi vacibdir.  Daha ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz:

Hind quşu əti insan sağlamlığı üçün çox faydalıdır
Hind quşu əti insan sağlamlığı üçün çox faydalıdır

Hind quşu əti insan sağlamlığı üçün çox faydalıdır. Onun tərkibində zülal, vitaminlər, faydalı yağlar, fermentlər və orqanizm üçün vacib olan makro və mikroelementlər var. Bu ət asan həzm olunur və bədən tərəfindən yaxşı mənimsənilir.   Hind quşu ətinin 100 qramında yağlılıqdan asılı olaraq 110–176 kilokalori enerji var. Digər ət növləri ilə müqayisədə bu ətdə xolesterol azdır, bu da onu daha sağlam edir. Hind quşu əti qan azlığı (anemiya), damar sərtliyi (ateroskleroz) riskini azaltmağa kömək edir və immun sistemini gücləndirir. Allergiya yaratmadığı üçün körpələr üçün də təhlükəsiz hesab olunur. Diri hind quşu alarkən onun pipiyinə və ayaqlarına diqqət etmək lazımdır. Körpə hind quşunun pipiyi açıq rəngdə, ayaqları isə boz və hamar olmalıdır. Təzə kəsilmiş hind quşu ətinin dərisi ağ-sarımtıl rəngdə, elastik, qoxusu isə özünəməxsus olmalıdır. Hind quşu əti qida maddələri ilə zəngin olduğu üçün mikroblar üçün əlverişli mühit yarada bilər. Baytarlıq-sanitariya tələblərinə cavab verməyən şəraitdə kəsildikdə, saxlanılması və emalı zamanı sanitar-gigiyenik şərait pozulduqda hind quşu əti faydalı deyil, əksinə bizim üçün zərərli qidaya çevrilə bilər.  Hind quşu əti mal qonşuluğu prinsipi gözlənməklə, soyuducuda 0–4°C temperaturda 72 saat, dərin dondurucuda isə -18°C-də 8 ay və daha uzun müddət saxlanıla bilər. Saxlanma zamanı digər qidalarla təmas etməməsinə diqqət yetirilməlidir.

Bayram günləri qidalanmada yol verdiyimiz səhvlər
Bayram günləri qidalanmada yol verdiyimiz səhvlər

Bayram günlərində ən çox yol verdiyimiz səhvlərdən biri həddindən artıq qidalanmaqdır. Süfrələrin bol və çeşidli olması insanı normadan artıq yeməyə sövq edir ki, bu da mədə-bağırsaq sistemində ağırlaşma, köp, həzm pozğunluğu və ümumi narahatlıq yarada bilər. Bu cür fəsadların qarşısını almaq üçün qidalanmanın optimal rejiminə əməl etmək, porsiyalara diqqət yetirmək və müəyyən həddi gözləmək məqsədəuyğundur. Digər geniş yayılmış səhv müxtəlif qidaların uyğunluğuna fikir verilmədən qarışıq şəkildə istehlak edilməsidir. Zülal, karbohidrat və yağların bir-biri ilə düzgün uyğunlaşdırılmaması həzm prosesini çətinləşdirir və orqanizmdə ağırlıq hissinə səbəb olur. Buna görə də qidalar balanslı şəkildə seçilməlidir. Bayram süfrələrində qızardılmış və yağlı yeməklərə üstünlük verilməsi də sağlamlıq baxımından arzuolunan deyil. Bu cür yeməklər həzm sisteminə əlavə yük salır və artıq çəki riskini artırır. Əslində isə qızartmalar əvəzinə sobada və ya buğda bişirilmiş balıq və ət yeməklərinə üstünlük verilməsi həm daha sağlamdır, həm də qidaların faydalı maddələrinin qorunmasına imkan yaradır. Yüksək kalorili sousların, xüsusilə mayonezin artıq miqdarda istifadəsi də qidalanmada yol verilən səhvlərdəndir. Mayonez əvəzinə qatıq, kefir və ya xamadan hazırlanmış daha yüngül və faydalı souslardan istifadə edilməsi tövsiyə olunur.  Bayram günlərində maye qəbuluna xüsusi diqqət yetirmək sağlamlıq baxımından olduqca vacibdir. Yemək vaxtı və ya dərhal sonra su içilməsi həzmi zəiflədə, qazlı və şəkərli içkilərin qəbulu isə mədə-bağırsaq problemlərinə səbəb ola bilər. Daha düzgün yanaşma suyu yeməkdən təxminən 30 dəqiqə əvvəl ilıq halda içmək, qazlı və şəkərli içkilərdən mümkün qədər uzaq durmaqdır.

Yeni il hədiyyə qutuları alarkən diqqətli olun - VİDEO
Yeni il hədiyyə qutuları alarkən diqqətli olun - VİDEO

Yeni il hədiyyə qutularının satışının artması ilə əlaqədar Qida Təhlükəsizliyi Agentliyi istehlakçılara müraciət edib. Uşaqlar üçün şirniyyatla dolu Yeni il hədiyyə qutuları yalnız mağazalar, yarmarkalar və digər rəsmi satış yerlərindən alınmalıdır. Bəzi hallarda qutunun üzərində göstərilən tarix içərisindəki məhsulların deyil, qablaşdırmanın tarixi olur. Ona görə də istehlakçılara qutudakı məhsulların etiket məlumatlarına diqqət yetirməsi tövsiyə olunur. Məhsulların üzərində istehsal tarixi, yararlılıq müddəti, adı, əmtəə nişanı, xalis çəkisi, qida dəyərliliyi, eləcə də istehsalçı müəssisənin adı və ünvanı aydın və oxunaqlı şəkildə göstərilməlidir. Sadalananlarla yanaşı, hədiyyə qutularının qablaşdırılmasının deformasiyaya uğramamasına, əzilməməsinə və korlanmamasına diqqət yetirilməlidir. Xüsusi saxlanma şəraiti tələb edən, müvafiq temperatur rejimi qorunmadıqda tez xarab olan yoqurtlar, kremli qənnadı məhsulları və kəsmik içlikli məmulatların bu cür qutulara yerləşdirilməsi məqsədəuyğun deyil. Xahiş olunur ki, qida məhsullarının tərkibi, yararlılıq müddəti, saxlanma şəraiti və digər hallarla bağlı şübhələr yaranacağı təqdirdə, bu barədə Agentliyin “1003-Çağrı Mərkəzi”nə məlumat versinlər. Maarifləndirici məlumat üçün linkə keçid edə bilərsiniz:

AQTA: Vətəndaşların zərərverici ilə mübarizədə yaxından iştirakı olduqca vacibdir
AQTA: Vətəndaşların zərərverici ilə mübarizədə yaxından iştirakı olduqca vacibdir

Qonşu ölkələrdən Azərbaycana miqrasiya edən Qəhvəyi mərmər bağacığının respublikanın Zaqatala-Balakən zonasında kütləvi şəkildə müşahidə edilməsi zərərvericinin biologiyasına uyğundur. Elmə əsaslanan faktlar göstərir ki, hazırkı payız dövründə qəhvəyi mərmər bağacığı fizioloji aktivliyini itirir, qidalanmır və bitkilər üçün birbaşa təhlükə yaratmır. Bu mövsümdə qışlamaya üstünlük verdiyi üçün zərərverici əsasən yaşayış evlərində, ictimai-iaşə obyektlərində, təsərrüfat tikililərində və digər qapalı məkanlarda müşahidə olunur.  AQTA tərəfindən aparılan monitorinq və təhlillərə əsasən bildiririk ki, qapalı məkanlarda çoxlu sayda toplanması onun populyasiyasının qorunub saxlanmasına və növbəti vegetasiya dövrlərində ciddi iqtisadi risklərin yaranmasına gətirib çıxara bilər. Bu səbəbdən sahibkarların, fermerlərin və vətəndaşların öz evlərində və təsərrüfat sahələrində aktiv müşahidə aparmaları, zərərvericini fiziki üsullarla toplamaqla məhv etmələri xüsusilə vacibdir.  Qida Təhlükəsizliyi Agentliyi və əlaqədar qurumların təmsil olunduğu Regional Əlaqələndirmə Mərkəzləri tərəfindən vəziyyət nəzarətdə saxlanılaraq müvafiq tədbirlər görülür. Lakin yaşayış sahələrində kimyəvi mübarizə tədbirlərinin aparılmasının insan sağlamlığı üçün yarada biləcəyi riskləri nəzərə alaraq, vətəndaşların da mübarizə tədbirlərində yaxından iştirakı olduqca önəmlidir.  Qəhvəyi mərmər bağacığının qışlama yerlərini maksimum məhdudlaşdırmaq məqsədilə evlərdə, çardaqlarda, bağlara yaxın tikililərdə vaxtında mexaniki yolla (əl ilə toplayaraq məhv etmək) təmizləmə işləri aparılmalıdır. Bundan başqa, bağacığın qışlamaq üçün yaşayış və köməkçi binalara daxil olmasının qarşısını almaq üçün tikililərdə pəncərələr torla bağlanmalıdır. Aşkar edildiyi təqdirdə onları süpürgə, tozsoran və s. vasitəsilə toplamaq və məhv etmək lazımdır. Bu üsul dünya praktikasında geniş istifadə olunur.  Qeyd edək ki, beynəlxalq təcrübədə Qəhvəyi mərmər bağacığı ilə mübarizədə aldadıcı tələlərdən, süni yaradılmış sığınacaq yerlərindən istifadə də xüsusi əhəmiyyət kəsb edir. Bağacıq üçün süni qışlama yerləri əsasən boş karton və ya qəzetlə doldurulmuş adi bir qutudan hazırlanır. Bunun üçün boş qutuya kəsilmiş karton və ya kağız parçaları doldurulur. Hazırlanmış sığınacaqlar evin günəş düşən tərəfində, binaların cənub və qərb tərəflərinə və yaxud çardaqda (damda), bağacığın qışlamaya getdiyi yerlərdə yerləşdirilir və ya 2-3 metr hündürlükdə asılır. Bu cür qutulara yığılan bağacıqlar mexaniki yolla toplanaraq məhv edilməlidir. Vətəndaşlar Qəhvəyi mərmər bağacığı ilə mübarizədə diqqətli və məsuliyyətli olmalıdırlar. Hazırki qışlama dövründə aparılmalı olan mexaniki yolla mübarizə üsulu  zərərvericinin populyasiyasının qarşısını ala bilər.

Zoonoz xəstəliklər – insan və heyvan sağlamlığı üçün təhlükə
Zoonoz xəstəliklər – insan və heyvan sağlamlığı üçün təhlükə

Zoonoz xəstəliklər, yəni heyvanlardan insanlara keçə bilən infeksiyalar bu gün qlobal ictimai sağlamlıq üçün ən böyük risklərdən biri sayılır. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) məlumatına görə, insanlarda müşahidə olunan yoluxucu xəstəliklərin təxminən 60%-i, həmçinin yeni yaranan və ya təkrar ortaya çıxan infeksiyaların 75%-i zoonoz mənşəlidir. Bu xəstəliklər təkcə insanlara deyil, həm də heyvanların sağlamlığına və kənd təsərrüfatı məhsuldarlığına ciddi zərbə vurur, iqtisadi itkilərə və ticarət məhdudiyyətlərinə səbəb olur. Ən çox yayılmış zoonoz xəstəliklər Beynəlxalq məlumatlara əsasən, həm insanlarda, həm də heyvanlarda aşağıdakı zoonoz xəstəliklər daha geniş yayılıb: •    Bakterial mənşəli xəstəliklər (qarayara, bruselyoz, vərəm, salmonellyoz, kampilobakterioz, listerioz, leptospiroz); •    Virus mənşəli xəstəliklər (quduzluq, quş qripi, Qərbi Nil qızdırması, COVID-19, Ebola); •    Parazitar xəstəliklər (exinokokkoz, trixenellyoz, toksoplazmoz); •    Göbələk mənşəli xəstəliklər (dermatomikoz, kandidoz və s.). Bu xəstəliklərə iri və xırdabuynuzlu heyvanlar, quşlar, it və pişiklər, həmçinin vəhşi heyvanlar arasında rast gəlinir. Xüsusilə qarayara və bruselyoz həm insanlar, həm də heyvanlar üçün yüksək risk daşıyır. Yoluxma yolları Zoonoz infeksiyalar müxtəlif yollarla yayıla bilər: •    xəstə heyvanla birbaşa təmasla; •    çirklənmiş qida və su vasitəsilə; •    hava-damcı (aerogen) yolu ilə; •    gənə, ağcaqanad kimi həşəratlar vasitəsilə. Ət və süd məhsullarının düzgün emal olunmaması, az bişmiş qidanın qəbulu və təsərrüfatlarda gigiyenik qaydalara əməl edilməməsi də insan yoluxmasının əsas səbəblərindəndir. Heyvan təsərrüfatlarında risklər və nəticələr Zoonoz xəstəliklər heyvanlar arasında yayıldıqda məhsuldarlıq azalır, tələf halları artır, ixrac məhdudiyyətləri yaranır. Məsələn, Avropa və ABŞ-da aparılan iqtisadi təhlillərə görə, yalnız qarayara və bruselyoz xəstəlikləri kənd təsərrüfatı sektoruna hər il milyonlarla dollar zərər vurur. Ekspertlər hesab edirlər ki, zoonoz xəstəliklərlə effektiv mübarizə yalnız “Vahid Sağlamlıq” (One Health) prinsipi əsasında mümkündür. Bu yanaşma insan, heyvan və ətraf mühit sağlamlığının bir-biri ilə sıx bağlı olduğunu qəbul edir və bütün sahələrdə koordinasiyalı tədbirlər tələb edir. Profilaktik tədbirlər sırasında heyvanların vaxtında peyvəndlənməsi, biotəhlükəsizlik qaydalarına əməl olunması, qida təhlükəsizliyinə nəzarət, ictimai maarifləndirmə kampaniyaları xüsusi əhəmiyyət daşıyır. Zoonoz xəstəliklərə qarşı mübarizə yalnız baytarlıq deyil, həm də ictimai sağlamlıq məsələsidir. İnsan və heyvan sağlamlığı bir-birindən ayrılmazdır!

Göbələk istehlak edərkən nələrə diqqət etməli?
Göbələk istehlak edərkən nələrə diqqət etməli?

Göbələk sağlam qidalanma üçün əvəzsiz qida məhsullarından biridir. Bu məhsullar zülallar, aktiv fermentlər, bitki şəkərləri, vitaminlər, həmçinin selen, kalium, dəmir və sink kimi minerallarla zəngindir. Lakin, göbələklərin toplanmasına, saxlanmasına və emalına düzgün əməl olunmadıqda, onlar insan həyatı üçün potensial təhlükə yaradır.  İstehlakçılar göbələk alarkən mütləq diqqətli olmalıdırlar. Yeməli göbələyin içərisinə bir tək zəhərli göbələyin qarışması belə zəhərlənməyə yol aça bilir. Ona görə də yol kənarında, açıq satılan yox, qablaşdırılmış məhsullara üstünlük verilməlidir. Qablaşdırılmış məhsulu alarkən isə etiket məlumatları mütləq nəzərdən keçirilməlidir. Çünki yeməli göbələklər də bəzən zəhərlənməyə səbəb olur. Bu da məhsulun yararlılıq müddəti ötdükdə, düzgün şəraitdə saxlanmadıqda baş verir. Göbələyi xüsusən də polietilen torbada saxlamaq nəmlənməsinə, kiflənməsinə səbəb olur. Göbələkdən hazırlanmış salat və yeməklərin də düzgün saxlanması vacibdir. Tanış olmayan və şübhəli göbələklərin, həmçinin yol kənarında, sənaye müəssisələrinin yaxınlığında köhnə göbələklərin yığılmaması məsləhətdir. Eyni zamanda şəxsi gigiyena qaydalarına əməl edilməlidir. Bir məqamı da nəzərinizə çatdıraq ki, emal olunmamış məhsulun uzunmüddətli (üç saatdan çox) saxlanması, köhnəlmiş göbələklərin qidada istifadəsi və allergik reaksiyalara səbəb ola biləcəyini nəzərə alaraq göbələklərin spirtli içkilərlə birlikdə istehlakı tövsiyə olunmur. Göbələkdən zəhərlənməyə şübhə yarandığı halda dərhal həkimə müraciət etmək lazımdır.

Video
Nümunəvi heyvan bazarı layihəsinin 3D animasiyası

Nümunəvi heyvan bazarı layihəsinin 3D animasiyası