Bitki sağlamlığının qorunması istiqamətində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin fitosanitar müfəttişləri tərəfindən bitkiçilik təsərrüfatlarında mütəmadi monitorinqlər aparılır, təsərrüfat sahiblərinə bitki xəstəliklərinin vaxtında aşkarlanması və onlara qarşı mübarizə tədbirlərinin həyata keçirilməsi ilə bağlı maarifləndirici məlumatlar verilir. Cari mövsümdə respublikanın Şimal və Şimal-Şərq bölgələrində müşahidə olunan qeyri-sabit hava şəraiti, yağıntılı günlərin tez-tez təkrarlanması və havanın nisbi rütubətinin yüksək olması alma və armud bağlarında dəmgil xəstəliyinin inkişafı və yayılması üçün əlverişli şərait yarada bilər. Dəmgil tumlu meyvə bitkilərində, xüsusilə alma və armudda geniş yayılmış göbələk mənşəli xəstəliklərdən biridir. Xəstəlik əsasən bitkinin yarpaqlarını, zoğlarını və meyvələrini zədələyir. Yarpaqların səthində əvvəlcə zeytuni-qonur, sonradan isə daha tünd rəng alan ləkələr əmələ gəlir. Güclü sirayətlənmə zamanı yarpaqlar quruyaraq vaxtından əvvəl tökülə bilər. Bu isə fotosintez prosesinin zəifləməsinə və məhsuldarlığın aşağı düşməsinə səbəb olur. Yoluxmuş meyvələrin səthində tünd rəngli, aydın seçilən ləkələr yaranır. Meyvələr inkişafın erkən mərhələsində zədələndikdə ləkələrin altında mantarlaşmış toxuma əmələ gəlir, nəticədə meyvələrin normal inkişafı pozulur, forması dəyişir və zədələnmiş hissələrdə çatlar yaranır. Yetişməyə yaxın dövrdə yoluxmuş meyvələrdə isə ləkələr əmələ gəlsə də, deformasiya və çatlama daha az müşahidə oluna bilər. Dəmgil xəstəliyi məhsulun xarici görünüşünü və əmtəəlik keyfiyyətini aşağı salır, meyvələrin saxlanma qabiliyyətinə mənfi təsir göstərərək məhsul itkilərinin artmasına səbəb ola bilər. Xəstəliyin inkubasiya müddəti ətraf mühit şəraitindən, temperaturdan və yarpaqların nəm qalma müddətindən asılı olaraq dəyişir və əlverişli şəraitdə təxminən 8–21 gün davam edə bilər. Yüksək nisbi rütubət və yağıntılı hava şəraiti göbələyin inkişafı və xəstəliyin yayılması üçün əlverişli şərait yaradır. Xəstəliyin əsas ilkin infeksiya mənbələrindən biri torpağa tökülmüş yoluxmuş yarpaqlardır. Yaz aylarında həmin yarpaqlarda formalaşan sporlar külək və yağıntılar vasitəsilə yayılaraq yeni yarpaqları və meyvələri yoluxdura bilər. Yağıntılı hava şəraiti davam etdikdə vegetasiya dövrü ərzində təkrar yoluxma riski də artır. Dəmgil xəstəliyinin yayılmasının qarşısını almaq və məhsul itkilərini azaltmaq üçün aqrotexniki, sanitariya və kimyəvi mübarizə tədbirləri kompleks şəkildə həyata keçirilməlidir: • Sanitariya tədbirləri: Vegetasiyanın sonunda yerə tökülmüş yoluxmuş yarpaqlar və meyvələr bağdan yığılmalı, qüvvədə olan fitosanitar və ekoloji tələblərə uyğun qaydada məhv edilməli və ya zərərsizləşdirilməlidir. Bu tədbirlər növbəti vegetasiya dövründə ilkin infeksiya mənbələrinin azalmasına kömək edir. • Budama və çətirin seyrəldilməsi: Ağacların vaxtında budanması, sıxlaşmış budaqların seyrəldilməsi və çətirdaxili havalanmanın yaxşılaşdırılması təmin edilməlidir. Bu, yarpaqların uzun müddət nəm qalmasının qarşısını almağa və xəstəliyin inkişaf riskini azaltmağa kömək edir. • Aqrotexniki qulluq: Cərgəaraları və torpaq müvafiq qaydada becərilməli, ağacların düzgün formalaşdırılması və bağın fitosanitar vəziyyətinə müntəzəm nəzarət təmin edilməlidir. • Monitorinq: Xüsusilə yaz aylarında, tumurcuqların açılması və çiçəkləmə dövründə ağaclar mütəmadi yoxlanılmalı, xəstəliyin ilkin əlamətləri vaxtında müəyyən edilməli, hava şəraiti və yoluxma riski nəzərə alınmalıdır. • Kimyəvi mübarizə: Alma və armud bağlarında dəmgil xəstəliyinə qarşı Bordo məhlulundan və digər fungisidlərdən istifadə edilə bilər. Bordo məhlulu mis sulfat və əhəng əsasında hazırlanan təmas təsirli vasitədir. Onun tətbiqi bitkinin inkişaf mərhələsi və preparatın istifadə təlimatı nəzərə alınmaqla həyata keçirilməlidir. Funqisid preparatlarının tətbiq norması, çiləmələrin sayı və müddəti yalnız təsdiq edilmiş etiket məlumatlarına əsasən müəyyən edilməlidir. Yağıntılı və yüksək rütubətli dövrlərdə xəstəliyin yayılma riski nəzərə alınmalı, mübarizə tədbirləri vaxtında aparılmalıdır. Dəmgil xəstəliyinə qarşı aqrotexniki, sanitariya və kimyəvi mübarizə tədbirlərinin vaxtında və düzgün həyata keçirilməsi xəstəliyin yayılma riskini azaltmağa, bitkilərin sağlamlığını qorumağa, itkilərin qarşısını almağa və keyfiyyətli məhsul əldə etməyə imkan verir.
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli noyabrın 5-i saat 14:00-da Agentliyin inzibati binasında qida sahəsində fəaliyyət göstərən sahibkarları qəbul edəcək. Qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlar, o cümlədən qida məhsullarının istehsalı, emalı, idxal-ixracı, daşınması, satışı və sair sahələrdə çalışan şəxslər onları narahat edən məsələlərlə bağlı Agentlik sədri ilə görüşə bilərlər. Görüşdə iştirak etmək istəyən şəxslər ad, soyad, fəaliyyət sahəsi, müraciətin məzmunu və telefon nömrələrini göstərərək info@afsa.gov.az elektron poçtu vasitəsilə müraciət etməklə və ya (+994 77) 100 32 56 nömrəsinə zəng vurmaqla, həmçinin vatsap üzərindən əlaqə saxlamaqla noyabrın 4-ü saat 14:00-dək qəbula yazıla bilərlər.
Ərzaq təhlükəsizliyinin təmin olunmasında heyvan mənşəli məhsulların sağlamlığı və təhlükəsizliyi mühüm əhəmiyyət daşıyır. Bu məhsulların təhlükəsizliyi isə birbaşa heyvanların sağlamlıq vəziyyəti və onların identifikasiyası ilə bağlıdır. Bu barədə ADA Universitetinin Aqrar və Qida Elmləri Məktəbinin Heyvandarlıq elmləri üzrə dosenti, professor Asəf Ömərov bildirib ki, heyvanların identifikasiyası onların vahid və unikal kod altında qeydiyyata alınmasını nəzərdə tutan kompleks sistemdir. Bu sistem vasitəsilə heyvanların keçirdiyi xəstəliklər, aldığı baytarlıq preparatları, müayinələri və digər məlumatlar vahid kod altında toplanır. Onun sözlərinə görə, identifikasiya sistemi heyvanların sağlamlıq tarixçəsini izləməyə, alıcıların heyvanlar barədə ətraflı məlumat əldə etməsinə və heyvan mənşəli məhsulların istehsaldan istehlaka qədər izlənməsinə imkan yaradır. Asəf Ömərov qeyd edib ki, rəqəmsal texnologiyaların tətbiqi bu prosesi daha da asanlaşdırır. Məhsullar üzərində yerləşdirilən QR kodlar və ya unikal kodlar vasitəsilə istehlakçılar və sahibkarlar müvafiq məlumatları əldə edə, məhsulun izlənməsini təmin edə bilərlər.
Havaların soyuması ilə əlaqədar qəhvəyi mərmər bağacığının qışlama dövrü başlayır. Bu dövrdə zərərvericinin yetkin fərdləri əlverişli sığınacaq axtararaq yaşayış evlərinə, çardaqlara, anbarlara və digər köməkçi tikililərə üz tuturlar. 300-dən çox bitki növü ilə qidalanan qəhvəyi mərmər bağacığı kənd təsərrüfatı üçün ciddi təhlükə yaradaraq məhsuldarlığın azalmasına və məhsulun keyfiyyətinin pisləşməsinə səbəb olur. Payız-qış mövsümü zərərvericiyə qarşı profilaktik mübarizə tədbirlərinin həyata keçirilməsi baxımından mühüm dövrdür. Belə ki, qəhvəyi mərmər bağacığı qışlamaq üçün qapı-pəncərə boşluqlarında, divar çatlarında, odun və taxta yığınlarında, eləcə də köhnə paltar, pərdə və karton qutular arasında gizlənir. Bu cür sığınacaqlar zərərvericinin soyuq mövsümdə sağ qalmasına və yaz aylarında yenidən aktivləşməsinə şərait yaradır. Zərərvericinin qışlama imkanlarının məhdudlaşdırılması üçün vətəndaşların profilaktik tədbirlərdə fəal iştirakı vacibdir. Bu məqsədlə yaşayış evlərində, çardaqlarda, anbarlarda və digər köməkçi tikililərdə mütəmadi təmizlik işləri aparılmalı, qapı-pəncərə boşluqları və divarlardakı çatlar bağlanmalı, pəncərələrə qoruyucu torlar quraşdırılmalıdır. Eyni zamanda, əşyaların arxa hissələri, qaranlıq guşələr və uzun müddət istifadə olunmayan sahələr diqqətlə yoxlanılmalıdır. Qəhvəyi mərmər bağacığı aşkar edildikdə onun süpürgə və ya tozsoran vasitəsilə toplanaraq məhv edilməsi tövsiyə olunur. Xüsusilə qışlama yerlərində toplanmış zərərvericilərin mexaniki üsulla məhv edilməsi onların növbəti vegetasiya dövründə sayının azaldılmasına kömək edə bilər. Yaşayış sahələrində kimyəvi mübarizə tədbirləri isə yalnız mütəxəssis tövsiyəsi əsasında və təhlükəsizlik qaydalarına riayət edilməklə həyata keçirilməlidir. Qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri barədə ətraflı məlumat almaq üçün: "1003 Çağrı Mərkəzi"nə müraciət edə; +994 77 597 68 63 (Şimal-şərq rayonları üzrə) +994 77 597 68 64 (Şimal-qərb rayonları üzrə) Regional Əlaqələndirmə Mərkəzlərinin “Qaynar xətt”i ilə əlaqə saxlaya bilərsiniz. Unutmayaq ki, qəhvəyi mərmər bağacığına qarşı mübarizə yalnız kənd təsərrüfatı sahələrində deyil, yaşayış və təsərrüfat tikililərində də aparılmalıdır. Vətəndaşların bu prosesdə fəal iştirakı, profilaktik tədbirlərin vaxtında və mütəmadi həyata keçirilməsi zərərvericinin qışlama imkanlarının məhdudlaşdırılmasına, populyasiyasının azalmasına və növbəti vegetasiya dövründə kənd təsərrüfatı bitkilərinin qorunmasına mühüm töhfə verə bilər.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli İmişli və Sabirabad rayonlarında fəaliyyət göstərən istehsal müəssisələrinə baş çəkib. Agentlik sədri İmişlidə yerləşən “Azərbaycan Şəkər İstehsalat Birliyi”ndə istehsal prosesi ilə tanış olub. Bildirilib ki, müəssisədə şəkər tozu, kəllə qənd və parça qənd istehsalı həyata keçirilir. Səfər çərçivəsində həmçinin Sabirabad Sənaye Məhəlləsində yerləşən “Humix” MMC-nin fəaliyyəti ilə də tanışlıq olub. Müəssisə bitki mühafizə vasitələri, aqrokimyəvi maddələr və gübrə istehsalı üzrə ixtisaslaşan yerli şirkətdir. Daha sonra Q.Təhməzli sənaye məhəlləsində "Mr.Bee" adı ilə bal və arıçılıq məhsullarının istehsalı və satışı ilə məşğul olan fermerin müəssisəsinə baş çəkib, burada görülən işlərlə maraqlanıb. İstehsal müəssisələrində qida təhlükəsizliyi tələblərinə riayət olunması, məhsulların keyfiyyət və təhlükəsizlik göstəricilərinə nəzarət, eləcə də laboratoriya müayinələrinin təşkili məsələlərinə xüsusi diqqət yetirilib.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) 2026–2027-ci tədris ilində də “Sağlam məktəbli” layihəsi çərçivəsində məktəblilərin sağlam qidalanma və qida təhlükəsizliyi ilə bağlı maarifləndirilməsi tədbirlərini davam etdirir. Layihə çərçivəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 311 nömrəli tam orta məktəbdə “Meyvələrin uşaqların inkişafında rolu” mövzusunda maarifləndirici görüş keçirilib. 100-dən çox şagirdin iştirak etdiyi görüşdə meyvələrin böyümə və inkişafdakı rolu, vitamin və mineral mənbəyi kimi əhəmiyyəti, mövsümə uyğun seçilməsi və təhlükəsiz istehlakı barədə məlumat verilib. Şagirdlərin sualları cavablandırılıb, onlara maarifləndirici bukletlər paylanılıb. Layihənin məqsədi şagirdlərdə erkən yaşlardan sağlam qidalanma vərdişləri formalaşdırmaq və qida təhlükəsizliyi ilə bağlı məlumatlılığı artırmaqdır.
Oktyabr ayının 20-də Gürcüstanda Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) təşkilatçılığı ilə baytarlıq məhsullarının tənzimlənməsi sistemlərinin gücləndirilməsi və müvafiq özünüqiymətləndirmə vasitəsinin (VMRA-SAT) tətbiqinə həsr olunan regional seminar başlayıb. Seminarda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları iştirak edir.
Şəmkir rayonunda iri və xırdabuynuzlu heyvanların satışı üçün yeni bazar tikilərək istifadəyə verilib. Müasir tələblərə uyğun inşa edilən bazarda heyvan sağlamlığının qorunması, baytarlıq nəzarətinin həyata keçirilməsi və biotəhlükəsizliyin təmin olunması üçün zəruri infrastruktur yaradılıb. Beləliklə, Şəmkir heyvan satışı bazarının istifadəyə verilməsi ilə ölkədə fəaliyyətinə icazə verilən heyvan bazarlarının sayı 23-ə çatıb. Bazarda baytarlıq nəzarətinin təşkili məqsədilə kliniki baxış platforması, dezbaryerlər və izolyatorlar quraşdırılıb. Həmçinin heyvanların çəkisinin və bədən temperaturunun ölçülməsi üçün müvafiq avadanlıqlar yerləşdirilib. Heyvanların saxlanılması, nümayişi, yüklənməsi və boşaldılması üçün xüsusi bölmələr ayrılıb. Bununla yanaşı, su və yem təchizatı, işıqlandırma və tullantıların idarə olunması sistemləri qurulub. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan qiymətləndirmə nəticəsində bazarda baytarlıq-sanitariya və biotəhlükəsizlik tələblərinə uyğun şəraitin yaradılması nəzərə alınıb. Xatırladaq ki, bundan əvvəl Bərdə, Göygöl, Salyan, Göyçay, Şamaxı, İmişli, Ağcabədi, Beyləqan, Biləsuvar, Kürdəmir, Abşeron, Masallı, Ağsu, Sabirabad, Xaçmaz, Ağdaş, Zaqatala, Qazax, Gədəbəy rayonlarında, Cəlilabadın Təzəkənd və Alar kəndlərində və Bakının Binə qəsəbəsində yerləşən heyvan bazarları fəaliyyətə başlayıb.
Kənd təsərrüfatı heyvanlarının identifikasiyası və qeydiyyatı heyvan sağlamlığının qorunması, xəstəliklərin vaxtında aşkarlanması və onların yayılmasının qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıyır. Bəs identifikasiya nədir? Sadə dillə desək, identifikasiya hər bir heyvana fərdi nömrə verilməsi və onun haqqında məlumatların elektron sistemdə qeydiyyata alınmasıdır. Bu, hər bir heyvanı fərdi qaydada tanımağa, onun harada saxlanıldığını və hansı hərəkətləri etdiyini izləməyə imkan verir. Bununla yanaşı, identifikasiya heyvan sahibləri üçün də faydalıdır. Elektron qeydiyyat təsərrüfatda olan heyvanların sayını dəqiq müəyyənləşdirməyə, onların hərəkətini izləməyə, eləcə də itmiş və ya oğurlanmış heyvanların tapılmasını asanlaşdırmağa kömək edir. Heyvanların identifikasiyası qida təhlükəsizliyinin təmin olunmasında da mühüm rol oynayır. Bu sistem vasitəsilə heyvan mənşəli məhsulların hansı təsərrüfatdan əldə edildiyini izləmək mümkün olur. Başqa sözlə, məhsulun süfrəmizə gələnədək keçdiyi yolu, eləcə də məhsulda hər hansı problem yarandıqda onun hansı təsərrüfatdan əldə edildiyini müəyyənləşdirmək asanlaşır. Bu isə “fermadan süfrəyədək” prinsipinin təmin edilməsinə xidmət edir. Qeyd edək ki, “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı”nda heyvanların identikləşdirilməsi prosesinin davam etdirilməsi və genişləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar nəzərdə tutulub. Daha ətraflı:
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları əkin sahələrində fitosanitar vəziyyətin nəzarətdə saxlanılması, bitki xəstəlikləri və zərərvericilərin erkən mərhələdə aşkar edilməsi və yayılma riskinin minimuma endirilməsi, eləcə də sağlam və keyfiyyətli bitkiçilik məhsullarının istehsalına dəstək göstərilməsi məqsədilə Goranboy rayonunda tütün və göyərti əkini sahələrində monitorinqlər aparıblar. Tədbirlər çərçivəsində bitkilərin ümumi fitosanitar vəziyyəti, inkişaf və vegetasiya göstəriciləri, həmçinin bitkilərdə xəstəlik və zərərvericilərin mövcudluğu və yayılma səviyyəsi qiymətləndirilib. Təsərrüfat sahibləri ilə maarifləndirici söhbətlər aparılıb, onlara zərərvericilərə qarşı mübarizə tədbirləri, pestisidlərin təyinatı və düzgün istifadə qaydaları barədə ətraflı məlumat verilib. Bitki sağlamlığının qorunması, əkin sahələrində fitosanitar təhlükəsizliyin təmin edilməsi məqsədilə monitorinq və müşahidə tədbirləri davam etdirilir.
Binəqədi rayonu, Müşfiqabad qəsəbəsi, Günəşli küçəsində yerləşən 329 nömrəli uşaq bağçasında Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilən plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Yoxlama zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərdiyi, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Aşkar edilmiş nöqsanlarla bağlı müəssisənin rəhbərliyi barəsində inzibati xəta haqqında protokol tərtib olunub. Mətbəxdə istehlaka hazır qida məhsullarından nümunələr götürülərək laborator müayinələrə göndərilib.
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Mil-Muğan regional bölməsinin fitosanitar müfəttişləri İmişli rayonunun Aranlı, Məmmədli və Bəcirəvan, Sabirabad rayonunun Əhmədabad, Xəlfəli və Şəhriyar, Beyləqan rayonunun Kəbirli, Təzəkənd, Şahsevən və Bolsulu kəndlərində yerləşən pambıq əkini sahələrində monitorinqlər keçirib. Monitorinqlər zamanı pambıq sahələrində zərərli orqanizmlərə və karantin tətbiq edilən alaq otlarına qarşı aparılan kimyəvi mübarizə tədbirlərinin vəziyyətinə baxış keçirilib. Tədbirlər çərçivəsində bitki mühafizə vasitələrinin təhlükəsiz və düzgün tətbiqi, aqrokimyəvi maddələrdən istifadə zamanı müəyyən edilmiş tələblər və aqrotexniki qaydalar ətraflı izah edilib. Bitki sağlamlığının qorunması və zərərli orqanizmlərə qarşı mübarizə tədbirlərinin səmərəli təşkili ilə bağlı təsərrüfat sahiblərinə tövsiyələr verilib, onları maraqlandıran suallar cavablandırılıb.
Giriş