Bayram süfrəsində istehlak olunmayan yeməklər israf edilməməsi üçün bəzən sonrakı günlərə saxlanılır. Mütəxəssislərin fikrincə, dəfələrlə qızdırılaraq bayat halda yeyilən yeməklər orqanizm üçün ciddi fəsadlara səbəb ola bilər. Yumurta, balıq, ət, toyuq, göbələk, mayonez və oxşar riskli məhsullardan hazırlanmış yeməklər iki saatdan artıq süfrədə qalmamalıdır. Bu qidalar otaq temperaturunda, açıq şəkildə saxlanıldıqda və vaxtında soyuducuya yerləşdirilmədikdə, sonradan yenidən qızdırılıb istehlak edilməsi tövsiyə olunmur. Çünki düzgün saxlanma şəraiti olmadıqda yemək qalıqları mikroorqanizmlərin sürətlə çoxalması üçün əlverişli mühitə çevrilir. El arasında bayat plovun daha dadlı olması ilə bağlı fikirlər mövcuddur. Lakin bayat plovun yenidən isidilərək yeyilməsi sağlamlıq üçün təhlükə yarada bilər. Belə ki, düyü bişirildikdə belə “Bacillus cereus” bakteriyasının sporları sağ qala bilir. Plov düzgün bişirilmədikdə və ya uyğun şəraitdə saxlanılmadıqda bu bakteriyanın inkişafı üçün münbit şərait yaranır. Bakteriyalar tərəfindən sintez olunan toksinlər isə qida mənşəli xəstəliklərə, hətta qida zəhərlənməsinə səbəb ola bilər. Bu zaman şiddətli ürəkbulanma, qusma, bəzən isə qarın ağrısı kimi əlamətlər müşahidə olunur. Əksər hallarda insanlar yeməyin xarab olub-olmadığını qoxulamaq və ya dadmaqla müəyyən etməyə çalışırlar. Lakin qida zəhərlənməsinə səbəb olan bəzi bakteriyalar qidanın dadını və qoxusunu dəyişmədən belə çoxala bilir. Xüsusilə dəniz məhsulları, süd və süd məhsulları, tort və şirniyyatlar təhlükəli mikroorqanizmlərin və onların toksinlərinin daşıyıcısı hesab olunur. Buna görə də bu tip qidaların saxlanmasına və istehlakına xüsusi diqqət yetirilməsi vacibdir. Daha ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz:
Hind quşu əti insan sağlamlığı üçün çox faydalıdır. Onun tərkibində zülal, vitaminlər, faydalı yağlar, fermentlər və orqanizm üçün vacib olan makro və mikroelementlər var. Bu ət asan həzm olunur və bədən tərəfindən yaxşı mənimsənilir. Hind quşu ətinin 100 qramında yağlılıqdan asılı olaraq 110–176 kilokalori enerji var. Digər ət növləri ilə müqayisədə bu ətdə xolesterol azdır, bu da onu daha sağlam edir. Hind quşu əti qan azlığı (anemiya), damar sərtliyi (ateroskleroz) riskini azaltmağa kömək edir və immun sistemini gücləndirir. Allergiya yaratmadığı üçün körpələr üçün də təhlükəsiz hesab olunur. Diri hind quşu alarkən onun pipiyinə və ayaqlarına diqqət etmək lazımdır. Körpə hind quşunun pipiyi açıq rəngdə, ayaqları isə boz və hamar olmalıdır. Təzə kəsilmiş hind quşu ətinin dərisi ağ-sarımtıl rəngdə, elastik, qoxusu isə özünəməxsus olmalıdır. Hind quşu əti qida maddələri ilə zəngin olduğu üçün mikroblar üçün əlverişli mühit yarada bilər. Baytarlıq-sanitariya tələblərinə cavab verməyən şəraitdə kəsildikdə, saxlanılması və emalı zamanı sanitar-gigiyenik şərait pozulduqda hind quşu əti faydalı deyil, əksinə bizim üçün zərərli qidaya çevrilə bilər. Hind quşu əti mal qonşuluğu prinsipi gözlənməklə, soyuducuda 0–4°C temperaturda 72 saat, dərin dondurucuda isə -18°C-də 8 ay və daha uzun müddət saxlanıla bilər. Saxlanma zamanı digər qidalarla təmas etməməsinə diqqət yetirilməlidir.
AQTA ticarət şəbəkələrində satışa çıxarılan Yeni il hədiyyə qutuları və məhsulları ilə bağlı monitorinqləri davam etdirir. Cari ilin 11-27 dekabr tarixlərində keçirilən monitorinqlər zamanı 347 sahibkarlıq subyektində 21182 məhsula baxış keçirilib. Belə ki, 86 obyektdə qutuların üzərində etiket məlumatlarının olmadığı və yaxud düzgün aparılmadığı müəyyən edilib. Aşkarlanan uyğunsuzluqlarla əlaqədar mövcud tələblərə cavab verməyən 3068 ədəd hədiyyə qutusu müvafiq qaydada aktlaşdırılaraq satışdan kənarlaşdırılıb. Nəzarət tədbirləri davam etdirilir.
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən nümunəvi heyvan bazarı layihəsinin 3D animasiyası hazırlanıb. Qeyd edək ki, insan və heyvan sağlamlığının qorunması, əhalinin təhlükəsiz qida məhsulları ilə təmin edilməsi məqsədilə heyvan bazarları biotəhlükəsizlik tələblərinə uyğun şəkildə yenidən qurulur. Linkə keçid edərək, animasiya ilə tanış ola bilərsiniz:
Bayram günlərində müxtəlif və dadlı yeməklərin bolluğu bəzən düzgün qidalanma vərdişlərindən uzaqlaşmağa səbəb olur. Düzgün qidalanma orqanizmin həddindən artıq yüklənməsinin qarşısını alır və bayramdan sonra yarana biləcək narahatlıqları minimuma endirir. Bayram günləri istehlak edilən qidaların uyğunluğuna diqqət yetirilməsi tövsiyə olunur. Süfrədə həddən artıq yağlı, şirin və ağır qidaların miqdarı nəzarətdə saxlanılmalıdır. Qızartma əvəzinə sobada və ya buxarda bişirilmiş balıq və ət yeməklərinin seçilməsi daha sağlam olmaqla yanaşı, faydalı maddələrin qorunmasına da kömək edir. Bayram süfrələrində kalorili sousların, xüsusilə mayonezin əvəzinə qatıq, kefir və ya xamadan hazırlanmış daha yüngül və faydalı souslardan istifadə edilməsi məqsədəuyğundur. Eyni zamanda qazlı və şəkərli içkilərdən mümkün qədər uzaq durmaq, onların əvəzinə su, ayran və ya təbii meyvə içkilərinə üstünlük verilməsi tövsiyə olunur. Bayram günlərində sürətli şəkildə yemək ən çox rast gəlinən səhvlərdən biridir. Yeməklərin sakit, tələsmədən yeyilməsi və yaxşı çeynənilməsi həzmi asanlaşdırır və ümumi sağlamlıq üçün daha faydalı hesab olunur.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi yanında Məşvərət Şurası “Qida təhlükəsizliyi tək dövlətin deyil, hər kəsin işidir” kampaniyasını davam etdirir. Hazırlanan növbəti videoçarxda Şuranın sədri, “Veysəloğlu” Şirkətlər Qrupunun təsisçisi və baş icraçı direktoru Aydın Talıbov müasir dövrdə qida təhlükəsizliyinin yalnız istehsal prosesi ilə məhdudlaşmadığını vurğulayır. O bildirir ki, qida sadəcə gündəlik tələbat deyil, sağlam cəmiyyətin, sosial rifahın və davamlı inkişafın əsas dayaqlarından biridir. Məhsulun anbara daxil olduğu andan başlayaraq müştərinin səbətinə qədər keçdiyi hər mərhələdə dəqiqlik, nəzarət və məsuliyyət vacibdir. Temperatur rejimindəki kiçik dəyişiklik, yanlış etiketlənmə və ya düzgün saxlanmayan məhsul istehlakçı sağlamlığı üçün ciddi təhlükələr yarada bilər. Qida təhlükəsizliyi tək dövlətin deyil, hər kəsin işidir! Gəlin, təhlükəsiz qida ilə sağlam gələcəyə birlikdə addımlayaq!
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli yanvarın 19-u saat 10:00-da Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində Sumqayıt şəhəri və Abşeron, Qubadlı, Zəngilan rayonlarından olan vətəndaşların qəbulunu keçirəcək. Vətəndaşlar ad, soyad, ata adı, müraciətin məzmunu, yaşayış ünvanı və telefon nömrəsini göstərməklə info@afsa.gov.az elektron ünvanına rəsmi şəkildə müraciət edərək və ya “1003-Çağrı Mərkəzi” ilə əlaqə saxlayaraq yanvarın 18-dək qəbula yazıla bilərlər. Agentliyin səlahiyyət dairəsinə aid məsələlərlə yanaşı, AQTA-nın region üzrə yerli bölmələrində işlə təmin olunmaq istəyən müvafiq ixtisaslara yiyələnmiş vətəndaşlar da müraciət edə bilərlər.
Fövqəladə Hallar Nazirliyinin (FHN) təşkilatçılığı ilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) inzibati binasında fövqəladə hallara hazırlığın artırılması məqsədilə kompleks təlim keçirilib. Təlimin əsas məqsədi əməkdaşlarda fövqəladə hallar zamanı, xüsusilə yanğın və zəlzələ hallarında düzgün davranış vərdişlərinin formalaşdırılması, təhlükəsizlik qaydaları və təxliyə planları ilə bağlı biliklərin möhkəmləndirilməsi olub. Təlimin nəzəri hissəsində FHN-in mütəxəssisləri tərəfindən AQTA və AQTİ kollektivi üçün geniş maarifləndirici sessiya təşkil edilib. FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Yanğına qarşı təbliğat şöbəsinin böyük təlimatçısı Nizami Fərəcov fövqəladə hallar zamanı davranış qaydaları, yanğınların başvermə səbəbləri və xilasolma yolları barədə ətraflı təqdimatlarla çıxış edib. Təqdimatlar tematik videoçarxlarla müşayiət olunub. Daha sonra şərti yanğın elan edilərək “Həyəcan” siqnalı verilib. Yanğınsöndürən briqada operativ şəkildə hadisə yerinə cəlb olunaraq şərti yanğının söndürülməsi üzrə tədbirlərə başlayıb. Əməkdaşların təxliyəsi təsdiqlənmiş təxliyə planına uyğun olaraq təhlükəsiz və ardıcıl şəkildə həyata keçirilib. Şərti yanğın zamanı “zərərçəkmişlər” binadan müvafiq qaydalara uyğun çıxarılaraq təhlükəsiz zonaya yerləşdirilib və onlara “ilkin tibbi yardım” göstərilib. Təlimin sonunda iştirakçılar və müşahidəçilər tərəfindən təlimin təşkili və icrası yüksək qiymətləndirilib. Qeyd olunub ki, bu cür praktiki təlimlər əməkdaşların fövqəladə hallara operativ reaksiya vermək bacarıqlarını artırmaqla yanaşı, real vəziyyətlərə hazırlıqlı olmalarına mühüm töhfə verir.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, “D” yaşayış sahəsi, ev 19 ünvanında yerləşən, fiziki şəxs Hüseynov Məğrur İsa oğluna məxsus “Kovan” ictimai iaşə müəssisəsində yoxlama keçirib. Baxış zamanı ictimai iaşə müəssisəsinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, texnoloji ardıcıllıq prinsipinə riayət edilmədiyi, dondurucu və soyuducuda mal qonşuluğu prinsipinin pozulduğu, soyuducuda baytarlıq ekspertizasından keçirilməyən, müvafiq baytarlıq sənədləri ilə müşayiət edilməyən bildirçin, toyuq, balıq və mal ətləri aşkarlanıb. Sahibkar sosial şəbəkədə yerləşdirilmiş video ilə bağlı izahatında ov quşlarının satışının həyata keçirilmədiyini, müştəri cəlb etmək məqsədilə reklam etdiklərini bildirib. Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib olunub, nöqsanlar aradan qaldırılanadək qida obyektinin fəaliyyəti müvvəqəti dayandırılıb, müşayiətedici sənədləri olmayan məhsulların satışı qadağan edilib.
Nəzarət tədbirləri çərçivəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Ağsu şəhəri, X.Natəvan küçəsində yerləşən, fiziki şəxs Binyətli Binyət Mehman oğluna məxsus “Çinaraltı” restoranında yoxlama keçirib. Baxış zamanı ictimai iaşə obyektində sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı aşkarlanıb. Faktla bağlı obyektin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati tədbir görülüb.
Multimedia
AQTA sədri Qoşqar Təhməzli "Xəzər TV" və "Trend" Beynəlxalq İnformasiya Agentliyinə müsahibə verib
Çinə ixrac imkanlarımız genişlənir - Real TV
AQTA heyvan sahiblərini və fermerləri heyvanlarını qeydiyyatdan keçirməyə çağırır
Giriş