Nəzarət tədbirləri çərçivəsində “Fueqo” MMC-yə və fiziki şəxs Həsənov İlkin Cahan oğluna məxsus Türkiyəyə ixrac üçün nəzərdə tutulan ümumi çəkisi 163,4 ton alma məhsulu partiyalarından Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən nümunələr götürülərək müayinələrə cəlb olunub. Sınaq nəticəsində pestisid qalığının normadan artıq olduğu aşkarlanıb. Məhsul partiyaları Türkiyə Respublikasının idxal tələblərinə, o cümlədən ölkəmizdə qüvvədə olan pestisid qalığı normalarına cavab vermədiyi üçün ixracına icazə verilməyib, məhv və ya utilizasiya edilməsi barədə qərar qəbul olunub.
Fumiqasiya (zərərsizləşdirmə) tədbirləri, karantin nəzarətində olan bitki və bitkiçilik məhsullarının zərərvericilərdən təmizlənməsi məqsədilə qaz və buxar halında olan kimyəvi maddələr vasitəsilə həyata keçirilən prosesdir. Bu tədbirlər əsasən xüsusi hazırlanmış bərk formalı tabletlər və ya maye halında olan fumiqant preparatlarının tətbiqi ilə aparılır. Fumiqasiya yalnız müvafiq hazırlıq keçmiş mütəxəssislər tərəfindən, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin fumiqasiya dəstəsi tərəfindən həyata keçirilir. Bu tədbirlərə nəzarət isə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təmin olunur. Fitosanitar tələblərə uyğun olaraq, fumiqasiya idxal-ixrac əməliyyatları zamanı məhsulların beynəlxalq tələblərə uyğun zərərsizləşdirilməsini təmin etmək məqsədilə icra olunur. Eyni zamanda, bu tədbirlər daxili daşınma zamanı, saxlama anbarlarında, topdan və pərakəndə satış məntəqələrində də aparıla bilər. Fumiqasiya tədbirləri Beynəlxalq Bitki Mühafizəsi Konvensiyası (IPPC) çərçivəsində qəbul edilmiş ISPM 15 – “Taxta qablaşdırma materiallarının beynəlxalq ticarətdə tənzimlənməsi” beynəlxalq fitosanitar standartına əsaslanır.
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli noyabrın 21-i saat 10:00-da Zərdab rayon Heydər Əliyev Mərkəzində Mingəçevir, Yevlax şəhərləri və Zərdab, Ucar, Ağdaş, Göyçay, Kürdəmir rayonlarından olan vətəndaşların qəbulunu keçirəcək. Vətəndaşlar ad, soyad, ata adı, müraciətin məzmunu, yaşayış ünvanı və telefon nömrəsini göstərməklə info@afsa.gov.az elektron ünvanına rəsmi şəkildə müraciət edərək və ya “1003-Çağrı Mərkəzi” ilə əlaqə saxlayaraq noyabrın 20-dək qəbula yazıla bilərlər. Agentliyin səlahiyyət dairəsinə aid məsələlərlə yanaşı, AQTA-nın region üzrə yerli bölmələrində işlə təmin olunmaq istəyən müvafiq ixtisaslara yiyələnmiş vətəndaşlar da müraciət edə bilərlər.
Xurma, nar, pomidor və digər bitkiçilik məhsullarının xarici bazarlara ixracı istiqamətində görülən tədbirlər intensiv şəkildə davam etdirilir. Məqsəd Azərbaycan məhsullarının beynəlxalq bazarlarda rəqabət qabiliyyətinin artırılması və ixrac prosesinin beynəlxalq tələblərə uyğunlaşdırılmasıdır. İxrac zamanı beynəlxalq ticarət vasitəsilə karantin zərərvericilərinin yayılmasının qarşısının alınması məqsədilə “Bitki mühafizəsi haqqında” Beynəlxalq Konvensiyadan irəli gələn öhdəliklərə və bu çərçivədə təsdiq edilmiş Beynəlxalq Standartlara ciddi riayət olunmalıdır. Bununla yanaşı, ixracatçılardan idxalçı ölkələrin qablaşdırma və etiketləmə tələblərinə əməl edilməsi tələb olunur. Bitkiçilik məhsullarının daşınmasında istifadə edilən taxta altlıqlar və digər qablaşdırma materialları beynəlxalq standartlara uyğun şəkildə işlənməli, məhsulların etiketlənməsi isə idxalçı ölkələrin tələblərinə əsaslanmalıdır. Etiketlərdə yerləşdirilən məlumatların oxunaqlı, davamlı və beynəlxalq norma və standartlara uyğun olması vacib şərtlərdən biridir. Ənənəvi qablaşdırmadan müasir qablaşdırma vasitələrinə keçid və beynəlxalq standartlara uyğun etiketləmə üsullarının tətbiqi məhsulların ixrac potensialını artırmaqla yanaşı, onların daşınması, saxlanması və bazarlarda rəqabət qabiliyyətinin yüksəlməsinə də şərait yaradır. Bu səbəbdən Agentlik ixrac prosesində iştirak edən bütün təsərrüfat subyektlərini bitkiçilik məhsullarının qablaşdırılması və etiketlənməsi ilə bağlı beynəlxalq və idxalçı ölkələrin tələblərinə ciddi riayət etməyə çağırır.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən “HALAL” sertifikatlaşdırma prosesi uğurla davam edir. Artıq bir çox iri müəssisə AQTİ-nin “HALAL” sertifikatlaşdırma xidmətlərindən faydalanır. “Siyəzən Broyler” ASC, “Səhliyalı” MMC, “Chicken Pro” MMC, “Harun N” MMC, “Hicaz 313” MMC kimi müəssisələr bu sertifikatın qazandırdığı üstünlüklərdən faydalanmaqla istehlakçılara daha etibarlı, keyfiyyətli və islami dəyərlərə uyğun məhsullar təqdim edirlər. Hazırda iki yeni müəssisənin müraciəti qəbul edilib və qiymətləndirilir. Bu isə xidmətin aktuallığını və əhəmiyyətini bir daha nümayiş etdirir. AQTİ-nin təqdim etdiyi “HALAL” sertifikatı və nişanı yalnız vizual simvol deyil, həm də etibarlılıq, şəffaflıq və məsuliyyət göstəricisidir. “HALAL” nişanı məhsulun istehsal prosesində xammalın seçilməsindən başlayaraq qablaşdırma mərhələsinədək bütün addımların islami qaydalara və beynəlxalq standartların tələblərinə uyğun həyata keçirildiyini təsdiqləyir. Bu nişan “HALAL” uyğunluq sertifikatı ilə birlikdə təqdim olunur və onun etibarlılığı sertifikatın qüvvədə olduğu müddət ərzində saxlanılır. İnstitut, Türkiyə Respublikasının Halal Akkreditasiya Qurumu (HAK) tərəfindən akkreditasiya edilərək “HALAL” uyğunluq sertifikatını və nişanını təqdim etmək səlahiyyətinə malikdir. Akkreditasiya prosesi SMIIC – İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutunun “OIC/SMIIC 2:2019 Uyğunluğun qiymətləndirilməsi - “HALAL” sertifikatlaşmanı həyata keçirən orqanlar üçün tələblər” standartının əsasında həyata keçirilib. Beləliklə, AQTİ-nin həyata keçirdiyi “HALAL” sertifikatlaşdırma beynəlxalq səviyyədə tanınır və etibarlı sertifikatlaşdırma xidməti olaraq fəaliyyət göstərməkdədir.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən bitki mühafizəsi, pestisidlərin idarə olunması və fitosanitar nəzarət sahəsində kompleks tədbirlər həyata keçirilib. 2025-ci ilin yanvar-sentyabr ayları ərzində pestisidlərin və aqrokimyəvi maddələrin saxlanması ilə bağlı Agentliyə 94 müraciət daxil olub, onlardan 57 anbar üzrə rəy verilib, 37 anbar üzrə isə uyğunsuzluqlar aşkar edildiyindən rəy verilməsindən imtina olunub. Bununla yanaşı, AQTA ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) arasında əməkdaşlıq çərçivəsində icra olunan “Mərkəzi Asiya ölkələrində və Türkiyədə pestisidlərin dövriyyəsinin idarə edilməsi və davamlı üzvi çirkləndiricilərə aid edilən pestisidlərin zərərsizləşdirilməsi” layihəsi üzrə işlər uğurla davam etdirilir. Qeyd edək ki, AQTA tərəfindən ötən il ərzində Ağstafa və Beyləqan rayonlarından 747 ton, cari il ərzində isə Samux, Füzuli və İmişli rayonlarından 1351 ton istifadəyə yararsız pestisid və həmin maddələrlə çirklənmiş torpaq qatının daşınması və “Cəngi pestisid poliqonu”nda yerləşdirilməsi təmin olunub. Eyni zamanda, müvafiq nazirliklərin nümayəndələrinin iştirakı ilə ölkə üzrə pestisid və aqrokimyəvi maddələrin istehsalı, saxlanması və satışı ilə məşğul olan 278 obyektə baxış keçirilib. Monitorinqlər nəticəsində qanunvericilik tələblərinin pozulduğu müəssisələrdə fitosanitar nəzarət tədbirləri həyata keçirilmiş, aşkar olunan nöqsanların aradan qaldırılması məqsədilə sahibkarlara müvafiq təlimatlar verilib.
Lənkəran şəhəri, Füzuli küçəsi 121A ünvanında fəaliyyət göstərən, Baxşızadə Orxan Oktay oğluna məxsus şərab evində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, ictimai iaşə obyektinin satış vitrinində Azərbaycan dilində markalanması və istehsalçı barədə məlumatları olmayan “Имперская”, “Тigoda”, “Столовая”, “Русский Дозор”, “Российская Корона” əmtəə nişanlı araq məhsulları aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülərək sahibkar barəsində inzibati protokol tərtib olunub, məhsulların satışı məhdudlaşdırılıb, nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarının iştirakı ilə (AQTA) Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi dabaq xəstəliyinə qarşı iri və xırdabuynuzlu heyvanların müalicəsi üçün nəzərdə tutulan dərman preparatlarının saxta nümunələrini hazırlayan şəxslərə qarşı əməliyyat keçirib. Qeyd edilən qanunsuz əməllərə yol verən 26 yaşlı Zərbi Zamanov və qohumu 28 yaşlı Rəvan Zamanov saxlanılıblar. Araşdırmalarla müəyyən olunub ki, bu şəxslər tərəfindən inşaatda istifadə edilən rəngli boyalar dərman görüntüsü yaratmaq üçün texniki spirtlə qarışdırılaraq qablaşdırılıb. Daha sonra hazırlanan məhlul dabaq əleyhinə dərman vasitəsi kimi satışa çıxarılıb. Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən onlara məxsus sexə baxış zamanı kustar üsulla hazırlanan saxta dərman preparatları və digər sübutlar aşkarlanıb. Saxlanılan şəxslərdən götürülən maddi sübutların ekspertizası zamanı onların dabaq xəstəliyinin müalicəsində effektsiz olduğu müəyyən edilib. Faktla bağlı araşdırmalar davam etdirilir. Fermerlərə onlara məxsus heyvanların müalicəsi və tibbi profilaktikası zamanı yalnız rəsmi sertifikatı olan dərman vasitələrindən istifadə etmək tövsiyə olunur.
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli ilə Belarus Respublikasının kənd təsərrüfatı və ərzaq nazirinin müavini Vitaliy Kulak arasında görüş keçirilib. Görüş zamanı Q.Təhməzli ölkəmizdə qida təhlükəsizliyinin təmin edilməsi ilə bağlı görülən işlər barədə məlumat verib. Görüşdə iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın genişləndirilməsi, o cümlədən qida məhsullarının dövriyyəsinin artırılması müzakirə olunub, idxal və ixrac üzrə statistik göstəricilər nəzərdən keçirilib. Daha sonra ölkəmizdə baytarlıq preparatlarının istehsalı üzrə müəssisənin yaradılması sahəsində əməkdaşlığın davam etdirilməsi, Belarus Respublikasının qida obyektləri (quş, quş əti və onun sub məhsulları, eləcə də yumurta emalı və istehsalı müəssisələri) üzrə təsdiq sisteminin ekvivalentliyinin tanınması, ölkəmizdə sınaqdan keçirilmiş Belarus kənd təsərrüfatı bitkilərinin sortlarının Azərbaycanın milli reyestrinə daxil edilməsi imkanları müzakirə edilib. Eyni zamanda respublikamızda baytarlıq preparatlarının Belarusla birgə istehsalının təmin olunması ilə bağlı fikir mübadiləsi aparılıb. Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlərə də toxunulub.
İxrac edilən məhsulun sağlam və problemsiz çatdırılmasında qablaşdırma böyük rol oynayır! Bitkiçilik məhsullarının ixracında beynəlxalq qablaşdırma qaydalarına – etiketləmə, material və markalanma kimi detallara əməl etmək vacibdir. Xüsusilə, taxta qablaşdırmalar yalnız istiliklə işlənmiş, düzgün markalanmış və beynəlxalq standartlara uyğun olduqda ixrac üçün yararlı sayılır! Əgər siz də ixracla məşğulsunuzsa, bu videonu mütləq izləyin və risklərdən qorunun! AQTA sahibkarları diqqətli olmağa və ixrac zamanı bütün standartlara əməl etməyə çağırır!
Multimedia
İdman qidaları və BAQM qəbulunda ən çox edilən səhvlər hansıdır? - Sual-Cavab
Sual-Cavab: Quzuların erkən kəsimi hansı risklər yaradır?
AQTA heyvan sahiblərini və fermerləri heyvanlarını qeydiyyatdan keçirməyə çağırır
Giriş