Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Binəqədi rayonu, G.Ramazanov küçəsində yerləşən, fiziki şəxs Vəliyeva Şahnaz Nurəddin qızına məxsus un məmulatlarının emalı müəssisəsində yoxlama keçirib. Baxış zamanı texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, emal sahəsində divar, döşəmə və tavan səthlərinin tamlığının pozulduğu, havalandırma sisteminin quraşdırılmadığı, qida ilə təmasda olan işçi masanın dezinfeksiyaya davamlı materialla üzlənmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək müəssisədə emal prosesi dayandırılıb, rəhbərliyi barəsində inzibati protokol tərtib olunub.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ölkədə epizootoloji stabilliyin qorunması məqsədilə respublikanın müxtəlif bölgələrində heyvan bazarlarında monitorinqləri davam etdirir. Növbəti nəzarət tədbirləri Beyləqan, Gədəbəy, Füzuli, Salyan, İmişli, Qəbələ, Şəki, Tovuz, Qazax və Sabirabad rayonlarında rayonlarında həyata keçirilib. İlkin nəticələrə əsasən, ölkə üzrə bir sıra bazarlarda artıq yenidənqurma işlərinə başlanılıb. Bazar sahiblərinə ərazilərin AQTA Kollegiyasının Qərarı ilə təsdiq edilmiş “Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları”na uyğun olaraq işlərin aparılması üçün nümunəvi eskiz layihələri təqdim olunub, görülən tədbirlər həmin layihələr əsasında aparılır. Bir sıra rayonlarda bazar sahiblərinin intensiv şəkildə ərazilərdə müvafiq tədbirlər gördüyü müşahidə olunur. Ərazilərə dezobaryerlər quraşdırılır, baytar həkimlərin fəaliyyəti üçün şərait yaradılır. Bazar sahibləri işləri yekunlaşdırdıqdan sonra Agentliyə ediləcək müraciət əsasında fəaliyyətləri bərpa olunacaq.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkə ərazisində istehsal olunan və idxal edilən təbii mineral suların qeydiyyatı, keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir. Təbii mineral suların keyfiyyət və təhlükəsizliyinə dair tələblər AQTA Kollegiyasının 2025-ci il 20 may tarixli Qərarı ilə təsdiq edilmiş “Təbii mineral sulara dair sanitariya norma və qaydaları”nda müəyyən edilib. İstehsalçılar sənəddə göstərilən fiziki-kimyəvi və mikrobioloji göstəricilərə, istehsal, qablaşdırma, etiketlənmə və dövriyyə tələblərinə tam şəkildə əməl etməlidirlər. Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Babək rayonundakı “Sirab” və Şahbuz rayonundakı “Badamlı” qazlı mineral suları AQTA tərəfindən qeydiyyata alınaraq Qida Təhlükəsizliyi Reyestrinə daxil edilib.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən “Sağlam məktəbli” layihəsi çərçivəsində daha bir ümumi təhsil müəssisəsində maarifləndirmə tədbiri həyata keçirilib. Məktəblilər arasında sağlam qidalanmanın təşviq olunması, qida təhlükəsizliyi anlayışının təbliğ edilməsi və şagirdlərə qida təhlükəsizliyi vərdişlərinin aşılanması məqsədilə həyata keçirilən layihə çərçivəsində 2025-2026-cı tədris ili üzrə növbəti görüş Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki Bakı şəhəri Azad Hümbətov adına 291 nömrəli ekologiya liseyində təşkil olunub. Tədbirdə iştirak edən 150 şagirdə Agentliyin fəaliyyət istiqamətləri, eləcə də qida təhlükəsizliyinin təmin olunması və sağlam qidalanmanın vacibliyi barədə məlumatlar verilib. Daha sonra Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən “Qazlı-şəkərli içkilərin zərərləri” mövzusunda təqdimatlar edilib. Görüşdə mövzu ətrafında müzakirələr aparılıb, məktəbliləri maraqlandıran suallar cavablandırılıb və onlara sağlam qidalanmaya dair maarifləndirici bukletlər paylanıb. Qeyd edək ki, “Sağlam məktəbli” layihəsinə 2018-ci ildə start verilib. Layihə çərçivəsində hər il ümumtəhsil müəssisələrində şagirdlərlə qida sahəsində müxtəlif mövzularda görüşlər keçirilir. Agentlik tərəfindən belə görüşlərin davamlı olaraq təşkil edilməsi planlaşdırılıb.
Qida Təhülkəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsi 33 ünvanında fəaliyyət göstərən fiziki şəxs Nağıyev Mehman Tağı oğluna məxsus “Qızıl Qaya” şadlıq evində plandankənar yoxlama keçirib. Baxış zamanı texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulması faktları müəyyən edilib. Belə ki, qida obyektinin isti mətbəx sahəsində tavanın və döşəmənin tamlığının pozulduğu, xammal olaraq istifadə olunan mal və toyuq ətlərinin keyfiyyət və təhlükəsizliyini təsdiq edən sənədlərinin olmadığı, doğrama lövhələrinin istifadəyə yararsız olduğu, soyuducunun rəflərinin korroziyaya uğradığı, işçilərin xüsusi geyim və fərdi mühafizə vasitələri ilə təmin olunmadığı və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək ictimai iaşə müəssisəsində işlərin görülməsi, xidmətlərin göstərilməsi dayandırılıb, rəhbərliyi barəsində inzibati protokol tərtib olunub.
İctimai iaşə müəssisələrində və ailəvi istirahət mərkəzlərində vəhşi heyvan və quşların saxlanılması, nümayiş etdirilməsi hallarında yarana biləcək təhlükəli xəstəliklərin qarşısının alınması və biotəhlükəsizlik tədbirlərinin görülməsi məqsədilə Hacıqabul rayonu, Bakı-Qazax avtomobil yolu 105-ci kilometr ünvanında yerləşən "Qədir Xum” ailəvi istirahət mərkəzində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları epizootoloji komissiyanın üzvləri ilə birgə monitorinq keçirib. Monitorinq zamanı “Zoonoz xəstəliklərin başvermə riskinin aradan qaldırılması üçün baytarlıq nəzarətinin gücləndirilməsi haqqında” müvafiq Qərara uyğun olaraq, vəhşi quşlara baytar həkim tərəfindən kliniki baxış keçirilib və istirahət mərkəzindən daşınaraq aidiyyəti üzrə təhvil verilib. İstirahət mərkəzinin ərazisində dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirləri görülüb.
Azərbaycan xalqı böyük qürur və iftixar hissi ilə dövlətimizin ən şanlı səhifələrindən biri olan 8 Noyabr – Zəfər Gününün 5-ci ildönümünü qeyd edir. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) Vətən müharibəsində iştirak etmiş, eləcə də ailə üzvləri şəhid və ya qazi olmuş əməkdaşlarla birgə 8 Noyabr- Zəfər Günü münasibətilə tədbir təşkil olunub. Agentlikdə təşkil olunan mərasimdə Azərbaycanın Dövlət Himni səsləndirilib. Ardınca Azərbaycan ordusunun şücaətini əks etdirən videoçarx nümayiş olunub. Tədbirdə vurğulanıb ki, 2020-ci ilin 8 noyabrında Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Qarabağın tacı olan Şuşa şəhərini işğaldan azad edib. Bu tarixi Qələbə ilə 30 ilə yaxın davam edən ədalətsizlik və işğal dövrünə son qoyulub, ölkəmizin ərazi bütövlüyü bərpa edilib. Eyni zamanda ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olan qəhrəmanlarımızın ailələrinin, eləcə də qazilərin və veteranların dövlətin xüsusi diqqət və qayğısı ilə əhatə edildiyi vurğulanıb. Tədbirdə Vətən müharibəsində iştirak edən Agentlik əməkdaşları döyüş yolları ilə bağlı xatirələrini bölüşüblər və göstərilən diqqət və qayğıya görə təşəkkür ediblər.
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli noyabrın 13-ü saat 14:00-da Agentliyin inzibati binasında qida sahəsində fəaliyyət göstərən sahibkarları qəbul edəcək. Qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlar, o cümlədən qida məhsullarının istehsalı, emalı, idxal-ixracı, daşınması, satışı və sair sahələrdə çalışan şəxslər onları narahat edən məsələlərlə bağlı Agentlik sədri ilə görüşə bilərlər. Görüşdə iştirak etmək istəyən şəxslər ad, soyad, fəaliyyət sahəsi, müraciətin məzmunu və telefon nömrələrini göstərərək info@afsa.gov.az elektron poçtu vasitəsilə müraciət etməklə və ya (+994 77) 100 32 56 nömrəsinə zəng etməklə, həmçinin vatsap üzərindən əlaqə saxlamaqla noyabrın 12-dək qəbula yazıla bilərlər.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Yasamal rayonu, B.Məcidov küçəsində yerləşən, fiziki şəxs Haşimov Samir Ağabala oğluna məxsus “Kababxana” ictimai iaşə müəssisəsində yoxlama keçirib. Baxış zamanı texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, ictimai iaşə müəssisəsinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, texnoloji ardıcıllıq prinsipinin pozulduğu, döşəmə və divar səthlərinin təmirsiz olduğu, soyuducu rəflərinin korroziyaya uğradığı, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək ictimai iaşə müəssisəsində işlərin görülməsi, xidmətlərin göstərilməsi dayandırılıb, rəhbərliyi barəsində inzibati protokol tərtib olunub.
Son günlər Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan nəzarət tədbirləri zamanı bəzi ictimai iaşə müəssisələrində və şadlıq saraylarında mənşəyi məlum olmayan, eləcə də baytarlıq arayışı və ya baytarlıq şəhadətnaməsi olmayan ət məhsullarının istifadəsi faktları aşkarlanıb. Qida təhlükəsizliyi tələblərinə görə, eyni zamanda dünyada yayılan yoluxucu heyvan xəstəliklərini nəzərə alaraq, mənşə və keyfiyyəti təsdiqlənməyən heyvan mənşəli məhsulların istehlaka təqdim edilməsi qanunvericiliklə qadağandır və bu hallar insan sağlamlığı üçün ciddi təhlükə yaradır. Bununla bağlı AQTA tərəfindən ictimai iaşə müəssisələrinə bildiriş məktubları ünvanlanıb və məsul şəxslərə yalnız mənşəyi və keyfiyyəti sənədlərlə təsdiqlənmiş ət məhsullarından istifadə etmələri bir daha xatırladılıb. Hazırda Agentlik respublika üzrə ictimai iaşə obyektlərində və şadlıq saraylarında nəzarət tədbirlərini gücləndirib. Qanunvericiliyin tələblərinə əməl etməyən müəssisələr barəsində inzibati tədbirlər görülür. Eyni zamanda, Agentlik istehlakçıları heyvan mənşəli ət məhsulları alarkən və ya ictimai iaşə müəssisələrində istehlak edərkən, müvafiq baytarlıq sənədlərinin mövcudluğunu tələb etməyə çağırır.
Multimedia
İdman qidaları və BAQM qəbulunda ən çox edilən səhvlər hansıdır? - Sual-Cavab
Sual-Cavab: Quzuların erkən kəsimi hansı risklər yaradır?
AQTA heyvan sahiblərini və fermerləri heyvanlarını qeydiyyatdan keçirməyə çağırır
Giriş