Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Lənkəran şəhəri, Füzuli küçəsində fəaliyyət göstərən, Ağayev Əli Hacıağa oğluna məxsus “Ağ Saray” şadlıq evində yoxlama keçirib. Baxış zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Belə ki, qeydiyyatdan keçməmiş istehsalçı tərəfindən istehsal olunan və etiket məlumatlarına dair tələbləri pozulmuş “Organic Ultra” əmtəə nişanlı alkoqollu içkilərin toy şənliyində istifadə olunmasının qarşısı alınıb. Faktla bağlı inzibati protokol tərtib edilib, nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Məhsulların istifadəsi məhdudlaşdırılıb, araşdırmalar davam etdirilir.
Milli mətbəximizi dünyada tanıdan məşhur aşpaz "Erkən kəsimə son" kampaniyasına qoşulub. Qəbələnin Qəmərvan kəndində populyar “Wilderness Cooking” “YouTube” kanalının sahibi Təvəkkül Aslanov istehlakçılara çağırış edib. Qida blogeri qeyd edib ki, son zamanlar restoranlar müştəri cəlb etmək üçün 3-4 aylıq tam yetişməmiş quzu ətindən çox istifadə edir. “Mən bu ətdən hazırlanan yeməkləri məsləhət görməzdim. 6 ayı tamam olmuş quzunun ətindən hazırlanan yeməklər sağlamlıq cəhətdən daha faydalıdır. 3-4 aylıq quzuların əzələ formalaşması prosesi hələ davam etdiyindən tərkibində su qalır ki, bu da onun daha yumşaq olmasına səbəb olur”, - deyə, T.Aslanov söyləyib.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) Azərbaycan Arıçılar Assosiasiyasının üzvləri ilə görüş keçirilib. Görüşdə ölkədə arıçılıq təsərrüfatlarının mövcud vəziyyəti, bu sahədə biotəhlükəsizlik tədbirlərinin gücləndirilməsi, həmçinin idxal və ixrac əməliyyatları zamanı tətbiq olunan prosedur qaydaları ətrafında geniş fikir mübadiləsi aparılıb. “Heyvan sağlamlığı haqqında” Qanun layihəsi barədə ətraflı məlumat verilib, eləcə də heyvan xəstəliklərindən azad zonaların yaradılması istiqamətində görülən işlər diqqətə çatdırılıb. Bununla yanaşı, arıçılıq məhsullarının Avropa ölkələrinə ixrac potensialı, laborator analiz imkanlarının genişləndirilməsi və təsərrüfatların qeydiyyatı ilə bağlı məsələlər də müzakirə olunub. Görüş qarşılıqlı əməkdaşlığın gücləndirilməsi və sahənin daha da inkişaf etdirilməsi baxımından əhəmiyyətli hesab edilib.
Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri tərəfindən Daşkəsən rayonu ərazisində heyvan kəsimi və ət satışı məntəqələrində, həmçinin qanunsuz küçə ticarəti ilə bağlı monitorinq keçirilib. Yoxlamalar rayon icra hakimiyyəti və polis şöbəsinin əməkdaşları ilə birgə aparılıb. Baxış zamanı ət satışı həyata keçirilən obyektlərdə sanitariya norma qaydalarına, gigiyena normativlərinə riayət edilmədiyi, texniki normativ hüquqi aktların pozulduğu məlum olub. Belə ki, məhsulların saxlanması zamanı temperatur rejiminin gözlənilmədiyi, dezinfeksiya tədbirlərinin görülmədiyi, işçilərin tibbi müayinələrə cəlb edilmədiyi aşkarlanıb. Küçə ticarəti ilə məşğul olan yerlərdə isə qida məhsullarının mənşə sənədinin və etiketlənməsinin olmadığı, eləcə də açıq havada, antisanitar vəziyyətdə, saxlama şəraitinə riayət edilmədən satışa çıxarıldığı müəyyən edilib. Ət satışı həyata keçirən sahibkarlarla və qanunsuz küçə ticarəti ilə məşğul olan şəxslərlə maarifləndirici söhbət aparılıb, qanunvericiliyin tələbləri izah edilib və pozuntulara yol verilməməsi barədə müvafiq tapşırıqlar verilib.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən sahibkarlıq subyektlərinin əməkdaşları üçün “Qida sahəsində gigiyena tələbləri” mövzusunda növbəti təlim təşkil olunub. Təlimin keçirilməsində əsas məqsəd qida təhlükəsizliyi sahəsində çalışan mütəxəssislərin bilik və bacarıqlarının artırılması, onların fəaliyyətinin mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə təşkili olub. Təlim zamanı qida ilə təmasda olan mütəxəssislərə “Qida təhlükəsizliyi haqqında” Qanunun tələbləri ətraflı izah edilib. İştirakçılara müəssisələrdə qida məhsullarının qəbulu, emalı, saxlanması və daşınması mərhələlərində gigiyena qaydalarına riayət olunmasının vacibliyi diqqətə çatdırılıb. Bununla yanaşı, təhlükəli amillər, çirklənmə növləri və onların qarşısının alınması üsulları ilə bağlı ətraflı təqdimatlar edilib. Eyni zamanda, şəxsi gigiyenanın qida təhlükəsizliyində həlledici rol oynadığı xüsusi vurğulanıb. İştirakçıları maraqlandıran suallar cavablandırıldıqdan sonra isə təlim proqramını uğurla başa vuran şəxslərə sertifikatlar təqdim olunub.
Azərbaycan Respublikasından yerli gilas tinglərinin Özbəkistan Respublikasına ixracına icazə əldə olunub. Gilas tingləri fitosanitar baxımdan yüksək riskli məhsul hesab olunduğundan, ixracdan əvvəl beynəlxalq standartlara uyğun ətraflı fitosanitar risk qiymətləndirilməsi aparılıb. Qiymətləndirmə zamanı potensial karantin zərərvericiləri, onların yayılma yolları və risklərin azaldılması tədbirləri geniş təhlil olunub. Aparılmış qiymətləndirmənin nəticəsinə əsasən, müəyyən edilmiş ciddi fitosanitar tələblərə riayət olunmaqla gilas tinglərinin Özbəkistana ixracının mümkün olduğu müəyyən edilib. Qeyd edək ki, ixrac yalnız Özbəkistanın müvafiq qurumları tərəfindən dövlət reyestrində qeydiyyata alınmış tingçilik təsərrüfatları tərəfindən həyata keçirilə bilər. Bu məqsədlə sahibkarlar qeydiyyat üçün Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə müraciət etməlidirlər. Sözügedən ixrac icazəsi ölkənin ixrac potensialının artırılmasına, tingçilik sektorunun inkişafına və kənd təsərrüfatı sahəsində ikitərəfli əməkdaşlığın genişlənməsinə töhfə verəcək.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən “Sağlam məktəbli” layihəsi çərçivəsində daha iki ümumi təhsil müəssisəsində maarifləndirmə tədbiri həyata keçirilib.
Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınması istiqamətində Qida Təhlükəsizliyi Agentliyi tərəfindən fitosanitar nəzarət və maarifləndirmə tədbirləri ardıcıl şəkildə davam etdirilir. Zərərvericiyə qarşı həyata keçirilən mübarizə tədbirləri çərçivəsində Regional Əlaqələndirmə Mərkəzinin iclasında verilmiş tapşırıqlara uyğun olaraq, qış dövründə əlaqəli dövlət qurumlarının koordinasiyalı fəaliyyətinin təşkili təmin edilib. Bu məqsədlə Balakən, Zaqatala və Qax rayonlarında zərərvericinin aşkar edildiyi kəndlər üzrə dövlət orqanları arasında funksional bölgü aparılıb. Hazırda bölgü əsasında qeyd olunan rayonlarda zərərvericinin qışlama yerlərində aparılan monitorinqlər yekunlaşmaq üzrədir. Bununla yanaşı, zərərvericinin müşahidə edildiyi respublikanın digər rayonlarında da analoji monitorinq tədbirləri davam etdirilir. Aprel ayının ortalarına doğru hava temperaturunun yüksəlməsi ilə əlaqədar olaraq qəhvəyi mərmər bağacığının qışlama yerlərini tərk edərək açıq sahələrə və kənd təsərrüfatı bitkilərinə keçməsi ehtimalı artır. Bu səbəbdən zərərvericinin yayılma arealının operativ izlənməsi və kütləvi çoxalmasının qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlərin görülməsi xüsusi əhəmiyyət kəsb edir. Zərərvericinin yayılma ehtimalının daha yüksək olduğu ərazilərdə monitorinq və profilaktik tədbirlərin gücləndirilməsi məqsədilə Agentlik tərəfindən 10 min ədəd feromon tələ alınıb. Mövsümə uyğun olaraq, bu tələlərin respublika üzrə mərhələli şəkildə yerləşdirilməsi prosesinə başlanacaq. Bununla yanaşı, əhalinin və fermerlərin məlumatlandırılması məqsədilə geniş maarifləndirmə kampaniyası həyata keçirilib. Kampaniya çərçivəsində maarifləndirici çap materialları hazırlanaraq paylanıb. Bu materiallarda zərərvericinin tanınması, yayılma xüsusiyyətləri və ona qarşı mübarizə üsulları barədə ətraflı məlumat təqdim edilib. Qeyd edək ki, görülən tədbirlərin əsas məqsədi qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısını almaq, kənd təsərrüfatı məhsullarının qorunmasını təmin etmək və fermerlərə dəyə biləcək iqtisadi zərərləri minimuma endirməkdir. Bu məqsədlə Agentlik tərəfindən həyata keçirilən tədbirlər qarşıdakı dövrdə də davam etdiriləcək və vəziyyətə uyğun olaraq əlavə tədbirlər görüləcək.
Son illər sağlam həyat tərzinə marağın çoxalması fonunda idman qidalarına və bioloji aktiv qida məhsullarına (BAQM) olan tələbat əhəmiyyətli dərəcədə artıb. Sosial şəbəkələr və onlayn platformalarda bu məhsulların təbliği isə istehlakçı marağının daha da genişlənməsinə səbəb olub. Bir çox hallarda istehlakçılar bu məhsulların təsir mexanizmi, potensial faydaları və tətbiq sahələri barədə kifayət qədər məlumatlı olmadan istifadə edirlər. Halbuki, bu cür məhsulların qəbulundan əvvəl tərkibi, təyinatı, istifadə qaydası və dozası, mümkün yan təsirləri və əks göstərişləri haqqında ətraflı məlumatın əldə olunması xüsusi əhəmiyyət kəsb edir. Əks halda, bu, bir sıra sağlamlıq risklərinə səbəb ola bilər. Bu risklərə ürək-damar sisteminə mənfi təsirlər, hormonal balansın pozulması, məhsulun tərkibində bəyan edilməmiş və ya icazə verilməyən maddələrin mövcudluğu ilə əlaqədar toksik təsirlər, eləcə də allergik reaksiyalar və həzm sistemi pozğunluqları aid edilə bilər. Eyni zamanda, məhsulun istifadəsinin fərdin sağlamlıq vəziyyəti ilə uyğunluğu mütləq nəzərə alınmalıdır. Qeyd edək ki, idman qidaları və BAQM-ların etibarlı mənbələrdən əldə edilməsi önəmlidir. Bununla yanaşı, məhsulun etiket məlumatlarına, istifadə təlimatlarına diqqət yetirilməsi və yalnız dövlət nəzarətində fəaliyyət göstərən satış subyektlərindən alınması zəruridir. Qida Təhlükəsizliyi Agentliyi istehlakçıları idman qidalarını və BAQM-ları əldə edərkən dövlət qeydiyyatından keçməsini yoxlamağa çağırır. Agentlik tərəfindən bu sahədə nəzarət tədbirləri davam etdirilir, istehlakçıların sağlamlığının qorunması, keyfiyyətsiz və təhlükəli məhsulların dövriyyəsinin qarşısının alınması istiqamətində müvafiq tədbirlər həyata keçirilir.
Çili Respublikasının Azərbaycandakı müvəqqəti işlər vəkili Xuan Karlos Salazar Alvares Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) olub. Görüş zamanı iki ölkə arasında qida təhlükəsizliyi, bitki və heyvan sağlamlığı sahələrində əməkdaşlığın həm beynəlxalq təşkilatlar çərçivəsində, həm də ikitərəfli əsasda uğurla davam etdirilməsindən məmnunluq ifadə olunub. İdxal və ixrac prosedurları üzrə mövcud geniş potensial nəzərə alınaraq, bu istiqamətdə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün razılıq alınıb.
Multimedia
AQTA heyvan sahiblərini və fermerləri heyvanlarını qeydiyyatdan keçirməyə çağırır
Bakı metrosunda AQTA-nın “Erkən kəsimə son” layihəsi ilə bağlı sosial çarx yayımlanır - Real TV
“Qidanın nəbzi” podkastı: Fərid Mansurov idman qidaları ilə bağlı vacib məqamlara diqqət çəkib
Giriş