Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Milli Referens Laboratoriyasının mütəxəssislərdən ibarət nümayəndə heyəti Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidmətinin (“Россельхознадзор”) tabeliyində olan Federal Dövlət Büdcə Təşkilatı “Federal Heyvan Sağlamlığının Mühafizəsi Mərkəzi”nin (ФГБУ «ВНИИЗЖ») Tver sınaq laboratoriyasında olublar. Səfərin məqsədi nəzarət olunan məhsulların tədqiqat metodlarının harmonizasiyası, təcrübə mübadiləsi və iki ölkənin laboratoriya xidmətləri arasında peşəkar əlaqələrin gücləndirilməsi olub. AQTİ nümayəndələri laboratoriyanın aparıcı şöbələrinin fəaliyyəti ilə, həmçinin tədqiqatlar zamanı istifadə olunan müasir analitik avadanlıqlar və tətbiq edilən metodlarla tanış olublar. Görüş zamanı Rusiyada ət və ət məhsullarının tədqiqində istifadə olunan parazitoloji metodların müzakirəsi olub. AQTİ nümayəndələrinə bu tədqiqatların aparılması zamanı işin təşkili göstərilib, o cümlədən bu sahədə tətbiq edilən avadanlıq və üsullar, eləcə də PZR metodu təqdim edilib. AQTİ nümayəndələri “Federal Heyvan Sağlamlığının Mühafizəsi Mərkəzi”nin mütəxəssislərinin peşəkarlıq səviyyəsini yüksək qiymətləndirərək, ət məhsullarının parazitoloji nəzarəti sahəsində birgə tədqiqatların aparılması da daxil olmaqla, gələcək əməkdaşlıq perspektivlərini müzakirə ediblər.
Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilən “Erkən kəsimə son” adlı maarifləndirici kampaniyasını dəstəkləyir. Millət vəkilinin sözlərinə görə, bu kampaniya həm ərzaq, həm də qida təhlükəsizliyi baxımından xüsusi əhəmiyyət daşıyır. Deputat qeyd edib ki, 6 ayı tamam olmamış quzuların kəsilməsi bir sıra problemlərin yaranmasına səbəb olur. Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən şəxslər bu məsələyə daha həssas və məsuliyyətli yanaşmalıdırlar. “Quzuların erkən yaşda kəsilməsi fermerlərə qısa müddətdə müəyyən gəlir gətirsə də, uzunmüddətli perspektivdə onların fəaliyyət imkanlarını məhdudlaşdırır. Xüsusilə dişi quzuların kəsilməsi təbii artımın qarşısını alır və heyvandarlığın inkişafına mənfi təsir göstərir”, – deyə deputat bildirib. Qeyd edək ki, layihə çərçivəsində maarifləndirici materialların (buklet, broşür, poster, videoçarx və s.) hazırlanması və paylaşılması nəzərdə tutulur. Geniş ictimaiyyət media və sosial şəbəkələr vasitəsilə kampaniya barədə məlumatlandırılacaq. Link:
İdxal olunan əkin-səpin materiallarına nəzarət tədbirləri çərçivəsində “Agro Plant” MMC, “Agroma” MMC, “Amogrovv” MMC və fiziki şəxs Eldarov Nahid Xanlar oğlunun Türkiyədən idxal etdiyi şaftalı, nektarin, gilas tingindən Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri tərəfindən nümunələr götürülərək müayinələrə cəlb olunub. Sınaq nəticəsində tinglərdə karantin tətbiq edilən Şarka virusu aşkarlanıb. Faktla əlaqədar məhsul partiyasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv edilməsi və ya utilizasiyası barədə qərar qəbul edilib. Sahibkarların müraciəti əsasında 15100 ədəd şaftalı, 3600 ədəd nektarin, 300 ədəd gilas tingi məhv edilib. Qeyd edək ki, Şarka virusu bitkilərin inkişafını zəiflədir və məhsuldarlığı əhəmiyyətli dərəcədə azaldır.
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli aprelin 20-si saat 10:00-da Qusar rayon Heydər Əliyev Mərkəzində Qusar, Quba, Xaçmaz, Şabran, Siyəzən, Xızı rayonlarından olan vətəndaşların qəbulunu keçirəcək. Vətəndaşlar ad, soyad, ata adı, müraciətin məzmunu, yaşayış ünvanı və telefon nömrəsini göstərməklə info@afsa.gov.az elektron ünvanına rəsmi şəkildə müraciət edərək və ya “1003-Çağrı Mərkəzi” ilə əlaqə saxlayaraq aprelin 19-dək qəbula yazıla bilərlər. Qəbul zamanı Agentliyin səlahiyyət dairəsinə aid müraciətlər cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınması istiqamətində Qida Təhlükəsizliyi Agentliyi tərəfindən fitosanitar nəzarət və maarifləndirmə tədbirləri davam etdirilir. Zərərvericiyə qarşı bitki mühafizə tədbirləri planı çərçivəsində Agentliyin əməkdaşları aidiyyatı qurumların iştirakı ilə Göygöl rayonunun Qızılqaya və Firuzabad qəsəbələrində qəsəbə sakinləri ilə maarifləndirici söhbətlər aparıb. Həmçinin zərərvericinin qışlama yerlərinə baxış keçirilib, aşkarlanan zərərvericilər mexaniki üsulla məhv edilib. Qeyd edək ki, Qəhvəyi mərmər bağacığı ilə mübarizədə vətəndaşların, yerli sakinlərin fəal iştirakı mühüm əhəmiyyət daşıyır. Zərərvericinin yetkin fərdləri və sürfələri yük daşımaları, nəqliyyat vasitələri, avadanlıqlar, ağac materialları yüklənmiş konteynerlər, təzə meyvə-tərəvəz, kəsilmiş güllər, tinglər və digər vasitələrlə yayılır. Eyni zamanda yetkin fərdləri uçmaqla 35-100 km-dək məsafə qət edə bilir. Evlərin çardaqlarında, qapı və pəncərə boşluqlarında, taxta və odun yığınları arasında qışlaya bilir. Sakinlər payız-qış mövsümündə bağacığın qışlama yerlərini aşkar edib fərdlərini toplayaraq məhv etdikdə, onun populyasiyası növbəti mövsümdə əhəmiyyətli dərəcədə azala bilər.
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, deputat Fazil Mustafa “Erkən kəsimə son” kampaniyasına qoşulub. Millət vəkili videomüraciətində vurğulayıb ki, statistik rəqəmlərə əsasən, son illər ölkədə həm iri, həm də xırdabuynuzlu heyvanların sayında ciddi azalma müşahidə olunur. Bu tendensiya Azərbaycanın ərzaq təhlükəsizliyi üçün risklər yaradır. Eyni zamanda kənd təsərrüfatının, xüsusilə qoyunçuluq və maldarlığın inkişafına mənfi təsir göstərir. Millət vəkilinin sözlərinə görə, müvafiq dövlət qurumlarının bu istiqamətdə həyata keçirdiyi tədbirlərə cəmiyyət üzvləri və ziyalılar tərəfindən də dəstək verilməsi vacibdir. Erkən kəsim yalnız ərzaq təhlükəsizliyi baxımından deyil, həm də mənəvi məsuliyyət prizmasından qiymətləndirilməlidir. Heyvanların yetkinləşmədən, bala vermədən və məhsuldarlığını ortaya qoymadan kəsilməsi uzunmüddətli ərzaq problemlərinə yol açır. Fazil Mustafa cəmiyyətə çağırış edərək bildirib ki, hər kəs bu məsələdə məsuliyyətli davranmalı, erkən kəsimə qarşı mövqe sərgiləməli və bu prosesin qarşısının alınmasına öz töhfəsini verməlidir. Videomüraciətlə linkdən tanış ola bilərsiniz:
Martın 9–13-ü tarixlərində Romada BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) mənzil-qərargahında Beynəlxalq Bitki Mühafizəsi Konvensiyasının (IPPC) Fitosanitar Tədbirlər üzrə Komissiyasının 20-ci sessiyası (CPM-20) keçirilib. Hibrid formatda təşkil olunan sessiyada qlobal bitki sağlamlığının qorunması, təhlükəsiz beynəlxalq ticarətin təşviqi və fitosanitar sistemlərin gücləndirilməsi məsələləri müzakirə olunub. Tədbirdə ölkəmizi Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bitki sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, Respublikanın Baş dövlət fitosanitar müfəttişi Elmar Allahverdiyev təmsil edib. Sessiyada beynəlxalq fitosanitar standartların qəbulu və yenilənməsi, IPPC-nin 2020–2030-cu illəri əhatə edən strateji çərçivəsinin icrası, ePhyto sistemindən istifadənin genişləndirilməsi və fitosanitar sahədə rəqəmsallaşma məsələləri diqqət mərkəzində olub. Bununla yanaşı, zərərvericilərin yayılmasının qarşısının alınması və risklərin idarə olunması, zərərverici risk analizi və nəzarət prosedurlarının təkmilləşdirilməsi, elektron ticarət və logistika ilə bağlı fitosanitar risklər, eləcə də iqlim dəyişikliyinin bitki sağlamlığına təsiri və erkən xəbərdarlıq sistemlərinin inkişafı istiqamətində fikir mübadiləsi aparılıb.
Heyvanların identifikasiyası və qeydiyyatı heyvan xəstəliklərinin diaqnostikası və profilaktikası üzrə baytarlıq tədbirlərinin həyata keçirilməsinə nəzarətin təmin olunmasında mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasında kənd təsərrüfatı heyvanlarının identifikasiyası və qeydiyyatı mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilir və baytarlıq nəzarətinin əsasını təşkil edir. Heyvanların qeydiyyatı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi (AQTİS) vasitəsilə aparılır. Sistem heyvanların fərdi qeydiyyatının aparılmasını, heyvanların sağlamlıq durumunun, aparılmış baytarlıq tədbirlərinin vahid məlumat bazasında toplanmasını, baytarlıq tədbirlərinə nəzarətin gücləndirilməsini təmin edir. Heyvanların identifikasiyası və qeydiyyatı aşağıdakı istiqamətlər üzrə mühüm əhəmiyyətə malikdir: Xəstəliklərin diaqnostikası və profilaktikası – erkən aşkarlama və yayılmanın qarşısının alınması; Heyvan sağlamlığına nəzarət – peyvəndləmə və müalicə məlumatlarının sistemli idarə olunması; Qida təhlükəsizliyi – “fermadan süfrəyə” prinsipi ilə izlənilmənin təmin olunması; Sahənin inkişafı – məhsuldarlığın artırılması və idarəetmənin təkmilləşdirilməsi; Ərzaq təhlükəsizliyi – heyvanların baş sayının dürüstləşdirilməsi; Hüquqi tənzimləmə – mülkiyyət hüquqlarının qorunması və itirilmiş heyvanların aşkar edilməsi. Nəticə etibarilə, bu sistem baytarlıq nəzarətinin effektivliyini artırır, heyvan sağlamlığını və qida təhlükəsizliyini təmin edir, həmçinin təsərrüfat subyektlərinin fəaliyyətində şəffaflığı gücləndirir və dövlət dəstəyi tədbirləri üçün etibarlı informasiya bazası yaradır.
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan nəzarət tədbirləri çərçivəsində Abbasov Sərxan Hüseynqulu oğlunun Türkiyə Respublikasından idxal etdiyi “Tayaş Gıda Sanayi ve Ticaret Anonim Şirketi” müəssisəsinin istehsalı olan "DBL Drink Diblong" əmtəə nişanlı (20.07.2025 - 20.07.2027 istehsal və son istifadə tarixli) energetik içki məhsulu partiyasında dərman vasitələrinin tərkibində istifadə edilən sildenafil maddəsi aşkar olunub. Faktla bağlı qanunuvericiliyə uyğun olaraq sözügedən məhsul partiyası məhv edilib, həmçinin həmin istehsalçı tərəfindən istehsal olunan bu məhsulların ölkə ərazisinə idxalına məhdudiyyət tətbiq olunub.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Lənkəran rayonunun Sütəmurdov kəndində fəaliyyət göstərən toyuq kəsimi sexində yoxlama keçirib. Baxış zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib. Kəsim sexinin qanunsuz fəaliyyət göstərdiyi və qida təhlükəsizliyi qeydiyyatından keçmədiyi məlum olub. Həmçinin temperatur rejiminə əməl edilmədiyi, etiket məlumatlarının qanunvericiliyin tələblərinə uyğun olmadığı və digər nöqsanlar aşkarlanıb. Qida obyektinə qəbul edilən diri quşların müşayiətedici sənədləri də yoxlamaya təqdim edilməyib. Faktla bağlı inzibati protokol tərtib edilib, nümunələr götürülərək laborator müayinələrə cəlb olunub, obyektin fəaliyyəti məhdudlaşdırılıb. Araşdırmalar davam etdirilir.
Multimedia
AQTA heyvan sahiblərini və fermerləri heyvanlarını qeydiyyatdan keçirməyə çağırır
Bakı metrosunda AQTA-nın “Erkən kəsimə son” layihəsi ilə bağlı sosial çarx yayımlanır - Real TV
“Qidanın nəbzi” podkastı: Fərid Mansurov idman qidaları ilə bağlı vacib məqamlara diqqət çəkib
Giriş