Qida Təhlükəsizliyi Agentliyinin Şəki-Zaqatala regional bölməsinin əməkdaşları tərəfindən Şəkidə Qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri ilə bağlı maarifləndirici görüşlər keçirilib. Görüşlər zamanı iştirakçılara Qəhvəyi mərmər bağacığının təsərrüfat əhəmiyyətli bitkilərə vurduğu zərər, payız–qış mövsümündə həyata keçiriləcək mexaniki və profilaktik mübarizə tədbirləri haqqında geniş məlumatlar verilib. Bildirilib ki, zərərvericinin qışlama dövründə evlərə, yardımçı tikililərə və digər qapalı məkanlara toplanmasının qarşısını almaq üçün vaxtında mexaniki toplama və məhv etmə tədbirlərinin aparılması vacibdir. Tədbirlərdə iştirakçıların sualları cavablandırılıb, onlara Qəhvəyi mərmər bağacığına dair buklet və maarifləndirici materiallar təqdim edilib.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi yanında Məşvərət Şurası “Qida təhlükəsizliyi tək dövlətin deyil, hər kəsin işidir” kampaniyasını davam etdirir. Kampaniya çərçivəsində hazırlanan növbəti videoçarxda Şuranın üzvü, “Azərsun Holdinq” MMC-nin Baş icraçı direktoru Savaş Uzan qida sənayesində təhlükəsizliyin təmin olunmasında kompleks yanaşmanın və dəyərlər sisteminin vacibliyindən bəhs edir. O vurğulayır ki, xammalın alınmasından emala, qablaşdırmadan logistikaya qədər hər mərhələ qida təhlükəsizliyinə birbaşa təsir göstərir. Əsas məqsəd təkcə texnoloji ardıcıllığı qorumaq deyil, istehlakçının inamını möhkəmləndirən şəffaf və davamlı nəzarət sistemləri formalaşdırmaqdır. İstehlakçının etimadı yalnız dad və görünüşlə deyil, məhsulun təhlükəsizliyinə olan güvənlə qazanılır. Bu isə sahibkarın həm dövlət, həm də cəmiyyət qarşısında sosial məsuliyyətidir. Qida təhlükəsizliyi tək dövlətin deyil, hər kəsin işidir! Gəlin, təhlükəsiz qida ilə sağlam gələcəyə birlikdə addımlayaq!
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) və Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Xidmətlər Agentliyinin əməkdaşları tərəfindən Biləsuvar rayonunun Əliabad kəndində yerləşən heyvan bazarında monitorinq aparılıb. Nəzarət tədbiri zamanı bəzi nöqsanlar aşkarlanıb. Belə ki, bazarda dezobaryerlər quraşdırılmayıb, heyvan yemlərinin saxlanması üçün zəruri şərait yaradılmayıb, eləcə də xəstə və sağlam heyvanların ayrılması üçün xüsusi izolyatorlar təşkil edilməyib. Aşkar olunan nöqsanlarla bağlı sahibkara icrası məcburi göstərişlər verilib. AQTA bildirir ki, epizootik sabitliyin qorunması və xüsusi təhlükəli xəstəliklərin yayılmasının qarşısını almaq məqsədilə ölkə ərazisində fəaliyyət göstərən heyvan bazarlarında 2025-ci il 25 oktyabr tarixindən etibarən mərhələli şəkildə müvəqqəti məhdudiyyətlər tətbiq olunacaq və bu müddət ərzində bazar ərazilərində sağlamlaşdırma işləri aparılacaq. Heyvan bazarlarının fəaliyyəti yalnız tələb olunan infrastruktur tamamlandıqdan və baytarlıq-sanitariya tələblərinə uyğun şərait yaradıldıqdan sonra bərpa ediləcək.
“Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2018-ci il tarixli 199 nömrəli Sərəncamının icrası ilə əlaqədar olaraq, Qida Təhlükəsizliyi Agentliyi baytarlıq-sanitariya və gigiyena normalarına cavab verməyən yerlərdə, küçələrdə, yol kənarlarında qanunsuz heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan şəxslərə xəbərdarlıq edir. Ölkədə heyvan kəsiminin normativ tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində Qida Təhlükəsizliyi Agentliyi tərəfindən nəzarət tədbirləri görülür. Mütəmadi olaraq Daxili İşlər Nazirliyi və yerli icra hakimiyyəti orqanları ilə birgə heyvan kəsimi və ət satışı məntəqələrində reydlər keçirilir. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülür, kəsimlə məşğul olan şəxslərə qanunvericiliyin tələbləri izah olunur, heyvan kəsimini mərkəzləşdirilmiş və müasir kəsim məntəqələrində həyata keçirmələri ilə bağlı icrası məcburi göstərişlər verilir. Qeyd edək ki, ət məhsullarının qanunvericiliklə müəyyən edilmiş qaydada baytarlıq ekspertizası aparılmadan satışa çıxarılması qadağandır. Ölkədə ət və ət məhsullarının satışı yalnız baytarlıq arayışı və baytarlıq şəhadətnaməsi kimi müşayiətedici sənədlər əsasında həyata keçirilə bilər. Zoonoz xəstəliklərə yoluxma və digər neqativ halların yaranmaması üçün müvafiq sənədləri olmayan ət və ət məhsullarının alınması və istehlakı yolverilməzdir. Belə ki, qida mənşəli zoonoz xəstəliklər, adətən, mikroorqanizmlərlə çirklənmiş heyvan mənşəli qida məhsullarının istehlakı zamanı baş verir. Hazırda bütün dünyada insanlar arasında rast gəlinən yoluxucu xəstəliklərin 60%-dən çoxu məhz zoonoz infeksiyaların payına düşür. Agentlik əhalinin sağlam ət və ət məhsulları ilə təmin olunması üçün bir daha qanunsuz heyvan kəsimi və baytarlıq nəzarətindən keçməyən ətin satışı ilə məşğul olan şəxsləri bu sahədə qanunazidd fəaliyyətdən yayınmağa və müasir standartlara cavab verən heyvan kəsimi məntəqələrinin xidmətlərindən istifadə etməyə çağırır. Sosial şəbəkədə insanlar arasında narahatlıq yaradan məlumatlara aydınlıq gətirərək Agentlik bəyan edir ki, vətəndaşlar müşayiətedici sənədləri və möhürü olmayan ətləri almasınlar.
Paytaxt Varşava şəhərində Azərbaycan və Polşa arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 9-cu iclası keçirilib. Tədbirdə AQTA və Polşanın müvafiq qurumları arasında qida təhlükəsizliyi, bitki və heyvan sağlamlığı sahələrində əməkdaşlığın genişləndirilməsi və davam etdirilməsi barədə razılıq əldə olunub. İclas zamanı həmçinin “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Polşa Respublikasının Baş Baytarlıq Müfəttişliyi arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb. Sənədi Agentliyin sədr müavini Zəkiyyə Mustafayeva və Polşa Respublikasının Baş Baytarlıq Müfəttişliyinin rəisi Pavel Meyer imzalayıblar. Memorandumun məqsədi heyvan və ictimai sağlamlığın qorunması istiqamətində birgə səylərin gücləndirilməsi, yoluxucu heyvan xəstəliklərinin qarşısının alınması və bu sahədə qarşılıqlı əlaqələrin inkişafını təmin etməkdir. Sənədin imzalanması dövlət baytarlıq nəzarəti, heyvan və heyvan mənşəli məhsulların ticarəti, xəstəliklərin profilaktikası, məlumat və təcrübə mübadiləsi, eləcə də beynəlxalq əməkdaşlığın genişləndirilməsi sahələrində birgə fəaliyyət üçün yeni imkanlar yaradacaq.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA), Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Xidmətlər Agentliyinin və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən Beyləqan rayonu İkinci Aşıqlı kəndində yerləşən heyvan bazarında monitorinq aparılıb. Monitorinq zamanı bazarda heyvanların saxlanılması, satış və daşınma prosesləri, həmçinin sanitar-gigiyenik vəziyyət yerində qiymətləndirilib. Aparılmış yoxlamalar zamanı verilmiş göstərişlərə baxmayaraq bazarda bəzi nöqsanlara yol verildiyi müəyyən edilib. Aşkarlanmış çatışmazlıqların aradan qaldırılması məqsədilə bazar sahibinə icrası məcburi göstərişlər verilib. AQTA bildirir ki, heyvan bazarlarında müxtəlif mənşəli heyvanların bir yerdə saxlanılması, satış və daşınma prosesləri infeksiya törədicilərinin yayılmasına, bununla da ölkə ərazisində yoluxucu xəstəliklərin baş vermə riskinin artmasına səbəb ola bilər. Bu risklərin qarşısının alınması məqsədilə, Respublikanın baş dövlət baytarlıq müfəttişinin imzaladığı müvafiq qərara əsasən, 2025-ci il 25 oktyabr tarixindən etibarən ölkə ərazisində fəaliyyət göstərən heyvan bazarlarında sağlamlaşdırma tədbirlərinin görülməsi üçün mərhələli şəkildə müvəqqəti məhdudiyyətlər tətbiq olunacaq.
Hazırda ölkə üzrə 120-dən çox müasir standartlara cavab verən və baytar mütəxəssislərin daimi nəzarəti altında olan heyvan kəsimi məntəqələri fəaliyyət göstərir. Mövcud infrastruktur ölkənin ət və ət məhsullarına olan tələbatını tam qarşılayır. Sağlamlığı şübhə doğuran heyvanlar kəsim prosesindən kənarlaşdırılır. Kəsimdən sonra cəmdəklərə baytarlıq-sanitariya ekspertizası aparılır və soyudularaq saxlanılır. Daha sonra ətin üzərinə rəsmi baytarlıq möhürü vurulur və müşayiətedici sənədlərlə ticarət şəbəkələrinə göndərilir. AQTA vətəndaşlara yalnız kəsim məntəqələrində kəsilmiş və ixtisaslaşmış ət satış məntəqələrindən ət məhsulları almağı tövsiyə edir. Ət alarkən: - Rəsmi baytarlıq möhürünə diqqət yetirin - Baytarlıq sənədlərini satıcıdan tələb edin
Quba şəhəri, 22-ci məhəllədə fəaliyyət göstərən, fiziki şəxs Salmanov Əliheydər Hüseynqulu oğluna məxsus “Vüsal” kafesində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı texniki normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən olunub. Belə ki, kafedə temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, havalandırma sisteminin quraşdırılmadığı, qida ilə təmasda olan səthlərin yuyulabilən və korroziyaya davamlı materialla üzlənmədiyi, işçi heyətin xüsusi geyim forması ilə təmin edilmədiyi və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib olunub, nöqsanlar aradan qaldırılanadək kafedə işlərin görülməsi, xidmətlərin göstərilməsi barədə məhdudlaşdırıcı qərar qəbul edilib.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkənin müxtəlif bölgələrində heyvan bazarlarında həyata keçirilən monitorinqlər davam etdirilir. Monitorinqlərin əsas məqsədi heyvanlarda yoluxucu xəstəliklərin yayılması risklərinin qiymətləndirilməsi, həmçinin bazar ərazilərində sanitar-gigiyenik və baytarlıq tələblərinə əməl olunmasına nəzarətin gücləndirilməsidir. Agentliyin regional bölmələrinin, həmçinin Aqrar Xidmətlər Agentliyinin əməkdaşları tərəfindən Tovuzun Aşağı Quşçu kəndində yerləşən heyvan bazarında növbəti monitorinq aparılıb. Monitorinqlər zamanı heyvanların sağlamlıq vəziyyəti, baytarlıq sənədlərinin mövcudluğu, eləcə də dezinfeksiya və digər profilaktik tədbirlərin icra vəziyyəti yoxlanılıb, xəstə və ya xəstəlik əlamətləri müşahidə olunan heyvanların bazara gətirilməsinin qarşısı alınıb. Həmin heyvanlarla bağlı müvafiq tədbirlər görülüb. Aşkar edilən nöqsanlarla bağlı bazar sahiblərinə və satıcılara müvafiq tapşırıqlar verilib. Heyvan bazarlarındakı tələblərin yerinə yetirilməsinin vacibliyi bazar sahibinin diqqətinə çatdırılıb. Qeyd edək ki, Respublikanın baş dövlət baytarlıq müfəttişinin imzaladığı müvafiq qərara əsasən, ölkə ərazisində fəaliyyət göstərən heyvan bazarlarında 2025-ci il 25 oktyabr tarixindən etibarən sağlamlaşdırma tədbirlərinin görülməsi üçün mərhələli şəkildə müvəqqəti məhdudiyyətlər tətbiq olunacaq. Qərar Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatlarında qeyd olunan yoluxucu xəstəliklərin region ölkələrində yayılması riskini nəzərə alaraq, epizootik sabitliyin qorunması və infeksiyaların ölkə ərazisinə daxil olmasının qarşısının alınması məqsədilə imzalanıb.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Qazax rayonunun Gürcüstanla sərhəd buraxılış məntəqəsinə yaxın ərazisində “Qırmızı Körpü” Baytarlıq Nəzarəti Məntəqəsində müvafiq tədbirlər davam etdirilir. Baytarlıq Nəzarəti Məntəqəsində ölkəyə idxal edilən heyvanlara klinik baxış keçirilir və termoskaner vasitəsilə termometriya aparılır. Xəstəlik şübhəsi olmayan heyvanlar dəhliz boyu hərəkət etdirilərək, yenidən yükləmə platformasına yönəldilir və avtomobilə yüklənərək yola salınır. Xəstəliyə şübhəli heyvanlar ümumi partiyadan ayrılaraq izolyatora yerləşdirilir, baytarlıq müfəttişləri tərəfindən müayinə, zərurət yaranarsa, müalicəsi davam etdirilir. Uyğunsuzluq aşkar edildiyi halda heyvanların gömrük hüdudlarından kənara çıxarılması haqqında qərar qəbul edilir və heyvanlar geri qaytarılır. Baytarlıq Nəzarəti Məntəqəsinin iş prinsipi barədə hazırlanmış çarxla linkdən tanış ola bilərsiniz:
Multimedia
İdman qidaları və BAQM qəbulunda ən çox edilən səhvlər hansıdır? - Sual-Cavab
Sual-Cavab: Quzuların erkən kəsimi hansı risklər yaradır?
AQTA heyvan sahiblərini və fermerləri heyvanlarını qeydiyyatdan keçirməyə çağırır
Giriş